Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4771/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X8, cavabdeh "xxxxxxxxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2, cavabdeh X5 və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxxxxxxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı "həyata və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-516/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxxxxxxxx" Mənzil-Tikinti Kooperativinə qarşı "həyata və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxxxxxxxx" Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı "həyata və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1052/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Quba şəhərindən Bakı şəhərinə işləməyə gəlmişdir. Təxminən 2019-cu ilin mart ayının əvvəllərində xx xxx 2019-cu il tarixədək “xxxxxxxxxx” MTK -da fəhlə işləmişdir. İddiaçı orada işləsə də, onunla əmək müqaviləsi bağlanmamışdır. Onların aylıq qazancları gördükləri işlərdən asılı olaraq 450- 900 manata kimi olurdu. Aldıqları məvacibə görə işinə təzə tikilən binada beton tökmək üçün opolovka vurmaq, sökmək, beton tökmək daxil idi. İddiaçı xx xxx 2019- cu il tarixdə təxminən saat 11:50 radələrində “xxxxxxxxxx “ MTK- nın Nəsimi bazarı yaxınlığında yerləşən binanın tikintisində işdə olarkən kalona vurulmş taxtanı əlindəki qoruyucusuz laqonda ilə kəsərkən əynindəki köynəyin sol qolu laqondanın ağzındakı dişli çarxa ilişdi və laqonda sol qolunu sümük qarışıq kəsdi. İddiaçı yalnız onu gördü ki, qolu dəridən sallanıb. İddiaçı aldığı xəsarətdən huşunu itirdi. Həmin vaxtı təcili tibbi yardım çağırmaqdansa, iddiaçının eşitdiyinə görə MTK -nın işçiləri onun qolunu qan axmasın deyə bağlayıblar və təxminən 1 saata yaxın orada saxlayıb müdirin gəlməsini gözləyiblər. Daha sonra isə iddiaçını həmin firmanın təhlükəsizlik xidmətinin işçisi Elçin adlı şəxs maşına qoyub özəl klinika olan- Güvən Klinikasına gətirmişdir. Orada iddiaçını cərrahiyyə əməliyyatı etmişlər və qoluma mil qoymuşlar. İddiaçı özünə gələndən sonra səhərisi günü təxminən saat 15:00 radələrində onu evə buraxdılar. Sonra iddiaçıya ambulator stasionar xəstənin tibbi kartasından çıxarış verdilər. İddiaçı çıxarışa fikir verməmişdir. Çünki o halda deyildi. Onda şiddətli ağrılar var idi. İddiaçı bununla əlaqədar olaraq, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmin ərizə Nəsimi Rayon Prokurorluğuna göndərilmişdir. Bundan başqa, iddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən araşdırma aparılmış və iddiaçının həqiqətən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən qəlib işlərinin yerinə yetirilməsinə cəlb edildiyi və xx xxx 2019-cu il tarixdə iş vaxtı xəsarət almağı müəyyən edilmişdir. İddiaçı aldığı xəsarət zamanı ona maddi ziyan olaraq “Güvən Klinikasında” müalicə və müayinəsi üçün onun 5000 (beş min) manat xərci çıxmışdır. İddiaçı iş zamanı aldığı xəsarət nəticəsində demək olar ki, əmək qabiliyyətini itirmişdir. İddiaçının barmaqları bərpa olunmamışdır. Bununla bağlı onun ödəniş qəbzləri vardır. İddiaçı hadisə ilə bağlı gələcəkdə əldə olunacaq qazancını itirmişdir. İddiaçı ayda 900 manat pul almışdır. Artıq 6 aydır ki, işləmir. Noyabr ayı üçün iddiaçı 5400 (900 x 6+5400) qazancından qalmışdır. Eyni zamanda, bu işlə bağlı vəkilə 160 manat pul ödəmişdir. Həmçinin iddiaçı cavabdehdən birdəfəlik ödəniş tələb edir. Bu birdəfəlik ödəniş 32.400 (900 manat x 36 ay- 3 illik müddət) manat təşkil edir. Mənəvi zərər olaraq isə iddiaçıya 100.000 manat zərər dəymişdir. İddiaçı sağlamlığının itirilməsini ümumiyyətlə pul ilə ölçə bilmir. Lakin hazırkı halda 100.000 manat kimi qiymətləndirir. Göstərilənlərə əsasən cavabdeh “xxxxxxxxxx” MTK-dan iddiaçıya dəyən maddi ziyana görə 5000 (beş min) manat pulun, itirilmiş qazanca görə 5400 manat pulun, birdəfəlik ödəniş olaraq 32.400 manat pulun, vəkilə ödənilən məbləğ 160 manat pulun, mənəvi zərər olaraq 100.000 manat pulun, ümumi olaraq 142.960 (bir yüz qırx iki min doqquz yüz altmış) manat pul alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili A.Nəzərli apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Kollegiya iclasında iştirak edən cavabdeh “xxxxxxxxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Kollegiya iclasında iştirak edən cavabdeh V.Ağamalıyev və onun nümayəndəsi və vəkili A.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sifarişçi "xxxxxxxxxx" MTK ilə podratçı Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “sifarişçi” sifariş verir və razılaşdırılmış qiymətlər əsasında icra edilmiş xidmətlərin dəyərini “podratçı”ya ödəməyi öhdəsinə götürür. “Podratçı” isə verilmiş sifarişə uyğun olaraq “sifarişçi”yə xidmətlər göstərməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Nəsimi RPİ-nin 20-ci PB-də verdiyi xx.xx.2019-cu il tarixli izahatında qeyd edilmişdir ki, o, xx.xx.2019-cu il tarixdə, 11:50 radələrində öz ehtiyatsızlığından sol qolunun biləkdən yuxarı nahiyəsini kəsmişdir. O, özünə lazım olan müalicə xərcinə görə Elçin adında şəxsdən 6000 manat pul tələb etmişdir. Tələb etdiyi məbləğ ona verildiyindən o həmin şəxslə barışmışdır. Həmçinin suala cavab olaraq bildirmişdir ki, cərrahi-əməliyyat və dərmanların pulunu "xxxxxxxxxx" MTK tərəfindən ilkindən ödənmişdir. Bundan sonrakı müalicəsi və ailəni dolandırmaq üçün ona lazım olan 6000 manat məbləği isə ona tamlıqla ödəyiblər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, İddiaçı "xxxxxxxxxx" MTK-da aldığı xəsarətə görə X1 6000 manat pul qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı “xxxxxxxxxx” MTK-nın podratçısı, fiziki şəxs Cavabdeh2 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən qəlib işlərinin yerinə yetirilməsinə cəlb edildiyi və xx xxx 2019-cu il tarixdə iş vaxtı xəsarət aldığı müəyyən edilmişdir. Cavabdeh2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyindən barəsində fiziki şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibatı xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Fiziki şəxs Cavabdeh2 ilə aralarında işçi-işəgötürən münasibətləri yaranmadığından baş vermiş hadisə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiq edilmir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18410 saylı, xx.xx.2019-cu il tarixli rəyindən (Nəsimi rayon Prokurorluğuna ünvanlanıb) görünür ki, istehsalat prosesində istifadə etdiyi kəsici əl elektrik maşınının («laqonda»nın) qoruyucu örtüyünü lazımi vəziyyətə gətirmədiyinə, «laqonda» ilə kəsdiyi taxta materialı düz meydançalarda yerləşdirməklə, onun yerdəyişməsinin (sürüşməsinin, qaçmasının) qarşısını almaq üçün tədbirlər görmədiyinə və bununla da öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Əl elektrik maşınları 12.2.013-75 DÜST»-ün 6.3.1-ci bəndinin, «Tikintidə təhlükəsizlik texnikası. İİİ-4-80 Tikinti Norma və Qaydaları»nın 2.41 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri zərərçəkmiş İddiaçı özü tərəfindən pozulmuşdur. İş materiallarındakı Nəsimi RP-nın müstəntiqi X4 «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx xxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı xəsarət alması faktında "xxxxxxxxxx" MTK-nın əməkdaşlarının işlərin təhlükəsiz yerinə yetirilməsini və əməyin təhlükəsizliyini təmin etməli olan şəxslərin və kənar şəxslərin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış 199-C-19 №-li material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış, həmin əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 3 saylı “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” haqqında Qərarının 1.1-ci maddəsinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsindəsağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktınaəsasən təqsirkar müəssisə,idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyətdaşıyır. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, "xxxxxxxxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh2 MTK-ya göstərmiş olduğu xidmətləri öz qüvvəsi və işçiləri ilə icra etməsi üçün öhdəlik götürmüşdür. Kollegiya qeyd edir ki, hadisə xx.xx.2019-cu il tarixdə baş vermiş və həmin vaxt İddiaçı Cavabdeh2 işçisi olmuşdur. Belə olan halda, İddiaçı podrat müqaviləsinə əsasən sifarişçi olan "xxxxxxxxxx" MTK-dan dəymiş zərərin əvəzini tələb etməsi əsassızdır. Bundan əlavə, kollegiya qeyd edilməsini zəruri hesab edir ki, İddiaçı xəsarət alması ilə əlaqədar ona dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də əlavə olaraq xərclərin əvəzi ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxx 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına istinadən, iş materiallarından və tərəflərin izahatlardan müəyyən olunur ki, İddiaçı tərəfindən «Əl elektrik maşınları 12.2.013-75 DÜST»-ün 6.3.1 bəndinin, «Tikintidə təhlükəsizlik texnikası. İİİ-4-80 Tikinti Norma və Qaydaları»nın 2.41 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da xx.xx.2019-cu il tarixdə baş vermiş hadisənin “işəgötürən” olaraq Cavabdeh2 təqsiri üzündən baş verməsini istisna edir. Odur ki, kollegiya İddiaçı tələblərinin əsaslı olmasını, əməyin mühafizəsi normalarının cavabdehlər tərəfindən pozulması halını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4771/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4771/2020
14.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver