Məhkəmə qərarları › İş №2(103)-4778/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4778/2023

19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4778/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2046/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X7 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi ilə Hüseyn Seyidzadə küçəsi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı Qasımov Fazil Oruc oğlu xəsarətlər almış, 24 avqust 2022-ci il tarixdə müalicə aldığı 1 saylı X12 ölmüşdür. İddiaçı zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır.

2. Təqsirləndirilən şəxs X7 28 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-38/2023 saylı qərarına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmiş, X3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmışdır.

3. Cinayət işinin araşdırılması zamanı zərərçəkmişin hüquqi varisinə təqsirləndirilən şəxsin hüquqi varisi tərəfindən 9.000 manat məbləğində pul ödənildiyi, tərəflər arasında barışıq əldə edildiyi müəyyən edilmişdir.

4. Təqsirləndirilən şəxsin hüquqi varisləri tərəfindən zərərçəkənin ailəsinə 5.000 manatdan yüksək ödəmə edildiyindən cavabdeh iddiaçıya sığorta ödənişini verməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində pulun, həmçinin hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, atası Qasımov Fazil Oruc oğlu 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində yol nəqliyyat hadisəsi zamanı aldığı zərbədən həyatını itirmişdir. Belə ki, Z.M.İbrahimov 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində X1 adına olan, X4 məxsus etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius (Hibrid) Minik» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi ilə Hüseyn Seyidzadə küçəsi istiqamətində hərəkətdə olarkən, Hüseyn Seyidzadə küçəsi 179V saylı ünvanın qarşısına düşən yol hissəsinə çatdıqda avtomobili tam dayanma həddinə çatdırıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozaraq geriyə hərəkətin qadağan edildiyi piyada keçidində idarə etdiyi avtomobili Mircəlal küçəsi istiqamətində 5-7 km/saat sürətlə geriyə dorğu hərəkət etdirməklə yolu piyada keçidinin üzəri ilə onun hərəkət istiqamətinə nəzərən soldan sağa keçən piyada Qasımov Fazil Oruc oğlunu idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyinin sol alın-təpə-gicgah, ənsə payında yumşaq qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması, sol alıntəpə-gicgah və ənsə nahiyyəsində yumşaq toxumalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyəsinin qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs 21 dekabr 2022- ci il tarixdə məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Al, A, Bl, B, Cl, C, D1, D, C1E, CE kateqoriyalı, BD000865 nömrəli sürücülük vəsiqəsi vardır. Açıq yaşıl metallik rəngli, «Toyota Prius (Hibrid) Minik» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında X4 məxsus olmuşdur. 22 iyul 2022-ci il tarixdə qeyd olunan avtomobili idarə etmək üçün E.G.Bədəlov tərəfindən ona etibarnamə verilmişdir. Həmin tarixdən etibarən avtomobili hadisə baş verən günə qədər idarə edib taksi fəaliyyəti ilə məşğul olmuşdur. Demək olar ki, hər gün taksi fəaliyyəti ilə məşğul olmuş və hər gün avtomobili sahibi olan E.Bələdova 30 (otuz) manat pul ödəmişdir. 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman Bakı şəhəri, Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ilə 4-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olmuşdur. Müştəri sifarişi «Bolt» şirkəti vasitəsi ilə verdiyindən mobil telefonunda olan xəritə vasitəsi ilə sifarişçinin olduğu yerə getmişdir. ünvan 1 ünvanının qarşısına çatdıqda orada yolun hərəkət hissəsində piyada keçidi olmuşdur. Piyada keçidini keçdikdən sonra xəritədə görmüşdür ki, taksi sifarişi verən şəxs piyada keçidinə çatmamış sağ ara məhlədə yerləşən yaşayış binasında onu gözləyir. Sifarişçinin dayandığı məhləyə gedən ara yolu keçdiyindən avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobili təxminən 5-7 km saat sürətlə arxaya hərəkət etdirmişdir. Piyada keçidinin üzərinə çatdıqda hiss etmişdir ki, avtomobil nəyəsə toxunmuşdur. Dərhal avtomobili saxlayıb aşağı düşüb avtomobilin arxa tərəfinə keçmişdir. Bu zaman görmüşdür ki, bir nəfər kişi cinsli şəxs, yəni piyadaçı təxminən avtomobilin arxa tərəfindən 2-3 metr aralıda uzanmış vəziyyətdədir. Bilmişdir ki, idarə etdiyi avtomobili arxa-arxaya hərəkət etdirərkən həmin vaxtı piyada keçidi vasitəsi ilə hərəkət istiqamətinə görə yolun sol tərəfindən sağ tərəfinə keçən sonradan adını bildiyi Qasımov Fazil Oruc oğlunu idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə həmin şəxs yıxılıb xəsarət almışdır. F.O.Qasımova yaxınlaşdıqda görmüşdür ki, o, uzanmış vəziyyətdədir, başından xəsarət almışdır, yolun asfalt örtüyündə qan ləkələri vardır. X18 Yardım Stansiyasma zəng vuraraq bu barədə xəbər vermişdir. Lakin TTYS-nın gec gəldiyini görərək, F.Qasımova kömək edib ayağa qaldırmış və avtomobilə əyləşdirmişdir. İdarə etdiyi avtomobillə Fazil Qasımovu 1 saylı X16 çatdırmış və orada həkimlərə təhvil vermişdir. Orada dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş, bir müddət sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, onlara özünü təqdim edib yolnəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Xəstəxanadan hadisə yerinə gəlmişlər, hadisə yerində polis əməkdaşlarına hadisənin harada baş verdiyini göstərmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq piyada F.Qasımov 24 avqust 2022-ci il tarixdə saat 16 radələrində müalicə aldığı 1 saylı X12 ölmüşdür. Cinayət üzrə keçirilmiş, məhkəmə aktı ilə müəyyən edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi Birliyinin 24 sentyabr 2022-ci il tarixli 94 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, F.O.Qasımovun meyitində beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyinin sol alın-təpə-gicgah, ənsə payında yumşaq qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması, sol alıntəpə-gicgah və ənsə nahiyyəsində yumşaq toxumalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyyəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. F.O.Qasımovun meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmiş, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəsi vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının F.O.Qasımovu vurması nəticəsində əmələ gələ bilərdi. F.O.Qasımovun ölümünə başın küt travması ilə əlaqədar olaraq beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması nəticəsində inkişaf edən baş beyin ödəmi olmuşdur. F.O.Qasımovun ölümü xx.xx.2022-ci il tarixdə saat 15:00-də Bakı Baş Şəhər X13 PHŞ-də baş vermişdir. F.O.Qasımovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda qatılığı -0,5% olmuşdur və bu da F.O.Qasımovun sağlağında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 1(006)-38/2023 saylı qərarına əsasən X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, X3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılması, iş üzrə maddi sübut kimi tanınmış və X4 məxsus “Toyota Prius” markalı, **-DF- *** dövlət diyyat nişanlı avtomobil sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməsi qərara alınmışdır. Cinayət işi üzrə icraata xitam verilməsinin əsası Azərbaycan Respublikasının CPM- nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi olmuşdur. Cinayət işi üzrə müəyyən edilmiş işin faktiki hallarından da, göründüyü kimi X7 idarə etdiyi X4 məxsus “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə atasını vurması nəticəsində atası həyatdan məhrum olmuşdur. Atasının yas mərasimi xərclərinin bir hissəsi X7 tərəfindən onlara ödənilmişdir. Lakin atasının müalicəsinə xərclədikləri 15000 manat vəsait halhazıradək onlara ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cu il tarixli bildirişdən görünür ki, qeyd edilən xərcin qarşılanması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, zərərvuran tərəfindən ona ödəniş edilməsini nəzərə alaraq, tələbini qanunsuz və əsassız olaraq təmin etməkdən imtina etmişlər. Belə ki, qanunvericiliyin tələblərinə əsasən yol nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxsin sağlamlığı ilə bağlı dəymiş zərəri zərər vuran qarşılamasına baxmayaraq, eləcə də, yas mərasimi üçün zərər vuran tərəfindən zərər çəkmiş şəxsin hüquqi varisinə ödəniş edilməsinə baxmayaraq sığorta şirkəti zərərçəkmiş şəxsə 5000 manat ödəniş etmək öhdəliyindən boyun qaçıra bilməz. Həmçinin qanunvericliklə nəzərdə tutulmuşdur ki, sığorta ödənişini icra etməkdən yayınma gecikdirilmiş hər gün üçün sığorta ödənişinin 0.1 faizi məbləğində sığorta şirkəti ödəniş etmək öhdəliyi daşıyır.

7. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddiaya etiraz olaraq bildirmişdir ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin hüquqi varisləri tərəfindən zərəçəkənin ailəsinə maddi ziyan ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 19.4 və 19.5-ci maddələrinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə bu sığorta şirkəti tərəfindən sığorta ödənişi verilərkən nəzərə alınır. Belə ki, zərərçəkənə sığortalı və ya sığorta olunan tərəfindən 5.000 manatdan az ödəmə həyata keçirildikdə yerdə qalan məbləğ sığorta şirkəti tərəfindən zərərçəkənə ödənilir. Yox əgər sığortalı və ya sığorta olunan tərəfindən 5.000 manat və bundan artıq məbləğdə ödəmə həyata keçirildikdə sığorta şirkəti hesablanan sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Buna görə də, təqsirləndirilən şəxsin hüquqi varisləri tərəfindən zərərçəkənin ailəsinə 5.000 manatdan yüksək ödəmə edildiyindən sığorta ödənişinin tərəflərindən zərərçəkənə ödənilməsi mümkün deyildir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2046/2023 nömrəli, 17 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının maddi zərərin əvəzinin tutulmasını cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, zərərçəkənə sığortalı və ya sığorta olunan tərəfindən yalnız 5.000 manatdan az ödəniş edildiyi halda yerdə qalan məbləğ cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilə bilərdi. Halbuki iddiaçıya zərərvuran tərəfindən 9.000 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən İddiaçı sığorta hadisəsi nəticəsində atasının sağlamlığına dəymiş zərərə görə 5.000 manat məbləğində həmçinin hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 1%-i həcmində dəbbə pulunun tutulmasını tələb etməsinə və iddia tələbində göstərilən məbləğdən də artıq məbləği zərərvuranın hüquqi varislərindən almasına baxmayaraq, sığorta ödənişinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən də tutulmasını tələb etməkdə haqlı deyildir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 926.1, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinə; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 20.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2046/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/0147 saylı məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci ildə Bakı şəhəri ərazisində Dövlət Sığorta Kommersiya Şirkətində icbari qaydada sığortalı olan “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilini X7 idarə edərkən piyada qismində yolu keçən Qasımov Fazil Oruc oğlunu vuraraq ona xəsarət yetirmiş, aldığı xəsarətlərdən Qasımov Fazil Oruc oğlu vəfat etmişdir. Hadisə ilə bağlı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, sığortalı X7 tərəfindən 9000 manat məbləğində vəsait zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən (üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur) zərərvuran tərəf zərərçəkmiş tərəfə maddi zərəri ödədiyi halda, zərərçəkənin sığorta tələbi tam ödənilmiş olur. İş üzrə həmin sənəddən də göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti “İcbari sığortalar haqqında” Qanunun 20.5-ci maddəsinə əsaslanaraq sığorta hadisəsi nəticəsində şəxsin sağlamlığına dəyən zərər üzrə 5.000 manat məbləğində pulun zərərvuran tərəfindən iddiaçıya ödəniş edilməsinin qanunsuz və əsassız olduğunu qeyd etmişdir. Məhkəmə də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsaslanaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta KommersiyaŞirkətinə qarşı “pul” tələbinə dair iddiası rədd etmişdir. Lakin, faktiki olaraq həmin maddə yalnız əmlaka dəymiş zərərin ödənilməsi ilə bağlı olmuşdur. Təəssüflər olsun ki, nə birinci instansiya məhkəməsi, nə də Azərbaycan Respublikası Dövlət Sığorta KommersiyaŞirkəti maddi hüquq normasını düzgün tədbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, 9000 manat pulun dəfn xərci kimi istifadə olunmasına dair yazılı heç bir sübutu yoxdur. Təqsirləndirilən şəxs dünyasını dəyişdi deyə iş axıra kimi getmədi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, “İcbari Sığortalar haqqında” qanunun 19.4 və 19.5-ci maddələrinə əsasən yol nəqliyyat hadisələri zamanı sığorta olunan və sığortalı tərəfindən zərərçəkmiş tərəfin zərəri qarşılanırsa, yəni 5000 manata qədər hər hansı bir məbləğlə qarşılanırsa ödənilən məbləğin geri qalanı, 5000 manata qədər olan hissənin geri qalanı sığorta şirkəti tərəfindən qarşılanır. Lakin 5000 manatdan yuxarı zərər qarşılanırsa, bu o deməkdir ki, sığorta məbləği ödənişi həyata keçirilmişdir, təqsirkar tərəfindən zərər qarşılanmışdır. Belə olan halda şirkət sığortalının qarşısında öhdəlik daşıyır. Dəfn xərcləri ilə bağlı bildirmişdir ki, sığorta ödənişinin sırf dəfn xərcləri ilə bağlı verilməsinə dair qanunda müddəa yoxdur, sığorta ödənişi hər bir halda verilir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 23.922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 24.922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 25.926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 26.935.1.7-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması halında imtina edir. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 27.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun

28.6.6-cı, 7-ci və 13.4-cü maddələrinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 29.19.3-cü, 19.4-cü, 19.5-ci və 19.9-cu maddələrinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərçəkənə verilir. Üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

30.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Sığorta qanunvericiliyindən göründüyü kimi mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud da Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmənin həyata keçirilməsi sığortaçını üçüncü şəxsin qarşısında ödənilmiş məbləğ həddində sığorta ödənişini həyata keçirməkdən azad edir və yalnız sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi sığortaçı tərəfindən zərərçəkənə verilir. Sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir. 33.İş materiallarına əsasən cinayət işinin araşdırılması zamanı zərərçəkmişin hüquqi varisinə təqsirləndirilən şəxsin hüquqi varisi tərəfindən 9.000 manat məbləğində pul ödənildiyi müəyyən edilmişdir. Qeyd edilən bu hal işin mübahisələndirilməyən hallarına aiddir. Belə olan halda kollegiya Mülki Məcəllənin və “İcbari sığorta haqqında” Qanunun yuxarıda sadalanan maddələrinin məzmununun işin hallarına tətbiq edilməsi nəticəsində birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşır. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisinə təqsirləndirilən şəxsin hüquqi varisi tərəfindən icbari sığorta qanunlarına uyğun məbləğdə verilməli olan maliyyə kompensasiyası ödənildiyi üçün, müvafiq sığorta hadisəsinin baş verdiyi nəticəsində yaranmış tələb hüququ ödənilmiş sığorta məbləği həddində sığorta olunana keçmiş, üçüncü şəxs isə həmin məbləğ həddində sığortaçıya münasibətdə tələb hüququnu itirmişdir. 34.Beləliklə işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına ola biləcək hallar aradan qalxmışdır, belə olan halda da iddiaçı müvafiq məbləğdə sığorta ödənişinin həyata keçirilməsini cavabdehdən tələb emək hüququna malik deyildir. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 35.İddiaçı atasının ölümü ilə əlaqədar sığortalı tərəfindən ona ödənilmiş pulun dəfn xərcləri olaraq qəbul etdiyini, bu vəsaiti yas mərasiminin keçirilməsinə sərf etdiyini, bununla da qeyd edilən vəsaitin sığorta ödənişi məbləğinə daxil edilmədiyini bildirsə də, qeyd edilən halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 36.Halbuki mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 37.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». 39.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2046/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar