Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4762/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçlar İddiaçı və X9 nümayəndəsi-vəkili X6, Cavabdeh4-nin nümayəndəsi-vəkili Vəkil, Cavabdeh3 MMC-nin vəkili X1, Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçılar İddiaçı və X9 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4-yə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X9 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4-yə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Cavabdeh2, "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 352.000 (üç yüz əlli iki min) manat maddi, 100.000 (yüz min) manat mənəvi ziyanın cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Lev Tolstoy küçəsi, 128 saylı evdəki ümumi sahəsi 88 kv.metr mənzil mərhum həyat yoldaşı X3 şəxsi mülkiyyətində olmuş, o vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş, bu barədə xx xxxx 2004cu ildə onun mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Həmin mənzilə dair xx xxxxx 2008-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı haqqında ******* saylı, xx xxxxxxxx 2016-cı il tarixdə isə ******* saylı çıxarışlar verilərək oğlu X16 ilə ümumi əmlaka hüquqları dövlət reyestrində qeydiyyatından keçmişdir. Mülkiyyətində olan mənzil Ağdam rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Lakin onlann mənzillə təmin ediləcəyinə ümid edərək mütəmadi olaraq, həmin ünvana gəlib mənzillə maraqlandı. 2016-cı ilin əvvəllərində həmin əraziyə gələrkən mənzilin yerləşdiyi evin hasara alındığı, mənzilin sökülərək yararsız vəziyyətə salındığını görmüşlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlara məxsus ev “Cavabdeh3" MMC tərəfindən qanunsuz sökülüb. Həmin məhdud məsuliyyətli cəmiyyətin rəhbərliyi tərəfindən özbaşınalıq edilibdir. Onların konstutision hüquqları, mənzil, mülkiyyət hüquqları yolverilməz qaydada pozulubdur. Onlara külli miqdarda ziyan vurulubdur. Qeyd edilən ərazidə mənzilin hər kv.metri 3.500-4.000 manata satılır. Buna görə də onlara ödəniləcək zərər 352.000 manat məbləğindədir. Cavabdehlərin onların mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş hərəkətləri hazırda da davam etdirilir. Uzun müddət aparılan məhkəmə araşdırmasının heç bir nəticəsi yoxdur. Baş verənlər onlarda böyük ümidsizlik, səhhəti ilə bağlı problemlər yaradıb. Ona mənəvi zərər vurulmuşdur. Qeyd olunan binanın tikintisi 2017-ci ildə başa çatmışdır. Onların mülkiyyətində başqa yaşayış sahəsi yoxdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçlar İddiaçı və X9 nümayəndəsi-vəkili X13 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4-nin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 MMC-nin vəkili X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X21 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəaları-nın həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli evin cavabdehlər tərəfindən sökülməsini təsdiq edə biləcək hər hansı bir sübut məhkəmə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 103 saylı sərəncamının 10.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi Cavabdeh4-yə tapşırılmışdır.Cavabdeh4 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqaviləyə əsasən sərəncama əsasən ayrılmış torpaq sahəsinin 1100 kv.m hissəsi (Tolstoy küçəsi 128 ünvanının daxil olduğu) "B" yaşayış və "D" zirzəmi girişlərinin layihələndirilməsi və tikintisi üçün gələcəkdə öz balansında qalmaq, ona dair sərəncam vermək hüququ ilə Cavabdeh3 MMC-yə verilmişdir.Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən, müqavilənin bağlandığı andan binanın “B” və “D” girişlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində Bakı şəhər İH-nin Cavabdeh4-yə torpaq sahəsi ayrılmasına dair qeyd olunan müvafiq sərəncamlarında və layihə sənədlərində qeyd olunan bütün göstəriş və tövsiyyələrin icrasına Cavabdeh3 MMC cavabdehliyi üzərinə götürmüşdür. Bundan başqa X14, X19 və X17 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlara 1993-cü ildən ailə üzvləri ilə məskunlaşdığı Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küç., ev 128-də yerləşən ev baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşmüş və həmin evdə yaşamaq mümkün deyildir. Həmin evdən ailə üzvləriylə birlikdə çıxmağı ilə əlaqədar həmin evin ailəsi ilə yaşadığı hissəsini Cavabdeh3 MMC-yə ümumilikdə 145.000 manata satmışdır. Həmin ünvandakı evdən ailə üzvləriylə birlikdə 10 gün müddətində çıxmağı öz öhdəsinə götürərək, bununla bağlı Cavabdeh3 MMC-yə qarşı hər hansı bir iddia və tələbi olmayacağını bildirir. Mübahisəli ev isə iddiaçılar İddiaçı və X9 2016-cı il tarixdən etibarən mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə qiymətləndirmə ekspertizasının nəticələrinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 216/F saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi 128 saylı evin 2015-ci il üçün bazar dəyəri 145.000 manat təşkil edir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “S-X5 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi 128 saylı evin bazar dəyəri 2015-ci il üçün 380.000 manat; 2020-ci il üçün 400.000 manat təşkil edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Kollegiya hesab edir ki, mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) apellyasiya şikayətinin əsas dəlilini təşkil etdiyindən mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı X20 Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli evin baxımsızlıq səbəbindən yararsız vəziyyətdə düşməsinə görə sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən sərəncamla Cavabdeh4-yə daha sonra isə Cavabdeh4-dən Cavabdeh3” MMC-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi Cavabdeh3 MMC-yə həvalə olunmuşdur. Mübahisəli evin yararsız vəziyyətdə olan, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. Kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Kollegiya qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Kollegiya qeyd edir ki, iddiaçıların mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla kompensasiya tələb edə bilərlər. MMC-nin isə “hüquqdan sui-istifadə qadağası”na zidd olaraq onlara kompensasiya ödənilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorunur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X15 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə xx xxxx 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada kollegiyanın qənaətinə görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamından irəli gələn öhdəliklərin icrası Cavabdeh3 MMC-nin üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən iddiaçılara deyil, mübahisəli evə dair hər-hansı hüquqları olmayan digər şəxslərə 145.000 manat ödəməklə mənzilin mülkiyyətçilərinə kompensasiya məbləğinin ödənilməsindən imtina edilməsi, hüquqlardan sui-istifadə edilməsidir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi 128 saylı evin sökülməsi əvəzində kompensasiya məbləği iddiaçılar İddiaçı və X10 ödənilməlidir. Kollegiya kompensasiya məbləği ilə bağlı qeyd edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 216/F saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi 128 saylı evin bazar dəyəri 145.000 manat təşkil edir. Bundan başqa Cavabdeh3 MMC tərəfindən X14, X19 və X11 ümumilikdə 145.000 manat məbləğində kompensasiya ödənilmişdir. “S-X5 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən isə Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi 128 saylı evin bazar dəyəri 2015-ci il üçün 380.000 manat; 2020ci il üçün 400.000 manat təşkil edir. Kollegiya qeyd edir ki, Cavabdeh3 MMC tərəfindən ödənilmiş məbləğ “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən müəyyən edilmiş məbləğ ilə öz təstiqini tapır. “S-X5 Mərkəzi” MMC tərəfindən təqdim edilmiş rəy ilə müəyyən edilmiş məbləğ isə digər ekspert rəyi və ödənilmiş məbləğdən xeyli artıq olduğundan kollegiya hesab edir ki, həmin rəy həqiqət əks etdirmir və mötəbər sayıla bilməz. Kollegiya hesab edir ki, Cavabdeh3 MMC-dən 145.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı və Quliyev Rüfət oğluna ödənilməlidir. Məhkəmə kollegiyası iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digərmaddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X8 haqqında» Konvensiyanın müddəaları və X20 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Kollegiya qeyd edir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçılara mənəvi zərərin vurulması müəyyən edilmir. İddiaçılar hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən kompensasiya məbləğinin Cavabdeh3 MMC-dən tutularaq iddiaçılara ödənilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Bundan başqa məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh3 MMC-dən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (“xxxxxxxxxxxx” ASC hesab nömrəsi: AZ84AİİB********************) ödənilsin. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin rədd barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçılar İddiaçı və X9 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3 MMC-dən 145.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı və X10 ödənilməli, məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh3 MMC-dən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (“xxxxxxxxxxxx” ASC hesab nömrəsi: AZ84AİİB********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı və X9 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 MMC-dən 145.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı və X10 ödənilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh3 MMC-dən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (“xxxxxxxxxxxx” ASC hesab nömrəsi: AZ84AİİB********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4762/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4762/2020
22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver