Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4776/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2351/2024 nömrəli 21 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletdən müəyyən edilir ki, o 2012-ci ildə Azərbaycan Tibb Universitetinin nəzdində mülki ixtisasa yiyələnmiş, 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş, Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli 0472 nömrəli əmri ilə ona “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmişdir. xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin 0529 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata (və ya istefaya) buraxılmışdır. xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi, xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək N saylı hərbi hissənin komandirinin sərəncamında olmuşdur.
2. xx.xx.2017 və xx.xx.2017-ci il tarixli söhbət vərəqələrinə əsasən (1-ci və 2-ci söhbətlər) İddiaçı tez bir zamanda ordu sıralarından təxris olunması barədə köməklik edilməsini xahiş etmiş, xidmət etməyə çətinlik çəkdiyini bildirmişdir.
3. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2017-ci il tarixli 20 nömrəli qərarından çıxarışa görə tibb xidməti leytenantı İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşmasını, tabeçiliyində olan şəxsi heyətin mənəvipsixoloji durumunun aşağı olmasını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır.
4. Təqdimat və xidməti xasiyyətnaməyə görə tibb xidməti leytenantı İddiaçı, N nömrəli hərbi hissə komandirinin sərəncamında (N nömrəli hərbi hissənin 7032- ci motoatıcı taborunun tibb məntəqəsinin sabiq rəisi), xx.xx.2017-ci il tarixdən “tibb xidməti kapitanı” xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. O, (N nömrəli hərbi hissənin sərəncamına çıxarılanadək) N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, təcrübəsiz və savadsız bir zabit kimi göstərmişdir. Vəzifəsinə aid olan rəhbər sənədləri bilmir və bilik səviyyəsini artırmaq üçün çalışmır. Taborun zabitləri və gizirləri, həmçinin bölmənin tibbi heyəti ilə öz ixtisası üzrə məşğələlər aparmır. Taborda müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlər görmür, sanitar-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət etmir. Xroniki xəstəliyi olan şəxslər üzərində daimi tibbi müşahidə aparmır və müşahidənin nəticələrini bölmə komandirlərinə bildirmir, pəhriz yeməyinə ehtiyacı olan əsgər və çavuşlar haqqında tabor komandirinə vaxtında məlumat vermir. Taborun binalarının və təsərrüfat xidmətlərinin sanitar vəziyyətinə nəzarət etmir, şəxsi heyətin vaxtında çimməsinə, alt paltarlarının və yataq dəyişəninin, dəsmal, corab və ayaq dolaqlarının dəyişməsinə diqqət yetirmir. Kollektivdə və yoldaşları arasında hörmətə malik deyildir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini zəif bilir. Hərbi geyim formasını səliqəsiz geyinir. Yuxarıda göstərilən mənfi xüsusiyyətlərini və kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq, tibb xidməti leytenantı İddiaçı xidməti vəzifəyə uyğun deyil. Xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalıdır.
5. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0529 nömrəli əmrindən çıxarışa görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 1-ci Ordu Korpusu (N nömrəli hərbi hissə) komandirinin sərəncamında olan tibb xidməti leytenantı, 703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7032-ci motoatıcı taborunun tibb məntəqəsinin sabiq rəisi İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2018-ci il tarixli 953 nömrəli ekspert rəyinə görə İddiaçı (1991-ci il təvəllüdlü) məhkəmə-tibbi ekspertizası zamanı hər iki kürək nahiyəsində sağalmış qançır izləri olan piqmentasiyalar, burun belində, sol bel nahiyəsində, hər iki aşağı ətraflarda çoxsaylı yaralarının sağalmış izləri olan çapıq toxumaları aşkar edilmişdir. İddiaçı tərtib edilmiş xəstəlik tarixindən göründüyü kimi, o, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Bədənin ümumi küt travması, müxtəlif nahiyələrin qançırı, sağ ayağın reaktiv ödəmi” diaqnozu ilə SQ BKH-da stasionar müalicədə olmuşdur. Qeyd edilən xəsarətlərdən, ödem və qançırlar bərk küt əşyanın (əşyaların), burun belinin, sol bel nahiyəsinin, hər iki aşağı ətrafların yaralarının sağalmış izləri olan çapıq toxumalar yüksək hərarətin yerli təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən, eləcə də, şəxsin özünün göstərdiyi tarixlərdə (may 2017) və şəraitdə törənməsi də istisna deyildir, həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir.
7. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı X2 xx.xx.2018-ci il tarixli qərarına görə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin (1-ci ordu korpusu) komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X27 tərəfindən səlahiyyəti olmadığı halda, 2017-ci ilin may ayının əvvəllərindən etibarən N saylı hərbi hissənin tabeliyində olan hərbi hissələrin düşmənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməklə şübhələnilən hərbi qulluqçuları qanunsuz olaraq N saylı hərbi hissənin köhnə qərargah binasına, daha sonra isə N saylı hərbi hissəyə gətizdirilərək, orada onun rəhbərliyi ilə sorğu-sual edilmiş, onlardan düşmənlə əlaqələri barədə məlumatlar vermələri tələb edilmiş, sorğu-sual edilən hərbi qulluqçulara, o cümlədən N saylı hərbi hissənin hərbi qulluqçusu, leytenant İddiaçı qarşı fiziki və psixi zor tətb edildiyindən, ona cinayət nəticəsində fiziki və mənəvi zərər vurulduğundan ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.
8. Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 nömrəli, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli hökmlərinə görə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının sabiq sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X23 ifadəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdə, saat 12 radələrində şəxsi heyət “Bozdağ” təlim yerində olarkən, tabor komandiri onları sıraya düzüb 9 nəfərin (taborun həkimi, leytenant İddiaçı də daxil olmaqla) adını çəkmiş, onlara “köhnə tabor komandiri Hidayətov Seymurla bağlı N nömrəli hərbi hissənin köhnə qərargahına izahat verməyə gedirsiniz, sizlik bir şey yoxdur, izahat verib, bura qayıdacaqsınız” demiş, artıq həmin vaxt hərbi hissənin kəşfiyyat bölüyünün maskalı hərbi qulluqçuları tam silahlı vəziyyətdə təlim yerinə gəlmiş və onları “Kamaz” markalı avtomobilə mindirmişlər. Təlim yerindən saat 18 radələrində çıxıb saat 20-21 radələrində köhnə qərargaha çatmışlar. Həmin vaxt yerə düşən kimi tanımadığı maskalı şəxslər ayağına təpik zərbələri vurub yerə yıxmış, arxadan qollarını ayaqlarına bağlamış, əllərində olan bıçaqla əynində olan köynəyi cırıb maykanı gözünün üstünə qoyaraq skoçla bağlamış, iki nəfər maskalı şəxs qollarından tutub sürüyərək binaya aparıb pilləkanla yuxarı qaldırmış və onu dəhlizdə dizi üstə saxlamışlar. 9 nəfərin hamısı eyni qayda ilə dəhlizə yığılmış, səs-küydən dəhlizdə onlardan başqa da çoxlu sayda insanlar olduğunu bilmiş, qışqırtı, bağırtı, döyülməyə xarakterik səslər eşitmişdir. Onların hamısı dəhlizdə şlanqla döyülmüş, şlanqla bədəninin bütün nahiyələrinə dayanmadan çoxsaylı zərbələr vurulmuş, ondan başqa dəhlizdə olan bütün şəxsləri də eyni qayda ilə döymüşlər. Aparıldığı vaxtdan dəhlizdə eyni qaydada dizi üstə olduğu yerdə qalmış, o və dəhlizdə olan digər şəxslər gecə boyu 1 saata yaxın fasilə ilə 2-3 saat dayanmadan eyni qayda ilə şlanqla döyülmüşlər. Aparıldığı günün səhəri, səhər saatlarında süründürülərək bir otağa salınmış, gözləri bağlı olduğundan heç nə görməmiş, orada ondan guya Anar Allahverdiyevin toy məclisində erməninin iştirak etdiyi və onun da bu barədə məlumatının olduğu soruşulmuşdur. A.Allahverdiyevlə bir kənddən olduğunu, onun toy məclisində iştirak etdiyini, amma toyda erməni görmədiyini desə də, ona inanmamışlar. Bundan sonra ona çoxsaylı və ağır işgəncələr verilmişdir, digərlərinin də səslərindən onlara işgəncələr verildiyini başa düşmüşdür.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1-1(102)-41/2020 nömrəli qərarına görə Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, Sənan Maşıyev, Cabir Qəhrəmanov və digər vəzifəli şəxslər İddiaçı köhnə qərargah binasına gətirildiyi vaxtdan xx.xx.2017-ci il tarixdə günorta saatlarınadək olan müddətdə, həmin binada olduqları müxtəlif vaxtlarda İddiaçı onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, ona qarşı zorakı hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə, əynində olan paltarlarını soyundurub əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqları İddiaçı yerə yıxıb yumruq və təpiklə, habelə taxta parçası və plastik boru ilə onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuş, xüsusi qurğu vasitəsilə bədəninin müxtəlif nahiyələrinə naqil birləşdirməklə uzun müddət ərzində dəfələrlə elektrik cərəyanı vermiş, ona sağlamlığa yüngül zərərvurmaya aid olan “bədənin ümumi küt travması, müxtəlif nahiyələrin, habelə hər iki kürək nahiyəsinin qançırı, sağ ayağın reaktiv ödemi, burun belinin, sol bel nahiyəsinin, hər iki aşağı ətrafların çoxsaylı yaraları” xəsarətlərini yetirmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar X4, İddiaçı, X10 və X19 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 79 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 65.807 manat, aylıq kirayə pulu olaraq 20.737 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla cəmi, 95.424 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə ******* manat kompensasiyanın; iddiaçı X5 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 78 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 83.460 manat, aylıq kirayə pulu olaraq 20.475 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla, cəmi, 112.815 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə ******* manat kompensasiyanın; İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 78 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 85.800 manat, aylıq kirayə pulu olaraq 20.475 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaşa görə 4.080 manat olmaqla, cəmi, 115.155 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə ******* manat kompensasiyanın; iddiaçı X11 əvvəlki vəzifəsinə bərpa olunmaqla və itirilmiş illəri əmək stajına hesablanılmaqla, 79 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq 55.300 manat, aylıq kirayə pulu olaraq 20.737.50 manat, istifadə olunmamış məzuniyyətə görə 2.580 manat və illik maddi yardım üçün 2.220 manat, 13-cü maaş olaraq 4.080 manat cəmi, 84.917 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə ******* manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı hərbi xidmətdə olarkən 2017-ci il may ayının ilk günlərindən qanunsuz olaraq saxlanılmış, sözügedən cinayət işi üzrə dəhşətli işgəncələrə, həbslərə və sorğulamalara məruz qalaraq bütün sağlamlığını, bir insan, şəxsiyyət və bir kişi olaraq bir çox dəyərini, həmçinin, bir hərbçi olaraq sevdikləri, uğrunda can qoyduqları real işlərini itirmişdir. O və ailə üzvləri həmin ərəfədə saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ağır və dözülməz hallar yaşamış və bu gün də yaşamaqdadırlar. İddiaçı qanunsuz azadlıqdan məhrum edilməsi və qanunsuz sorğulamalara cəlb edilərək günlərlə, hətta aylarla ağır işgəncələrə məruz qalması, Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli və 1(098)-9/2019 saylı, 13 mart 2019-cu tarixli hökmlərində, həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə kapitanı Bayram İsmayılovun istintaq qrupunun üzvü olduğu ********* saylı cinayət işi üzrə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi kiçik ədliyyə müşaviri Qasım Məmmədovun icraatında olan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X27, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X16 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, kiçik gizir X13 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək, məhkum edilibdir. Tərtər Hərbi Məhkəməsinin (sədrlik edən: İ.Quliyev) 31 yanvar 2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov hər biri isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Həmçinin, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant X3, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X17, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X14, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X8 və N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir X24 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum edilibdirlər. Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu tarixli və 29 yanvar 2020-ci tarixli hökmlərinə əsasən, X3 6 (altı) il, X17 6 (altı) il, X14 5 (beş) il 6 (altı) ay, X8 6 (altı) il, X24 isə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, N nömrəli hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik X20 Azərbaycan Respublikası CM-nin 331.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirləndirilərək, 1000 (bir min) manat cərimə cəzasına və 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Böyük bir cinayətin icraçıları olan bu şəxslər, Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinin qarşılığında onlara verilən bu cüzi cəzalarla zərərçəkmişlər razılaşmadılar və onlara olunan müxtəlif təqib və təzyiqlərə rəğmən öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Yenidən başladılmış istintaqın nəticəsi olaraq Azərbaycan Respubliası Baş X18 müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin bütün hökm və qərarlarına yeni açılmış hallar üzrə Azərbaycan Respubliası Ali Məhkəməsinin Plenumunda yenidən baxılmış, “Dövlətə xəyanət” adı altında dəhşətli işgəncələr görmüş və 10-20 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da, 5 il boyunca üzərlərində “Vətənə xəyanət”, “Dövlətə xəyanət” damğası gəzdirən, əslində isə hər biri xidməti dövründə düşmənə qarşı qəhramancasına döyüşərək, şücaətlər göstərən oğulların haqqı qismən də olsa bərpa olunmuş və onlara riyakarcasına vurulan bu “damğa” üzərlərindən götürülmüşdür. Eyni zamanda, yenidən aparılmış istintaqın nəticəsində heç bir təqsiləndirilən və zərərçəkmiş şəxslərin təqsirli olduğu sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində, onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edilmişdir. “Tərtər işi”ndə insan ağlına gəlməyən, faşistlərin belə etmədiyi, hətta düşmən erməninin də ağlına gəlmədiyi, dünya tarixinin heç bir dövründə, heç bir ölkədə tətbiq olunmayan işgəncə növlərinin hamısı Tərtərdə zərər görmüş əsgər və zabitlərimizə tətbiq olunub. Tamamilə çılpaq vəziyyətdə, gözləri, əlləri, ayaqları bağlı olmaqla, əl və ayaq zərbələri ilə, şlanqlarla, plasmas turbalarla, troslarla, birbirinə burularaq bərkidilmiş şunullarla və s. döyülmə, suda boğulma, bədəninin bütün nayihələrindən saysız-hesabsız toka vermələr, bu vasitə ilə ağızda lampa partladılması, dişlərinin kəlbətinlə çıxarılması və həmin yerdən toka qoşulma, üz nayihəsinə vurulan təpik zərbəsi ilə 5-6 dişin birdən çıxarılması, kəlbətinlə ətinin qoparılması, drell və “katalka” məftili vasitəsi ilə sümüklərinin deşilməsi, polietilen torbaların yandırılaraq açıq bədənlərinə tökülməsi, yanıq və yara yerlərinə araq və duz tökərək əsgər çəkmələri ilə tapdalanması və s. şəkildə dilə gətirilməsi mümkün olmayan, insan şəxsiyyətini sındıran, alçaldan onlarla işgəncə növləri... Bütün bu olanlarla bərabər onların şəxsiyyətinə damğa kimi vurulan: “erməniyə işləyən”, “vətənə xəyanət edən” adları və onların ailə üzvlərinə edilən çoxtərəfli və çoxsaylı işgəncələr... Ailələrin qohum-qonşu yanında “vətən xaininin, erməniyə xidmət göstərənin ailəsi kimi” dözülməz utanc hissi keçirmələri, bir gecənin içində evini, isti ocağını, qohum-əqrabasını qoyub kəndini tərk etməsi, dəhşətli qorxular keçirməsi, iztirablar yaşaması, aylarla övladından xəbər tuta bilməməsi, digər yazılmayan və dilə gətirilməsi çətin, mümkünsüz olan yaşantılar bu insanların hansı fiziki, mənəvi işgəncələrə və zərərlərə məruz qalmalarının sübutudur. 2017-ci il may ayının əvvəlindən iyun ayının sonuna qədər (bəziləri daha çox müddətə) bütün zərərçəkmişlər kütləvi şəkildə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən, “xidmətə uyğunsuzluq” adı altında, heç bir kompensasiya ödənilmədən hərbi xidmətdən uzaqlaşdırılıblar. Həmin zərərçəkmişlər bu günə qədər də işsizdirlər və səhhətlərində yaranmış çox ciddi və çoxsaylı problemlər uçbatından heç yerdə işləyə bilməmişlər və yaxud da onları işə götürməmişlər. İşə götürülməməklərinin səbəbi həm də, onlara vurulmuş “vətəninə xəyanət edən, düşmənə işləyən” adı ilə damğalanmaqları və sağlamlıqlarında cox ciddi problemlər yaşamaqlarıdır. Bu səbəbdən işgəncyə məruz qalmış bütün əsgər və zabitlərin maddi və sağlamlıq durumları acınacaqlı vəziyyətdədir. Bütün bu baş verən qanunsuzluqlara görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq uzaqlaşdırıldıqları işlərinə bərpa olunmaq, hər birinin işdən çıxarıldıqları tarixdən, işə bərpa ediləcək tarixədək olan dövr üçün əməkhaqlarının ödənilməsi və itirilmiş əmək illəri staja hesablanılmaqla, iradələrinin ziddinə, əsassız olaraq işdən çıxarılmaqları səbəbi ilə həmin müddətin onlar üçün məcburi işburaxma dövrü hesab edilməsi barədə tələb irəli sürmək zərərçəkmişlərin hər birinin qanuni haqqıdır. Onu da qeyd etmək vacibdir ki, həmin dövrdə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaqlarına razı olmasalar da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə bu qanunsuzluqları törədənlər elə bir vəziyyət yaratmışdılar ki, heç bir işgəncə görüb, zərər çəkən şəxsin harasa, kiməsə müraciət edib haqqını tələb etmək imkanı yox idi. Qanunsuz olaraq saxlanıldıqları N və N saylı hərbi hissələrin köhnə kazarmalarından buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi onların da hər birinə şikayət etməmələri, hətta müalicə almaq üçün həkimə getməmələri barədə hədə-qorxu gəlinmişdi, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdu. Bundan başqa, bütün bu qanunsuzluqları məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən İddiaçı qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət, zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra 17 dekabr 2021-ci ildə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılmış və İstintaqı Qrupu yaradılmışdır. X31 yaradıldıqdan sonra, işgəncəyə məruz qalıb, zərər görən hər bir şəxs özündə cəsarət tapıb o vaxt baş verən dəhşətlər, üzləşdikləri qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmaları ilə bağlı məlumat və izahatlarını vermişlər və yüzlərlə işgəncələrə məruz qalmış hərbçilər zərərçəkmiş qismində tanınmış və hal-hazırda da Bakı Hərbi Məhkəməsində istintaqı gedən məhkəmə proseslərinə zərərçəkmiş kimi cəlb olunublar. İddiaçı Tərtər Hərbi Məhkəməsinin 1-(098)-7/2019 saylı, 31 yanvar 2019cu il tarixli və 1-(098)-9/2019 saylı, 13 mart 2019-cu tarixli hökmlərində zərərçəkmiş kimi adı keçir və həmin hökmlər qanuni qüvvəsini almış, bu gün də öz qüvvəsindədir. Belə ki, İddiaçı 2014-cü ilin iyun ayında Azərbaycan Dövlət Tibb Universitetinn hərbi tibb fakültəsini bitirərək Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə tibb məntəqəsinin həkimi kimi iş fəaliyyətinə başlamış, 2016-cı ildə 2-ci tabora təyinat aldıqdan sonra orada tibb məntəqəsinin rəisi vəzifəsini icra etmişdir. Lakin o, 2017-ci il may ayının 5-də ermənilərə işləmək ittihamı ilə qanunsuz saxlanılmış və amansız işgəncələrə məruz qalmışdır. İddiaçı bütün işgəncə məkanlarında, “Marquşevan” adlanan yerdə, Mingəçevirdə yerləşən N saylı hərbi hissədə, Bakı şəhərinə aparılarkən zərərçəkmişləri aparan maşında, Biləcəridə yerləşən saxlama yerində, “Papanin”də yerləşən hospitalda təkrartəkrar işgəncələr görmüşdür. Qanunsuz sorğulamalar zamanı İddiaçı haqqında videogörüntülər olduğunu söyləyərək “erməniyə işlədiyini”, “satqın”, “vətən xaini” olduğunu etiraf etməyini tələb etmişdirlər. Buna görə o, mütəmadi olaraq döyülüb, bədəninin bir çox nahiyələrinə dəfələrlə elektrik cərəyanı verilmiş və dəfələrlə komaya düşmüşdür. İddiaçıya qarşı 2017-ci ilin iyun ayının 26-a qədər işgəncələr davam etmiş, məhz həmin işgəncələrin nəticəsində səhhətində yaranmış çoxsaylı problemlərə və “vətən xaini” adı ilə adlandırılmasına görə ali təhsilli hərbi həkim olaraq heç bir yerdə onu işə götürməmişlər. İddiaçı halhazırda da işsizdir. O, ən ağır işgəncə görənlərdən biri olmaqla, eyni zamanda 2017ci il iyul ayının 17-də qanunsuz olaraq işdən çıxarılıb. Həmin vaxt onun orta aylıq əmək haqqı – 1.100 (min yüz) manat olub. Öz iradəsi əleyhinə işdən azad olunması onu potensial qazancından da məhrum edib. İşdən çıxarıdığı vaxtdan bu günə qədər işburaxma müddəti 78 aydır. Bu isə onun qalan xidmət dövrü üçün 85.800 (səksən beş min səkkiz yüz) manat edir (78 ay X 1100 = 85.800) Bundan başqa, İddiaçı işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262.50 (iki yüz altmış iki manat əlli qəpik) manat (78 ay X 262.50 = 20.475) ildə bir dəfə olmaqla maddi yardım 370 (üç yüz yetmiş) manat, (6 il X 430 = 2.580) və 13-cü maaş 680 (altı yüz səksən) manat (6 il X 680 = 4080) alıbdır. Cəmi: 29.355 (iyirmi altı min beş yüz altmış iki) manat. İddiaçının maddi zərərə görə tələb etdiyi yekun məbləğ 115.155 (yüz on beş min yüz əlli beş) manatdır. Ümumilikdə iddiaçı hərbi xidmət zamanı “Vətən xaini” adlandırılaraq ağır işgəncələr və qeyri-insani, alçaldıcı rəftar gördüyündən, bu, ona ciddi və bərpa olunmaz mənəvi sarsıntı yaşatmış, iztirab çəkməsinə səbəb olmuşdur. Həmçinin, onun “dövlətə xəyanət” adı altında işgəncə görməsi təkcə özünün deyil, həm də ailə üzvlərinin də mənəvi iztirablar yaşamasına səbəb olmuşdur. Bununla da iddiaçı təqsirkar şəxslərin törətdiyi əməllər nəticəsində mənəvi zərər çəkmiş, peşəkar hərbi qulluqçu karyerasından məhrum edilmiş, özü və ailəsi stres və ağır sarsıntı yaşamışlar. Odur ki, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 1.000.000 (bir milyon) manat məbləğində qiymətləndirir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1216/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar X1, İddiaçı, X5 və X11 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinin “İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi”nin ayrılaraq, ayrıca icraatda baxılması, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.
13. İddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq – 115.155 manat, əldən çıxmış fayda olaraq 150.000 manat, işgəncələr nəticəsində fiziki sağlamlığına vurulmuş ziyana görə 150.000 manat, cəmi 415.155 manat həcmində kompensasiyanın, mənəvi zərərə görə 1.000.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 may 2024-cü il tarixli 2(006)-2351/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə iddia tələbinin “415.155 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı bu tələbinin 115.155 manat hissəsini Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində məhrum olduğu əmək haqqı və ona əlavələr; 150.000 manat hissəsini həmin məbləğlərdən istifadə edərək əldə edə biləcəyi gəlir (əldən çıxmış fayda); qalan 150.000 manat hissəsini isə sağlamlığına vurulmuş ziyan kimi əsaslandırdığından, bu tələbin hər bir hissəsinə ayrı-ayrılıqda münasibət bildirilməsi zəruridir.
16. İddiaçının məhrum olduğu əmək haqqı və ona əlavələrlə əlaqədar qeyd edilməlidir ki, iş materiallarında olan sənədlər əsasında iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) işdən azad edilməsi barədə əmr verilmişdir. Həmin əmr hələ iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırda qüvvədədir. İddiaçının özünün hərbi qulluqçu (tibb xidməti leytenantı), əmri verən qurumun isə dövlət orqanı olması nəzərə alındıqda, həmin əmrin qanuni olub-olmamasına hüquqi qiymət verilməsi ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə həmin əmr qüvvədə olduğu, qanunsuz olması və ya ləğv edilməsi barədə heç bir mötəbər sübut olmadığı halda, eyni zamanda, hazırda mübahisələndirilmədiyindən (hazırkı mübahisənin predmeti olmadığından) iddiaçının məhrum olduğu əmək haqqı və əlavələrə görə kompensasiya tələbini əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin əmri mübahisələndirərək müsbət nəticə əldə edəcəyi halda, onun məhrum olduğu əmək haqqı və əlavələrin iddiaçıya ödənilməsi məsələsi də müvafiq olaraq öz həllini tapacaqdır. Məhkəmə onu da qeyd edir ki, bu mübahisə üzrə əsl cavabdeh Maliyyə Nazirliyi deyil, iddiaçının işəgötürəni qismində çıxış edən müvafiq dövlət orqanıdır. Bu tələbin cavabdeh Maliyyə Nazirliyinə qarşı təmin edilməsi həm də ona görə əsaslı hesab edilə bilməz ki, iddiaçı əmri mübahisələndirərək müsbət nəticə əldə etsə, dövlət büdcəsindən eyni məsələyə görə iki dəfə tutulma olacaq, bu isə yolverilməzdir (iddiaçının vəkili-nümayəndəsi bildirmişdir ki, bu məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəkdir). Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas yoxdur. İddiaçının məhrum olduğu əmək haqqı və ona əlavələrdən istifadə edərək əldə edə biləcəyi gəlir, yəni əldən çıxmış fayda ilə əlaqədar isə qeyd edilməlidir ki, bu tələb də yuxarıda qeyd olunan tələbdən törəməklə yanaşı, heç bir dəlil-sübuta əsaslanmadığı və məhz formal mülahizəyə söykəndiyi, bir sözlə, ağlabatan olmadığı üçün təmin edilməməlidir. İddiaçının sağlamlığına vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər olması (ayrı-ayrılıqda isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən) iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçının bunun qarşılığında 150.000 manat məbləğində kompensasiya tələb etməsini əsaslandıran heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bu tələb də formal mülahizələrlə əsaslandırılmışdır. İddiaçının sağlamlığına dəymiş zərərin kompensasiyası kimi 150.000 manat məbləğində pulun ona ödənilməsi barədə tələbi təmin etmək üçün əsas müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, tələb bu hissədə də təmin edilməməlidir.
17. İddia tələbinin “1.000.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsində isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması (fiziki və psixi zor tətbiq edilməsi) ali hərbi tibb təhsili olan iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000.000 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1-21.2, 1096, 1097.1, 1100, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunludur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
26. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
27. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
29. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə-iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. İddiaçı Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalması (fiziki və psixi zor tətbiq edilməsi) nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, əmək haqqı və ona əlavələrə görə 115.155 manat, həmin pul məbləğindən istifadə edərək gəlir əldə edə biləcəyi halda, məhrum olduğu əldən çıxmış faydaya görə 150.000 manat və sağlamlığına vurulmuş zərərə görə 150.000 manat olmaqla, cəmi 415.155 manat maddi və 1.000.000 manat mənəvi ziyan tələb etmişdir.
39. İddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında iddiaçıya məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməsi, fiziki və psixi zor tətbiq edilməsinin müəyyən edilməsi hazırki iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu mübahisəsiz haldır.
40. Kollegiya hesab edir ki, maddi ziyana aid hissədə iddia tələbinin rədd edilməsi barədə məhkəmənin qəanəti qanuni və əsaslı olmuşdur.
41. İddiaçı əmək haqqı və ona əlavələri, həmçinin əldən çıxmış fayda tələb etmişdir.
42. İş materiallarından müəyyən edilir ki, iddiaçının məhz “xidməti uyğunsuzluğa görə” (müvafiq Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən) işdən azad edilməsi barədə əmr verilmişdir. Həmin əmr hələ iddiaçı tərəfindən mübahisələndirilməmişdir və qüvvədədir.
43. İddiaçının sağlamlığına vurulmuş maddi ziyanla bağlı tələbinə münasibətdə isə məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçıya yetirilmiş xəsarətlərin sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçının bunun qarşılığında 150.000 manat məbləğində kompensasiya tələb etməsini əsaslandıran heç bir mötəbər sübut təqdim edilməmiş, bu tələb də formal mülahizələrlə əsaslandırılmışdır.
44. İddiaçının işgəncələrə məruz qalması nəticəsində mənəvi sarsıntı keçirməsi, nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşması, mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi mübahisə doğurmur.
45. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
46. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2351/2024 nömrəli iş üzrə 21 may 202-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tərəfindən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.