Məhkəmə qərarları › İş №2(103)-479/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-479/2024

03.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-479/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmlak tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçrilməsinə maneələr aradan qaldırılması və pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-52/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Əzizbəyov rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 c saylı bağ evi xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmış və bu barədə MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.

2. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 210 nömrəli sərəncamı ilə Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində iddiaçıya məxsus 183 c və 183 ç saylı bağ sahələrində olan mövcud tikililərdən təyinatı dəyişdirilərək, ticarət-iaşə xidməti və istehsalat obyekt kimi istifadə edilməsinə icazə verilmişdir.

3. İddiaçı Bakı şəhəri 33 saylı notariat kontorunda verdiyi xx.xx.2011-ci il tarixli etibarnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 c və 183 ç saylı bağ sahələrində yerləşən əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq və s. hərəkətlər etməyi 10 il müddətinə Cavabdeh (bundan sonra – cavabdeh) etibar etmişdir.

4. Cavabdehlə iddiaçının əri X2 arasında əlyazma şəklində tərtiblənmiş xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən, “Fantan” adlı restoran bütün əmlakı ilə birlikdə "xxxx" ASC-yə olan 175.000 manat borc cavabdeh tərəfindən ödənilmək şərti ilə ona əvəzsiz verilir. Cavabdehə bütün səlahiyyətlər verilən tarixdən sonra bir ay müddətində satılma ixtiyarı iddiaçının ərində saxlanılır. Həmin şəxslər arasında tərtiblənmiş xx.xx.2011ci il tarixli təhvil-təslim aktına əsasən 663 adda əşya cavabdehə təhvil verilmişdir.

5. Cavabdeh Bakı şəhəri 33 saylı notariat kontoruna verdiyi xx.xx.2013-cü il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli, 75/01-119 reyestrli etibarnaməyə əsasən ünvan 1 ünvanda yerləşən obyekti baş etibarnamə ilə iddiaçının ərindən borc əvəzinə qəbul etmişdir. Həmin obyektlərə olan "xxxx" ASC-yə 20 nömrəli kredit müqaviləsinə əsasən X1 borcunu və 22 nömrəli kredit müqaviləsinə əsasən iddiaçının borcunu və faizlərini ödəməyi öz öhdəsinə götürür.

6. İddiaçı Bakı şəhəri 3 saylı notariat kontorunda verdiyi xx.xx.2015-ci il tarixli etibarnamə ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 c və 183 ç saylı bağ sahələrində yerləşən əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq və s. hərəkətlər etməyi xx.xx.2018-ci il tarixinədək Cavabdeh etibar etmişdir.

7. Cavabdeh tərəfindən təqdim edilmiş Seriya RX, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində 0.03416 ha istifadədə olan torpaq sahəsində 183 ç nömrəli bağ evi xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən ona məxsus əşyaların (avadanlıqların) dəyəri kimi 472.460,74 manat, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684.000 manat tutularaq ona ödənilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 c nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əşyaların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha torpaq sahəsində yerləşən 183 c nömrəli bağ evinin ümumi sahəsi 222,90 m2, həmin ərazidə (sahədə) yerləşən çıxarışa daxil edilməyən, lakin sərəncamla onun istifadəsinə verilmiş tikililərin ümumi sahəsi isə 866,80 m2-dən ibarətdir. Eyni zamanda, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,12809 ha torpaq sahəsində yerləşən 183 ç nömrəli bağ evinin ərazisində (sahədə) yerləşən çıxarışa daxil edilməyən, lakin sərəncamla iddiaçının istifadəsinə verilmiş tikililərin ümumi sahəsi 727,80 m2-dən ibarətdir. Bu tikililər ümumilikdə istirahət mərkəzi olmaqla böyük əmlak kompleksi kimi fəaliyyət göstərmişdir. Həmin əmlak kompleksinin içərisində siyahısı iddia ərizəsinə əlavə edilmiş əşyalar-avadanlıqlar olmuşdur. İstirahət mərkəzinin toplam icarə haqqı bazar qiymətlərinə əsasən aylıq 19.000 manat təşkil etmişdir. Hazırda cavabdeh ona məxsus istirahət mərkəzindən və orada olan əşyalar və avadanlıqlardan əsassız və qanunsuz olaraq faydalanır (istifadə edir) ki, bununla da ona külli miqdarda maddi zərər yetirilir və mülkiyyət hüquqları pozulur.

10. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli, 9/2210 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş “X3” MMC-nin məlumatlarına əsasən qeyd edilən malların 2011-ci ildən 2018-ci ilədək işlənmə və istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti 195.099 (216777- 10%) manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: Həmin malların qiymətlərində 2011-ci ildən-2018-ci ilə dək kəskin artım müşahidə edildi. Eləcə də, “X3” MMC-nin məlumatına əsasən qeyd olunur ki, 2011-ci ildə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi 0.78 manat olduğunu nəzərə alaraq, 2011-ci ildə Fontan Ticarət mərkəzinin avadanlıqlarının ümumi dəyəri ABŞ dolları ilə 277918,08 (216777,10 : 0.78), hazırkı məzənnəsi isə 1.70 manat olduğunu nəzərə alaraq, 2021-ci ildə Fontan Ticarət mərkəzinin avadanlıqlarının ümumi dəyəri manat ilə 472460,74 (277918,08 x 1.70) təşkil edir.

11. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2022nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Tağıyev) iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində iddiaçıya məxsus 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m2 yaşayış, 160,9 m2 köməkçi sahədən ibarət 183 c nömrəli bağ evi və Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində yerləşən 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililər iddiaçıya məxsusdur və iddiaçı qanuni əsaslarla sahibi olduğu əmlak üzərində mülkiyyət, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının bərpasını tələb edir. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan iddiaçının mülkiyyət hüquqları bərpa edilməli və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır.

13. Məhkəmə iddianın təmin olunmayan hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi son 3 il üçün cavabdeh tərəfindən 684.000 manat ödənilməli olduğunu iddia etsə də, həmin əmlak kompleksinin icarəyə verilməsinə dair, həmçinin cavabdehin qanunsuz istifadəsində olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli etibarnamə ilə iddiaçı 10 il müddətinə cavabdehə mülkiyyətində və qanuni sahibliyində olan əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. hərəkətləri etrməyi etibar etmişdir. Verilmiş etibarnamənin müddəti xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olmuşdur. Göründüyü kimi, mübahisə predmetinə aid olan müddət ərzində, həmçinin son 3 il ərzində iddiaçı mülkiyyətində olan əmlak kompleksini əvəzsiz olaraq etibarnamə əsasında cavabdehin idarəçiliyinə vermişdir və tərəflər arasında bunun qarşılığında hər hansı əvəzli öhdəçilik nəzərdə tutulmamışdır.

14. Eyni zamanda, mübahisəli əmlak kompleksi cavabdehin əvəzsiz olaraq etibarnamə əsasında idarəçiliyinə verilmişdir. Həmin əmlakın istifadəsi nəticəsində avadanlıqların qaytarılması və ya dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri mövcud deyildir. Ona görə də, iddia tələbi iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların (avadanlıqların) dəyəri kimi 472.460,74 manatın cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir.

15. Cavabdehlə iddiaçının əri arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə münasibətdə isə məhkəmə vurğulamışdır ki, hazırda mübahisə pretmetinə aid olan əmlak kompleksi mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olduğundan onun əri tərəfindən belə bir müqavilə əsasında razılaşma qanunsuz və əsassızdır.

16. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (6.2, 14.2.1, 152.1, 385.1, 386.1, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun istinad etdiyi 10 il müddətinə verilmiş xx.xx.2011-ci il tarixli etibarnamə xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Məhkəmə etibarnamənin qüvvədə olma müddətini yoxlamadan, tamamilə yanlış olaraq qətnaməsində həmin etibarnamənin xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olmasını qeyd etmişdir. Halbuki, etibarnamə xx.xx.2013-cü il tarixdə ləğv edilmiş və həmin tarixdən qüvvədə olmamışdır. Yalnız bu hal məhkəmənin işə səthi yanaşmasını, tam araşdırma aparmadığını aşkar təsdiq edir. Cavabdehin iddiaçını ona məxsus əmlakdan məhrum etməsi nəticəsində, sonuncunun mülkiyyətindən istifadə edə bilməməsi, ondan faydalana bilməməsi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum etmişdir. Başqa sözlə, həmin müddət ərzində əmlakını icarəyə versəydi, müəyyən gəlirlər əldə edə bilərdi. Lakin bu imkandan məhrum olduğu üçün icarə haqlarının son üç il üçün bazar qiyməti ilə hesablanaraq cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Ona məxsus əşyaların (avadanlıqların) dəyəri kimi cavabdehdən 472.460,74 manat tutulması hissəsində isə birinci instansiya məhkəməsi sübutlara ümumiyyətlə qiymət verməmiş, onun mülkiyyət hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

19. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, iddiaçı ona 10 il müddətinə qeyd olunan mübahisəli daşınmaz əmlak və istifadə olunan avadanlıqlara dair bütün hüquqlarının və səlahiyyətlərinin verilməsi haqqında notarial qaydada etibarnamə vermiş, sonra isə gizli olaraq ona məlumat verilmədən ləğv etdirmişdir. Etibarnaməni ləğv etdirdikdən sonra isə obyektin və avadanlıqların icarəyə verilməsi adı ilə ondan məhkəmə qaydasında 3 illik icarə haqqı tələb etmişdir. "xxxx" ASC-də onunla müqavilə bağlanmış, Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, ev 183 ç nömrəli bağ və orada olan digər tikililər iddiaçı və ərinin notarius tərəfindən təsdiq edilmiş razılıq ərizələri, eləcə də bank tərəfindən verilmiş razılıq məktubuna əsasən onun adına keçirilərək, çıxarış alınmışdır. Həmin sənədlər bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun arxivində saxlanılır. Birinci instansiya məhkəməsinə həmin sənədlərin əldə edilməsi üçün təmin edilməyən vəsatətini məhz buna görə vermişdir. Qeyd edilən daşınmaz əmlak tərəfindən alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Bu barədə başqa bir məhkəmə prosesi olmuş və iddiaçı tərəf istəyinə nail ola bilməmişdir. Cavabdehin etibarnamə ilə verilmiş istirahət kompleksini, orada olan avadanlıqları və qeyri tikililəri icarəyə vermək və ya satmaq imkanı olub. Lakin tərəfindən belə hallara yol verilməmişdir. İddia tələbində göstərilən daşınmaz əmlak və avadanlıqlar əvəzsiz olaraq borc əvəzinə ona verilmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanovdan ibarət tərkibdə) apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan hər iki bağ sahəsində yerləşən əmlak kompleksi, həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalar 2011 və 2015-ci il tarixlərdə verdiyi etibarnamələrlə cavabdehin istifadəsinə verilmiş və etibarnamələrdə həmin əmlakdan istifadə ilə bağlı hər hansı bir əvəzli öhdəliklər nəzərdə tutulmamışdır. Bununla yanaşı, iddiaçı hazırkı iddianı qaldırdığı vaxta kimi bunu mübahisələndirməmişdir.

23. Belə olan halda, apellyatorun əmlak kompleksindən istifadənin qanunsuz olması və bununla əlaqədar cavabdehdən icra haqqı kimi pul tələbi, həmçinin cavabdehə təhvil-təslim aktı əsasında verilmiş daşınar əşyaların qaytarılması, olmadıqda isə onların dəyərinin ödənilməsinin tələb edilməsi üçün başqa əsaslar mövcud olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd etməklə əsaslı nəticəyə gəlmiş və bu nəticəyə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində və istifadəsində olan 0,12809 ha torpaq sahəsində yerləşən 183 ç saylı bağ sahəsinin 0,0346 ha hissəsində yerləşən ümumi sahənin 284,7 m2 hissəsini cavabdehə satsa da, həmin bağ sahəsində olan digər tikililər və torpaq sahəsinin digər hissəsi iddiaçının sahibliyində qalmışdır. Hazırda iddiaçının iddia tələbi mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, həmçinin ona məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 kv.m yaşayış, 160,9 kv.m köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evindən və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qala qəsəbəsi Xaşa-Xuna bağ massivində iddiaçıya məxsus 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərindən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsidir. İş materialları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, iddiaçının iddia etdiyi bağ sahəsi və həmin əmlak kompleksi cavabdehin sahibliyindədir (cavabdeh bu halı apelyasiya icraatında verdiyi izahatında etiraf etmişdir).

25. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi əmlak qanuni əsaslarla iddiaçıya məxsusdur və onun öz əmlakı üzərində mülkiyyət hüququnu sərbəst həyata keçirməsinə cavabdeh maneələr törədir. Cavabdehin iddiaçının tələb etdiyi əmlakla üzərində sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının mülkiyyət hüququ bərpa edilməli və cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası bu nəticəni əsaslı və qanuni hesab edir.

26. Cavabdehin apelyasiya şikayətində iddiaçının iddia etdiyi əmlak kompleksinin dəyərini ödədiyini, həmin əmlaklar üzərində qanuni əsaslarla sahiblik və istifadə etdiyini bildirsə də, bu dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının həmin əmlaklar barədə cavabdehə etibarnamə verməsi isə həmin əmlakların alqı-satqı edilməsini ehtiva etmir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin müddəti 2018-ci ilədək qüvvədədir.

Kassasiya instansiyası məhkəməsində icraat

27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2980/2023 nömrəli qərarı ilə (hakimlər M.İddiaçı (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən - mübahisəli daşınmaz əmlakla birlikdə cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

29. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus daşınmaz əmlak içərisindəki avadanlıqlarla birlikdə cavabdehin istifadəsinə verilmiş və 2011-ci ildən sonrakı uzun müddət ərzində onun istifadəsində olmuşdur. Tərəflər arasındakı hazırkı mübahisə əmlakın cavabdehin icarəsinə yaxud əvəzsiz istifadəsinə verilməsi ilə bağlıdır.

30. Belə ki, iddiaçı əmlakı cavabdehə icarəyə verdiyini bildirərək, son 3 il üçün ödənilməmiş icrarə haqqının ödənilməsini, əmlakın və onun içərisindəki avadanlıqların qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçının banka olan borcunun onun tərəfindən ödənildiyini, mübahisəli əmlakın da bunun qarşılığında onun istifadəsinə verildiyini bildirir.

31. Məhkəmə kollegiyası hesab edir ki, icarə haqqı tələbinin rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissdədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə (tərəflər arasındakı öhdəlik münasibətlərinin əvəzli xarakter daşıması ilə bağlı) apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və tərəflər arasındakı müqavilə münasibətləri təfsir edilərkən Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri nəzərə alınmışdır.

33. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşaraq, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən bu hissədə işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli daşınmaz əmlakla birlikdə cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir.

35. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli əmlak kompleksi cavabdehin əvəzsiz olaraq etibarnamə əsasında idarəçiliyinə verilmişdir. Həmin əmlakın istifadəsi nəticəsində avadanlıqların qaytarılması və ya dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri mövcud deyildir. Ona görə də, iddia tələbi iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların (avadanlıqların) dəyəri kimi 472.460,74 manatın cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir.

36. Apellyasiya məhkəməsi bu mövqe ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan hər iki bağ sahəsində yerləşən əmlak kompleksi, həmçinin həmin əmlak kompleksində olan daşınar əşyalar etibarnamələrlə cavabdehin istifadəsinə verilmiş və etibarnamələrdə həmin əmlakdan istifadə ilə bağlı hər hansı bir əvəzli öhdəliklər nəzərdə tutulmamışdır. Belə olan halda, apellyatorun əmlak kompleksindən istifadənin qanunsuz olması və bununla əlaqədar cavabdehdən icra haqqı kimi pul tələbi, həmçinin cavabdehə təhvil-təslim aktı əsasında verilmiş daşınar əşyaların qaytarılması, olmadıqda isə onların dəyərinin ödənilməsinin tələb edilməsi üçün başqa əsaslar mövcud olmamışdır.

37. Göründüyü kimi, işə baxmış məhkəmələr eyni əsasa - mübahisəli daşınmaz əmlakın və onun içərisindəki avadanlıqların cavabdehin istifadəsinə əvəzsiz qaydada verilməsinə istinad edərək, həmin avadanlıqların qaytarılması tələbini rədd etmişlər.

38. Halbuki, ödənilməmiş icarə haqqı tələbinin həllindən fərqli olaraq bu tələbin qanuni əsasının tapılması baxımından sözügedən avadanlıqların cavabdehin əvəzli və yaxud əvəzsiz istifadəsinə verilməsinin hüquqi əhəmiyyəti yoxdur. Belə ki, həmin əmlak cavabdehin mülkiyyətinə deyil, istifadəsinə verildiyi üçün tərəflər arasındakı buna əsas olmuş öhdəlik hüquq münasibətlərinə xitam verildikdə mülkiyyətçinin əmlakını, bu mümkün olmadıqda isə onun dəyərini qarşı tərəfdən tələb etmək hüququ yaranır.

39. Eyni zamanda, məhkəmələrin də qeyd etdiyi kimi, tərəflər arasındakı mübahisəli daşınmaz əmlaka və onun içərisindəki avadanlıqlara dair əvəzsiz istifadə ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normları da bu qaydanı müəyyən etmişdir.

40. Belə ki, Mülki Məcəllənin əvəzsiz istifadə müqaviləsinə dair normalarının tələbinə əsasən, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər (maddə 736.3).

41. Bundan başqa, məhkəmələrin iddiaçının mülkiyyət hüququna istinad edərək, mübahisəli daşınmaz əmlakın ona qaytarılması barədə tələbini təmin edərkən, cavabdehə eyni hüquqi əsasla (əvəzsiz istifadə üçün) verilmiş həmin əmlakın içərisindəki iddiaçıya məxsus avadanlıqların qaytarılması tələbini rədd etmələri də hüquqi baxımından təzad təşkil edir.

42. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli daşınmaz əmlakla birlikdə cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbinin yuxarıda göstərilən hüquq normaları əsasında yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apelyasiya baxışına göndərilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Cavabdeh vəkili iddiaçının apellyasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət göstərmişdir ki, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların (avadanlıqların) dəyəri kimi 472.460,74 manatın tələb edilməsi əsassızdır və təmin edilməməlidir.

Proses iştirakçılarının izahatları

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın daşınar əşyalarla bağlı hissəsinin də təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən hər hansı bir ödəniş olmamışdır. Qarşı tərəf külli miqdarda ödəniş etdiyini iddia etsə də, bunu təsdiq edən heç bir sübutu yoxdur. Müqaviləni, köhnə etibarnaməni saxladığı halda necə mühüm qəbzləri saxlaya bilmir? Ekspertiza qarşısında etibarnamənin müddəti ilə bağlı qoyulmuş sual ilə razı deyil. Çünki etibarnamə daha əvvəl ləğv edilmişdir. Bu səbəblə onun müddətinin başa çatmasına qədər olan dövrü tədqiq etmək doğru deyil. İddiaçı etibarnaməni verib daha sonra ləğv etmişdir. İddiaçının daşınmaz əmlakları ilə bağlı mülkiyyət hüququ bərpa edilir, lakin daşınar əşyalar da iddiaçıya məxsus olmasına baxmayaraq, bununla bağlı hüquqları təmin edilməmişdir.

45. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, həmin əşyaların təhvil verilərkən vəziyyətini görmüşdür. Eyni zamanda, bankın cavab məktubu ilə də razı deyil. O ödəməmişdirsə, digər hissəsini necə öz adına keçirtmişdir? İddiaçı tərəf ona istifadəyə verdiyini bildirir. Əgər istifadə üçün vermişdisə aralarında icarə müqaviləsi bağlanılardı. O, əşyaları köhnə olduğu üçün mühafizəçi və digər xərclər üçün satmışdır.

46. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Belə ki, iş üzrə bir neçə dəfə ekspertiza keçirilmiş və hər dəfə də ekspert tərəfindən mütəxəssis rəyinə əsaslanaraq rəy verilmişdir. Eyni zamanda bildirmək istəyir ki, müəssisə 2011-ci ildən deyil, 2006-cı ildən fəaliyyət göstərmişdir. Cavabdeh həmin əşyaları qəbul etdikdə, onlar yeni vəziyyətdə deyildi. Ekspert rəy tərtib edərkən heç bir normativ hüquqi akta əsaslanmamışdır. Hər il üçün köhnəlmə, aşınma ilə bağlı azalma olmalıdır.

Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

51. Hazırda apellyasiya baxışının predmetini Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2980/2023 nömrəli qərarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması tələbinə dair iddianın təmin edilməyən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

53. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

54. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.

55. İşdən müəyyən olunur ki, mübahisəli daşınmaz əmlak və onun içərisindəki avadanlıqlar iddiaçı tərəfindən verilmiş sonuncu xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən xx.xx.2018-ci il tarixinədək cavabdehin istifadəsinə verilmişdir.

56. Kollegiya qeyd edir ki, həmin əmlak cavabdehin mülkiyyətinə deyil, istifadəsinə verildiyi üçün tərəflər arasındakı buna əsas olmuş öhdəlik hüquq münasibətlərinə xitam verildikdə mülkiyyətçinin əmlakını, bu mümkün olmadıqda isə onun dəyərini qarşı tərəfdən tələb etmək hüququ yaranır.

57. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.

58. Bununla yanaşı, mübahisəli daşınmaz əmlak mülkiyyətçiyə qaytarıldığı halda, cavabdehə eyni hüquqi əsasla (əvəzsiz istifadə üçün) verilmiş həmin əmlakın içərisindəki iddiaçıya məxsus avadanlıqların da qaytarılması təmin edilməlidir.

59. xx.xx.2011-ci il tarixli təhvil-təslim aktında qeyd edilən əşyaların (avadanlıqların) dəyərinin müəyyən olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6646/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10064 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “X3" MMC-nin məlumatlarına əsasən yeni və istifadə olunmuş malların 2011-ci il tarixə təxminən nəzəri qaydada orta bazar qiyməti təxminən 216.777 manat müəyyən olunmuşdur. Tədqiqata təqdim edilmiş “X3” MMC-nin məlumatlarına əsasən qeyd edilən malların 2011-ci ildən 2018-ci ilədək işlənmə və istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti 195.099 (216.777-10%) manat müəyyən olunmuşdur. Tədqiqata təqdim edilmiş “X3” MMC-nin məlumatlarına əsasən qeyd edilən malların 2011-ci ildən 2021-ci ilədək işlənmə və istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti 184.260 (216.777-15%) manat müəyyən olunmuşdur.

60. Cavabdeh iddiaçının banka olan borcunun onun tərəfindən ödənildiyini, mübahisəli əmlakın da bunun qarşılığında onun istifadəsinə verildiyini bildirsə də, apellyasiya araşdırması zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC ilə X2 arasında bağlanmış 20 nömrəli kredit müqaviləsi və "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 22 nömrəli kredit müqavilələri, müqavilələrə əlavə sazişlər, həmçinin müqavilələr ilə bağlı müvafiq ödəniş və digər əlaqəli sənədlərinin təsdiq edilmiş surətlərinin saxlanıldığı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tələb edilərək götürülməsi Xətai rayon İcra Şöbəsinə həvalə edilmişdir.

61. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024cü il tarixli məktubunda qeyd olunmuşdur ki, həmin sənədlərin aşkar edilməsi üçün arxiv şöbəsinə sorğu yazılmış, həmin sənədlərdən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 22 saylı kredit müqaviləsinin və həmin müqavilənin təminatı kimi bağlanmış 71 saylı ipoteka müqaviləsinin surətləri aşkar edilmiş, tələb olunan digər sənədlər aşkar edilməmişdir.

62. Göründüyü kimi, iddiaçının banka olan borcunu ödəməsinə dair cavabdehin istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmamış, buna dair cavabdeh tərəfindən də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

63. Yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə sözügedən avadanlıqların 2011ci ildən 2018-ci ilədək işlənmə və istifadə müddəti nəzərə alınmaqla orta bazar qiyməti 195.099 manat müəyyən olunmuşdur. Cavabdeh tərəf qeyd olunan ekspert rəyi ilə razılaşmasa da, həmin avadanlıqların qiymətləri barədə məhkəməyə digər sübutlar təqdim etməmiş, həmçinin, qeyd olunan əmlakların satıldığını bildirdiyi halda satışdan əldə edilmiş vəsait barədə də məlumat təqdim etməmişdir.

64. Şərh olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, ekspert rəyi əsas götürülməklə Cavabdeh onun istifadəsinə verilmiş avadanlıqların dəyəri olaraq 195.099 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-52/2022 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh 195.099 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar