Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4790/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanətlərin geri qaytarılması və s." tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1066/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıh Vəliməmməd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondundan onun xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək illik faiz dərəcəsi 14 faiz, 12 ay müddətinə qoyulmuş 10.988 manat vəsaitini, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 12 ay müddətinə 15 faizlə qoyulmuş, cəmi 11.859,92 manat vəsaitin, bu illər ərzində əldən çıxmış faydanın illik 15 faizli ziyanını, həmçinin ona əməliyyatında dəymiş maddi və mənəvi ziyan olmaqla cəmi 35.000 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonunda yerləşən “xxxxxxxxx” ASC-nin Lənkəran filialına xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərində ilkin faiz dərəcəsi 14 faiz olmaqla 10.988 manat “Göy əmanət” qoymuşdur. Müddətin sonunda illik 14 faiz olmaqla “xxxxxxxxx” ASC-nin Lənkəran filialı ilə bank müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Belə ki, “Göy əmanət”, yəni 10.988 manat xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə, illik 14 faizlə “xxxxxxxxx” ASC tərəfindən qəbul edilmişdir. Belə ki, bir müddət sonra xx.xx.2016-cı il tarixdə yenidən “xxxxxxxxx” ASC-nin Lənkəran filialı ilə illik 15 faiz olmaqla 12 ay müddətinə 10.000 manat olmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 70026091-16 saylı bank əmanət müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmeti Bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Ləğv prosesində olan “xxxxxxxxx” ASC qarşısında 0415 saylı, xx.xx.2018-ci il tarixli qəbzində 11.859,92 manat, 0416 saylı, xx.xx.2018-ci il tarixli qəbzində isə 10.488,53 manat məbləğdə kreditor tələbi qeydə alınmışdır. X5 X1 xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən “xxxxxxxxx” ASC-nin lisenziyası xx xxxxxx 2017-ci ildən etibarən ləğv edilmişdir. Səbəb kimi isə bankın məcmu kapitalının həcminin banklar üçün müəyyən edilmiş 50 milyon manatdan az olması və kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilməməsi göstərilmişdir. Hazırda iddiaçının əmanəti qaytarılmamış, heç bir məbləğlə də təmin olunmamışdır. Artıq 3 ildir ki, iddiaçının əmanətindən, eyni zamanda ondan gələn gəlirdən istifadəsi məhdudlaşdırılmış, müəyyən hesabda ziyan dəymişdir. 3 illik faiz dərəcələrini hesablasaq digər bir banka əmanət qoysaydı, qoyduğu əmanəti artırmış olardı. Bu səbəbdən də iddiaçının faydası əldən çıxmışdır. Əmanətini 14 faizlə qoyduğu vaxtda iddiaçının əmanəti ondan xəbərsiz olaraq sığortalanmamışdır. Cavabdeh bilərəkdən iddiaçının əmanətini batırmağa cəhd etmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə cavabdeh banka qoyduğu 10.988 manat hesab sığortalanmamışdır. İddiaçının əmanət qoyduğu bank ləğv edildiyi üçün onun səhhətində özündən asılı olmadan ciddi dəyişikliklər baş vermişdir. Bütün bunlar sonda onun ağır əməliyyatı ilə nəticələnmişdir. İddiaçı 2018-ci il tarixdə ağır ürək-damar əməliyyatı keçirmişdir. Belə ki, iddiaçıya 2017-ci ilə kimi hər iki müqavilənin faiz dərəcələrini götürsək 22.308,45 manat, 3 illik faiz dərəcəsi ilə birgə təxminən qoyduğu məbləğin 15 faizi və vurulmuş maddi ziyan olan ürək əməliyyatının çəkilmiş xərci 15.000 manat olmaqla, mənəvi ziyanı hesablasaq ümumi məbləğ olan 35.000 manat ziyan dəymişdir. İddiaçı yaşlı xəstə insandır. Ailəsi və övladları var. Bu dərin problemi qaldırmağa onun səhhəti yetməmiş və əməliyyatla nəticələnmişdir. Dəfələrlə müraciətdən sonra əlavə olaraq sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin bu günə kimi heç bir cavab gəlməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1066/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1066/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxxxx” ASC-nin Lənkəran filialı ilə müqavilə bağlayaraq xx.xx.2015-ci ildə illik faiz dərəcəsi 14 faiz olmaqla 12 ay müddətinə 10.988 manat “Göy əmanət” və xx.xx.2016-cı ildə illik 15 faiz olmaqla 12 ay müddətinə 10.000 manat əmanət qoymuşdur. İddiaçı qeyd edilən əmanətlərin müddətləri bitdikdən sonra qaytarılmasını qaytarılmasını tələb etməsinə baxmayaraq, bank müxtəlif bəhanələr gətirərək vaxtı bitmiş əmanətləri qaytarmaqdan qanunsuz olaraq yayınmış və həmin vəsaitləri dövriyyəyə buraxaraq qanunsuz gəlir əldə etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçıh Vəliməmməd oğlu ilə “xxxxxxxxx” ASC arasında bağlanmış ********* nömrəli xx xxxx 2015-ci il tarixli bank əmanəti (Göy əmanət) müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 10988 manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 14 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçıh Vəliməmməd oğlu ilə “xxxxxxxxx” ASC arasında bağlanmış 70026091-16 nömrəli xx xxxxxxxx 2016-cı il tarixli bank əmanəti (Göy əmanət) müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən daxil olmuş 10000 manat məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 15 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 0415 saylı qəbzin surətindən görünür ki, İddiaçıh Vəliməmməd oğlunun ləğv prosesində olan “xxxxxxxxx” ASC qarşısında 11859,92 manat məbləğində kreditor tələbi qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 0416 saylı qəbzin surətindən görünür ki, İddiaçıh Vəliməmməd oğlunun ləğv prosesində olan “xxxxxxxxx” ASC qarşısında 10448,53 manat məbləğində kreditor tələbi qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının iclasının xx xxxx 2016cı il tarixli qərarına əsasən milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz saxlanılmaqla, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%müəyyən edilmişdir. İş materialları, tərəflərin izahatları, iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, LPO “xxxxxxxxx” ASC ilə İddiaçıh Vəliməmməd oğlu arasında xx xxxx 2015-ci il tarixli, ********* nömrəli və xx xxxxxxxx 2016-cı il tarixli, 70026091-16 nömrəli “Bank Əmanəti” (“Göy Əmanət”) müqavilələrinin bağlanması, xx xxxx 2015-ci il tarixli müqaviləyə əsasən bankın əmanətçidən 10.988 manat məbləğində pul vəsaitinin qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğinin əmanətçiyə qaytarmağı öhdəsinə götürməsi, əmanətin xx xxxx 2015-ci il tarixindən xx xxxx 2016-cı il tarixinədək, 12 ay müddətinə, illik 14 faizlə qoyulması, xx xxxxxxxx 2016-cı il tarixli müqaviləyə əsasən isə bankın əmanətçidən 10.000 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğinin əmanətçiyə qaytarmağı öhdəsinə götürməsi, əmanətin xx xxxxxxxx 2016-cı il tarixindən xx xxxxxxxx 2017-ci il tarixinədək, 12 ay müddətinə, illik 15 faizlə qoyulması işin mübahisələndirilməyən hallarına aiddir. Azərbaycan Respublikası X5 X1 xx xxxxxx 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “xxxxxxxxx” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya xx xxxxxx 2017-ci il tarixindən ləğv edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “xxxxxxxxx” ASC-də sığorta hadisəsi günü xx xxxxxx 2017-ci il müəyyən edilmişdir. Həmçinin Maliyyə X2 müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxxxxxxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. X5 Palatası "xxxxxxxxxx" ASC-yə qarşı qorunan əmanətlərin həcminin artırılması, habelə mövcud əmanətlərin (depozitlərin) şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət (depozit) statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi və ya əqdlərin bağlanmasının dayandırılması barədə təshih tədbirləri tətbiq etmiş və bu barədə 2017-ci il 27 sentyabr tarixli məktubla banka, həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 21.4.4-cü maddəsinə əsasən 2017-ci il 19 oktyabr tarixli məktubla Fonda məlumat vermişdir. Kollegiya qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən qeyd edir ki, İddiaçıh Vəliməmməd oğlunun Banka qoyduğu əmanətlər qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid deyil. Çünki, cəlb edildiyi günə Fond tərəfindən müəyyən edilmiş həddən, yəni 12% (on iki) faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər olması səbəbindən müqavilələrdə faiz dərəcələrinin 14 faiz və 15 faiz müəyyən edilməsi həmin vəsaitlərin qorunan əmanətlərə aid edilməsini istisna edir. İddiaçının ləğv prosesində olan «xxxxxxxxx» ASC qarşısında 11859,92 manat və 10448,53 manat məbləğlərində kreditor tələbi qeydə alındığından, iddiaçının tələb etdiyi məbləğlər kompensasiya olunmayan əmanət məbləğidir, yəni «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq növbəlililk əsasında ödənilməlidir. Qeyd olunan əmanət məbləği növbəlilik əsasında ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, qeyd olunan qanunvericilik normalarının tələblərinə müvafiq olaraq iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1066/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4790/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4790/2020
21.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver