Məhkəmə qərarları › İş №2(103)-48/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-48/2021

13.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-48/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndələri X7 və X2, Cavabdeh, X17 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Cavabdeh qarşı «sahələrin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(004)-141/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «sahələrin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 7 ünvanında yerləşən sahəsi 47,10 m2 və 28,90 m2 olan anbar binalarının boşaldılaraq, həmin sahələrdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 7 ünvanında yerləşən sahəsi 47,10 m2 və 28,90 m2 olan, əvvəllər anbar kimi istifadə olunmuş qeyri-yaşayış sahələri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin balansındadır. Lakin, tərəflərindən müəyyən olunmuşdur ki, həmin anbar binaları cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə həmin sahələrin boşaldılması ilə əlaqədar cavabdehə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, nəticəsi olmamışdır. Cavabdeh heç bir hüquqi əsas olmadan qeyd edilən sahələri zəbt edərək, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(004)- 141/2017 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilərək, iddiaçının balansında olan Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 7 ünvanında yerləşən sahəsi 47,10 m2 və 28,90 m2 olan anbar binalarının boşaldılaraq, Cavabdeh həmin sahələrdən çıxarılması qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 aprel 2018-ci il tarixli, 2(103)- 4084/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 20 sentyabr 2018ci il tarixli, 2(102)-5780/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 aprel 2018-ci il tarixli, 2(103)-4084/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mübahisəli ünvanda (binada) iddiaçının iddia etdiyi ölçüdə qeyri-yaşayış sahələrinin olmaması, orada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin müxtəlif şəxslərin mülkiyyətində olması, iddiaçının iddia etdiyi kiçik sahələrin anbar kimi istifadə olunmasının mümkün olmaması, birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilməklə və ya ekspertiza təyin olunmaqla qeyri yaşayış sahələrinin yerinin müəyyənləşdirilməməsi, onun ona aid olmayan sahələrdən çıxarılmasının qət olunması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ona qarşı iddiaçının vindikasiya barədə iddiası tam əsassızdır. Çünki, o, iddiaçının iddia etdiyi, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 7 ünvanında yerləşən sahəsi 47,10 m2 və 28,90 m2 olan anbar binalarını zəbt etməmişdir, hazırda da orada deyildir. Məhkəmə kollegiyasının, ekspertin və tərəflərin yerində müayinə zamanı iddiaçının nümayəndəsinin göstərdiyi birinci qeyri-yaşayış sahəsinin ölçüsü 26,7 m2 olmaqla, onu “Hərracların Təşkili üzrə Auksion Mərkəzi” tərəfindən 11 oktyabr 2016-cı il tarixdə keçirilən hərracdan əldə etmiş, bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun arasında 11 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan sonra isə həmin qeyri-yaşayış sahəsini X3, hazırda da sonuncunun mülkiyyətindədir. Yerində müayinə zamanı da müəyyən olundu ki, həmin sahə X13 tərəfindən başqa şəxslərə icarəyə verilmişdir, onun həmin sahəyə heç bir aidiyyəti yoxdur, oradan istifadə etmir. Yerində müayinə zamanı iddiaçının nümayəndəsinin göstərdiyi digər qeyri yaşayış sahəsinin ölçüsü 36,5 m2 olmaqla, yenə də iddiaçının iddia etdiyi sahəyə uyğun olmamışdır. O, həmin sahəni də əvvəllər “Hərracların Təşkili üzrə Auksion Mərkəzi” tərəfindən keçirilən hərracdan əldə etmiş, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan sonra həmin qeyri-yaşayış sahəsini anası X6 bağışlamış, sonuncu isə 14 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən oranı X4, hazırda da sonuncunun mülkiyyətindədir. Yerində müayinə zamanı da müəyyən olundu ki, həmin sahə X14 tərəfindən başqa şəxslərə icarəyə verilmişdir, onun həmin sahəyə heç bir aidiyyəti yoxdur, oradan istifadə etmir. Göründüyü kimi, iddiaçı tərəfin yerində göstərdiyi qeyri-yaşayış sahələrinin ölçüləri iddia olunan sahələrə uyğun olmamaqla, əvvəllər onun xüsusi mülkiyyətində olmuş, yəni oranı qanunsuz zəbt etməmiş, sonradan isə özgəninkiləşdirilmiş, hazırda ona məxsus deyildir. Belə olan halda, vindikasiya barədə iddia əsaslı sayıla bilməz. Onun zəbt etmədiyi və hazırda ona məxsus olmayan, istifadə etmədiyi yerdən çıxarılması qanunsuz olmaqla, məntiqsizdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyniməzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh hazırda mübahisəli qeyri-yaşayış sahələrindən istifadə etməsə də, iddia verilən zamanı orada olmuşdur. Mübahisəli qeyri-yaşayış sahələrinin hazırda digər şəxslərin, yəni X8 və X9 mülkiyyətində olması sonradan onlara məlum olmuşdur. Əvvəlki apellyasiya baxışı zamanı iddianın dəyişdirilməsi, X8 və X9 icraata cəlb olunması barədə ərizə verilsə də, qəbul olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasına dəfət olunmuş ekspert bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardadının icrası ilə bağlı tərəfindən bir-neçə dəfə mübahisəli qeyriyaşayış sahələrinə baxış keçirilməsi üçün həmin yerə gedilmiş, iddiaçının nümayəndəsi tərəfindən hər iki sahənin yeri göstərilmiş, lakin orada başqa şəxslər olduğundan və ona həmin sahələrin X8 və X9 xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar göstərildiyindən, həmçinin oradan faktiki istifadə edən şəxslər (icarəçilər) ona baxış keçirməyə icazə vermədiyindən ekspertiza tədqiqatının aparılması mümkün olmamış, bu barədə müvafiq məlumatlar yazılmaqla mülki iş icrasız qaytarılmışdır. Lakin, sonradan məhkəmə kollegiyası tərəflərin və onun iştirakı ilə yerində müayinə aparmış, iddiaçının nümayəndəsi yenə də eyni sahələri göstərmiş, orada olan şəxslər baxış keçirilməsinə icazə verdiklərindən tərəfindən müvafiq ölçmə işləri aparılmış və müəyyən olunmuşdur ki, hər iki qeyri-yaşayış sahəsinin ölçüsü iddiaçının bildirdiyi sahələrə uyğun olmamış, əksinə təqdim edilmiş X8 və X9 mülkiyyət hüququna dair çıxarışlarda göstərilən sahələrə uyğun olmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 7 ünvanında yerləşən sahəsi 47,10 m2 və 28,90 m2 olan yaşayış binasında anbar sahələri iddiaçının balansındadır. İddiaçı qeyd edilən qeyri-yaşayış sahələrinin qanuni sahibi kimi hazırki iddia tələbini irəli sürərək, cavabdehin qanunsuz zəbt etdiyi həmin sahələrdən çıxarılmasını xahiş etmişdir (vindikasiya barədə iddia). Cavabdeh isə iddiaya etiraz edərək, tərəfindən iddiaçıya məxsus iddia olunan qeyriyaşayış sahələrinin zəbt olunmamasını, Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 7 ünvanında 1-ci mərtəbədə yerləşən, sahələri 26,7 m2 və 36,5 m2 olan qeyri-yaşayış sahələrini “Hərracların Təşkili üzrə Auksion Mərkəzi” tərəfindən keçirilən hərraclardan əldə etməsini, Əmlak Məsələləri Dövlət Komitəsi ilə arasında alqı-satqı müqaviləsinin bağlanmasını, mülkiyyət hüüquqlarının dövlət qeydiyyatına alınmasını, sonralan isə hər iki qeyri-yaşayış sahəsini digər şəxslərə (X13 və X14) özgəninkləşdirməsini, bundan sonra həmin sahələrə sahiblik və istifadə etməməsini, hazırda başqa şəxslərin mülkiyyətində olmasını və s. göstərmişdir Birinci instansiya məhkəməsi iddianı təmin edərkən – iddia olunan qeyri-yaşayış sahələrinin iddiaçının balansında olmaqla, cavabdehin qanunsuz sahibliyindən olmasını, oranı boşaltmamasını göstərmişdir. Qeyd edilməlidir ki, iddiaçının tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü maddəsi) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Göründüyü kimi vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər birlikdə, məcmu halda mövcud olmalıdır. Əks halda iddia təmin oluna bilməz. İlkin olaraq qeyd edilməlidir ki, kassasiya instansiyasının göstərişlərinə əsasən (Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(102)-5780/2018 saylı qərarında göstərilmişdir ki, işə yenidən baxılarkən mübahisəli sahənin mövcud olub-olmamasını müəyyən etmək üçün tədbir görülməli, ekspertiza təyin edilməsi, yerində baxış keçirilməsi məsələsi müzakirə edilməlidir) hazırki apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspert 10 iyul 2019-cu il tarixli, 29 dekabr 2019-cu il tarixli, 18 dekabr 2020-ci il tarixli tarixli «məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında» məlumatlarında göstərmişdir ki, tədqiq olunan obyektlər tamamilə başqa şəxslərin mülkiyyətində olduğundan (bu barədə müvafiq sənəd göstərilmişdir) və onlar baxış keçirilməsinə icazə vermədiyindən mübahisəli qeyri-yaşayış sahələri üzrə ekspertiza tədqiqatı aparılması mümkün olmamışdır. Buna baxmayaraq, kassasiya instansiyasının digər göstərişinə əsasən məhkəmə kollegiyası və tərəflərin, habelə ekspertin iştirakı ilə mübahisəli qeyri-yaşayış sahələrinə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçı balansında olan qeyriyaşayış sahələrini 47,10 m2 və 28,90 m2 olan anbar sahələri kimi iddia etsə də, iddiaçının nümayəndəsinin təqdim etdiyi (göstərdiyi) 2 ədəd daşınmaz əmlakın sahələri fərqli olmuşdur (yerində müayinə zamanı ekspert tərəfindən iddiaçının nümayəndəsinin göstərdiyi həmin qeyriyaşayış sahələri ölçülmüşdür). Bununla yanaşı, həmin qeyri-yaşayış sahələrinin başqa şəxlərin istifadəsində (mülkiyyətində) olması aşkar olunmuşdur. Belə ki, ekspertin və tərəflərin də iştirakı ilə yerində müayinə zamanı həmin daşınmaz əmlaklardan istifadə edən şəxslər orada icarəçi olmalarını, həmin əmlakların X11 və X12 məxsus olmalarını bildirmişlər. Cavabdeh yerində müayinə zamanı göstərmişdir ki, iddiaçının nümayəndəsinin göstərdiyi həmin qeyri-yaşayış sahələrinin ölçüləri fərqli olmaqla onları təqribən 2016-cı ildə “Hərracların Təşkili üzrə Auksion Mərkəzi” tərəfindən keçirilən hərracdan əldə etmiş, bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sonradan isə həmin qeyri-yaşayış sahələrini digər şəxslərə (X11 və X12) özdəninkiləşdirmişdir, onun həmin sahələrə heç bir aidiyyəti yoxdur, oradan istifadə etmir. Kassasiya instansiyası məhkəməsi göstərişlərində həmçinin qeyd etmişdir ki, işə yenidən baxılarkən mübahisəli sahəyə dair cavabdehin hüquqlarını təsdiq edən sübutlar təqdim etməsi təklif olunmalı, qeyd olunan sahələrin əvvəllər, yaxud hazırda mövcudluğunu təsdiq edən sübutların təqdimi tərəflərə təklif olunmalıdır. Məhkəmə kollegiyası qeyd edilən göstərişlərə uyğun olaraq yerində müayinə zamanı müvafiq sübutların təqdim olunmasını tərəflərə təklif etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən (ƏMDK yanında “Hərracların Təşkili üzrə Auksion Mərkəzi”-nin hərraclarda iştirak etmək üçün verdiyi biletlər, alqı-satqı müqavilələri, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətləri və s.) və izahatlardan görünür ki, 11 oktyabr 2016cı il tarixdə keçiriləcək hərraclarla bağlı (sahələri 26,7 m2 və 36,5 m2 olan qeyri-yaşayış sahələri ilə bağlı) cavabdehə 14 və 15 saylı biletlər təqdim olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh arasında “Hərracların Təşkili üzrə Auksion Mərkəzi” tərəfindən hərracla bağlı 11 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış, cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, sonra isə sahələri 26,7 m2 və 36,5 m2 olan qeyri-yaşayış sahələri digər şəxslərə (X11 və X12) özdəninkiləşdirilmişdir. Həmçinin, iddiaçının nümayəndəsi də qeyd edilən halları inkar etməmiş, mübahisəli qeyri-yaşayış sahələrinin onların balansında olmasına baxmayaraq, sonradan cavabdehin adına özəlləşdirilməsini, sonuncu tərəfindən isə X11 və X1 göstərmişdir. Eyni zamanda, işdən görünür ki, iddiaçı əvvəlki apellyasiya baxışı zamanı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, ərizədə qeyd edilən xüsusatları göstərməklə X8 və X9 icraata cəlb olunmasını, mübahisəli qeyri-yaşayış sahələrinə dair cavabdehin adına verilmiş çıxarışların etiğbarsız sayılmasını xahiş etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi və digər şəxslərin icraata cəlb olunması barədə iddiaçının ərizəsi təmin olunmamışdır, həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 22 dekabr 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, iddiaçının kassasiya şikayəti təmin olunmamışdır. Göründüyü kimi, iddiaçıya hələ 2017-ci ildə məlum olmuşdur ki, mübahisəli qeyriyaşayış sahələri iddiaçının qanunsuz sahibliyində deyil, başqa şəxslərin mülkiyyətindədir. İddiaçının nümayəndəsi mübahisəli qeyri-yaşayış sahələrinin əvvəllər (iddia ərizəsi verilən zamanı) cavabdehin istifadəsində olmasını, sonradan başqa şəxslərə keçməsini bildirmişdir. Yuxarıda da qeyd edildiyi kimi vindikasiya barədə iddia o zaman əsaslı ola bilər ki, əmlak başqa şəxsin faktiki sahibliyində olsun, lakin həmin şəxsin sahiblik hüququ olmasın, eyni zamanda pozuntu hazırda da davam etsin. Əks halda vindikasiya barədə iddia təmin oluna bilməz. Hətta iddiaçı tərəfin yerində göstərdiyi qeyri-yaşayış sahələrinin həqiqətən iddia olunan sahələr olması qəbul edilsə belə, onlara dair yuxarıda qeyd edilən hüquq müəyyənedici sənədlər mövcud olduğu təqdirdə, yəni cavabdehin əvvəlki sahibliyi mülkiyyət hüququna əsaslandığından qanunsuz sayıla bilməz. İddiaçı isə həmin sənədlərin əhəmiyyətsizliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (lakin, iddiaçı həmin sənədləri müstəqil qaydada mübahisələndirmək hüquqlarını özündə saxlayır). Göründüyü kimi, iddiaçı balansında olan Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi 7 ünvanında yerləşən sahəsi 47,10 m2 və 28,90 m2 olan anbar sahələrinin cavabdehin qanunsuz sahibliyində olmasını əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin, kassasiya instansiyasının yuxarıda qeyd edilən göstərişləri araşdırıldıqdan sonra da başqa nəticəyə gəlmək mümkün olmamışdır. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddiaçının tələbi (əmlakın qanunsuz sahibdən alınması) təmin oluna bilməz. İddiaçının tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Cavabdeh qarşı «sahələrin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(004)-141/2017 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(004)- 141/2017 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar