Məhkəmə qərarları › İş №2(103)-4803/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4803/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4803/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1161/2020 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1000 manat, X2 2-ci qrup əlilliyinə görə 3000 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 4000,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1161/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında borcun qaytarılması” tələbinə dair ümumilikdə 4 030,40 (dörd min otuz) manat məbləğində ziyan iddiasını tam təmin edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qırx qəpik) AZN dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin qətnaməsində iddiaçı tərədindən cavabdeh qismində göstərilmiş şəxslər nədənsə məhkəmənin özü tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş kimi qeyd olunur. Bundanbaşqa, Cavabdeh1 zərərçəkən X2 müalicəsi üçün 14016 manat ödəniş etməsi barədə arayışa istinad olunsa da zərərə görə ödənilən sığorta ödənişinin sığorta olunanla (bu halda həmdə Cavabdeh2 ilə birgə zərərvuran Cavabdeh1) zərərçəkən (R.İbadov) arasında zərərin ödənilməsinə dair aralarında əldə edilmiş razılığa heç bir aidiyyəti yoxdur. Lakin məlum olduğu kimi zərərçəkənin Cavabdeh1 garşı sürülmüş pul tələbi kimi iddiaları və həmçinin də zərərin ödənilməsi barədə iddiaçıya kimsə tərəfindən heç bir məlumat verilməyib. Zərərçəkən qanunla nəzərdə tutulmuş hüququndan istifadə etməklə sığorta hadisəsi nəticəsində zərərə görə iddiaçıdan sığorta ödənişini hər bir halda almalıdır. İstisna hal yalnız zərərçəkənin rəsmi qaydada ödənişi almaqdan imtina etməsi barədə ərizənin təqdim edilməsi ola bilərdi. Cavabdeh1 zərərçəkən R.İbadova zərərin dəyməsinə görə etdiyi ödənişlərin qanunla (X5 qanun və s.) müəyyən edilmiş və almalı olduğu 3000 manat (sağlamlığına dəymiş zərərə görə) və 1000 manat (əmlakına dəymiş ziyana görə) məbləğlərin ödənilməsinə heç bir aidiyyəti yoxdur. Həmçinində Cavabdeh1 zərərçəkən R.İbadova zərərin dəyməsinə görə etdiyi ödənişlər barədə iddiaçı (sığortaçı) İddiaçı sığorta ASC-ni xəbərdar etməliydi (rəsmi qaydada). Lakin məlum olduğu kimi iş materiallarında belə bir sübutun mövcud olmadığı üçündə bu kimi halların olmadığı qənaətinə gəlir. Cavabdeh2 mülkiyyətində olan “Toyota Prado” markalı 90VT399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə edərək hadisə törətməklə zərər vurduğu üçündə həmin mənbənin vurduğu zərərə görə Cavabdeh2 ilə Cavabdeh1 birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan “Toyota Prado” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə X3 məxsus “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisəsinin nəticəsində “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 ağır zərər dəymişdir. Qobustan rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 1(026)-7/2018 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirlki bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmasına görə 1095 manat dəymiş ziyanın Cavabdeh1 alınıb zərərçəkmiş şəxs X3 verilməsi hökm edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 1(105)- 356/2018 saylı qərarına əsasən isə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Qobustan rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, hökmün digər hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh1 tərəfindən X3 dəymiş maddı zərərin əvəzi olaraq 1095 manat, həmçinin Rahib İbadovun müalicəsi üçün üçün 14016 manat ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən də X2 avtomobilinə dəymiş zərərə görə 1000 manat, 2-ci qrup əlilliyinə görə isə 3000 manat olmaqla, ümumilikdə 4000 manat sığorta ödənişi ödənilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC ödədiyi sığorta ödənişinin Cavabdeh1 tutularaq ona ödənilməsini tələb edir. İddiaçı ödədiyi sığorta ödənişini cavabdehdən tələb etsə də, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçı qarşısında belə bir öhdəlik daşımadığı müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh1 “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmasına görə 1095 manat dəymiş ziyanın alınıb zərərçəkmiş şəxs X3 verilməsi hökm edilmiş, həmin hökm icraya yönəldilmiş, digər tərəfdən iş materiallarından zərərçəkmişin sağlamlığına dəymiş zərərin əvəzinin də Cavabdeh1 tərəfindən ödənildiyi müəyyən olunmuşdur. Cavabdeh dəymiş zərərin əvəzini ödəmiş, belə olan halda sığorta şirkətinin sığorta ödənişindən imtina etməli olmasına baxmayaraq, şirkət tərəfindən yenidən zərərçəkmiş şəxsin avtomobilinə dəymiş zərərə görə 1000 manat, 2-ci qrup əlilliyinə görə isə 3000 manat olmaqla, ümumilikdə 4000 manat sığorta ödənişi ödənilmişdir. Cavabdeh1 vurduğu zərərin əvəzini ödəyərək öz üzərinə düşən öhdəlikləri tam olaraq icra etdiyindən hazırda sığorta şirkətinin ona qarşı yönəltdiyi tələb üzrə öhdəliyin daşıyıcısı deyildir. Belə ki, “X5” Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3 -cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, cavabdehlərə münasibətdə isə qətnamə yoxlanılmır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, məhkəmə qətnaməsində iddiaçı tərəfindən cavabdeh kimi göstərilən şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qeyd olunmamışdır. İddiaçının bu dəlili nəyin əsasında göstərdiyi bəlli deyil. Qətnamənin 2-ci vərəqinin 3-cü abzasında qeyd olunanı nəzərdə tutsa da həmin abzasda Cavabdeh2 sözünün əvvəlində cavabdeh yazılmış, qızı sözündən sonra vergül işarəsinin olmaması isə bu qənaətə gəlməyə əsas vermir. Ona görə də bu dəlil əsassızdır. İkincisi, Cavabdeh1 zərərçəkən X2 müalicəsi üçün 14016 manat ödəniş etməsi və hökmə əsasən avtomobilinə dəymiş zərərə görə 1095 manat ödəməli olması işin mübahisəsiz halıdır. Bu barədə iddiaçıya cavabdehlər tərəfindən məlumat verilməməsi isə hazırki iddianın əsaslı olmasına qətiyyən dəlalət etmir. Çünki, bu cür məlumatların hansısa üzrlü yaxud üzrsüz səbəbdən verilməməsi nəticəsində iddiaçının bu əsasla subroqasiya hüququnun yaranması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də iddiaçı “X5” Qanunun 19.1-ci maddəsinə əsasən zərərçəkənə ödədiyi sığorta ödənişini qeyd olunan, yəni Qanunun 22.2.9 və 22.2.10-cu maddələrində nəzərdə tutulan əsaslarla cavabdehlərdən tələb edə bilməz. Üçüncüsü, apellyasiya şikayətinin əsas dəlili isə Cavabdeh2 mülkiyyətində olan “Toyota Prado” markalı 90VT399 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək hadisə törətməklə zərər vurduğu üçün həmin mənbənin vurduğu zərərə görə Cavabdeh2 ilə Cavabdeh1 birgə məsuliyyət daşımaları ilə bağlıdır. Belə ki, “X5” Qanunun 25.1, 25.1.3-cü maddəsinə əsasən iddiaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalı Cavabdeh2 və hadisə zamanı avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh1 qarşı subroqasiya hüququ ilə sonuncunun icbari sığorta şəhadətnaməsində göstərilən avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi istismar etməsinə, Cavabdeh2 isə bunu bilməyə borclu olduğuna görə iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin Cavabdeh1 qeyd olunan avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüqu olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ(sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanui əsas isə “X5” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xitməti əməkdaşlarını da buna aid etmək olar. Demək mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kimi qadağan edə bilməz. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçi Kürsüm Əliməmmədovanın razılığı ilə Cavabdeh1 tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “X5” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Göründüyü kimi, hazırki işdə də, avtomobil mülkiyyətçi Kürsüm Əliməmmədovanın razılığı ilə Cavabdeh1 tərəfindən idarə edilməyə verilmişdir. Bununla əlaqədar onlar arasında avtomobildən istifadəyə dair şifahi müqavilə bağlanmışdır. Ən azından bunu hansısa şəxs mübahisələndirmir. İddiaçı da həmin müqavilənin tərəfi olmadığına görə bunu mübahisələndirə bilməz. İşdə olan materiallarla, o cümlədən hökmlə də Cavabdeh1 həmin avtomobili mülkiyyətçinin razılığı olmadan idarə etməsi təsdiq olunmur. Ona görə də iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yarana bilməzdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1161/2020 nömrəli qətnaməsi, iddiaçının apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar