Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4814/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X6, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/20 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2415 ABŞ dolları (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin tutularaq, iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2584/20 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 apellaysiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən 04.09.2014-cü il tarixli məktubla xaricdə idxal olunan damazlıq heyvanların yerində seçilməsi üçün mütəxəssis ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilmiş, buna uyğun olaraq onun mütəxəssis kimi xaricə getməsi üçün namizədliyi "xxxx" ASC-yə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunmuş, həmçinin "xxxx" ASC ezamiyyət üçün xərclərin ödəniləcəyi barədə rəsmi məktubla Nazirliyə müraciət etmişdir. Beləliklə, o İddiaçı MMC-dən özünə bilet sifariş etməmiş, həmin müqavilənin tərəfi o deyil, "xxxx" ASC-di. Bu səbəbdən, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyi üçün qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili G.Məmmədtağıyev apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçının borclusu biletləri sifariş edən şəxsdir, Cavabdeh1 hazırkı iddia tələbinə cavab verməli olan şəxs deyildir, o, müqavilə tərəfi olmamış, onun iddaçı qarşısında hər hansı öhdəliyi yoxdur, o, xeyrinə müqavilə bağlanmış şəxsdir, ona görə də şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi F.Tahirov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi M.Süleymanov İddiaçı MMC-dən bilet sifariş etməyiblər, damazlıq heyvanları göndərən Cavabdeh2 LTD ilə müqavilələri var idi, həmin müqaviləyə əsasən ezamiyyə xərcləri Cavabdeh2 LTD tərəfindən ödəməli idi, M. Abdullayevin biletlərini də həmin şirkət sifariş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 LTD-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilən X3 Reyestrindən 01/Ş-4761 saylı, 01.12.2006-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC şirkəti 27.10.2006-cı il tarixində məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmişdir. Təsisçilərin 28 noyabr 2006-cı il tarixli qərarı ilə qanuni təmsilçi kimi X6 direktor təyin edilmişdir İddiaçı MMC tərəfindən verilən 13 aprel 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 adına 15 noyabr 2016-cı il tarixində Bakı-İstanbul-Vyana-Bremenİstanbul-Bakı istiqamətındə dəyəri 1295 ABŞ dolları olan, 22 noyabr 2016-cı il tarixində Münhen-Bremen istiqamətində dəyəri 625 ABŞ dolları olan və 03 aprel 2017-ci il tarixində Bakı-İstanbul- Vyana istiqmətində dəyəri 495 ABŞ dolları olan bilet alınmışdır. Səfərlərə görə göstərilən xidmətlərin ümumi dəyəri 2415 ABŞ dollarıdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri Heydər Əsədov tərəfindən verilən M.M.Adullayevin Avstriya Respublikasına ezam edilməsi haqqında EZ-77 saylı,04 aprel 2017-ci il tarixli əmrdən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı şöbəsinin heyvandarlıq məhsulları istehsalının təşkili sektorunun baş məsləhətçisinin vəzifəsini icra edən kənd təsərrüfatı məhsulları istehlakçılarına lizinq yolu ilə satılacaq damazlıq heyvanların cins tərkibinin müəyyən edilməsində və seçilməsində iştirak etmək üçün 2017ci ilin 5-10 aprel tarixlərində 6 günlük Avstriya Respublikasına ezam edilməsi, Cavabdeh1 ezamiyyə xərclərinin “İribuynuzlu cins damazlıq heyvanların satın alınması barədə” "xxxx" ASC ilə “Novero İnvest “ LTD şirkəti arasında bağlanmış 2015-ci il 14 oktyabr tarixli 26/15 nömrəli satınalma müqaviləsinin 5.3- cü bəndinə uyğun olaraq iribuynuzlu cins damazlıq heyvanların satın alınmasını həyata keçirən şirkət tərəfindən ödəniləcəyinin nəzərə alınması, bu əmrin icrasına nəzarətin nazir müavini Seyfəddin Talıbova həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri Heydər Əsədov tərəfindən verilən M.M.Adullayevin Avstriyaya və Almaniya Federativ Respublikasına ezam edilməsi haqqında EZ-268 saylı, 16 noyabr 2016-ci il tarixli əmrdən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı şöbəsinin heyvandarlıq məhsulları istehsalının təşkili sektorunun baş məsləhətçisinin vəzifəsini icra edən kənd təsərrüfatı məhsulları istehlakçılarına lizinq yolu ilə satılacaq damazlıq heyvanların cins tərkibinin müəyyən edilməsində və seçilməsində iştirak etmək üçün 2016-ci ilin 20-25 noyabr tarixlərində 6 günlük Avstriyaya və Almaniya Federativ Respublikasına ezam edilməsi, Cavabdeh1 ezamiyyə xərclərinin “İribuynuzlu cins damazlıq heyvanların satın alınması barədə” "xxxx" ASC ilə “Novero İnvest “ LTD şirkəti arasında bağlanmış 2015-ci il 14 oktyabr tarixli 26/15 nömrəli satınalma müqaviləsinin 5.3-cü bəndinə uyğun olaraq iribuynuzlu cins damazlıq heyvanların satın alınmasını həyata keçirən şirkət tərəfindən ödəniləcəyinin nəzərə alınması, bu əmrin icrasına nəzarətin nazir müavini Seyfəddin Talıbova həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin idarə heyətinin sədri Elşən Məmmədov tərəfindən Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbova göndərilən 03 aprel 2017-ci il tarixli məktubun surətindən görünür ki, növbəti partiya 450 baş simmental cinsli damazlıq heyvanların seçimi 05 aprel 2017-ci il tarixə planlaşdırılmışdır. Damazlıq heyvanların yerində seçilməsi məqsədilə Aparatın heyvandarlığın inkişafı şöbəsinin baş məsləhətçisi Cavabdeh1 05 aprel 2017-ci il tarixindən 6 gün müddətinə Avstriya Respublikasına ezam olunması üçün aidiyyatı göstəriş verilməsi xahiş edilmişdir. Ezamiyyə xərclərinin damazlıq heyvanları göndərən “Novero İnvest LTD” şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin idarə heyətinin sədri Elşən Məmmədov tərəfindən Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbova göndərilən 14 noyabr 2016-cı il tarixli məktubun surətindən görünür ki, növbəti partiya 450 baş (0 cümlədən, 300 baş simmental, 150 baş Holştin-friz cinsli) damazlıq heyvanların yerində seçilməsi məqsədilə Aparatın heyvandarlığın inkişafı şöbəsinin baş məsləhətçisi Cavabdeh1 20 noyabr 2016-cı il tarixindən 6 gün müddətinə Avstriyaya və Almaniya Federativ Respublikasına ezam olunması üçün aidiyyatı göstəriş verilməsi xahiş edilmişdir. Ezamiyyə xərclərinin damazlıq heyvanları göndərən “Novero İnvest LTD” şirkəti tərəfindən ödəniləcəyi bildirilmişdir. “X8” Azərbaycan Nümayəndəliyinin Başçısı Seyfullah İlyas tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanan məktubdan görünür ki, Cavabdeh1 adlı sərnişin 20 noyabr 2016-cı il-24 noyabr 2016-cı il tarixlərində Bakı-İstanbul-Vyana və İstanbul-Bakı marşurutu üzrə səyahət etmişdir. Sərnişinin bilet nömrəsi **********220-dir Cavabdeh1 05 aprel 2017-ci il tarixlərində Bakı-istanbul marşurutu üzrə səyahət etmişdir. Sərnişinin bilet nömrəsi **********092-dir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanov tərəfindən məhkəməyə ünvanlanan 17.07.2020-ci il tarixli, ASC/2- 1157 saylı məktundan görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında hər hansı hüquqi münasibətlərin təsbit olunduğu müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova tərəfindən məhkəməyə ünvanlanan 17 iyul 2020-ci il tarixli, 02/10-08-23- 1624 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi müxtəlif istiqamətlərdə səfərlərin təşkili məqsədilə aviabiletlərin sifariş edilməsi üçün İddiaçı MMC ilə müqavilə bağlamamışdır. Sifarişçi adlanan "xxxx" ASC ilə icraçı adlanan “Novero İnvest LTD” şirkəti ilə arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satınalınması barədə 26/15 saylı müqaviləyə əsasən icraçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında satın alınan damazlıq heyvanları 180 gün ərzində sifarişçinin Gəncə regional Nümayəndəliyinə və ya lizinq alanınn razılığı ilə onun təsərrüfatına təhvil verilməsini, sifarişçi isə müqavilədə nəzərdə tutulan şərtlər əsasında damazlıq heyvanları icraçıdan qəbul etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommerrsiya qrumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “Novero İnvest LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 13.03.2017-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 15 noyabr 2016-cı il tarixində Bakı-İstanbul-Vyana-Bremen- İstanbul-Bakı istiqamətində, 22 noyabr 2016-cı il tarixində Münhen-Bremen istiqamətində, 03 aprel 2017-ci il tarixində Bakı-İstanbul-Vyana istiqamətində səfərlərini həyata keçirməsi üçün ümumilikdə 2415 ABŞ dolları dəyərində aviabiletlər təşkil edilmiş və həmin səfərlər baş tutmuşdur. İddiaçı Cavabdeh1 həmin səfərlərin təşkil edilməsi üçün xərclənən 2415 ABŞ dolları məbləğində pul vəsaitini tələb edir. Cavabdeh isə həmin səfərlərin həyata keçirilməsi üçün bilet sifarişlərinin onun tərəfindən edilmədiyini, iddiaçı şirkəti tanımadığını, qeyd edilən istiqamətlər üzrə səfərlərini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ezamiyyət əmri ilə həyata keçirdiyini və bu səfərlər üzrə ezamiyyət xərclərinin "xxxx" ASC ilə “Novero İnvest LTD” şirkəti arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satınalınması barədə 26/15 saylı, 14 oktyabr 2015-ci il tarixli müqavilənin 5.3cü bəndinə əsasən icraçı “Novero İnvest LTD” şirkəti tərəfindən ödənilməli olduğunu bildirmişdir. Belə olan halda məlum olur ki, bilet sifarişi ilə bağlı müqavilənin tərəfi "xxxx" ASC ilə “Novero İnvest LTD” şirkəti arasında bağlanan iribuynuzlu cins damazlıq heyvanların satınalınması barədə 26/15 saylı, 14 oktyabr 2015-ci il tarixli müqavilənin 5.3-cü bəndinə əsasən icraçı “Novero İnvest LTD” şirkətidir. Aparılmış araşdırmalar zamanı da Cavabdeh1 ezamiyyəsi ilə bağlı biletlərin məhz həmin şirkət tərəfindən sifariş olunduğu müəyyən olunmuşdur. Buna baxmarayaq, hazırkı halda iddiaçı tələbə cavab verməli olmayan şəxsə qarşı, başqa sözlə əsil olmayan cavabdehə qarşı tələb irəli sürmüşdür. Rayon məhkəməsi isə işin bu mühüm halına düzgün qiymət verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Hazırkı mülki işin materialları ilə də müəyyən olunur ki, bilet sifarişi ilə bağlı müqavilənin tərəfi "xxxx" ASC ilə “Novero İnvest LTD” şirkəti arasında bağlanan 26/15 saylı, 14 oktyabr 2015-ci il tarixli müqavilənin 5.3-cü bəndinə əsasən icraçı “Novero İnvest LTD” şirkəti olduğundan, iddiaçının tələbi əsl olmayan cavabdehə, yəni Cavabdeh1 qarşı irəli sürülmüşdür. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl olmayan cavabdehə verildiyindən rədd edilməli, iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu tərəfə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2854/20 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İddiaçıya əsl cavabdehə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4814/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4814/2021
07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver