Məhkəmə qərarları › İş №2(103)-4796/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4796/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4796/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1479/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X8 başqa cinayət əməlləri ilə yanaşı qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 75760 manat məbləğində pul vəsaitini ələ keçirdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

2. Cavabdeh X2 qardaşıdır.

3. 17 sentyabr 2019-cu il tarixli yazılı qəbzlə Cavabdeh İddiaçı 66000 manat borclu olmasını etiraf etmiş və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 66000 manat əsas məbləğin, 30 manat ödənilmiş dövlət rusumun və vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manatın, cəmi 66180 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 2010-cü ildə özünə ev almaq istəmiş, bununla əlaqədar olaraq cavabdehin qardaşı olan X5 75760 manat pul vermişdir. Lakin sonuncu, iddiaçını aldatdığından mənzili ala bilməmişdir. Aparılan cinayət işi ilə bağlı apellyasiya məhkəmə araşdırması zamanı cavabdeh ona X8 tərəfindən vurulmuş ziyanın ödənildiyinə dair ərizə yazmasını, 66000 manat pulu şəxsən 1 il ərzində qaytaracağını bildirmiş və bu barədə qəbz yazmışdır. Lakin həmin məbləğ iddiaçıya ödənilməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)- 1479/2022 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbi təmin edilmiş, Cavabdeh 66000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat olmaqla, cəmi 66180 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş qəbzdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya 66000 manat məbləğində borcu olması iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.4, 442, 448.1, 739.1, 740.1, 740.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)-1479/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarından da aydın olduğu kimi iddiaçı tələb etdiyi pul vəsaitini cavabdehə deyil onun qardaşına vermişdir. Həmin pul vəsaitini isə qardaşı ev almaq məqsədilə borca götürmüş, geri qaytarmamışdır. Bununla bağlı olaraq şəxs (qardaşı) barəsində cinayət işi açılmış, onun əməlinə hüquqi qiymət verilərək hökm çıxarılmışdır. Həmin hökmdə də sözü gedən mübahisə predmeti olan pul vəsaiti ilə bağlı məsələyə də aydınlıq gətirilmiş, zərərçəkmiş şəxsə (hazırki iş üzrə iddiaçıya) geri qaytarılması öz əksini tapmışdır. Bundan savayı, iddiaçı tərəf məhkəmə prosesi zamanı digər bir ziddiyyətli izahat verərək qardaşına ev alınması məqsədilə vermiş olduğu pul vəsaitinin "xxxx" MTK-da cavabdehə verdiyini bildirmişdir. Cavabdeh ümumiyyətlə mənzillərin satışı ilə məşğul olan həmin şirkəti tanımamış, onun yerləşdiyi ünvanı, fəaliyyəti barədə məlumatlı olmamışdır. Necə ola bilər ki, tanımadığı bir ünvana gedərək pul vəsaitini qəbul etmiş olsun? Həmçinin, iddiaçı tərəf irəli sürdüyü mülahizəni də əsaslandıra bilməmiş, buna dair sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi bu izahatda absurd olub, ədalət mühakiməsini yanıltmaqdan başqa bir şey deyildir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözü gedən norma hazırki mülki iş üzrə tətbiq edilə bilməz. Belə ki, maddi normanın məzmunundan da aydın olduğu kimi öhdəliyin icra edilməməsi konkret üzərinə götürülmüş öhdəlikdən bəhs edir. Cavabdeh isə öhdəliyin icra edilməməsi kimi qiymətləndiriləcək hər hansı bir öhdəlik öz üzərimə götüməmiş, hər hansı bir vəd verməmişdir. Göründüyü kimi, hazırki mülki işdə öhdəliklə bağlı normalar tətbiq edilsə də, onun tətbiq edilməsinə əsas olan halların mövcud olmaması məhkəmənin diqqətindən yayınmışdır. Hazırki mübahisə ilə əlaqədar olaraq iddiaçı tərəfin cavabdehin qardaşına verdiyi pul vəsaitinin qaytarılmaması ilə bağlı olaraq digər məhkəmələrin icraatında cinayət işi olmuşdur. Həmin cinayət işi ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılmış, iddiaçı tərəf zərərçəkmiş qismində tanınaraq tərəfin verdiyi pul vəsaitinin ona geri qaytarılması hökmdə öz əksini tapmışdır. Belə olduğu halda iddiaçı tərəfin verdiyi pul vəsaiti iki dəfə ona geri qaytarılmış olur. Bu isə qanun pozuntusunun bariz nümunəsidir. Bu məsələ məhkəmənin diqqətinə dəfələrlə çatdırılmış, iddiaçı tərəfin tələbinin əsassız olduğu bildirilmişdir. Bundan başqa, məhkəmə mövcud olan qəbzin məzmununun borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərə uyğun gəldiyini qeyd etmişdir. Mülki qanunvericilik isə borc müqaviləsini konkret xarakterizə etmiş, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını müvafiq olaraq pulu borc verənə qaytarmağı öhdəsinə götürməli olduğunu vurğulamışdır. Cavabdeh ümumiyyətlə, sözü gedən əlyazmanı qəbul etmir. Göründüyü kimi hazırki mülki iş üzrə borc müqaviləsi və onun şərtlərinin pozulması halı mövcud deyildir. Buna görə də məhkəmənin qəbul etdiyi qətnamə tamamilə əsassızdır və məhkəmə qaydasında ləğv olunmalıdır. Cavabdeh iddiaçıdan hər hansı bir pul vəsaitini almamış, aldığı pul vəsaitinin ödənilməsi müqabilində öhdəlik götürməmişdir. Belə olan halda, məhkəmə necə ola bilərki sözü gedən mübahisəni borc müqaviləsi üzrə meydana gələn mübahisə kimi qiymətləndirmiş, eyni zamanda qanunvericiliyə uyğun olaraq borc müqaviləsinin şərtlərinə uyğun sövdələşmənin olması qənaətinə gəlmişdir?. Borc müqaviləsinə əsasən, bir tərəfə şərtləşdirilmiş borc predmetini borc alana verir, borc alan isə borc müqaviləsinin predmetinin qəbul edi lməsi halında öz üzərinə öhdəlik götürür, razılaşdırılmış vaxtda və qaydada qəbul edilən pulu geri qaytarmağı vəd edir. Hazırki mübahisə üzrə nə borc müqaviləsi, nə borc predmeti, nə də borc müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü bir öhdəlik yoxdur. Hətta tərəfin özünündə qeyd etdiyi kimi pul vəsaiti qardaşının xeyrinə borca verilmişdir. Məhz bu nöqteyi nəzərdən məhkəmə mülki işə tam araşdırıraraq mülki qanunvericilik üzrə pozulmuş hər hansı bir hüququnun olmamasını aydınlaşdırmalı və ona uyğun yekun akt qəbul etməli idi. Məhkəmə isə yalnızca birtərəfli işə baxaraq prosessual qanunvericliyin tələbini kobud surətdə pozmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-770/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(006)-1479/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, rayon məhkəməsi cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gələrkən yalnız qəbzə və həmin qəbzin cavabdeh tərəfindən imzalanmasını göstərən ekspert rəyinə əsaslanmış, borc münasibətinin mənbəyini araşdırmamışdır. İş materiallarından və iddia tələbinin məzmunundan göründüyü ki, cavabdeh iddiaçıya 66000 manat ödəməyi qardaşı Bəhruzun iddiaçıdan pul almasına görə öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində, cavabdeh isə apellyasiya şikayətində pulun həqiqətən də Bəhruz Quliyevə verildiyini bildirilmişdir. Göründüyü kimi, iddiaçının pulu Bəhruz Quliyevə verməsi işin mübahisələndirilməyən halını təşkil edir. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının 66000 manat məbləğində pul vəsaiti tələb etməsi üçün istinad etdiyi qəbz borc münasibətlərinin əlamətlərini özündə ehtiva etmir və uydurma əqddir. İş materiallarında istinad edilən qəbz iddiaçı və cavabdeh borc münasibətinin tərəfi olduğu üçün deyil, iddiaçı tərəfindən Bəhruz Quliyevə verilmiş pula görə görünüş üçün bağlanmış və əslində Cavabdeh deyil, Bəhruz Quliyevə verilmiş pulun ödənilməsini təmin etmək məqsədi daşımışdır. Bu səbəbdən də, həmin əqd etibarsızdır və heç bir hüquqi nəticə yarada bilməz. Daha sonra, məhkəmə Mülki Məcəllənin 522.1, 522.2-ci maddələrinə istinad etmiş və qeyd etmişdir ki, iş materiallarında borclunun əvəz edilməsi və öhdəliyin hazırki cavabdehə keçməsini və kreditorun buna razılıq verməsini göstərən hər hansı üçtərəfli razılaşma aşkar edilmir. Mülki Məcəllənin qeyd edilən müddəası borclunun əvəz edilməsini kreditorun razılığı və müqavilənin olması ilə şərtləndirdiyindən, həmin müddəanın tələbləri hazırki mülki iş üzrə tərəflərin münasibətinə tətbiq edilə bilməz. Belə olduğu təqdirdə, Bəhruz Quliyevə verilmiş borcun Cavabdeh tələb edilməsi əsassızdır. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində həmin qəbzi özü imzalamadığını bildirsə də, iş materiallarında olan ekspert rəyindən görünür ki, qəbzdə olan imza cavabdehə məxsusdur. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, həmin rəyə istinad edilməsi məqsədəmüvafiqdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, hökmdə hazırki iş üzrə iddiaçının zərərçəkmiş şəxs qismində hər hansı bir şikayət və tələbinin olmaması onun iddia tələbindən imtinası kimi qiymətləndirilə bilməz. İş materiallarında, həmçinin hökmdə İddiaçı cinayət işi üzrə icraat zamanı iddia tələbindən yazılı şəkildə imtina etməsi barədə hər hansı bir sənəd aşkar edilməmiş, onun iddiadan imtinasının qəbul edilməsi ilə bağlı hər hansı məhkəmə qərarı mövcud deyildir. İddiaçı cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs qismində Bəhruz Quliyevə qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirməsi onun daha az cəza almasına şərait yaratmaq məqsədi daşımışdır. Çünki, o həmin vaxt borcunun Cavabdeh tərəfindən ödəniləcəyinə inanırdı.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 14.1, 340.1,385.1, 386.1, 442, 443.1, 739.1-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2055/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)- 770/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 İlk olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi qəbzdə cavabdeh iddiaçıya 66000 manat borclu olmasını bildirsə də, həmin qəbzə Mülki Məcəllənin 404-cü maddəsinə əsasən yalnız söz və ifadələrin hərfi mənasına görə deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki işin halları nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. 15.2 Bu zaman məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi yuxarıdakı nəticə mülki münasibətlərin əsas qaydalarından biri olan dürüstlük qaydasına ziddir. 15.3 Belə ki, apellyasiya məhkəməsi özü də müəyyən etmişdir ki, İddiaçı ona qarşı cinayət törətmiş Bəhruz Quliyevin vurduğu ziyanın hazırki iş üzrə Cavabdeh tərəfindən ödəniləcəyinə inanmış və cinayət işi üzrə məhkəmə icraatında təqsirləndirilən şəxsə (cavabdehin qardaşına) daha az cəza təyin edilməsinə şərait yaratmaq məqsədi ilə sonuncuya qarşı hər hansı şikayətin və tələbinin olmamasını bildirmişdir. 15.4 Buna baxmayaraq, apellyasiya məhkəməsinin qətnaməsi ilə iddiaçını cavabdehdən razılaşdırılmış pul vəsaitinin tələb etmək hüququndan imtina edilməsi, onun güvənmiş olduğu hüquqi nəticədən məhrum olunmasına səbəb olur. 15.5 Məhkəmə kollegiyası xüsusən qeyd edir ki, cavabdehin hazırki işdə davranışı da, onun prosessual hüquqlarından sui-istifadə etmək niyyətində olmasını göstərir. Belə ki, cavabdeh mübahisəli qəbzdən xəbərsiz olduğunu göstərsə də, birinci instansiya məhkəməsində keçirilmiş xətşünaslıq ekspertizası rəyi ilə qəbzin onun tərəfindən tərtib edilməsi öz təsdiqini tapmışdır. İddiaçı bir dəfə cavabdehin qardaşının cinayət əməlləri nəticəsində aldadıldığı və cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödəniləcəyi vəd edildiyi halda, hazırda sonuncunun da, bu öhdəliyin icrasından yayınması, iddiaçının təkrarən aldadılması ilə nəticələnir. 15.6 Lakin nəzərə alınmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). 15.7 Hazırki işdə apellyasiya məhkəməsi tərəflər arasında borca dair qəbzin ona hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün tərtib edilməsi nəticəsinə gəlsə də, bu nəticəni işdə olan sübutlarla əsaslandırmamışdır. Əksinə iddiaçı iddia ərizəsində cavabdehin qəbz üzrə üzərinə öhdəlik götürdüyünü iddia edərək, həmin öhdəliyin məhkəmə qaydasında icra edilməsini tələb etmişdir. Yəni Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtinə əsasən əqdin uydurma əqd olması üçün onun hər bir tərəfinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyətinin olmaması müəyyən edilməli olduğu halda, hazırki halda azı iddiaçının qəbz tərtib olunduğu zaman ona uyğun nəticələr əldə etmək istəməsi və vicdanlı tərzdə bu nəticələri gözləməsi mübahisəsiz müəyyən olunur. Bu zaman qarşı tərəfin müqavilə münasibətlərinə girərkən niyyətinin nədən ibarət olması artıq əhəmiyyət kəsb etmir. Belə ki, cavabdeh qəbzi aldadılma, hüquqdan suiistifadə, vacib əhəmiyyətli yanılma nəticəsində imzalamasını iddia etməmiş və bununla bağlı zərəri qanuni addımlar görməmişdir. 15.8 Daha sonra, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin borclunun əvəz edilməməsi və öhdəliyin hazırki cavabdehə keçməməsi ilə bağlı mövqeyi ilə də razılaşmır 15.9. Belə ki, məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin həm 522.1, həm də 522.2ci maddələrinin dispozisiyalarını sadalamış və hesab etmişdir ki, borclunun əvəz edilməsi və öhdəliyin keçməsi ilə bağlı üçtərəfli razılaşma mövcud deyildir. 15.10. Lakin, qeyd olunan maddələri təhlil edərkən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 522.1-ci maddəsində kreditorla üçüncü şəxs, 522.2-ci maddəsində isə borclu ilə üçüncü şəxs arasında razılaşma nəticəsində öhdəliyin üçüncü şəxsə keçməsindən söhbət gedir. Yəni bu normalar müxtəlif hüquqi vəziyyətləri tənzimləyir. 15.11 Birinci halda, belə razılaşma kreditorla üçüncü şəxs arasında bağlanıla bilər və buna borclunun razılığı (icazəsi) tələb olunmur. Belə ki, qanunun bu normasında bilavasitə qeyd olunmasa da, Mülki Məcəllənin 431-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 15.12. İkinci halda isə borclu və üçüncü şəxs arasında əldə edilmiş razılıqla yanaşı, kreditorun icazəsi də olmalıdır. 15.13. Hazırki işdən müəyyən olunur ki, 17 may 2019-cu il tarixli qəbz cinayət nəticəsində vurulmuş ziyana görə borclu olan X2 öhdəliyinin hazırki işdə cavabdehə keçməsinə sonuncunun razılığını ifadə edir və həmin razılıq iddiaçı tərəfindən qəbul olunmuşdur. Belə ki, qəbz İddiaçı təqdim olunmuş, onda saxlanılmış və o, həmin qəbzə istinad etməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə, Bəhruz Quliyevin iddiaçı qarşısında olan öhdəliyinin keçməsi nəticəsində hazırki iş üzrə cavabdehin borclunu əvəzi etməsinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. 15.14 Kassasiya şikayətinə etirazın dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsinə istinad etsə də, həmin qətnamə işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamış, məhkəmələr tərəfindən tədqiq olunmamış, qüvvədə olub-olmaması araşdırılmamış və ona prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi qiymət verilməmişdir. Lakin işə apellyasiya məhkəməsində təkrarən baxılarkən cavabdehin təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulmuş hədlərdə hüquqi qiymət verilə bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

17. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, birinci instansiya məhkəməsində proses zamanı şifahi şəkildə Xətai rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsinin olduğunu qeyd edib, amma qətnaməni məhkəməyə təqdim etmək mümkün olmamışdı. Daha sonra onlar sorğu veriblər, cavab gec gəlib. Apellyasiya instansiyasında qətnaməni məhkəməyə təqdim edib. O hər iki instansiya məhkəməsində Eldarla Bəhruz arasında pul tələbinin olmasını məhkəmənin diqqətinə çatdırıb. Birinci instansiya məhkəməsində iddiaçı bildirdi ki, pulu ev alması üçün Bəhruza verən zaman Bəhruzun qardaşı Heydər orda olub. O iddiaçıya dəfələrlə o pulu kimə verdiyini soruşub. 2015-ci ildə iddiaçının Bəhruz Quliyevə qarşı eyni tələb üzrə MTK-dan alınan mənzilin mübahisəsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edib. Bəhruz Quliyevdən 75.760 manat pulun alınması ilə bağlı qətnamə qəbul edilir. Qətnamə icraya yönləndirilir və bu gün də icradadır. Bu qətnamədən sonra iddiaçı bildirir ki, hökm çıxarılan zaman qardaşının borcunun ödənilməsi ilə bağlı sənəd imzalayıb. Ona sual verib ki, borc müqaviləsi hesab etdiyi kağızda borcun alınması ilə bağlı bir cümlə varmı, dedi ki, xeyr, o vaxtı pulu onlara vermişdi və indi onlardan pulunu tələb edir. O iddiaçıya qətnamənin mövcud olmasının sual verəndə başqa məsələ olduğunu, cavabdehin qaynatasına qarşı iddia qaldırdığını söylədi, amma məhkəmə qətnaməsinin qət etdi hissəsində Bəhruz Quliyevdən pulun tutulması yazılıb. Apellyasiya instansiyasında bildirib ki, belə çıxır ki, Bəhruz Quliyev 79.000, Cavabdeh 65.000 manat pulu öz növbəsində ayrılıqda eyni mənzilin pulunu ödəyib. Yəni, hər iki şəxs bir mənzilin pulunu ayrı-ayrı ödəmiş olublar. Qətnamənin icrası da var, Salyan Rayon İcra Şöbəsindədir. Hökmün icrası da var. İddiaçı bildirir ki, o borcu Heydərə verib, Heydər qaytarsın. Ali Məhkəməsinin qərarında qeyd edilib ki, dürüstlük qaydalarına əsasən o şəxs sənədə qol çəkib, o şəxs dürüst olaraq sənədi qəbul edibsə, belə olan halda o əqdi qəbul etmiş sayılır. Ali Məhkəmə Xətai Rayon Məhkəməsinin qətnaməsini tamamilə gözardına alıb. Ali Məhkəmə Xətai Rayon Məhkəməsinin qətnaməsini sübut kimi qəbul etmir. Ali Məhkəmə qeyd edir ki, burada etibarsızlıqla bağlı uydurma dəyər yoxdur. Apellyasiya məhəməsinin qətnaməsində ona görə etibarsız olduğunu bildirmişdir ki, pulun alınması və verilməsi məsələsi yoxdur. Onlar apellyasiya şikayətini müdafiə edirlər. Apellyasiya şikayətində Xətai Rayon Məhkəməsinin qətnaməsini ilə bağlı geniş məlumat verib. İş materiallarının içərisində onun sorğusunun cavabı var. Sorğuya gec cavab gəlib. Sorğunun cavabı gələndən sonra bilib ki, Xətai Rayon Məhkəməsinin belə bir qətnaməsi var. Onlar Salyan Rayon İcra şöbəsinə gedib icraata xitam verməsini istəsələr, heç bir halda icraata xitam verə bilməz, çünki tərəf başqa şəxsdir. Cavabdehin qardaşına daha az cəza təyin edilməsi barədə iddiaçının ərizəsi ilə bağlı bildirmək istəyir ki, qardaşın 2015-ci tarixli qətnaməsindən xəbəri olmayıb. Ona bildirilib ki, pul Bəhruz tərəfindən ödəniləcək. O pul onun borcudur deyə bir hal yoxdur. Aralarında borc müqaviləsi yoxdur. Yəni, borcun Bəhruz tərəfindən ödənilməsi nəzərdə tutulur. Tərəf 2015-ci ildə cinayət işi gedən zaman mülki iddia qaldırır amma bildirmir ki, Xətai rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi var. Son dövrə aid Xətai rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsinin icraya yönəldilib-yönəldilməməsi barədə sorğunun cavabını sübut kimi məhkəmə iclası təxirə salınsa təqdim edə bilər. Xətai rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi icra mərhələsindədir. 2019-cu ildə Bakı Apellyasiya Məhkəməsində cinayət işi gedərkən iddiaçı tərəf tələbinin olmamasını deyib. Sözügedən istintaq 2015-ci ilin qətnaməsi çıxmamışdan əvvəl başlayıb, iddiaçı istənilən vaxt mülki işlə bağlı tələbini geri götürə bilərdi, geri götürməyib.Yenə də mübahisələndirilən 2019-cu il tarixli ərizə 2015-ci il qətnaməsinin icrasını dayandırmayıb. Bu gündə deyirlər ki, dayandırmırlar. Tərəf 2015-ci ilin qətnaməsinin icrasını dayandırılması barədə ərizə yazmayıb. O şəxsən icra işi ilə tanış olub. Belə bir ərizə olmayıb. Əgər tərəfin 2015-ci ilin qətnaməsindən imtina etmək istəyi varsa,imtina etsin. Ali Məhkəmə də 2015-ci ilin qətnaməsinin mövcudluğunu vurğulayıb. Tərəflər eyni olduğu halda bir məsələ ilə bağlı 2 icra işi olacaq. Bu da ola bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsində iddiaçı yazmayıb ki, o 2015-ci ilin qətnaməsindən imtina edir. Qətnamənin cinayət işinə heç bir aidiyyatı yoxdur. Qarşı tərəfin vəkili hazırda imtina ilə bağlı konkret fikir bildirmir. Məhkəmə qətnaməsinin icrası barədə rəsmi məlumat yoxdur, ona görə də Ali Məhkəmə bu məsələnin araşdırılmasının vurğulayıb. Onlar 2015-ci ilin qətnaməsinin elektron icra vərəqəsini təqdim ediblər.

18. Təkrar apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2015-ci ildə o məhkəməyə müraciət edib. 9 nəfər zərər çəkmiş var idi və onlardan səkkizində 1 ədəd 2 otaq, onda isə 2 ədəd 2 otaq var idi. Cinayət işi Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində olan zaman da, o məhkəmə prosesində ümumiyyətlə danışmayıb. Qarşı tərəf hər şeyi etiraf etdi ki, o müdürin əvəzinə qol çəkib. Ona xahiş edirdilər ki, onun həbsdən çıxmasına yardım etsin və onun da ürəyi dözmədi. Cavabdehin qardaşı 9000 manat verdi və dedi 1 il müddətində pulu verəcəklər. Məhkəmə olanda ona dedilər ki, notarial qaydada təsdiq etsin ki, dəyən ziyan ödənilib. Amma notariata da müraciət ediblər, notariatda bildirdi ki, bu əvvəllər mövcud idi, sonradan mübahisələr yarandığına görə belə məsələlər ləğv edilib. Həmin üsulla da müqavilə bağlaya bilmədiklərinə görə onlar öz aralarında müqavilə bağlayıblar. Ona cəmi 9000 manat pul verilib. Cavabdehin qardaşı ilə ona görə razılaşıblar ki, onun iş yerinə gəldilər, üç uşaq atasız qalmasın deyə onların istəyi ilə razılaşıb. O 2-3 gündür ki, Salyan Rayon İcra şöbəsindən zəng edib, Heydərin borcu olub olmadığını soruşurlar. Onun başına belə bir oyun gəlib. O pulun Heydərdən tutulmasını istəyir. Onun qardaşı ilə artıq işi yoxdur.

19. Təkrar apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, müqaviləni bağlayanda Heydər öhdəlik götürdü ki, o borcu qaytaracaq. O da şahiddir ki, ev 2 qardaşa verilib, amma qardaşlardan biri istintaqdan yayınıb. Heydər istintaqdan yayındığı üçün Bəhruz hər şeyi öhdəsinə götürür. Cavabdehin vəkili və nümayəndəsi bildirir ki, Xətai rayon Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi var, amma qətnamənin qanuni qüvvəyə mindiyi sənədi təqdim edə bilmir. Qətnamənin qanuni qüvvəyə mindiyi sənədi təqdim edilməlidir. Onların qarşısında iki dələduz qardaş dayanıb. Qardaşlardan biri Nəsimi Rayon Məhkəməsində qəbzi yaza-yaza yazmadığını bildirirdi. Hətta o, məhkəməyə gəlmirdi, onlar qiyabi qətnamə çıxarılmasını ilə təmin ediblər. Məhkəmədə hakim qəbzi onun yazıb-yazmadığını soruşanda qəbzi yazmadığını bildirmişdir. Yəni ki, yalan danışıb. Qarşı tərəfin vəkili onların 75.000 manatı aldığını bildirir, əgər 75.000 manatı almışıqsa qəbz haradadır. Hökmdə ərizə göstərilib. Qarşı tərəfin vəkilinin Bəhruzun qardaşı ilə olan iddianın qətnaməsinin çıxdığını və icraya yönəldiyini bildirir, deməli onlar qətnamənin icrasına xitam veriblər, çünki cavabdeh Heydər Bakı Apellyasiya Məhkəməsində Cinayət Kollegiyasında cinayət işinə baxılan zaman gəlib xahiş edib ki, qətnamənin icrasına uyğun olaraq 75.000 manat pulu aldığını desin və qardaşı azad edilsin. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin hökmünün 6cı səhifəsində İddiaçı zərərçəkmiş şəxs qismində göstərilib. Həmin hökmün 7-ci səhifəsində isə pulun İddiaçı ödənildiyi göstərilib. Ona görə belə qeyd edilib ki, cavabdehin qardaşı pulu şəxsən özü ödəyəcəyini öhdəliyinə götürmüşdü. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ayrı-ayrı qətnamələrdir. Cavabdeh kimi Xətai Rayon Məhkəməsinin qətnaməsində Bəhruz, Nəsimi Rayon Məhkəməsinin qətnaməsində isə Heydər göstərilib. Tərəflər fərqli-fərqlidir. Xətai Rayon Məhkəməsinin qətnaməsi onlara maraqlı deyil, çünki onlar cavabdehin həbs edilməməsi üçün qardaşının xahişinə əsasən işə xitam verilmişdir. Heydər götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə onlar Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər. Xətai Rayon Məhkəməsinin qətnaməsinin icrasından imtina edir.

Tətbiq edilən hüquq normaları:

20. Azərbaycan Respublikası Konstitusiyası Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

22. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

25. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etsə də tərəflər arasındakı münasibətlərə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmədiyinə görə apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

26. İşin mübahisəsiz halları odur ki, iş üzrə Cavabdeh qardaşı olan X8 başqa cinayət əməlləri ilə yanaşı qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 75760 manat məbləğində pul vəsaitini ələ keçirdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

27. Hökmdən də müəyyən olunur ki, İddiaçı ərizə təqdim edərək X5 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

28. 17 sentyabr 2019-cu il tarixli yazılı qəbzlə Cavabdeh İddiaçı 66000 manat borclu olmasını etiraf etmiş və həmin borcu 1 ildən sonra, yəni 17 sentyabr 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində keçirilmiş xətşünaslıq ekspertizasının rəyi ilə qəbzin Cavabdeh tərəfindən tərtib edilməsi öz təsdiqini tapmışdır.

29. Qəbzdə Cavabdeh İddiaçı 66000 manat borclu olması qeyd olunsa da işin halları ilə müəyyən olunur ki, İddiaçı ona qarşı cinayət törətmiş Bəhruz Quliyevin vurduğu ziyanın hazırki iş üzrə Cavabdeh tərəfindən ödəniləcəyinə inanaraq və cinayət işi üzrə məhkəmə icraatında cavabdehin qardaşına daha az cəza təyin edilməsinə şərait yaradaraq Bəhruz Quliyevə qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirmişdir.

30. Göründüyü kimi iddiaçı ona Bəhruz Quliyev tərəfindən vurulmuş ziyanın sonuncunun qardaşı olan iş üzrə Cavabdeh tərəfindən ödəniləcəyi barədə, eynilə cavabdeh də onun qardaşının iddiaçıya vurduğu ziyanın onun tərəfindən ödəniləcəyi barədə qarşılıqlı razılığa gəlmişlər. Nəticədə, Bəhruz Quliyevin iddiaçı qarşısında olan öhdəliyi iş üzrə Cavabdeh keçərək, cavabdeh borclu Bəhruz Quliyevi əvəz etmişdir.§ 21

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən 66000 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayəti isə tamamilə əsassızdır.

32. Bundan əlavə, işə baxan kassasiya instansiya məhkəməsinin qərarında cavabdehin təqdim etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsinə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsində nəzərdə tutulmuş hədlərdə hüquqi qiymət verilməsi qeyd edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili qeyd edilən qətnamə barəsində birinci instansiya məhkəməsidə məlumat veridiyini qeyd etsə də iş materiallarında olan birinci instansiya məhkəməsində keçirilən iclaslarla bağlı tərtib edilən protokollarda cavabdeh tərəfin belə bir qətnaməyə istinad etməsi müəyyən olunmur. Habelə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində də həmin qətnaməyə istinad olunmamışdır.

34. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsiə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, işdən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsi 02 iyul 2015-ci il tarixdə icraya yönəldilmişdir. (i.v.235) Həmin icra vərəqəsindən də müəyyən olunur ki, X10 Mahmudovun xeyrinə vurulmuş ziyana görə 75760 manat pul tutulmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnaməyə cavabdeh tərəf istinad etsə də həmin icra sənədi üzrə tələbin artıq icra olunduğuna dair sübut təqdim etməmişdir. İddiaçı tərəf isə pulun Cavabdeh tutulmasını tələb etdiklərini, bu səbəbdən Xətai Rayon Məhkəməsinin qətnaməsinin icrasını tələb etmədiklərini qeyd etmişdir.

37. İşdən o cümlədən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu, habelə hüquqi yardıma görə 150 manat pul ödənilmişdir.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1479/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 66.000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat, cəmi 66180 manat İddiaçı xeyrinə tutulmalıdır.

39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1479/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, İddia tələbi təmin edilsin. Cavabdeh 66.000 manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat, cəmi 66180 (altmış altı min yüz səksən ) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar