Məhkəmə qərarları › İş №2(103)-4776/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4776/2021

02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4776/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəbbət oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X8, onun nümayəndəsi və vəkili X9, Cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin nümayəndəsi X7, həmçinin cavabdehin nümayəndəsi və vəkili X10 iştirakları ilə İddiaçı X8 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYY ƏN ETDİ: İddiaçı X13 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinə qarşı dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Komitəsinin üzvlüyündən və təsisçiliyindən xaric olunması barədə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə heyətinin 01 aprel 2019-cu il tarixli 5 saylı Protokolunun etibarsız hesab edilməsi və müəyyən edilmiş təsisçi hüququnun həyata keçirilməsində yaranan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X13 iddia tələbini onunla əsaslandırmışdır ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai X6 təsisçilərinin 20.06.2005-ci il tarixli ümumi yığıncağı tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 30.06.2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. Birliyinin Nizamnaməsindən görünür ki, Behbudov E.T, Sadıqov B.Y. və o Komitənin təsisçiləridirlər. Komitəsinin İdarə heyətinin 01.04.2009-cu il tarixli 5 saylı Protokolundan görünür ki, Elçin Behbudov, Sevil Allahverdiyeva, Rafiq Təmrazov və Elçin Abdullayevin iştirakı ilə keçirilən iclasda sədr E.Behbudov çıxış edərək, onun komitənin sıralarından çıxarılmasını təklif etmiş, fikrini onunla əsaslandırmışdır ki, Komitə rəhbərliyi ilə əlaqə saxlamır, komitənin fəaliyyətində yaxından iştirak etmir, ümumilikdə nizam-intizamı qənaətbəxş hesab etmək olmaz, son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol vermişdir. Buna görə də o, Komitənin sıralarından xaric edilməlidir. Sədrin təklifi idarə heyətinin üzvləri tərəfindən müzakirə edildikdən sonra səsə qoyulmuş və Komitənin Nizamnaməsinin 5.14-cü bəndinə uğun olaraq (üzvlükdən, təsisçilikdən çıxarılma, İdarə heyətinin qərarı ilə həyata keçirilə bilər) İdarə Heyətinin üzvləri yekdil səsvermə ilə o, təşkilatın sıralarından xaric edilmişdir. İdarə heyətinin sözügedən iclasının keçirilməsi, gündəlikdə olan məsələlər, o cümlədən onun komitənin sıralarından çıxarılması ilə bağlı məsələnin müzakirə ediləcəyi barədə Birliyin həmtəsisçisi və üzvü kimi ona əvvəlcədən məlumat verilməmiş, onun İdarə Heyətinin iclasında iştirakı təmin edilməmiş, bunun üçün müvafiq tədbirlər görülmüşdir. Barəsində qəbul edilmiş həmin qərarla tanış edilməmişdir. Protokolda göstərilənlərlə razı deyil. Belə ki, bütün fəaliyyəti dövründə həmişə Komitə rəhbərliyi ilə əlaqə saxlamış, Birliyin keçirdiyi tədbirlərdə bilavasitə iştirak etmiş, tədbirlərin baş tutmasında, keçirilməsində fəal iştirak edərək təşkilati işlərlə məşğul olmuş, Birliyin aparatına rəhbərlik etmişdir. Fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsi ilə bağlı ona heç vaxt, heç kim tərəfindən, heç bir irad bildirilməmişdir. Komitənin sıralarından xaric edilməsi barədə sözügedən Protokolu tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, əvvəla Birliyin Nizamnaməsinin V hissəsində göstərilir ki, təsisçilər bərabər hüquqlara malikdirlər. Nizamnamənin 5.13-cü bəndinə görə Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir; - Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə; - Mütəmadi olarq Birliyin işində işində iştirak etməKdən boyun qaçırdıqda; - Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə. Nizamnamənin 5.14-cü maddəsinə görə üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Nizamnamənin 6.9 və 6.10-cu bəndlərinə əsasən İdarə Heyəti kollegial icra orqanı olub Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir və digıər səlahiyyətlərə malikdir. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin Nizamnaməsinin 6.3-cü bəndinə görə Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı hqqında iki həftə əvvəl məlumat verilməlidir. Nizamnamənin 5.15-ci bəndinə görə Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən ictimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. Lakin, həm qanunvericiliklə, həm də, Birliyin Nizamnaməsi ilə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009cu il tarixli 5 nömrəli protokolu ilə Təşkilatın üzvlüyündən xaric edildiyi halda, həmin protokolu 2020-ci il tarixdə məhkəmə qaydasında mübahisələndirdiyini, hazırki mübahisə ilə bağlı Yasamal Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli, 2(004)-7085/2019 saylı və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6032/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin mövcud olduğunu göstərmiş və iddia müddəti tətbiq edilməli olduğunu bildirmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişlər ki, birinci instansiya məhkəməsi ümumiyyətlə iddia tələbinə mahiyyəti üzrə baxmadan, iş üzrə iddia müddətini tətbiq etməli idi. Belə ki, iddiaçı ən azından mübahisə ilə bağlı maraqlnamalı idi. Bununla belə iddiaçı protokol imzalandıqdan 11 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, iddiaçı iddia müddətlərinə əməl etmiş, iddia müddətini ötürməmişdir. İddia ərizəsindən məlum olur ki, iddiaçının, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009-cu il tarixli 5 nömrəli protokolundan, onun Təşkilatın həmtəsisçiliyindən və üzvlüyündən xaric edilməsi barədə məlumatsız olmuş, İdarə Heyətinin 01.04.2009-cu ul tarixdə keçirildiyi iddia edilən iclasın keçiriləciyi yer, iclasın gündəliyinə baxılması üçün daxil edilən məslələr və s. barədə ona heç kim iclasdan əvvəl va ya sonra məlumat verməmiş, iclasın qəbul etdiyi qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, protokolla tanış edilməmişdir. O, bu barədə məlumatı İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri Vəli Heydərovun cavabdeh Tural Hüseynova qarşı Yasamal Rayon Məhkəməsində qaldırdığı “qanuni təmsilçi olması barədə sənədlərin və qeydiyyatın ləğvi” tələbinə dair iddia tələbinin məhkəmə araşdırmaları zamanı məhkəmədə şahid qismində ifadə verərkən bilmişdir. Belə ki, həmin vaxt Tural Hüseynov məhkəməyə İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009-cu il tarixli 5 nömrəli iclas protokolunun kserosurətdən ibarət, müvafiq qaydada təsdiq olunmamış surətini təqdim edərək onun həmin protokolla Təşkilatın üzvlüyündən xaric edildiyini bildirmişdir. Lakin, həmin protokol müvafiq qaydada təsdiq olunmamış kserosurt olduğundan və tərəf onun əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiyindən o, buna əhəmiyyət verməmişdir. Lakin, sonradan, yəni Koronovirus pandemiyası ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırıldıqdan sonra (təxminən 2020-ci ilin iyul ayında) Vəli Heydərovla görüşən zaman sonuncu onu Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə tanış edərkən bilmişdir ki, iddia tələbi ilə bağlı qərar qəbul edərkən İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01.04.2009-cu il tarixli kserosurətdən ibarət, müvafiq qaydada təsdiq olunmamış 5 nömrəli iclas protokoluna istinad edilmişdir. Odur ki, o, həmin protokolun ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin Nizamnaməsi 20.06.2005-ci il tarixdə təsisçilər Behbudov E.T, Sadıqov B.Y və Deyistani P.İ. tərəfindən tərtib edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 30.06.2005-ci il tarixdə dövlət qeydiyyatlna alınmış qeyri-hökumət təşkilatıdır. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin iclasının 01.04.2009-cu il tarixli, 5 saylı protokolunun surətindən görünür ki, Elçin Behbudovun, Sevil Allahverdiyevanın, Rafiq Təmrazovun və Elçin Abdullayevin iştirakı ilə keçirilən iclasda sədr E.Behbudov çıxış edərək, komitə rəhbərliyi ilə əlaqə saxlamamasını, komitənin fəaliyyətində yaxından iştirak etməməsini, ümumilikdə nizam-intizamının qənaətbəxş olmamasını və son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsini əsas gətirərək, X2 sıralarından çıxarılmasını təklif etmiş, idarə heyəti üzvlərinin yekdil qərarı ilə X1 xaric edilmişdir. Məhkəmə hesab edir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə Heyətinin 01.04.2009cu il tarixli qərarında X3 rəhbərliyi ilə əlaqə saxlamaması, komitənin fəaliyyətində yaxından iştirak etməməsi, ümumilikdə nizam-intizamının qənaətbəxş olmaması və son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol verməsi barədə sədr E.Behbudovun mülahizələri heç bir konkret dəlillə əsaslandırılmamışdır. Əksinə, təqdim olunmuş sənədlərlə İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai X12 müxtəlif vaxtlarda keçirilmiş iclaslarının protokollarından, Birliyin müxtəlif dövlət qurumları ilə yazşmalarından müəyyən olunmuşdur ki, Deystani X14 dövlət qeydiyyatına alındığı vaxtdan bu günədək həmin təşkilatın təsisçisi, İdarə Heyətinin üzvü kimi daima fəaliyyətdə olmuş, Təşkilatın idarə olunmasında təsisçi və üzv kimi fəal iştirakçı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi ümumi yığıncağın protokoluna istinad edərək iddiaçının təsisçilikdən çıxarıldığını bildirsə də, həmin protokolun əslini məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəf isə protokolun mövcudluğunu mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin (ictimai birliyin) təsisçisi ilə onun üzvünü fərqləndirmək lazımdır. Mülki Məcəllədə hüquqi şəxsin təsisçisinin öz iradəsi ziddinə təsisçilikdən xaric edilməsi istisna olunur və nizamnamədə belə müddəa olsa belə, qanunun tələbinə və ruhuna zidd olmaqla əhəmiyyətsizdir. Həmçinin məhkəmə bildirir ki, qeyd edilən dəlillərdən başqa iddiaçı müvafiq dövlət qurumunun (Ədliyyə Nazirliyinin) qeydiyyatında halhazırda təsisçi qismində gedir və onun hüquqlarının həyata keçirilməsinə maneə yaradıla bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçının təsisçilikdən çıxarılmasına dair dəlilini rədd edərək bildirir ki, hüquqi şəxsin nizamnaməsində dəyişikliklər müvafiq dövlət qurumunda qeydiyyta alındıqdan sonra qüvvəyə minir. Həmçinin, məhkəmə cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı X11, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01 .04.2009-cu ul tarixdə keçirilən iclasın yeri, vaxtı, baxılması üçün iclasın gündəliyinə daxil edilən məsələlər barədə, həmçinin, qəbul edilmiş qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, protokolla tanış edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. İş materiallarında olan İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin Nizamnaməsinin 5.2-ci bəndinə əsasən təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu nizamnamə ilə müəyyən edilir. Nizamnamənin 5.3-cü bəndinə görə Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerlı özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. Nizamnamənin 5.13-cü bəndinə görə Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: - Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə; - Mütəmadi olarq Birliyin işində işində iştirak etməjdən boyun qaçırdıqda; - Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə. Nizamnamənin 5.14-cü maddəsinə görə üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Nizamnaməsinin 6.3-cü bəndinə görə Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı hqqında iki həftə əvvəl məlumat verilməlidir. Nizamnamənin 6.9 və 6.10-cu bəndlərinə əsasən İdarə Heyəti kollegial icra orqanı olub Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir və digıər səlahiyyətlərə malikdir. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Nizamnamənin 5.15-ci bəndinə görə Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. 9.2-ci maddəsinə görə qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. Qanunun 10.5-ci maddəsinə görə qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyrihökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər. 25.6-cı maddəsinə görə ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Qanunun 26.1-ci maddəsinə əsasən ictimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Həmin Qanunun 26.3-cü maddəsinə görə isə ictimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir. İşin hallarından görünür ki, iddiaçı X11, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01 .04.2009-cu ul tarixdə keçirilən iclasın yeri, vaxtı, baxılması üçün iclasın gündəliyinə daxil edilən məsələlər barədə, həmçinin, qəbul edilmiş qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, protokolla tanış edilməmişdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyrimümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Yuxarıda göstərildiyi kimi, X11, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İdarə Heyətinin 01 .04.2009-cu ul tarixdə keçirilən iclasın yeri, vaxtı, baxılması üçün iclasın gündəliyinə daxil edilən məsələlər barədə, həmçinin, qəbul edilmiş qərarla, o cümlədən onun Təşkilatın üzvlüyündən xaric edilməsi ilə bağlı məlumat verməmiş, bu səbəbdən də iddia müddətinin axımının protokolun qəbul edilməsi tarixindən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Kollegiya, həmçinin qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sənəd əqd olmadığından və onun irəli sürdüyü tələbə 10 illik iddia müddəti şamil edildiyindən iddiaçı iddia müddətini ötürməmişdir. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar