Məhkəmə qərarları › İş №2(103)-4810/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4810/2023

18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4810/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “mənzildən çıxarılma və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və əmlakın boşaldılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “mənzildən çıxarılma və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-981/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və müqavilə üzrə yaranmış 42.585,82 ABŞ dolları əsas, 23949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borcun cavabdehdən bankın xeyrinə tutulması, borcun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m ümumi, 20 kv.metr yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi,23 ünvanında yerləşən 179,2 kv.metr ümumi, 154 kv.metr əsas, 25,2 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. İpoteka predmeti olan əmlak tələbkar tərəfindən alınmış və hal-hazırda onun mülkiyyətindədir, belə ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış Xırdalan– Binəqədi şossesi, 23 ünvanında yerləşən 179.2 kv/m ümumi sahədən ibarət olan əmlak kompleksinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh məxsus, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 31.50 kv/m ümumi sahədən ibarət olan 7/9 nömrəli evin 24 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış Xırdalan–Binəqədi şossesi, 23 ünvanında yerləşən 179.2 kv/m ümumi sahədən ibarət olan əmlak kompleksinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 2(009)-428/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaklara dair İddiaçı ASC-nin mülkiyyət hüquqlarının 28 fevral 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi və ********** nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Əmlak İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh əmlak kompleksini banka təhvil verməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-981/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi 23 ünvanında yerləşən 179,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi Cavabdeh tərəfindən boşaldılması və iddiaçı "xxxx" ASCyə təhvil verilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh bu faktın əsaslılığını dəfələrlə məhkəmə qaydasında mübahisələndirsə də, iddiaçı əşyanın mülkiyyətçisidir. Buna baxmayaraq o, mülkiyyətindən maneəsiz istifadə edə bilmir. Eyni zamanda cavabdehin əşyaya sahibliyinin qanuni əsası müəyyən edilmir. Odur ki, yuxarıda göstərilən normaların tələbi baxımından iddia tələbi əsaslıdır.

6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 178.1, 203.3.1-ci maddəsi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Mars Belçikaya qarşı”, “Sporronq və Lonnrot İsveçə qarşı” İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(001)-981/2023 saylı qətnaməsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Cavabdeh məhkəmə proseslərində iştirakı təmin olunmamışdır, iddiaya qarşı etiraz verməyinə şərait yaradılmamışdır. Beləliklə, məhkəmə araşdırılması bir tərəfli qaydada aparılaraq, cavabdeh tərəfindən ödənilən qəbzlərin məhkəməyə təqdim etməyinə imkan yaranmamışdır. İddiaçı həqiqətən də, mənzilin mülkiyyətçisi olsa da, aralarında olan razılaşmalara əsasən tərəflərindən ödənişlər edilmiş və bunun müqabilində ödənişlər qurtardıqdan sonra yenidən mənzil əvvəlki mülkiyyətçinin adına rəsmiləşdirilməli və eyni zamanda əvvəlki mülkiyyətçilərin və ailə üzvlərinin mənzildən çıxarılması tələb olunmayacaqdır. Lakin iddiaçı aralarında olan bu razılaşmaya əməl etməmişdir. İddiaçı ilə cavabdehin arasında olan şifahi razılaşmaya əsasən mənzil iddiaçının mülkiyyətinə keçmiş olsa da, kredit ödənişləri davam etdirilir, bunun müqabilində iddiaçı cavabdehlərin həmin evdə yaşamasına etiraz etmir və kredit borcu bağlandıqdan sonra yenidən mənzil mülkiyyətçilərin adına keçiriləcəkdir. Lakin iddiaçı tərəflər arasında olan razılaşmaya əməl etməyərək nəticədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da MM-nin 425-ci maddəsinin tələblərini pozmuşdur.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Qarşı tərəflə razılıq yoxdur.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

14. “İpoteka” haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4 Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. (28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Qanunla edilmiş dəyişikliyədək olan redaksiya)

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli, 02/2023 nömrəli qərarı: “...1. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.

2. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir.” Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı iddiasında cavabdeh tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə törədilən maneənin aradan qaldırılaraq əmlakın boşaldılmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi imzalanmış, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179.2 kv/m ümumi sahədən ibarət olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir.

22. Qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və müqavilə üzrə yaranmış borcun cavabdehdən bankın xeyrinə tutulması, borcun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan mübahisəli əmlaka yönəldilməsi qət edilmişdir.

23. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-870/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdehlər "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinin, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

24. İş materialları ilə müəyyən edilir ki, mübahisəli əmlak kompleksi üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ müəyyən edilmişdir. Cavabdeh tərəfindən mübahisəli əmlakın iddiaçının mülkiyyətinə keçməsinə əsas olmuş hərrac nəticələri mübahisələndirilməsinə baxmayaraq iddia tələbi təmin edilməmişdir.

25. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, tərəflər arasında razılıq əldə edilmiş, cavabdeh tərəfindən ödəniş edilməsi üçün vaxt verildiyi üçün əmlak boşaldılmamışdır, borc tam olaraq ödənildikdən sonra əmlakın cavabdehin mülkiyyətinə veriləcəyi barədə tərəflər razılığa gəlmişlər.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəflər arasında razılıq əldə edildiyi üçün əmlakın boşaldılmadığını qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

27. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

29. Göründüyü kimi, hazırkı halda cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqları pozulmuş, mülkiyyətində olan əmlaka faktiki sahibliyi həyata keçirilməsinə maneə yaradılır.

30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-981/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar