Məhkəmə qərarları › İş №2(103)-4789/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4789/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4789/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun vəkili X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 700 manat və mənəvi ziyana görə dəymiş 200 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-390/22) iddia qismən təmin edilərək vurulmuş maddi zərərin əvəzi kimi 700 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 15, mənzil 45-in sahibidir. 23 oktyabr 2021-ci il tarixdə yuxarı mərtəbədə yerləşən 48 saylı mənzildən suyun axıdılması nəticəsində mənzilini su basmışdır. Mənzilinin tavanı və divarları yararsız vəziyyətə düşmüşdür, divarlar təzədən suvanıb və boyanmışdır. Baş verənlərin səbəbi mənzildə kirayəçi saxladığı şəxslərin bilərəkdən suyun axıtması olmuşdur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni təmirə xərclənən vəsaiti 700 manat məbləğində qiymətləndirir. Həmçinin 3 il ərzində dəfələrlə suyun axıdılması nəticəsində ona 200 manat məbləğində mənəvi ziyan dəymişdir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, işə onun iştirakı olmadan baxılıb, bütün günü işdə olur, mənzilinə gec saatlarda qayıdır. Mənzildə də ondan başqa heç kim yaşamır. Binada su axıntısı ilə bağlı yaranmış problem bir müddət əvvəl yaranmış, səbəb binada ümumi xətlərdə olan problemlə bağlı olmuşdur. İddiaçının mənzilinə qəsdən su axıtmayıb. Ümumi xətlərdə olan problem səbəbindən bütün mərtəbələrdə su sızma faktları olmuşdur. Onun mənzilinə də yuxarı mərtəbədən su sızaraq mənzilini korlayıb. İddiaçı bu faktları məhkəmədən gizlədib. Yığışaraq ümumi xətlərdə bərpa işləri aparıblar. Bu məsələdə özü ziyana düşüb. Xətlər dəyişilərək təmir edilərkən özündən pul xərcləyib. Mənzilinə hər hansı ziyan dəyibsə bunun səbəbkarı o deyil. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasından da məlumatı olmayıb. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı iddianın təmin olunmayan hissəsini apellyasiya qaydasında mübahisələndirməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində iddianın təmin olunan hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin faktiki hallarından görünür ki, tərəflər Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, 15 saylı evdə yaşamaqla qonşudurlar. İddiaçı binanın 2-ci mərtəbəsində yerləşən 45 saylı mənzildə, cavabdeh isə 3-cü mərtəbədə 48 saylı mənzildə yaşayır. İddiaçı yaşadığı mənzilə cavabdehin yaşadığı 48 saylı mənzildən su sızması nəticəsində mənzilinə ziyan dəydiyini bildirərək hazırkı iddiaçı qaldırmışdır. İddiaçının tələbi vurulmuş ziyana görə cavabdehdən 700 manat maddi və 200 manat mənəvi zərərin tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci və s. maddələri ilə əsaslandıraraq və ekspert rəyini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus mənzildən susızma baş verdiyindən, maddi zərər hissəsində tələb həcmində təmin edilməli, mənəvi zərər hissəsində isə iddia sübuta yetirilmədiyindən rədd olunmalıdır. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, şikayətin dəlillərindən də görünür ki, cavabdeh iddiaçının mənzilinə ona məxsus mənzildən su sızmasını mübahisələndirmir. Cavabdehin yeganə dəlili ondan ibarətdit ki, hadisə ümumi xətlərdə yaranmış problemlə əlaqədar baş verib, hadisənin baş verməsində onun təqsiri yoxdur. Nəzərə alınmalıdır ki, ddiaçıya məxsus mənzilə suyun cavabdehə məxsus mənzildən sızması ekspert rəyi ilə təsdiqlənmişdir. Suyun sızma səbəbini məhz cavabdehin mənzilinin qapısı bağlı olduğundan müəyyən etmək mümkün olmamışdır Halbuki ekspert rəyi ilə iddiaçının mənzilinə suyun məhz cavabdehə məxsus mənzildən axdığı müəyyən edildiyi üçün bu halın ondan asılı olmayan səbəblərdən yarandığını sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İş üzrə ilkin ekspert rəyi kifayət qədər əsaslandırılmış, iddiaçıya məxsus mənzilin fotoşəkilləri rəyə əlavə edilmişdir. Rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən iş üzrə yeni (təkrar və ya əlavə) ekspertizanın təyin olunmasına zərurət görməmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclası barədə bildirişləri, həmçinin ekspertiza təyin olunması barədə qərardadı cavabdehin yaşadığı ünvana göndərmiş, bunu təsdiq edən sənədlər işə əlavə edilmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh iş üzrə təyin edilmiş ekspertiza barədə məlumatlı olmuş və mənzilə baxış keçirilməsinə şərait yaratmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qətnamənin yalnız iddianın təmin olunan hissəsində mübahisələndirildiyini, bu hissənin cəmi 700 manat təşkil etdiyini, eləcə də iddianın təmin olunmayan hissəsinin iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən MPMnin 402-ci maddəsinin tələbinə müvafiq olaraq kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 28 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar