Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-481/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Cavabdehnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(006)-3381/2021 saylı qətnaməsindən ərizəçinin şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Cavabdehnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə, daha sonra isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması, şəhadətnamədə ana adının İddiaçı (İsmailova Reikhan), milliyyətinin azərbaycanlı, ata adının İsmayılov Qəşəm, milliyyətinin azərbaycanlı kimi qeyd edilməsi, X7 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması, şəhadətnamədə ana adının İddiaçı (İsmailova Reikhan), milliyyətinin azərbaycanlı, ata adının İsmayılov Qəşəm, milliyyətinin azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il tarixində Gürcüstan Respublikası Marneuli rayonunda doğulmuş, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində Aytac adlı və xx.xx.2000-ci il tarixdə Aytən adlı övladları doğulmuşdur. Hər iki övladı ev şəraitində Bakı şəhərində anadan olmuş, onlar üçün doğum haqqında şəhadətnamənin alınması üçün müraciət etməmişdir. Uşaqların ev şəraitində anadan olması faktını qonşuları təsdiq edə bilərlər. Gürcüstan Respublikası Ədliyyə Nazirliyi X8 Agentliyindən məktubuna cavab olaraq bildirilmişdir ki, X8 Agentliyinin Vətəndaş X1 ana kimi məlumatı qeyd olunmur. Hazırda övladları yetkinlik yaşına çatmışlar, doğum haqqında şəhadətnamələri olmadığı üçün şəxsiyyət vəsiqələri ala bilmirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(006)-3381/2021 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Uşaqlar tibb müəssisəsindən kənar doğulmuşlar və buna görə doğum haqqında şəhadətnamə ala bilmir. Buna görə məktəbdə oxuya bilməmişlər. Həmçinin şəxsiyyətini təsdiq edən sənədi ala bilmirlər, peyvənd vurdura bilmirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Ərizəçi əvvəlki məhkəmə iclasında qeyd etmişdir ki, 1966-cı ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur. Böyük bacısı ailə qurub Bakıya köçmüş, o da məktəbi bitirdikdən sonra 1988-ci ildə Bakıya gəlmiş, atası rəhmətə getdikdən sonra, anasına kömək etmək üçün bacısı onu «Volodariskiy» adına Fabrikində fəhlə işinə düzəltmişdir. Orada 1997-ci ildə fabrikə mal aparıb-gətirən və özünü Fəxri kimi təqdim edən sürücü ilə tanış olmuş, həmin şəxs özünün subay olduğunu demiş və onunla ailə qurmaq istədiyini bildirmişdir. Onlar faktiki nikah münasibətlərinə girmiş, Yasamal rayonu Şərifzadə küçəsində bina evində yaşamışlar, Fəxri həmin mənzilin özünə məxsus olduğunu demişdir. Həmin mənzildə 1997-ci ilin dekabr ayından 2001-ci ilə qədər yaşamışlar. Həmin müddətdə dəfələrlə Fəxridən rəsmi nikah bağlamağı tələb etsə də, sonuncu hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. 1998-ci ildə Aytac doğulmuşdur, tək olduğu, eləcə də rəsmi nikahı olmadığı üçün doğuş Binəqədi qəsəbəsində yaşayan bacısı Mətanətin evində baş tutmuşdur. 2000-ci ildə isə Aytən doğulmuş, yenə də doğuş bacısı Mətanətin evində baş tutmuşdur. Həmin ərəfədə, daha doğrusu Aytən doğulmamışdan əvvəl Fəxri onları atıb getmişdir. Aytənin bir yaşı olarkən isə təsadüfən öyrənmişdir ki, Fəxri başqası ilə aləlidir. Həmin vaxtdan da ayrılmış və ondan sonra onun haqqında hər hansı məlumatı olmamışdır. Öz evi kimi göstərdiyi evin kirayə olduğunu sonradan bilmişdir, onu aldadaraq öz evi olduğunu demişdir. Adını da dəqiq bilmir, özünü Fəxri kimi təqdim etsə də, hər hansı rəsmi sənəd görmədiyi üçün əsl adını və dəqiq hansı təşkilatda işlədiyini bilməmişdir. Uşaqların hər hansı sənədi olmadığı üçün öz adlarından ərizə ilə məhkəməyə müraciət edə bilməmişlər. Uşaqlar Binəqədi qəsəbəsində bacısının evində doğulub, həmin vaxt anası da Gürcüstandan gəlmiş, böyük bacısı da orada olmuşdur. Uşaqlar doğulduqdan sonra bir müddət orada qalmış, daha sonra isə yenidən qayıdıb Yasamal rayonunda qaldıqları evdə yaşamağa davam eləmişlər. 2001-ci ildə həmin evdən çıxdıqdan sonra Binəqədi qəsəbəsində yaşamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs (nümayəndə) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında Aytac adlı şəxs (doğum faktı müəyyən edilməsi tələb edilən şəxs) izahatında bildirdi ki, çox kasıb olmuşlar, anası işləyib onları saxlayıb. Atası barədə heç nə bilmir. 18 yaşı tamam olduqdan sonra işləmək istəmişdir və sənədlərini almaq üçün anası imkanı çatdığı yerlərə müraciət etmiş, lakin bir nəticə əldə etməmişlər. İyun ayının 04-də ad gününü qeyd edir. Məhkəmə kollegiyasının iclasında Aytən adlı şəxs (doğum faktı müəyyən edilməsi tələb edilən şəxs) izahatında bildirdi ki, atasının adını bilmir. 22 yaşı var. Məktəbə getməmişdir. 14 yanvar 2020-ci il tarixdə Binəqədidə anadan olmuşdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir: “Ərizəçi İddiaçı mənimlə Binəqədi qəsəbəsində qonşu olub. Təzəlikcə köçüblər. Reyhangil 3 bacı olublar, hamısını da tanıyıram. Uşaqlar Reyhanın bacısı Əzizənin evində doğulub. Uşaqların doğulmasında mən özüm şəxsən iştirak etmişəm.” Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir: “Mən Binəqədi qəsəbəsində ərzaq mağazasında işləyirəm. Reyhan evdə un məlumatları bişirib satırdı. Mən Reyhanın məhsullarını mağazada satırdım. Ərizəçini 2011- 2012-ci illərdən tanıyıram.” Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir: “Ərizəçi mənim bacımdır. Uşaqlar mənim evimdə doğulublar. Uşaqlar heş vaxt məktəbə getməyib. Poliklinikada qeydiyyatda olmayıblar. Repititor yanına gedib yazıb və oxumağı öyrəniblər. Uşaqların sənədi olmadığına görə heç vaxt Gürcüstanda olmayıblar.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, ərizəçinin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan pasportun və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur və Gürcüstan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli 18-18-52/12 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü X5 və xx.xx.2000-ci il təvəllüdlü X11 haqqında məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi Təhsil X2 mövcud deyildir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/3647 saylı məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Reikhan İsmailovnanın sonuncu dəfə ölkədə müvəqqəti olma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizəçi uşaqların göstərilən tarixlərdə Bakı şəhərində doğulmaları faktının müəyyən edilməsi üçün mötəbər və kifayət edəcək qədər sənədlər təqdim edə bilmədiyindən, yalnız şahid ifadələrinin olması kifayət etmədiyindən, həmçinin şahid ifadəsində ziddiyyətin olması səbəbindən ərizə təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə qənaəti yalnışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur: «Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndində əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənədlər təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.» Kollegiya tərəfindən mübahisənin düzgün həlli üçün Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9274/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəçi İsmailova Reikhanın ailə vəziyyəti barədə (nikahda olub-olmaması, uşaqlarının, o cümlədən xx.xx.1998-ci il və xx.xx.2000-ci il təvəllüdlü uşaqlarının olub-olmaması barədə) məlumatın əldə edilməsi üçün Gürcüstan Respublikasının səlahiyyətli orqanına məhkəmə tapşırığı verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xx/xx-4684 nömrəli məktubu ilə Bakı Apelyasiya Məhkəməsinin İddiaçı barəsində tapşırığı ilə bağlı Gürcüstan Ədliyyə Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 01/59492 saylı məktubun surəti göndərilmişdir. Məhkəmə tapşırığına cavabda göstərilmişdir ki, Reikhan İsmailova xx.xx.1987-ci il tarixdə Cahangir Məmmədovla nikaha girmiş, xx.xx.1988-ci il tarixdə isə “Nikahın pozulması aktına” əsasən nikah pozulmuşdur. Reikhanın uşaqları barədə Elektron bazada məlumat aşkar edilməmişdir. Bununla belə axtarış üçün Sizi maraqlandıran şəxsin doğumunun və yerinin qeydi, habelə adı, soyadı və doğum tarixi barədə məlumatlar tələb olunur, belə ki, elektron baza 2008-ci il tarixdə yaradılıb və tam formalaşmayıb. Göründüyü kimi, məhkəmə tapşırığına verilmiş cavab məktubuna əsasən müəyyən edilir ki, ərizəçi xx.xx.1987-ci il də ailə qurmuş, xx.xx.1988-ci il tarixdə isə nikahı pozulmuşdur, yəni Gürcüstan Respublikasında 1 il 4 ay ailəli olmuş, lakin həmin nikahdan uşaqlarının olması müəyyən edilməmişdir. Ərizəçinin başqa nikahdan da uşaqlarının olması müəyyən edilmir. Hazırda isə doğum faktının müəyyən edilməsini tələb etdiyi uşaqlardan biri 1998-ci il tarixdə, digəri isə 2000-ci il tarixdə doğulmuşdur. Kollegiya hesab edir ki, şahid ifadələri ilə uşaqların Bakı şəhərində tibb müəssisəsindən kənar ev şəraitində doğulması faktı öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Ərizəçinin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3381/2022 saylı iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. X6 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilsin, ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi maraqlı şəxs Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun, şəhadətnamədə ana adı İddiaçı (İsmailova Reikhan), milliyyəti azərbaycanlı, ata adı İsmayılov Qəşəm, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. X7 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilsin, ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi maraqlı şəxs Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun, şəhadətnamədə ana adı İddiaçı (İsmailova Reikhan), milliyyəti azərbaycanlı, ata adı İsmayılov Qəşəm, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-481/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-481/2022
13.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver