Məhkəmə qərarları › İş №2(103)-4788/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4788/2022

19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4788/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Şirkəti cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4788/2022 (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Bakı şəhəri 19 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)- 188/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Şirkəti tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli 099 saylı arayışa əsasən həkim Cavabdeh şirkətin “MedicalPlaza” klinikasında əmək müqaviləsi ilə işləməmişdir.

2. "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, KEŞ-1041 saylı rəyindən görünür ki, İddiaçı ATUnun X1 kafedrasının dosenti Elman Tağıyevin müayinəsinədən keçmişdir. Xəstə İddiaçı 21 iyul 2015-ci il tarixində «Modern Hospital» klinikasına sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə müraciət etmişdir. Həmin vaxtı xəstədə hərtərəfli müayinə aparılaraq «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı həyata keçirilib. Əməliyyatdan sonra xəstə müsbət dinamika ilə öz rayonuna cərrahın nəzarətinə ambulator müalicəyə göndərilib. 1981-ci il təvəllüdlü X7 adına tərtib olunmuş tibbi sənədlərdə yazılanlara, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Medical Plaza» klinikasında həkim-cərrah Cavabdeh tərəfindən X7 qasıq nahiyəsində sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı aparılmışdır. 2. X7 qasıq nahiyəsində sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə aparılmış «Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı ilə bağlı heç bir fəsad, qüsur və həkim səhvi (residiv yırtıq, implantın - torun tutarsızlığı, əməliyyat yarasının infeksiyalaşması) aşkar edilməmişdir. 3.Təqdim olunmuş sənədlərə əsasən xəstədə əməliyyatdan əvvəl cərrahi əməliyyata heç bir əks göstəriş aşkarlanmayıb. Əlavə olaraq onu da qeyd edirik ki, bu gün xəstəni narahat edən sağ aşağı ətrafın səthi venalarının varikoz genişlənməsi və sağ budda olan ağrılar cərrahi əməliyyatın ağırlaşması kimi yox, yanaşı (yəni cərrahi əməliyyatla əlaqəsiz) xəstəliklərdir və bunun müalicəsi də müvafiq ixtisas həkimləri tərəfindən müayinə və müalicə oluna bilər. Rəyin nəticə hissəsinda qeyd olunmuşdur ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

3. 1. “Medical Plaza” klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Sağ tərəfli çəp qasıq yırtığı” aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “Sağtərəfli hemiotomiya. Lixtenşteyn metodu ilə allohemioplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. 2.4. İddiaçı mütəxəssis müayinələri zamanı onda qasıq nahiyəsində sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə aparılmış “Hemiotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika” cərrahiyyə əməliyyatı ilə bağlı hər hansı bir fəsad (residiv yırtıq, implantın - torun tutarsızlığı, əməliyyat yarasının infeksiyalaşması) müəyyən edilməmişdir. 3. İddiaçı üzərində icra edilmiş “Sağtərəfli hemiotomiya. Lixtenşteyn metodu ilə allohemioplastika” cərrahiyyə əməliyyatının aparılmasına əks göstəriş olmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli, 2(103)-4788/2022 saylı qərardadı ilə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” həvalə edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X9 04 noyabr 2022-ci il tarixli, 4310 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. İddiaçı üzərində "xxxx" MMC-yə məxsus “X13” klinikasında sağ tərəfli düzəlməyən çəp qasıq yırtığına görə həkim Cavabdeh tərəfindən «Herniotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatı icra edilmişdir. 2. İddiaçı üzərində aparılmış «Herniotomiya, Lixtenşteyn metodu ilə allohemioplastika» əməliyyatından sonra əməliyyatla bağlı heç bir ağırlaşma, qüsur, fəsad (residiv yırtıq, süni torun tutarsızlığı, əməliyyat yarasının irinləməsi, toxum çiyəsi və xayada zədələnmə) aşkarlanmamışdır. 3.4. Xəstə İddiaçı üzərində aparılmış hemioplastika əməliyyatına heç bir nisbi və mütləq əks göstəriş olmamışdır. Əməliyyat zamanı və əməliyyatdan sonra icra olunan əməliyyatla əlaqədar müalicə tələb edən heç bir fəsad və qüsur aşkarlanmamışdır. 5. Xəstə İddiaçı üzərində təkrar «MedEra» özəl tibb müəssisəsində aparılmış EMG müayinəsinin nəticəsinə əsasən vətəndaşa sağ aşağı ətrafın femoralis cutaneus sinirin nevralgiyası aşkarlanmışdır. Bu da aparılmış cərrahi əməliyyatın ağırlaşması kimi yox, cərrahi əməliyyatla əlaqədar olmayan yanaşı patologiyadır. 6. Xəstədə «Diamed» özəl tibb müəssisəsində hər iki aşağı ətraf venalarının müqayisəli, ayaq üstə, oturaq və uzanıqlı vəziyyətdə təkrar rəngli dopler müayinəsi aparılmışdır. Hər iki aşağı ətraf venaların minimal genişlənmə əlamətləri, baldır nahiyəsində perforant venalarda və dərialtı kommunikantlar da dilatasiya və zəif çatışmazlıq əlamətləri müəyyən edildi. Damarlarda gedən dəyişiklik xroniki prosesin nəticəsidir. 7. Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müayinə və əməliyyat xərcinin əvəzi olaraq 22 000 ABŞ dollar pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq 200 000 ABŞ dolları pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 2015-ci ildə bədənində ağrılar hiss etməyə başlamışdır. Həmin dövrdə o, "Bakcell" şirkətində çalışırdı və bütün əməkdaşlar kimi "xxxx" ASC-də tibbi sığortalanmışdı. Ağrıların səbəbini öyrənmək üçün "Modern" klinikada uroloq müayinəsində olmuşdur. Müayinədən sonra ona qasıq yırtığı diaqnozu qoyulmuş və əməliyyat olunması məsləhət görülmüşdür. Bundan sonra o öncədən tanıdığı " Medical Plaza"-nın həkimi Cavabdeh müraciət etmişdir. 21 iyul 2015-ci il tarixdə "Medical Plaza"da adıçəkilən həkim tərəfindən əməliyyat olunmuşdur. Ona öncədən həkim tərəfindən əməliyyatın yerli keyitmə ilə olacağı və yırtığın kiçik olduğu üçün tikiləcəyi bildirilmişdir. Lakin əməliyyat başlayan zaman heç bir səbəb bildirilmədən ona onurğa sütunundan keyitmə aparılmış və əlavə dərmanlarla yatızdırılmışdır. Yalnız əməliyyat bitdikdən sonra ona məlum olmuşdur ki, yırtıq tikilməmiş və ora tibbi tor qoyulmuşdur. Əməliyyatdan dərhal sonra, yəni ağrıkəsicilərin təsiri keçdikdə onda sağ ayağında güclü ağrılar başlamışdır. Həkim Cavabdehlə əlaqə saxladıqda ona bildirmişdir ki, bu müvəqqəti vəziyyətdir və qısa müddətə ağrılar keçəcək. Lakin həkimin dediklərinin əksi olaraq, ağrılar getgedə daha da şiddətlənmişdir. Dəfələrlə klinikaya müraciət etsə də, hər dəfə eyni sözləri eşitmişdir. Son dəfə 2018-ci ildə müraciət etdikdə, Cavabdeh ağrıların səbəbinin əməliyyat zamanı anestezioloqun səhvi ucbatından onurğanın zədələndiyini bildirmişdir. Bundan sonra o, anestezioloqla və baş həkimlə görüşmüşdür. Lakin həmin görüşə Cavabdeh də dəvət olunsa da gəlməmişdir və sonra ona bildirilmişdir ki, anestezioloq barədə dediyi sözləri onun üzünə baş həkimin yanında deyə bilməmişdir. Bundan sonra o, "Gömrük Hospital"ına müraciət etmişdir. Orada müayinə zamanı müəyyən edilmişdir ki, əməliyyat zamanı siniri zədələnmişdir. Həmçinin təkrar olaraq " Api Med" klinikasında da müayinə edilmiş və bildirilmişdir ki, tibbi tor venanın üzərinə qoyulmuş və onu sıxır. Bunun nəticəsində onda sağ ayağında varikoz başlamışdır. Beləliklə qeyd edilənlərdən məlum olur ki, o, artıq 5 ildir ki, "Medical Plaza" klinikasının həkimləri ucbatından güclü ağrılarla yaşayır. Həyatı tam alt-üst olmuşdur. Bu ağrılara görə demək olar ki, heç bir iş görə bilmir. Hazırda təkrar əməliyyat olunmalıdır. Lakin yuxarıda qeyd edilən səbəbə görə işləmək qabillyəti demək olar ki, itmişdir və maddi durumu ağırdır. Təkrar Türkiyə Respublikasında "Acı Badəm" klinikasında müayinə üçün 2000 ABŞ dolları, əməliyyat üçün isə 20000 ABŞ dolları tələb edilir. Habelə o, 5 il ərzində güclü ağrılarla yaşamaq məcburiyyətində olmuşdur. Bu isə ona böyük mənəvi ziyan vurmuşdur. Cavabdeh ona bu mənəvi ziyanı da pul ekvivalenti ilə ödəməlidir.

8. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. Məhkəmə iclasında cavabdeh və üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatlarında bildirmişlər ki, iddia əsasızdır. Bütün əməliyyat və müalicələr düzgün aparılmışdır. "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və Tədris Birliyinin rəyindən də göründüyü kimi iddiaçıya düzgün diaqnoz qoyulmuş və xəstə ilə bağlı görülmüş heç bir tədbirdə yanlışlığa yol verilməmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)- 188/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Şirkəti cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair İddiasının rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur.

11. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı üzərində aparılmış əməliyyatda hər hansı qüsur olmamış və bu, "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi Təcrübi və Tədris Birliyinin müfaviq rəyi ilə təsdiqlənmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən onda olan ağrıların cavabdeh tərəfindən aparılmış əməliyyatla bağlılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)-188/2022 nömrəli qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə mübahisəsi zamanı vəkili tərəfindən verilən vəsatətdə ekspert qarşısına qoyullan suallar açıq, aydın əsaslı qeyd olunsa da, ekspert rəyi iddiaçının onun qarşısında qoyduğu suallar məsələn 5- ci sual (X2 əməliyyat nəticəsində sağlamlığına dəyən zərər nədir və onun müalicəsi nədən ibarətdir, müstəqil aparılmış müayinələrin nəticələri: 1.sağ ayaqda X8 sinirinin aksonal zədələnməsi – meralgiya Parestetika, 2. Sağ qasıq nahiyəsində X10 kompresiyanın olması (düzgün qoyulmayan torun təsirindən) nəticəsində Sağ VSM-in 3-cü dərəcə genişlənməsi kimi) ümumiyyətlə cavablandırılmamış, həmçinin hər iki ayaqda müqayisəli şəkildə sinirlərin yoxlanılması (EMG) aparılmamış, hər iki ayaqda venaların müqayisəli şəkildə yoxlanılması təmin edilməmişdir. Bundan başqa damarların müqayisəli şəkildə oturaq və uzanıqlı vəziyyətdə doppler yoxlanılması da aparılmamışdır. Ona görə də hesab edir ki, Ekspert rəyində qeyd olunanlar söz yığınağından başqa bir şey deyil. İşin faktiki hallarını dəyişə bilən onun sağlamlığına vurulan zərər ekspertlər tərəfindən düzgün aparılmamış, EMG və doppler nəticələri rəyə əlavə edilməmişdir. Ona görə çıxarılan qətnaməni əsasısız hesab edir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

16. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Əlavə olaraq vəsatətlər təqdim edərək ekspertlərin məhkəmə iclasında dindirilməsinin təmin olunmasını xahiş etmişdir.Lakin vəsatətlərdən biri –düzgün qoyulmayan süni torun yenidən əməliyyat olunub çıxarılmadığı halda hansı fəsadlara səbəb ola bilməsi sualının cavablandırılması hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmədiyindən vəsatət əsaslı sayılmamışdır.Belə ki, süni torun çıxarılması ilə bağlı iddiaçı yenidən əməliyyat olunmuşdur.

19. Sinir zədələnməsi ilə bağlı ekspertlərin məhkəmə iclasında dindirilməsi ilə bağlı vəsatət isə həmin sual üzrə Rəydə qeyri-müəyyənliklər olmadığından təmin olunmamışdır.

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

21. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Belə ki, həm birinci instansiya məhkəməsində təyin edilmiş Məhkəmə Tibbi Ekspertiza ilə bağlı Rəylə, həm də apellyasiya instansiya məhkəməsində təyin edilmiş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X9 04 noyabr 2022-ci il tarixli, 4310 saylı ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçı üzərində aparılmış əməliyyatda hər hansı qüsur olmamış və bu, "Məhkəmə-Tibbi Ekspertiza və X3” müfaviq rəyi ilə təsdiqlənmişdir.

37. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən onda olan ağrıların cavabdeh tərəfindən aparılmış əməliyyatla bağlılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia rədd edilməlidir.

38. Bundan başqa iddiaçı apellyasiya şikayəti verərkən və həmçinin apellyasiya baxışı zamanı ekspertiza təyin edilən zaman təqdim etmədiyi subutlara, xüsusilə də “UNİKAL KLİNİKA”nın xx.xx.2022-ci il tarixli “Sağ aşağı ətraf venaları dopler müayinəsi Protokolu”na istinad edərək tələbini sübut etməyə çalışmışdır.

39. Bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçı belə sübutun birinci instansiya məhkəməsinə, daha sonra apellyasiya baxışı zamanı ekspertiza təyin edilən zaman təqdim edilməsinin mümkün olmamasını əsaslandırmadığından Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinə əsasən (Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.) belə sübutun araşdırılmasından imtina edilməlidir.

40. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Şirkəti cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

41. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)- 188/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar