Məhkəmə qərarları › İş №2(103)-4791/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4791/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4791/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-720/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 (otuz beş min səkkiz yüz) manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi, Whatsapp yazışmaları əsasında isə 36100 manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi müəyyən edilmiş və həmin məbləğin cavabdeh tərəfindən alınması etiraf edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35600 (otuz beş min altı yüz) manat və 16000 (on altı min) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki tanıyır. 2019-cu ildə Cavabdeh Facebook sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlamış və onlar görüşmüşdür. Həmin görüşdə cavabdeh Rabitə Nazirliyində işlədiyini bildirmişdir. Söhbət əsnasında Cavabdeh irəli vəzifəyə keçmək üçün ondan bir ay müddətinə qaytarmaq şərtilə 5000 manat pul istəmiş, həmyerli olduqları üçün həmin məbləği Tamaraya Rabitə Nazirliyinin qarşısında vermişdir. Həmin vaxt Cavabdeh maaşının yüksək və əlavə gəlir yerinin olduğunu bildirmişdir. Bununla bağlı, ondan özünün biznesini genişləndirmək üçün borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 2019-cu ilin sentyabrdekabr ayları ərzində Tamaraya dostu vasitəsilə 6000 ABŞ dolları, Yeni Günəşli qəsəbəsində 3000 ABŞ dolları, 2000 manatı Nəsimi rayonu K.Səfərəliyeva küçəsində yerləşən gözəllik salonunun qarşısında, 6000 ABŞ dolları və 500 manat Mərkəzi Univermağın qarşısında, 2000 manat gözəllik salonuna gedəndə, 12000 manat Səməd Vurğun bağının qarşısında, 10000 manat Neft Emalızavodunun qarşısında, 2000 manat Səməd Vurğun bağında, 1000 ABŞ dolları və 300 manat Mərkəzi Univermaqla üzbəüz qutab satışı dükanının qarşısında, 2000 manat Səməd Vurğun bağının yanında maşının içərisində, 1800 manat Nəsimi rayon ərazisində verərək ümumi bütün verdiyi pullar 35600 (otuz beş min altı yüz) manat və 16000 (on altı min) ABŞ dolları təşkil edir. Bir müddət sonra pulunu istəməyə başlamış, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək aldığı borc pulları qaytarmırdı. Bu səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Uzun müddətdir ki, öz pullarını ala bilmir. O, məcburən polis orqanlarına müraciət etmiş, polis orqanları tərəfindən aparılmış araşdırma nəticəsində, Cavabdeh ona 35600 manat və 16000 ABŞ dolları məbləğındə borcu olduğu öz təsdiqini tapmışdır. Lakin, buna baxmayaraq cinayət işinin rədd edilməsi barədə qərar verilmiş və borclarının qaytarılması üçün mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 720/2023 nömrəli qətnaməsi ilə (hakim X1) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 35600 (otuz beş min altı yüz) manatın və məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla 16000 (on altı min) ABŞ dolları vəsaitinin tutulması, məhkəmə xərcləri qismində ödənilmiş 279 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 (otuz beş min səkkiz yüz) manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi, Whatsapp yazışmaları əsasında isə 36100 manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi müəyyən edilmiş və həmin məbləğin cavabdeh tərəfindən alınması etiraf edilmişdir. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, hazırda iddiaçı tərəfindən cavabdehdən 35600 manat və 16000 (on altı min) ABŞ dolları məbləğ tələb edildiyindən, həmin vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə hər hansı məbləğdə borc verməsi halı təsdiq olunmamışdır. Belə ki, məhkəmənin istinad etdiyi həmin sənədlərin heç biri iddiaçının cavabdehə pul verməsi barədə deyildir. Belə ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Tərəflərin arasında öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Tərəflərin heç biri belə müqavilənin (borc xarakterli) bağlandığını iddia etmir. Əksinə, məhkəmənin qeyd etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın əsaslandığı sənədlərin (materiallar, izahatlar və s.) götürülməsi barədə onlar tərəfindən vəsatət verilmiş, məhkəmə həmin vəsatəti təmin edərək sorğu göndərmiş, lakin sənədlər iş materiallarına əlavə edilmədən qətnamə çıxarılmışdır. Halbuki, həmin sənədlər əlavə ediləcəyi təqdirdə iddianın əsassız olması müəyyən olunacaq. Beləliklə, bu tələbin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur, Bundan əlavə məhkəmə hesab etmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Halbuki, iş materialları ilə cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəlik, o cümlədən borc öhdəliyi götürməsi nəinki müəyyən olunmur, əksinə inkar olunur. Göründüyü kimi, məhkəmə işə obyektiv baxmamış, qanunvericiliyin tələblərini pozan formada qətnamə çıxarmışdır. Sadalanan qanunvericilik normalarına əsasən, tərəflər arasında borc münasibətləri olsa idi, belə guya verilən borc məbləğinin 3000 manatdan çox olması halında onlar arasında yazılı formada borc müqaviləsi bağlanmalı və müqavilənin qanunla müəyyən edilmiş bağlanma qaydasına riayət edilməli idi. Məhz bu cür əsassız və prinsipial xarakterli, qərəzli münasibətdən doğan iddialardan qorunma imkanı məqsədilə qanunvericilik müqavilənin yazılı formasını müəyyən etmişdir. Bu səbəbdən qeyd edilənlər iddia tələbinin əsassız olduğunu təsdiq edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, İddiaçı Cavabdeh hərəkətləri nəticəsində zərərə uğraması aşkardır. Belə ki, Nizami Rayon Məhkəməsində müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə İddiaçı DİN-in 102 xidmətinə və Bakı şəhər Baş Polis İdarəsinə müraciət ünvanlayaraq bildirmişdir ki, əvvəllər tanıdığı Cavabdeh müxtəlif adlarla ondan 37000 manata yaxın pul almış lakin geri qaytarmamışdır. O, Cavabdeh ondan götürdüyü pulların qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərar ilə toplanmış təhqiqat materialından müəyyən olunmuşdur ki, İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 (otuz beş min səkkiz yüz) manat və 16000 (on altı min) ABŞ dolları pul vermişdir. Təhqiqatın gedişatında Cavabdeh ətraflı izahatı alınması üçün polis şöbəsinə dəvət olunmuş, lakin gəlməkdən yayınmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 (otuz beş min səkkiz yüz) manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi müəyyən edilmiş, Whatsapp yazışmaları əsasında isə 36100 manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi və həmin məbləğin cavabdeh tərəfindən alınması etiraf edilmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-720/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissəhissə olmaqla ümumilikdə 35800 (otuz beş min səkkiz yüz) manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi, Whatsapp yazışmaları əsasında isə 36100 manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi müəyyən edildiyi qeyd edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Kollegiya qeyd edir ki, iş üzrə tərəflər arasında olan uzun müddət çəkən “Whatsapp” yazışmalarından müəyyən edilir ki, cavabdeh iddiaçıya 35600 manat və 16000 ABŞ dolları məbləğində pulu ona verməli olduğunu qəbul etmiş düzgünlüyünü təsdiq etməklə hər dəfəsində yaxın müddətdə ödəyəcəyini bildirmişdir. Qətnamədən verdiyi apellyasiya şikayətində həmin yazışmaların düzgün olmamasını qeyd etsə də, apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılmasının yeri vaxtı barədə 2 dəfə hətta telefon vasitəsi ilə şəxsən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, sonuncu dəfə isə elektron məhkəmə sistemi vasitəsi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gedən təyyarə biletini göndərərək apellyasiya şikayətini müdafiə etməməklə məhkəmə iclaslarında iştirak etməyə cəhd etməmişdir.

21. Kollegiya həmçinin qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

23. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir (Mülki Məcəllənin 740.2-ci maddəsi). İşin hallarından aydın olur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır.

24. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.

25. Kollegiya hesab edir ki, işin hallarından aydın olduğu kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamaqla və tərəflərin etibarlı borc müqaviləsi bağlamış olmalarından bəhs etmək də mümkün deyildir. Lakin borc müqaviləsinin qanunla müəyən edilmiş forma məzmununa riayət edilməməsi həmin pulun qaytarılmaması və ya bu barədə verilmiş iddiann rədd edilməsinə əsas ola bilməz. Bu baxımdan cavabdehdən əhəmiyyətsiz əqd üzrə əldə etdiyi 35600 manat və 16000 ABŞ dolları məbləğində pul Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, cavabdehin iddiaçıdan həmin məbləğdə pulun aldığı sübuta yetirilmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-720/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar