Məhkəmə qərarları › İş №2(103)-4798/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4798/2025

15.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4798/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), qızının katibliyi, Üçüncü şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı (Bank "xxxx" ASC və "xxxx" şirkəti mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-1511/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 3 ünvanında yerləşən 996.60 kv.m sahəsi olan qeyri-yaşayış binasının mülkiyyətçisi "xxxx" Şirkətidir.

2. Bank "BTB” ASC ilə borcalan İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan "xx.xx.2023-cü il tarixli, DEN-A0128-14/23A nömrəli “Əlavə Razılaşma” üzrə İddiaçı yaşayış təyinatlı əmlakın alınması məqsədi ilə 48 ay müddətinə, illik 18 faiz hesablanmaqla, 500.000 manat məbləğində kredit verilmişdir.

3. Bank "BTB” ASC ilə ipoteka qoyan "xxxx" Şirkəti (direktoru İddiaçı) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, DENGZ-00128-14/23A nömrəli ipoteka müqaviləsinə əsasən, İddiaçı verilən kreditin təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 3 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir.

4. Bank BTB-nin İddiaçı və ipoteka qoyan (eyni zamanda zamin) "xxxx" Şirkətinə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdə göstərilmişdir ki, Bank "BTB” ASC ilə borcalan İddiaçı arasında bağlanılmış "4" avqust 2023-cü il tarixli № DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan "4" avqust 2023-cü il tarixli DEN- A0128-14/23A saylı “Əlavə Razılaşma”üzrə İddiaçı Yaşayış təyinatlı əmlakın alınması məqsədi ilə 48 (qırx səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla, 500.000 AZN (beş yüz min manat) məbləğində kredit verilmişdir. Müqavilədə kreditin hissə-hissə, annuitet qrafiki üzrə qaytarılması nəzərdə tutulmuşdur. Hal-hazırda Kredit Müqaviləsi üzrə öhdəliklər icra olunmur. Bu öhdəliyin təminatı olaraq bağlanmış "4" avqust 2023-cü il tarixli № DENGZ- 00128- 4 23A saylı İpoteka müqaviləsinə əsasən "xxxx" ŞİRKƏTİNƏ məxsus olan Bakı şəhəri, Sabunçu rayonu,Şəhər Şossesi küçəsi,3 ünvanlı qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir (Yüklü Çıxarış: Reyestr nömrəsi: **********11-06301,qeydiyyat nömrəsi: ********** diyyat tarixi: xx-xx-2023). Yuxanda qeyd edilən kredit müqaviləsinin bəndinə əsasən, borc alan tam və vaxtında kredit üzrə Hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən hesablanmış peniya faizlərini ödəmək vəzifəsini daşıyır. "4" avqust 2023-cü il tarixli № DEN-00128-14/23A nömrəli csjs Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan "4" avqust 2023-cü il tarixli DEN-A0128-14/23A saylı “Əlavə Razılaşma”üzrə əsas borc məbləği 433 970.61 AZN (dörd yüz otuz, üç min doqquz yüz yetmiş manat, 61 qəpik), ümumi faiz borcu 29 210.98 AZN (iyirmi doqquz min iki yüz on manat 98 qəpik), dəbbə borcu 10 739.11 AZN (on min yeddi yüz otuz doqquz manat, 11 qəpik), cəmi 473 920.70 AZN (dörd yüz yetmiş üç min doqquz yüz iyirmi manat, 70 qəpik) təşkil edir. Borcun ödənilməsi tələb olunur. Əks təqdirdə ipoteka ilə yüklü edilmiş əmlaka məhkəmə və ya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəkdir.

5. Qeyd olunan bildiriş xx.xx.2024-cü il tarixdə iddiaçıya və "xxxx" şirkətinin ünvanına təqdim olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə bildirişə etiraz yazaraq, qeyd edilən məbləğləri ödəmək imkanı olmadığını, ona möhlət verilməsini, mübahisə olduğundan işin notariusun icra qeydi ilə deyil, məhkəmə qaydasında həll edilməsinini məqsədəmüvafiq hesab etdiyini bildirmişdir.

6. "xxxx" ASC xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlayaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə məlumat ünvanlayaraq həmin bildirişin qeydə alındığını bildirmişdir.

7. "xxxx" ASC ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ərizə ilə Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən həmin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixdə reyestrdə 8i-29929 nömrə ilə qeyd edilmiş icra qeydi verilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə notariusun 8İ-29929 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8i-29929 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Bank "xxxx" tərəfindən iddiaçıya bildiriş ünvanlanmışdır. Bildirişdə göstərilmişdir ki, Bank "xxxx" ASC ilə onun arasında xx.xx.2023-cü il tarixli № DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli DEN-B0128-14/23A saylı “Əlavə Razılaşma” üzrə İddiaçı Yaşayış təyinatlı əmlakın alınması məqsədilə 48 ay müddətinə, illik 23% hesablanmaqla, 200 000 AZN məbləğində kredit verilmişdir. DEN- 00128-14/23A saylı xx.xx.2023-cü il tarixli Əsas kredit müqaviləsinin tərkib hissəsi olan DENA0128-14/23A say Əlavə Razılaşmaya əsasən İddiaçı 500 000 AZN məbləğində illik 18 %-lə kredit verilmişdir. Bank "xxxx" tərəfindən ona qeyri-dəqiq məlumatlar verilmiş, o cümlədən Bank "xxxx"- nin də iştirakı ilə Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən aldadılmışdır. İpoteka müqaviləsi də məhz həmin notarius tərəfindən təsdiq edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində Bank "xxxx" əməkdaşları tərəfindən İddiaçı Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X3 təsdiqi ilə 3 müxtəlif məzmunda ərizə verməyə məcbur edilmişdir. İddiaçı ərizə verərkən ərizənin məzmunu ilə tanış olmamış, notarius tərəfindən prosedur qaydalar pozulmuşdur. Həmin vaxt qeyri-yaşayış obyektinin alınması üçün pula ehtiyacı olduğundan, kredit müqaviləsinin də şərtləri ilə də tanış olmamış, Bank "xxxx" əməkdaşları tərəfindən şərtlər ona izah edilmişdir. Belə ki, **********547 nömrəli ərizədə qeyd edilmişdir ki, “...xx.xx.2023-cu il tarixində "”BEYAZ RESİDENCE” MMC ilə onun arasında olan 61 nömrəli müqaviləsinə əsasən arvadı X1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ blok 5-ci mərtəbə,ümumi sahəsi 79 kv.m olan,3 otaqlı,19 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etməmişdir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə ona qarşı heç bir tələb və iddiası olamayacaq...”. **********548 saylı ərizədə qeyd edilir: “...xx.xx.2023-cu il tarixində "”BEYAZ RESİDENCE” MMC ilə onun arasında olan 59 nömrəli müqaviləsinə əsasən arvadı X1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİci blok 5-ci mərtəbə,ümumi sahəsi 81.5 kv.m olan,3 otaqlı,18 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə ona qarşı heç bir tələb və iddiası olamayacaq...”. **********549 saylı ərizənin məzmunu isə aşağıdakı kimidir: “… xx.xx.2023-cu il tarixində ”BEYAZ RESİDENCE” MMC ilə mənim aramda olan 60 nömrəli müqaviləsinə əsasən arvadım-X1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ-ci blok 5-ci mərtəbə, ümumi sahəsi 79 kv.m olan,3 otaqlı,17 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə ona qarşı heç bir tələb və iddiası olmayacaq…”. Hər üç ərizədə ”BEYAZ RESİDENCE” MMC ilə bağlanmış müvafiq müqavilələrə əsasən qeyd edilən obyektdən Dinarə Ələkbərova tərəfindən adıçəkilən mənzillərdən imtina edilməsi göstərilmişdir. X4 Maarifin həyat yoldaşıdır. Ancaq hər iki şəxsin, yəni İddiaçı və o cümlədən Dinarə Ələkbərovanın ”BEYAZ RESİDENCE” MMC ilə bağlanmış hər hansı müqaviləsi mövcud deyildir. Ümumiyyətlə, adıçəkilən mənzillərlə hər iki şəxsin aiddiyyəti yoxdur. Bununla bağlı ipoteka müqaviləsində göstərilən təminat qismində çıxış edən daşınmaz əmlak da mövcud deyildir. Həmin vaxt pula ehtiyacı olan İddiaçı bank və notarius tərəfindən aldadılmış, qeyri-dəqiq məlumatlar verilmiş, dəqiq olmayan məlumatlarla da kredit müqaviləsi bağlanmış və notarial ərizələr imzalatdırılmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında Qərarla icra sənədi üzrə icraat başlanılmışdır. İcraata başlamaq haqqında Qərara əsasən icra sənədi üzrə borclular İddiaçı və "xxxx" Şirkətindən 433970,61 manat borc, 29210,98 manat faiz borcu, 10739,11 manat dəbbə pulu olmaqla cəmi 473920,70 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Bank "xxxx" ASC-in xeyrinə tutulması müəyyən edilmişdir. Həmin Qərara əsasən tutma ipoteka predmeti olan "xxxx" Şirkətinə məxsus ünvan 7 ünvanında yerləşən qeyriyaşayış sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Notariusun icra qeydi verməsi üçün maliyyə arayışı, hesabdan çıxarış, təqdim olunmalı bildiriş, üçüncü şəxslə bağlanan “Zaminlik” müqaviləsi, üçüncü şəxs, “ipoteka müqaviləsi” təqdim edilməlidir. Bu prosedurların düzgün qaydada həyata keçirilməsi isə onlarda şübhə yaratmışdır. Çünki yuxarıda da qeyd etdiyi kimi "xxxx"-nin də iştirakı ilə İddiaçı aid olmayan daşınmaz əmlakla bağlı ərizələr tərtib edilmişdir. Müqavilədən və icraata başlamaq haqqında qərardan da göründüyü kimi tələb olunan məbləğ xeyli yüksəkdir. Notarius isə heç bir əmtəəşünaslıq ekspertizası aparmadan icra qeydi vermiş və icraya yönləndirmişdir. Bundan başqa həmçinin xx.xx.2024-cü il tarixli “ İpoteka Müqaviləsi”ndə də tutma yönləndirilməli olan daşınmaz əmlakın ilkin satış qiyməti göstərilməmişdir. Notarius isə qiymətləndirmə ekspertizası həyata keçirmədən əmlaka tutma yönləndirilməsi haqqında icra qeydi vermişdir. Bundan başqa Cavabdeh tərəfindən Bankdan məcburi olan sənədlər tələb edilməmiş və araşdırılmamışdır. Bu baxımdan 8i-29929 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi zərurəti vardır.

11. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi iddiaya qarış etiraz verərək qeyd etmişdir ki, Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DEN-00128- 14/23A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 120 ay müddətinə maksimal faiz dərəcəsi 35 faiz olmaqla 1 000 000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DEN- 00128-14/23A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkb hissəsi olan xx.xx.2023-cü il tarixli, DEN-A0128-14/23A saylı Əlavə razılaşmaya əsasən, bank tərəfindən İddiaçı 48 ay müddətinə illik 18 faiz olmaqla 500 000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində "xxxx" Şirkəti xx.xx.2023-cü il tarixdə Bank "xxxx" ASC ilə DENGZ-00128-14/23A saylı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Şirkətinə məxsus olan ünvan 11 ünvanlı qeyri-yaşayış binası İpoteka saxlayana ipotekaya qoymuşdur. İddiaçı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Bank "xxxx" ASC tərəfindən İddiaçı və "xxxx" ŞİRKƏTİnə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək öhdəliklərini icra etməyəcəyi təqdirdə ödənişin ipoteka prdetmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı məhkəməyə və notariat orqanına icra qeydi alınması ilə bağlı müraciət ediləcəyi xəbərdarlığı edilmişdir. Həmin bildirişlər xx.xx.2024-cü il qəbul edilmişdir. Nəticədə xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri 14 saylı notariat konturu tərəfindən icra qeydi aparılmış, icra qeydinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan - BANK "BTB” ASC-nin tələbi ilə ipoteka qoyan - İddiaçı, "xxxx" Şirkəti /VÖEN:**********/, AZ1034, ünvan 9 ünvanında yerləşən "xxxx" Şirkəti /VÖEN:**********/ məxsus ipoteka predmeti olan "xxxx" Şirkətinə məxsus olan ünvan 10 ünvanında yerləşən əmlaka tutma yönəldilsin (Öhdəliyi müəyyən edən DEN- 00128-14/23A müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 433970.61 AZN əsas borc, 29210.98 AZN faiz borcu , 10739.11 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 473920.70 AZN təşkil edir). Qeyd edilənlərdən göründüyü kimi iddia tələbi tamamilə əsassızdır. Ümumiyyətlə iddia ərizəsində qeyd edilənlərin 8i-29929 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi ilə heç bir əlaqəsi yoxdur. Odur ki, bütün yuxarıda qeyd edilənləri əsas gətirərək iddianın rədd edilməsi xahiş olunur.

12. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının icra qeydi ilə bağlı verdiyi etiraz icra qeydinin çıxarılmasının dayandırılması üçün əsas deyil. İpoteka müqaviləsi ayrı mübahisə predmetidir. İddia ərizəsində göstərilən "xxxx" MMC-yə aid olan məsələlər isə ümumiyyətlə aydın deyil, onlarla əlaqəsi yoxdur. Notarius tərəfindən ekspertiza keçirilməmişdir, onun belə səlahiyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1511/2025 nömrəli qətnaməsi ilə (hakim H.N.Miriyeva) iddia təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8i-29929 saylı notariat işinin materiallarına əsasən, tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.

15. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

16. Məhkəmə iddiaçının borcun məbləği və ipoteka predmeti olan əmlakın dəyəri ilə bağlı notarius tərəfindən müvafiq ekspertizaların keçirilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, notariusun icra qeydini aparması çərçivəsində ekspertiza təyin etmək kimi səlahiyyəti müəyyən edilməmişdir. O da qeyd edilməlidir ki, iddiaçı, bank tərəfindən kredit borcunun ödənilməsi, əks təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı xəbərdarlıq bildirişini aldıqdan sonra, qanunda nəzərdə tutulmuş müddət ərzində borcun məbləğini məhkəmə qaydasında mübahisələndirməmişdir. Bu faktın özü icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir. Çünki qanunverici 20 gün müddəti ona görə müəyyən edib ki, icra qeydinin aparılacağına və ya borcun məbləğinə dair hər hansı etirazı olarsa, borclu həm kredit müqaviləsini, həm də borcun məbləğini ayrıca məhkəmə qaydasında mübahisələndirə bilsin. Əksinə, işdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi aldıqdan sonra banka ünvanladığı etirazda göstərilən məsələləri mübahisələndirməmiş, yalnız borcu ödəmək üçün imkanı olmadığını bildirmiş və ona möhlət verilməsini xahiş etmişdir. Bu da borcun mübahisəli olduğunu istisna edir və notarius tərəfindən icra qeydinin məhz bu əsasla verildiyini təsdiq edir.

17. Qanunuvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması, borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəsiz olduqda notarius icra qeydini aparmaqdan mtina etməli, tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Göründüyü kimi borcun məbləği borcalan tərəfindən mübahisələndirilməmişdir.

18. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5, 36.1, 36.2, 36.2.1, 36.2.2, 36.2.3, 36.2.4, 36.3, 36.3-1, 36.4.1, 36.4.2, 36.5, 37.1, 37.3, 38.1, 38.2-ci maddələrinə, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 217.4cü maddəsinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, notarius heç bir əmtəəşünaslıq ekspertizası aparmadan icra qeydi vermiş və icraya yönləndirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən ekspertiza məsələsinə ümumiyyətlə mövqe göstərilməmişdir. Hesab edir ki, məbləğin düzgün m ü ə y y ə n edilməsi məqsədilə əmtəəşünaslıq ekspertizasının keçirilməsi zəruri idi. Bundan başqa əmlakla bağlı qiymətləndirmə ekspertizası keçirilməmişdir. Bu halda hərraca çıxarılan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin hansı əsasla müəyyən edilməsi aydın deyildir. İcra qeydi məbləğ çox olduğu üçün verilə bilməzdi. İpoteka predmeti ilə bağlı satış qiyməti göstərilməmişdir. İddiaçıya iki milyon manatlıq kredit xətti açılmışdır. İddiaçıya bu kredit verilmədiyi üçün öz biznesini tamamlaya bilməmişdir. Bank da öz öhdəliyini yerinə yetirə bilmədiyindən pulu ödəməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Bank "xxxx" ASCnin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının növbəti tarixə təxir edilməsini xahiş etmişdir, lakin bununla bağlı ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Qanuna uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

27. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşdən görünür ki, İddiaçı ilə Bank "xxxx" ASC arasında 48 ay müddətinə, illik 18 faiz hesablanmaqla, 500.000 manat məbləğində kreditin verilməsinə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin təminatı kimi xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan "xxxx" şirkətinin mülkiyyətində olan ünvan 11 ünvanlı qeyri-yaşayış binası Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

33. Cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə aparılmış icra qeydinə əsasən ipoteka predmeti olan əmlaka 473.920,70 manat üzrə borc yönəldilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə ipoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməlidir. Həmin bildirişdə digər məlumatlarla yanaşı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumat əks etdirilməlidir. İpoteka qoyan isə həmin bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

35. İşdən müəyən olunur ki, cavabdeh "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda göstərilən sənədləri - ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən çıxarışı, ipoteka müqaviləsini və ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi və onun ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədini elektron qaydada iş üzrə digər cavabdeh olan notariat ofisinə təqdim etmişdir.

36. Bundan öncə isə ipoteka saxlayan "xxxx" ASC “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası) əks etdirən bildirişi ipoteka qoyan iddiaçının ünvanına göndərmiş, iddiaçı (eyni zamanda ipoteka qoyan "xxxx" şirkətinin qanuni təmsilçisi (direktoru)) və həmin bildirişi xx.xx.2024cü il tarixdə qəbul etmiş, bundan sonra ipoteka saxlayan 3 iş günü ərzində (xx.xx.2024cü il tarixdə) ərizəsini ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmiş, bununla da tutmanın yönəldilməsi proseduruna riayət etmişdir.

37. İddiaçı apellyasiya şikayətində icra qeydində qeyd olunan məbləğlərin əsassız artırıldığını bildirsə də, məhkəmə kollegiyası bu dəlili əsassız sayaraq qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumat da əks olunmuş bildirişi ipoteka saxlayan "xxxx" ASC-dən aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi, lakin bunu etməmiş, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edərək qeyd edilən məbləğləri ödəmək imkanı olmadığını, ona möhlət verilməsini xahiş etmiş, mübahisə olduğundan işin məhkəmə qaydasında həll edilməsinini məqsədəmüvafiq hesab etdiyini bildirmişdir.

38. "xxxx" ASC isə həmin müddəti gözləmiş, müddət bitdikdən sonra xx.xx.2024cü il tarixdə icra qeydinin verilməsi barədə ərizə ilə 14 saylı Notariat Ofisinə müraciət etmişdir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə Notariat Ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur.

40. İddiaçı həmçinin borcla əlaqədar notarius tərəfindən ekspertizanın keçirilmədiyinə və ipoteka predmetinin qiymətləndirilməməsinə istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, notarius tərəfindən icra qeydinin aparılması çərçivəsində bu hərəkətlərin edilməsi qanunvericilikdə müəyyən edilməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsinin 1.3-cü bəndində tərəflərin qarşılıqlı razılığı ilə “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsinin tələblərinə müvafiq olaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edəcək müstəqil qiymətləndiricilər qeyd edilmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 1511/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar