Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4782/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Samile Mamedovaya qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyul 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil1, cavabdeh Samile Mamedovanın vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 9.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Donuzçuluq sovxozu adlanan yerdə sahibliyində olan torpaq sahəsi üzərində tikinti işləri aparmaq qərarına gəlmiş və bu niyyətlə tikintini inşa edəcək ustalarla danışıb zəruri tikinti materiallarını yaxınlıqda yerləşən tikinti materiallarının alqı-satqısı ilə məşğul olan ticarət obyektlərindən alıb həmin torpağın üzərində birmərtəbəli ev tikdirmişdir. Həmin evin dam örtüyünü də vurdurub qurtarandan sonra cavabdeh öz qohumları ilə iddiaçıya hücum edib xəsarət yetirmiş, eyni zamanda iddiaçının öz vəsaiti hesabına inşa etdirdiyi evi dağıdıb istifadə olunan tikinti materiallarını sındırıb yararsız hala salmışdır. Cavabdehin bu hərəkətləri ilə bağlı onun barəsində Suraxanı Rayon Polis İdarəsində ********* saylı cinayət işi başlanmış və cavabdeh istintaqa cəlb olunmuşdur. Uzun araşdırmadan sonra Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işinə, tərəflərin barışması ilə əlaqədar olaraq xitam verilmişdir. Araşdırma zamanı cavabdeh iddiaçıya vurmuş olduğu zərərin əvəzinin ödənilməsini öhdəsinə götürmüş, lakin cinayət işinə xitam veriləndən sonra bundan imtina etmişdir. İddiaçı, cavabdehlə dəfələrlə əlaqə saxlayıb ona vurmuş olduğu zərəri ödəməyi təklif etsə də cavabdeh, öz istəyi ilə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Buna görə də, iddiaçı, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, əvvəl tərəflər arasında Suraxanı Rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı “evin yerləşdiyi torpaq sahəsindən və evdən istifadəyə görə maneələrin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki işə baxılmış və iddiaçının subyektiv hüququ olmadığına görə iddia tələbi xx.xx.2024-cü il tarixli qətnamə ilə rədd olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmin işdə evin kim tərəfindən tikilməsi məsələsinə baxılmış və evin iddiaçıya məxsus olması və tikilməsinə dair hər hansı sübut təqdim etmədiyindən bu fakt öz təsdiqini tapmamışdır. Mübahisə predmeti olan ev cavabdehə məxsusdur. İddiaçı cavabdehə məxsus evin dam hissəsini özbaşına olaraq tikmiş, tərəflər arasında münaqişə yaradığından Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Cinayət işinin icraatına xx.xx.2023-cü il tarixdə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin iş üzrə tərəflərin izahatları və ifadələri alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, 9.000 manat məbləğində maddi zərərlə bağlı yalnız 2.000 manat qaimə fakturası və 400 manat iş materiallarında sənəd mövcuddur. Qanuna və hüquqa zidd hərəkətlərin vurulması faktına əsasən cavabdeh tərəfindən hər hansı ziyanın vurulması əsassızdır. Çünki cavabdehə məxsus evin dam örtüyünün iddiaçı tərəfindən özbaşına vurulması və bunun nəticəsində cavabdeh tərəfindən tələb olunaraq sökülməsi faktı hər hansı ziyanın vurulmasına əsas ola bilməz. Həmin sökülən materiallar isə iddiaçı tərəfindən aparılmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni iddianın sübuta yetməməsi ilə əsaslandırmışdır. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş, iddia tam əsaslı olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
9. Apellyasiya baxışı iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) şikayətə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
11. Belə ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə xx.xx.1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərarın əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarın tələbinə uyğun olaraq hazırkı iş üzrə iddiaçıya fərdi evin tikilməsi məqsədi ilə 0,07 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır.
12. İddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli qaimə fakturadan görünür ki, mismar üçün 54,5 manat ödənilmişdir.
13. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli siyahıdan görünür ki, inşaat materiallarına görə 2.200 manat ödəniş edilmişdir.
14. İddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli qaimə fakturadan isə görünür ki, inşaat materiallarına görə 4.500 manat ödəniş edilmişdir.
15. Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” protokolun surətindən görünür ki, hazırkı iş üzrə iddiaçı hadisə yerini təhqiqatçıya göstərərək, bildirmişdir ki, ona məxsus evin damını cavabdeh və cavabdehin qohumları tərəfindən sökülmüş, yararsız hala salınmış, buna görə də ona 7.000 manat məbləğində maddi zərər dəymişdir.
16. Suraxanı RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2023-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” qərarından görünür ki, hazırkı iş üzrə iddiaçı istintaq orqanına bildirmişdir o, cavabdeh ilə barışmışdır və buna görə də, ona qarşı şikayəti və tələbi yoxdur. Bunların nəzərə alınmasını və sonuncunun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir.
17. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, cavabdeh ilə Binə qəsəbəsində qonşudur. Cavabdehə məxsus Binə qəsəbəsində yerləşən torpaq sahəsində hörgü işləri aparıb, ev tikib və yalnız evin dam hissəsi qalmışdır. Dam işlərini də cavabdeh ona həvalə edəcəyini bildirmişdir. Səhər vaxtı işə gedən zaman cavabdehə məxsus evin yanından keçdiyi zaman evin dam hissəsində heç bir iş görülmədiyini, lakin saat 5-6 radələrində evə qayıdan vaxt evin dam örtüyü işlərinin vurulduğunu görmüşdür. Daha sonra cavabdehə zəng vuraraq bildirmişdir ki, evin dam işləri görülür və bu işi ona həvalə ediləcəyi vədini xatırlatmışdır. O isə bildirmişdir ki, orada dam işləri aparmır. Evin arxa hissəsinə keçdiyi zaman taxta hissələri və 7-10 ədəd dəmir list vurulmuşdur. Cavabdeh həmin yerə gələrək mübahisə baş vermişdir. Dam örtüyünə vurulacaq materiallar qonşu Asif adlı şəxsin həyətinə yığılmışdır. Çünki cavabdehin həyətində həmin materiallar mövcud olmamışdır. Daha sonra isə evin dam örütüyünə vurulan materiallar orada olan ustalar və cavabdehin yoldaşı tərəfindən sökülərək küçəyə yığılmışdır. Sökülən materiallar çıxarılan zaman artıq əzilmiş və qırılmışdır. Dam örtüyünə vurulan taxta materialların təxmini qiyməti olaraq 1.000-1.200 manat civarında olardı. Cavabdeh evin dam örtüyü işlərini ona həvalə edəcəyini bildirmiş və həmin iş görüldüyü təqdirdə onunla 500 manat zəhmət haqqına ilkin olaraq razılaşmışlar. Sökülən materiallar səhəri gün iddiaçı tərəfindən aparılmışdır.
18. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. İddiaçı evin dam örtüyünə aid olan materialları Dərnəgüldən almışdır. Onda olan məlumata əsasən qonşuluqda olan Asim adlı şəxs 6-7 nəfərdən ibarət ustalar gətirərək 2-3 gün ərzində evin dam işləri vurulmuşdur. Sonra kimsə cavabdehə evin dam işlərinin görülməsi barədə məlumat vermişdir. Cavabdeh həmin əraziyə gələrək özü və yanında gələn şəxslərin köməyi ilə dam örtüyü sökülərək bir hissəsini bir tərəfə digər hissəsini isə digər tərəfə yığılmışdır. Həmin söküntü işlərinin kim tərəfindən aparılmasını görməsə də, sonradan gəlib yerə yığıldığını görmüşdür. Evə vurulan damın cavabdeh tərəfindən sökülməsini görməsə də, ərazidə olan qonşular təsdiq edə bilərlər ki, bu hal onun tərəfindən həyata keçirilmişdir. Həmin əraziyə gəldikdən sonra materialların yerdə olmasını görmüşdür. Söküntüdən sonra cavabdeh ona nalayiq ifadələr işlədərək həmin işə qarışmamasını bildirmişdir. Ərazidə kommunal xidmət kimi qaz olmadığına görə yerdə olan taxta materialları səhərə kimi naməlum şəxs tərəfindən götürülüb aparılmışdır. Dəmir listlər isə qırılıb əzilmişdir. Özü hörgü ustasıdır. Yerdə olan materiallarla evin dam örtüyü tam olaraq əhatə edilmişdir. Evin dam örtüyünün vurulmasını görməmişdir. Sadəcə olaraq gəlib artıq yerdə olduğunu görmüşdür.
19. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 3310/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı “evin yerləşdiyi torpaq sahəsindən və evdən istifadəyə görə maneələrin aradan qaldırılması tələbi barədə” iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə mübahisəli torpaq sahəsinin iş üzrə tərəflərdən heç birinin mülkiyyətində olmadığı müəyyən edilmişdir.
20. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (maddə 14.1.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.).
21. İddiaçı istintaq materiallarında və iddia ərizəsində mübahisəli evin onun tərəfindən tikilməsini qeyd etsə də, işə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında mübahisəli evin cavabdeh tərəfindən inşa edildiyini bildirmiş (xx.xx.2025-ci il tarixli iclas protokolu), həmin evin damı üzərində işləri aparmağa hazırlaşarkən torpağa və evə dair hüquqlarının qeydə alınmadığı barədə xəbəri olduğunu qeyd etmişdir.
22. İddiaçı tərəfindən ona maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsi ilə iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələri arasında ziddiyyətlər mövcuddur. Dam örtüyünün bağlanması zamanı iddia edilən bütün tikinti materiallarından istifadə edilib-edilməməsi barədə zidiyyətli ifadələr damın sökülməsi nəticəsində vurulması ehtimal edilən ziyanın həcmini müəyyən etməyə imkan vermir. İddiaçı özü də tələbində göstərdiyi həcmdə (9.000 manat) ziyanın vurulması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir.
23. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilən qaimələr də sadəcə inşaat materiallarının adlarının və iddianın məbləğini əhatə etməyən rəqəmdən ibarət olmaqla iddianın əsaslarının sübut edilməsi üçün yetərli olmamışdır. Çünki həmin sənədlərdə göstərilən məbləğlərin məhz iddiaçı tərəfindən ödənilməsi qeyd edilməmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Məhkəmə hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi hissəsində iddianı sübuta yetməməsi əsası ilə rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
26. Məhkəmə, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarına görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri- əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri– maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
28. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
29. Mülki Məcəllənin 1097-ci maddəsinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
31. Mübahisəli evin dam örtüyünün iddiaçı tərəfindən inşa edilməsi və bunun nəticəsində damın cavabdeh tərəfindən sökülməsi, habelə bu zaman iddiaçının cavabdeh tərəfindən döyülməsi faktı tərəflər arasında mübahisə doğurmur. Cavabdeh tərəfindən bu hərəkətin qanunvericiliyin tələbləri gözlənilmədən özbaşınalıqla həyata keçirilməsi mülki hüquqi pozuntu (delikt) sayılır və delikt nəticəsində iddiaçının şəxsiyyətinə zərər vurulmasına səbəb ola biləcək emosional amillərin (narahatlıq, stress və sair) baş verməsi aşkardır. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir və əvəzi cavabdeh tərəfindən ödənilməlidir.
32. İddiaçı onun tərəfindən inşa edilmiş damın sökülməsi və onun iddiaçı tərəfindən döyülməsi ilə əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə cəmi 10.000 manat məbləğində pulun tutulmasını tələb etsə də, Məhkəmə, işin hallarını, cavabdeh tərəfindən iddiaçıya xəsarət yetirilməsi nəticəsində cavabdehə mənəvi zərərin dəyməsini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pulun tutulması ədalətlidir. Rayon Məhkəməsi iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi tam həcmdə təmin etməməkdə haqlı olmamışdır.
33. Odur ki, bunları nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri qismən əsaslıdır. g) apellyasiya baxışının nəticəsi
34. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın “cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi haqqında” hissəsini təmin etməməklə iş üzrə qanuni əsaslı və işin hallarına uyğun nəticəyə gəlsə də, iddianın “cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi haqqında” hissəsini tam həcmdə təmin etməməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
35. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında baxışın predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
36. Məhkəmə həmçinin bildirir ki, cavabdehə qarşı təmin edilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.
37. İddia tələbi qalan hissədə qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
38. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyul 2025-ci il tarixli qətnamə qismən, yəni iddianın “cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi haqqında” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Samile Mamedovaya qarşı irəli sürdüyü “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələbi qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul cavabdeh Samile Mamedovadan tutularaq İddiaçı xeyrinə tutulsun. Bu tələbin qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 01 iyul 2025-ci il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Samile Mamedova hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.