Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4813/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı və onun nümayəndəsi (qardaşı) Telman Mürslovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-326/2025 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İlk iddia ərizəsində tələb olunub ki, göstərilən pul məbləğləri Cavabdeh alınaraq alınaraq İddiaçı verilsin: 1) iddiaçının Yeni Zelandiyaya viza alması, orada təhsil alması, işlə təmin olunması və məskunlaşmasına köməklik göstərilməsi üçün iddiaçının cavabdehə verdiyi 10.200 manat; 2) aviabiletlərin alınmasına xərclənmiş cəmi 4.247,60 manat; 3) Yeni Zelandiyaya viza üçün ödənilmiş 257,85 manat; 4) mənəvi zərərin əvəzi kimi 5.000 manat. 2.İlk iddia onunla əsaslandırılıb ki, 2024-cü ilin mart ayında əks tərəf İddiaçı Yeni Zelandiyada təhsil almaq və sonradan bu ölkədə məskunlaşmaqla bağlı köməyini təklif edib, bu köməyə görə 6.000 ABŞ dolları pul istəyib. İddiaçı təklifi qəbul edib və xx.xx.2024-cü il tarixdə əks tərəfə 6.000 ABŞ dollarına ekvivalent olan 10.200 manat pul verib. Bundan başqa, əks tərəf vizanın alınması üçün əlavə olaraq 257,85 manat rüsum ödənilməli olduğunu bildirib, bu ödəniş İddiaçı tərəfindən bank kartı vasitəsilə həyata keçirilib. Bundan sonra əks tərəf İddiaçı saxta, yəni mənbəyinin yoxlanılması mümkün olmayan xx.xx.2024-cü il tarixli “Yeni Zelandiya ziyarətçi vizası”nı təqdim edib. İddiaçı yola düşdükdən sonra İstanbul hava limanında həmin vizanın etibarlı olmadığı ona bildirilib. İddiaçı aviabiletlərin alınmasına görə 4.247,60 manat ödəniş edib. Viza etibarlı olmadığına görə çəkdiyi bütün xərclərin əvəzinin ödənilməsini, habelə mənəvi zərərin əvəzi kimi 5.000 manat ödənilməsini tələb edir. 3.Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, 3.000 ABŞ dolları Teymur Murüsəlovdan alınaraq Cavabdeh verilsin. 4.Qarşılıqlı iddia onunla əsaslandırılıb ki, əks tərəf Cavabdeh gördüyü işin haqqını verməyib, həmin işin haqqı 3.000 ABŞ dolları təşkil edir. Lakin “görülən iş” deyiləndə hansı işin nəzərdə tutulduğu (işin məzmunu) qarşılıqlı iddia ərizəsində açıqlanmayıb. 5.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, hər iki iddia rədd olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 6.İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın rədd edilməsinə aid hissədə ləğv edilsin və ilk iddia təmin edilsin. 7.Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə ləğv edilsin və qarşılıqlı iddia təmin edilsin. 8.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Telman Mürslov özlərinin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdilər. 9.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Birinci instansiya məhkəməsi ilk iddianın bir hissəsini - aviabiletlərin alınmasına çəkilmiş xərcin əvəzi kimi 4.247,60 manat, viza üçün çəkilmiş xərcin əvəzi kimi 257,85 manat və mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun tutulması barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, bu tələblər vizanın etibarsız olması ilə əsaslandırılıb, lakin vizanın etibarsız olduğunu təsdiq edən sübut - Yeni Zelandiyanın səlahiyyətli dövlət orqanının rəsmi məlumatını məhkəməyə təqdim etməyib. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunub ki, məhkəmə iclasında real vaxt rejimində Cavabdeh nümayəndəsi tərəfindən www.immigration.govt.nz saytı üzərindən Cavabdeh hesabına daxil olduqda İddiaçı adına Yeni Zelandiyaya səfər etmək üçün verilmiş və iş materiallarında detalları əks olunmuş elektron viza məlumatlarına rast gəlmək olur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, əks tərəfin ilkin iddiaçının qarşısında onun aviabiletlərin və vizanın alınmasına çəkdiyi xərclərin əvəzini, habelə mənəvi zərərin əvəzini ödəmək öhdəliyi yaranmayıb. 11.Birinci instansiya məhkəməsi ilk iddianın qalan hissəsini - 10.200 manat pul tutulması barədə tələbi rədd etməklə düzgün olmayan nəticəyə gəlib. Belə ki, həmin pulun ilk iddiaçı tərəfindən əks tərəfə verildiyi səs yazısı və şahidin - ilk iddiaçının arvadı X1 ifadəsi ilə təsdiq olunur. İlk iddiaçının bildirdiyinə görə, əks tərəf bu məbləği onun Yeni Zelandiyaya viza alması, orada təhsil alması, işlə təmin olunması və məskunlaşmasına köməklik göstərilməsi üçün almışdır. Əks tərəfin bu məbləği aldığını inkar etməsi onu təsdiq edir ki, pulun alınmasının hüquqi əsası yoxdur, çünki hüquqi əsas olsayıdı o, pulu aldığını etiraf edərdi. Bundan başqa, əks tərəfin qarşılıqlı iddiada “gördüyü işə” görə daha az məbləğ - 3.000 ABŞ dolları tələb etməsi də onu təsdiq edir ki, onun 10.200 manatı əldə etməsinin hüquqi əsası yoxdur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə 10.200 manat pul tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin məbləğ əks tərəfdən ilk iddiaçının xeyrinə tutulmalıdır. 12.Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, qarşılıqlı iddiaçı iddia ərizəsində bildirib ki, əks tərəf onun gördüyü işin haqqını (3.000 ABŞ dollarını) verməyib. Lakin “görülən iş” deyiləndə hansı işin nəzərdə tutulduğu (işin məzmunu) qarşılıqlı iddia ərizəsində açıqlanmayıb. Bununla yanaşı, qarşılıqlı iddiaçı apellyasiya şikayətində göstərilən xidmətə görə 3.000 ABŞ dolları pul öhdəliyi yarandığını qeyd etsə də “göstərilən xidmət” deyiləndə hansı xidmətin nəzərdə tutulduğu (xidmətin məzmunu) apellyasiya şikayətində açıqlanmayıb. Bundan başqa, qarşılıqlı iddiaçı əks tərəfin xeyrinə qanuni əsaslarla hər hansı iş gördüyünü və ya qanuni əsaslarla hər hansı xidmət göstərdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 386-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, əks tərəfin qarşılıqlı iddiaçının qarşısında 3.000 ABŞ dolları məbləğində pul öhdəliyi yaranmayıb. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-326/2025 nömrəli qətnaməsi qismən - İddiaçı 10.200 manat pul tutulması barədə tələbinin rədd edilməsinə aid hissədə ləğv edilsin. Həmin tələb təmin edilsin. 10.200 (on min iki yüz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 150 (yüz əlli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4813/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4813/2025
26.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver