Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4801/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi, sayğacdan kənar xətt») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-214/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. ünvan 1 ünvanında Cavabdeh (abonent kodu **********2400) istehlakçı kimi təbii qazla təmin olunur.
2. Cavabdeh adına olan abonent saldosundan görünür ki, aktlar əsasında 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 648 manat, mart ayında 734,40 manat olmaqla cəmi 2030,40 manat məbləğində borc yazılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 zərərə görə 4406.38 manatın, hüquqi yardım üçün ödənilmiş 400 manatın, ödənilmiş 64.07 manat dövlət rüsumu, cəmi 4870.45 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, İddiaçı ilə abonent X3 arasında xx.xx.2017-ci il AS-748 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02400 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 Smart **********229 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat olmaqla ümumilikdə 2030.40 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əlavə olaraq cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 2375.98 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 4406.38 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-214/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi (hakim İlham Cəfərzadə) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə 643 manat məbləğində dəymiş zərərin və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq İddiaçınə ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun qalan 38,07 manat hissəsinin İddiaçı özünə aid edilməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manatın, 30 manat hissəsinin İddiaçındən, 80 manat hissəsinin isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə təbii qazdan qeyriqanuni xətt vasitəsilə qazdan istifadə edilməsi halını, eyni zamanda “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, AS-748 nömrəli müqavilənin cavabdehlə iddiaçı arasında bağlanmasını və bu müqavilə əsasında cavabdeh öz üzərinə X4na dair öhdəlik götürməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən qeyri-qanuni xətt vasitəsilə qazdan istifadəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi əsaslıdır. Bu zaman məhkəmə hesab edir, dəymiş zərərin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-1 və 6.5-3-cü bəndlərinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-1 və 6.5-3-cü bəndlərinin tələblərini nəzərə alaraq qeyd edir ki, istfiadədə olan qaz qurğuları dördgöz (PQ-4) qaz sobası və kombi (QSSQ) olmaqla 90 gün müddətində (2022-ci ilin yanvar-mart ayları) dəymiş zərərin həcmi 3456 m3 təşkil etməlidir (Belə ki, PQ-4 qaz qurğusu üçün - 1.2 m3 günlük qaz sərfiyyatı x 12 saat x 90 gün = 1296 m3 , kombi (QSSQ) qaz qurğusu üçün - 2 m3 günlük qaz sərfiyyatı x 12 saat x 90 gün = 2160 m3 , cəmi 3456 m3 ). Azərbaycan Respublikasının Tarif Şurasının müvafiq qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminə görə 1200 m3 -dək bir kubmetrə görə 12 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3 -dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilməsini nəzərə aldıqda isə 1200m3 x 0.12 manat = 144 manat + 1300 m3 x 0.2 manat = 260 manat + 956 m3 x 0.25 manat =239 manat, cəmi 643 manat (144 manat+260 manat+239 manat) pul məbləğində qazdan qeyri qanuni xətt vasitəsilə istifadəyə görə dəymiş zərər müəyyən edilir. Qeyd olunanlara əsasn məhkəmə, iddia tələbinin qazdan qeyri-qanuni xətt vasitəsilə istifadəyə görə vurulmuş ziyanın tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, vurulmuş ziyanın məbləği 643 manat müəyyən edilməklə həmin məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə, iddia tələbinə daxil əlavə qalıq borcun tutulması, yəni iddia ərizəsində qeyd olunan 2375,98 manat məbləğində qalıq borca dair məsələyə qiymət verərək hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, iş üzrə tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1574/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 2021-ci ilin dekabr ayınadək, dekabr ayı da daxil olmaqla yaranmış mübahisənin (təbii qazdan istifadəyə görə yaranmış borcun həllinə) həllinə dair yekun məhkəmə aktı qəbul edilmişdir. İddia ərizəsində isə cavabdehin 2022-ci ilin yanvar mart aylarında tərtib edilmiş aktlar üzrə yaranmış borc məbləğindən əlavə olaraq 2375,98 manat məbləğində qalıq borcun olduğu yalnız vurğulanmaqla bununla bağlı hər hansı bir hala istinad edilməmiş və müvafiq sübutlar məhkəməyə təqdim edilmişdir. Yəni həmin borc məbləğinin nədən yaranmasına dair hər hansı bir sübut göstərilməməklə, bu barədə müvafiq əsaslarda məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin qalıq borca dair hissəsi əsassız olduğundan təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə vurulmuş ziyanın faktiki hallarını müəyyən etməmişdir. Belə ki, məhkəmə vurulmuş ziyanın cavabdeh tərəfindən olmadığını qeyd etsə də, işin faktiki hallarını araşdırmamışdır. Həmçinin məhkəmə alqı-satqı müqaviləsini və mülki işə əlavə edilmiş arayışı əsas gətirərək iddianı rədd etmişdir. İddiaçı təşkilat heç bir mülkiyyətin sonrakı mülkiyyətçisini müəyyən etmək qabiliyyətində və səlahiyyətində deyil. Bu da özlüyündə ziyanın bilavasitə cavabdeh tərəfindən vurulduğunu təsdiq etməkdədir. Bununla yanaşı cavabdeh vurulmuş ziyanın onun tərəfindən vurulmadığını bildirsə də, buna dair heç bir sənəd təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsində aktın əsassızlığını qeyd etsə də, bunu qanunvericiliklə izah etməmiş və ya əsaslandırmamışdır. Bu da qətnamənin ləğv edilməsi üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı İB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»:
Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin dəyişdirilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edilməyən hissəsində faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia o hissədə haqlı sayılmır.
22. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tələbində cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, təmin edilən məbləğdən artıq miqdarda cavabdehin ona maddi zərər vurduğuna dair işdə hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
23. Akt iddiaçının əməkdaşları tərəfindən tərtib olunub, onda hansısa məbləğin göstərilməsi hələ onun həqiqi olması demək deyildir. İşdə hansısa fotoşəkil (yalnız iki vərəqdə çəkildiyi yer və ünvanı bilinməyən, qanunsuz qoşulmanı təsdiq etməyən) yaxud qanunsuz qoşulmanı təsdiq edən aktlar da mövcud deyildir. Ona görə də iddiaçı məhkəmənin konkret hansı sübutu nəzərə almalı olduğunu göstərməli və həmin sübutu təqdim etməli idi. Göründüyü kimi, iddiaçının bu dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır.
24. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək də mümkünsüzdür. Buna görə də cavabdehin təmin ediləndən artıq məbləğdə iddiaçıya zərər vurması da inandırıcı və ağlabatan görünmür.
25. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii X4nın pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 214/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-214/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.