Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4786/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin ötürülməsinin üzrsüz hesab olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqaviləyə dəyişiklik edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qərardadından “Orbita" MTK-nın nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, xx.xx.2022ci il tarixli müqavilə üzrə yaranmış 4000 manat borcun MTK-dan alınıb ona ödənilməsi, müqavilənin 2.1-ci bəndinə göstərilən əmlak ona təhvil verilənə qədər hər ay kirayə haqqı qismində 400 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2021-ci il tarixli 3M-660 nömrəli müqaviləyə əsasən 27 iyul 2021-ci il tarixdən 27 may 2022-ci il tarixədək 4000 (dörd min) manat məbləğində pul vəsaitinin İddiaçı Mənzil Tikinti Kooperativindən tutularaq Cavabdeh ödənilməsi, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 27 iyul 2021-ci il tarixli 3M-660 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532-ci məhəllədə inşa edilən 4 saylı binanın 1-ci mərtəbəsindəki, ümumi sahəsi 85.68 kv.m olan qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə Cavabdeh mülkiyyətinə verilənə qədər hər ay kirayə haqqı qismində 400 (dörd yüz) manat məbləğində pulun İddiaçı MTK-dan tutularaq Cavabdeh ödənilməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət olunmuşdur.
4. Qətnamədən İddiaçı nümayəndəsi qismində X1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş, bundan sonra məhkəmənin 27 sentyabr 2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Həmin qərardaddan İddiaçı nümayəndəsinin verdiyi şikayət məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, buna əsas kimi şikayətin elektron kabinet vasitəsilə verilmədiyi göstərilmişdir.
6. 18 noyabr 2022-ci il tarixdə İddiaçı nümayəndəsi xx.xx.2022-ci il tarixli qərardaddan növbəti dəfə şikayət vermiş, eyni zamanda şikayət üzrə buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
7. Məhkəmənin 21 noyabr 2022-ci il tarixli qərardadı ilə həmin şikayət də elektron qaydada verilmədiyi əsas göstərilməklə geri qaytarılmışdır.
8. 13.12.2022-ci il tarixdə İddiaçı Mənzil Tikinti Kooperativinin sədri xx.xx.2022ci il tarixli qərardaddan növbəti dəfə şikayət və eyni zamanda şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin 23 dekabr 2022-ci tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin olunmamışdır.
9. İddiaçı Mənzil Tikinti Kooperativinin sədrinin həmin qərardaddan xx.xx.2023cü il tarixdə verdiyi şikayət elektron kabinet vasitəsilə verilmədiyindən məhkəmənin 15 yanvar 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.
10. 17 yanvar 2023-cü il tarixdə İddiaçı Mənzil Tikinti Kooperativinin sədri xx.xx.2022-ci il tarixli qərardaddan yenidən şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunması, 23 dekabr 2022-ci il tarixli qərardadın ləğv edilməsi, 27 sentyabr 2022-ci tarixli qərardaddan İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması qərara alınmışdır.
11. 13 fevral 2023-cü il tarixdə məhkəməyə İddiaçı Mənzil Tikinti Kooperativinin qətnamədən verdiyi apellyasiya şikayəti və şikayət vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsi daxil olmuşdur.
12. Məhkəmənin 21 fevral 2023-cü il tarixli qərardadı ilə 27 sentyabr 2022-ci tarixli qərardaddan şikayət verilməsi müddətinin buraxılmasına dair İddiaçı MTK-nin ərizəsinin təmin edilməsi, buraxılmış müddətin bərpa olunması, 27 sentyabr 2022-ci tarixli qərardaddan verilən şikayətin təmin edilməsi, həmin qərardadın ləğv edilməsi və 13 iyun 2022-ci il tarixli qətnamədən İddiaçı MTK-nin verdiyi apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş, apellyatorun müddətin bərpası barədə ərizəsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmənin 02 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsinin xx.xx.2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.
15. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, “...xx.xx.2022-ci il tarixli qətnamənin surəti İddiaçı ünvanına göndərilmiş, İddiaçı nümayəndəsi xx.xx.2022-ci il tarixdə qətnaməni xəbərnaməni imzalamaqla qəbul etmişdir. Bu barədə iş materiallarına poçt göndərişinin verilməsi haqqında xəbərnamə əlavə olunmuşdur. Lakin İddiaçı nümayəndələri tərəfindən dəfələrlə qanunun tələblərinə uyğun olmayan formada apellyasiya şikayətləri verilmiş və məhkəmənin müxtəlif tarixli qərardadları ilə qanunun tələbi izah olunaraq apellyasiya şikayətləri geri qaytarılmışdır. Buna baxmayaraq İddiaçı nümayəndələri təkrarən düzgün olmayan şikayətlər vermişlər. Məhkəmə hesab edir ki, bu, prosessual səhlənkarlıqdır və birbaşa qətnamənin icrasına maneçilik törətmək məqsədilə atılan addımlardır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı nümayəndəsinə Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət vermək hüququ izah olunsa da şikayət verməmişdir”.
16. Həmin qərardaddan İddiaçı MTK-nın nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, MTK ilk dəfə şikayəti vaxtında vermiş, lakin şikayət geri qaytarıldığından müddət ötürülmüş, məhkəmə isə bu halı nəzərə almadan əsassız olaraq buraxılmış müddəti bərpa etməmişdir.
Apellyasiya baxışı
18. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
20. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 135.6. "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
26. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya baxışının həddi
27. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
28. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə İddiaçı MTK-na çatdırılmış, xx.xx.2022-ci il tarixdə MTK-nın apellyasiya şikayəti elektron sistemə yüklənmişdir.
29. Yuxarıda qeyd olunduğu kimi, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunaraq geri qaytarılmış, qeyri-mümkünlük üçün əsas göstərilən hal mübahisəsiz olduğu halda MTK müvafiq çatışmazlığı aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək əvəzinə, birinci instansiya məhkəməsinin müvafiq qərardadını mübahisələndirmiş, nəticədə qətnamədən şikayət üçün müəyyənləşdirilən müddətin ötürülmə dövrünün daha da uzanmasına yol açmışdır.
30. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
31. Peşəkar hüquqşünaslarla təmsil edilmə imkanı olan bir hüquqi şəxsin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar, o cümlədən şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.
32. Həmçinin qeyd olunmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının çıxarılmasından uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
33. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1142/2022 saylı iş üzrə 02 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə