Məhkəmə qərarları › İş №2(103)-4807/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4807/2025

25.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4807/2025 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər “İmperial-As” Mənzil Tikinti Kooperativinə və cavabdeh1 qarşı “cavabdehlərin üzərinə vəzifə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə və cavabdeh cavabdeh1 özünün və onun vəkili (nümayəndəsi) vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, bina 7-də yerləşən *** saylı mənzilin qapısının cavabdehlərin hesabına əvvəlki vəziyyətə salınmaqla bərpa olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərdən biri olan MTK ilə ##.##.2014-cü il tarixdə “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlayaraq iddia ərizəsində qeyd edilən binanın 15-ci mərtəbəsində yerləşən 124 aylı mənzili MTK-dan almış və mənzilin dəyərini MTK-ya tam həcmdə ödəmişdir. Mənzil iddiaçıya təhvil verilsə də, iddiaçının maddi vəziyyəti bir qədər ağır olduğundan o, mənzili təmir etməmiş, mənzilə köçməmişdir. Hazırda, iddiaçı, mənzildə təmir işlərini başlamaq istəyəndə ona məlum olmuşdur ki, 15-ci mərtəbəsinin pilləkən qəfəsinin onun mənzilinin yerləşdiyi hissəsinin bir qismi, yəni təxminən 3 kv.metr hissəsi ümumi binanın konstruksiyasına zidd olaraq hörülərək, iddiaçının qonşusu olan cavabdeh cavabdeh1 mənzilinə birlişdirilmiş, bununla bağlı isə iddiaçının mənzilinin qiriş qapısının yeri dəyişdirlmişdir. Beləliklə də, iddiaçının qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. Buna görə də, iddiaçının mənzilinin giriş qapısının yeri cavabdeh tərəfin hesabına əvvəlki vəziyyətə gətirilməlidir. b) iş üzrə tərəflərin məhkəmə iclaslarında iştirakları və məhkəmə iclaslarında iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh cavabdeh1 vəkili (nümayəndəsi) iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzili “İmperial-As” MTK-dan hazırkı vəziyyətdə almış, mənzili aldığı zaman giriş qapısı hazırda olduğu yerdə yerləşmişdir. O, mənzildə təmir işləri apararaq 2016-cı ildən orada yaşadığını, iddiaçının həmin müddət ərzində öz mənzilinə gəlib-getdiyini, lakin uzun müddət qapının yeri ilə bağlı ona hər hansı irad bildirmədiyini göstərərək iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh MTK-nın nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, əgər iddiaçının tələbi təmin olunarsa, onda cavabdeh cavabdeh1 və MTK-nın hüquqları pozulacaq. Buna görə də, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ## #### 2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus mənzilin giriş qapısının mənzil ona satılan zaman başqa yerdə yerləşdiyini və sonradan həmin qapının yerinin məhz cavabdehlər tərəfindən dəyişdirildiyini mötəbər və kifayət qədər sübutlarla təsdiq edə bilməmişdir. Rayon Məhkəməsi qeyd etmişdir ki, onun tərəfindən mübahisəli ünvanda yerli baxış keçirmiş və iddiaçıya məxsus mənzilin giriş qapısının yerinin dəyişdirildiyini müəyyən etsə də, həmin dəyişikliyin nə vaxt və kim tərəfindən həyata keçirilməsinin müəyyən edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, mənzilin ona satıldığı vaxt giriş qapısının iddia etdiyi əvvəlki yerdə olmasını təsdiq edən layihə və ya digər mötəbər sübutu təqdim etməmişdir. İş üzrə dindirilmiş şahidlərin – Zeynəb Hüseynova və Vüsal Poladovun ifadələrindən də müəyyən edilir ki, iddianın əsaslı hesab edilməsi üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. d) apellyasiya şikayəti haqqında məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı haqqında məlumat

10. Apellyator olan iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, mövcud vəziyyəti əslində cavabdeh MTK yaratmış, mərtəbədəki pilləkən meydançasının ümumi istifadədə olan bir hissəsini cavabdeh cavabdeh1 5.000 manata satmış və onun özünə və iddiaçıya məxsus mənzillərin giriş qapılarının yerini dəyişdirməyə qeyri-rəsmi qaydada icazə vermişdir. Nəticə də, iddiaçının hüquqları pozulmuşdur.

11. Cavabdeh cavabdeh1 və onun vəkili (nümayəndəsi) vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. cavabdeh1 əlavə olaraq bildirir ki, o, mənzildə heç bir konstruktiv dəyişiklik etməmişdir. Mənzili hazırkı vəziyyətdə almış və sadəcə kosmetik təmir etmişdir. O, artıq 10 ildən çoxdur ki, həmin mənzildə yaşayır və iddiaçı tərəf də mənzili hazırkı vəziyyətdə görmüşdür. Buna baxmayaraq, o, əvvəldən mübahisəni barışıqla həll etmək istəyirdi. Lakin iddiaçı bunun üçün ondan 80.000 manat pul istədiyinə görə də barışıq mümkün olmamışdır.

12. Digər cavabdeh olan MTK-nın vəkili (nümayəndəsi) vəkil3 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat vermişdir. O əlavə olaraq bildirmişdir ki, MTK, mərtəbədəki pilləkən meydançasının ümumi istifadədə olan hər hansı hissəsini cavabdeh cavabdeh1 satmamışdır. cavabdeh1 tərəfindən ödənilmiş pul isə mənzilə aid sayğacların quraşdırılması ilə bağlı olmuşdur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

14. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı İddiaçı, onunla cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində inşa edilmiş * saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən *** saylı mənzili almışdır. Cavabdeh cavabdeh1 isə MTK ilə müqavilə bağlayaraq həmin binanın 15-ci mərtəbəsində yerləşən digər mənzili almışdır (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 120, M15, m8).

15. Rayon Məhkəməsi tərəfindən, apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən həmin mənzillərin yerləşdiyi binaya yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin giriş qapısı ilə cavabdeh cavabdeh1 məxsus mənzilin giriş qapısı pilləkən meydançasına aid və bina sakinlərinin ümumi istifadəsində olan dəhlizin sonunda bir biri ilə üzbəüz yerləşməli idilər. Lakin iddiaçının mənzilinin giriş qapısının yeri dəyişdirilmiş, qapı dəhlizin ortası istiqamətinə tərəf çəkilmiş, dəhlizin həmin hissəsi cavabdeh cavabdeh1 məxsus mənzilə qatılmış, cavabdeh1 məxsus mənzilin giriş qapısının yeri dəyişdirilmiş, qapı, olması nəzərdə tutulmuş divara nisbətdə 90 dərəcə bucaq altında yerləşən divara keçirilmişdir. Nəticədə cavabdeh1 məxsus mənzilin giriş qapısı açıq olduğu zaman iddiaçıya məxsus mənzilin giriş qapısı açılarsa, onda qapılar arasında təxminən 10 sm. məsafə qalır ki, buna mənzillərə sərbəst və rahat daxil olmağa və həmin qaydada mənzillərdən çıxmağa mane olur.

16. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında “İmperial-As” MTK tərəfindən inşa edilmiş * saylı çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində yerləşən *** saylı mənzilin giriş hissəsinə bitişik 3 kv.m sahədə əlavə artırma işlərinin aparıldığı müşahidə edilmişdir.

17. Şahid qismində dindirilmiş X1şı Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, həmin binada mənzillərin giriş qapılarının yerinin dəyişdirilməsi halları olmuş, belə dəyişikliklər MTK ilə razılaşdırılmış və bununla əlaqədar əlavə ödənişlər edilmişdir.

18. Digər şahid Poladov Vüsal Azər oğlu Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, cavabdeh cavabdeh1 məxsus giriş qapısı çoxdan həmin vəziyyətdədir.

19. Göründüyü ki, cavabdeh cavabdeh1 və iddiaçıya məxsus mənzillərin giriş qapılarının qeyd edilən qaydada dəyişdirilməsi işin mübahisəsiz halını təşkil edir. Qapıların yerinin dəyişdirilməsi cavabdeh cavabdeh1 üçün əlverişli olsa (onun mənzilinin sahəsi artmışdır) da, bu hal iddiaçı üçün əlverişsizdır (mənzilə giriş-çıxış rahat deyil, mənzilin daxilində olan zaman görünür ki, qapının yerinin dəyişdirilməsi mənzilin interyerini (daxili görünüşünü) pozur.

20. Belə olan halda qəbul edilməlidir ki, həmin dəyişiklik iddiaçı tərəfindən edilməmişdir. Dəyişiklik iddiaçı tərəfindən edilməmişdir isə, onda qəbul edilməlidir ki, bu dəyişiklik cavabdehlər tərəfindən birgə qaydada edilmişdir. Çünki binanın konstruktiv hissələrinin dəyişdirilməsi, həmin binanın idarəçiliyini həyata keçirən MTK-nın aktiv və ya passiv razılığı olmadan həyata keçirilə bilməz. Belə olan halda iddiaçı həmin dəyişikliyin kimin tərəfindən edilməsini sübuta yetirməli deyil. Dəyişikliyin onun tərəfindən deyil mənzil almasından əvvəl mənzilin əvvəlki sahibi tərəfindən edilməsi barədə cavabdeh cavabdeh1 dəlili də əsaslı hesab edilə bilməz. Çünki onun istinad etdiyi şahidlərin ifadələri də bu halı təsdiq etmir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları və dəhlizlər çoxmənzilli binanın ümumi əmlakı olmaqla ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur (maddə 35.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə onun barəsində sərəncam verirlər (maddə 35.2.). Əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır (maddə 39.2.).

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).

23. Qeyd edilən maddi hüquq normalarının hazırkı işin müəyyən edilmiş hallarına tətbiqi baxımından Məhkəmə qeyd edir ki, çoxmənzilli yaşayış binasının ümumi istifadəsində olan dəhlizin bir hissəsi ayrıca mənzilin tərkib hissəsi hesab edilə bilməz və həmin sahə binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına aiddir. Buna görə də ümumi istifadədə olan dəhlizin 3 kv.m hissəsinin qonşu mənzilə birləşdirilməsi ilə nəticələnən yenidənqurma müvafiq razılıqlar olmadan həyata keçirilə bilməz. İş materiallarında isə iddiaçının belə yenidənqurmaya, ona məxsus mənzilin giriş qapısının yerinin dəyişdirilməsinə və ümumi istifadədə olan sahənin qonşu mənzilə birləşdirilməsinə razılıq verməsini təsdiq edən hər hansı sübut mövcud deyildir.

24. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsinin iddiaçının mənzilin ona satıldığı zaman qapının başqa yerdə olmasına dair sübut təqdim etməməsinə istinad etməsi iş üzrə gəlinmiş nəticəni əsaslandırmır. Belə ki, iş materialları ilə qapının yerinin dəyişdirildiyi və giriş hissəsinə bitişik 3 kv.m sahədə əlavə artırma işlərinin aparıldığı artıq müəyyən edilmişdir. Belə olan halda mübahisənin düzgün həlli üçün yalnız dəyişikliklərin vaxtının müəyyən edilməsinin mümkün olmamasına istinad etmək deyil, mövcud dəyişikliklərin hüquqi əsasının olub-olmamasını, onların kimlərin mənafeyinə xidmət etdiyini və iddiaçının həmin dəyişikliklərə razılıq verib-vermədiyini işdə olan sübutların məcmusu əsasında müəyyən etmək tələb olunurdu.

25. Rayon Məhkəməsi həmçinin cavabdeh cavabdeh1 mənzili aldığı zaman artırmanın artıq mövcud olması barədə izahatına istinad etmişdir. Lakin həmin izahatı təsdiq edən hər hansı yazılı sübut iş materiallarına təqdim edilməmişdir. Eyni zamanda, iş üzrə şahid Poladov Vüsalın cavabdehin mənzilində təmir işlərinə başlamazdan əvvəl də qapının hazırkı yerdə olmasına dair ifadəsi yalnız qapının həmin vaxt artıq mövcud vəziyyətdə olduğunu təsdiq edə bilər, lakin həmin vəziyyətin qanuni əsasla yaradıldığını, təsdiq edilmiş layihəyə uyğun olduğunu və ya iddiaçının razılığı ilə formalaşdığını təsdiq etmir.

26. Bu baxımdan Məhkəmə hesab edir ki, qapının yerinin cavabdeh cavabdeh1 mənzildə apardığı təmir işlərindən əvvəl dəyişdirilmiş olmasının mümkünlüyü də iddianın rədd edilməsi üçün əsas təşkil etmir. Hazırkı mübahisədə həlledici hal həmin dəyişiklikləri fiziki olaraq hansı şəxsin həyata keçirməsi deyil, nəticədə yaranmış və hazırda davam edən vəziyyətin hüquqi əsasının mövcud olub-olmamasıdır. İş materiallarından isə mübahisəli dəyişiklik nəticəsində giriş hissəsinə bitişik ümumi sahənin 3 kv.m hissəsində əlavə artırma işlərinin aparıldığı, iddiaçıya məxsus mənzilin giriş qapısının yerinin dəyişdirildiyi müəyyən edildiyi halda, həmin vəziyyətin qanuni əsasla yaradıldığını və iddiaçının buna razılıq verdiyini təsdiq edən sübut müəyyən edilmir.

27. Bununla da müəyyən edilir ki, iddia əsaslıdır. Rayon Məhkəməsi iddia tələbini rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasia şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. g) apellyasiya baxışının nəticəsi

28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə sübutları tam, hərtərəfli və qarşılıqlı əlaqədə qiymətləndirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli olan hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin yuxarıda qiymətləndirilmiş dəlilləri əsaslıdır və qətnamənin ləğv edilməsi üçün əsaslar mövcuddur.

29. Buna görə də, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.

30. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər “İmperial-As” Mənzil-Tikinti Kooperativinə və cavabdeh1 qarşı “cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər “İmperial-As” Mənzil-Tikinti Kooperativinin və cavabdeh1 üzərinə vəzifə qoyulsun ki, onlar iddiaçı İddiaçı məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, bina 7-də yerləşən *** saylı mənzilin giriş qapısını əvvəlki vəziyyətə salsınlar. Cavabdehlər “İmperial-As” Mənzil-Tikinti Kooperativi və cavabdeh1 hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İddiaçı İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar