Məhkəmə qərarları › İş №2(103)-4814/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4814/2022

21.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4814/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlunun və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı X6 Üçüncü şəxs X8 və onun nümayəndəsi X4 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3239/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3239/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki icra qeydi verən 14 saylı Notariat kontoru onun qeydiyyatda olduğu yer üzrə notariat orqanı olmadığından, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti müdafiə edərək, iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, əlavə olaraq da bildirdi ki, icra qeydi verilən əqd etibarsızdır, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəməyə göndərdiyi ərizədə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: X6 ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Borc alana”, yəni X3 “Borc verən”, yəni X8 tərəfindən 13000 manat məbləğində borc pul verilmiş, “Borc alan” isə 02 iyul 2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən X3 ünvanlanan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, X2 Bakı şəhəri 40 saylı notariat kontorunun 8İ- 1804 nömrəli, 02 iyun 2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb olunmuşdur. Mülki iş materiallarında olan 8İ-1804 nömrəli, 01 iyun 2021-ci il tarixli icra qeydinin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə əsasən X7 xeyrinə X2 müddət üçün vaxtında ödənilməmiş 13000 manat borcun tutulmasını təklif etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Hazırkı halda, iddiaçının apellyasiya şikayətinin dəlili icra qeydi verən 14 saylı Notariat kontorunun onun qeydiyyatda olduğu yer üzrə notariat orqanı olmamaması ilə bağlıdır. Kollegiya bununala bağlı qeyd edir ki, həm “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda, həm də “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda icra qeydinin borclunun olduğu yer üzrə notariuslar tərəfindən verilməsi nəzərdə tutulmuşdur, bu səbəbdən 14 saylı Notariat Kontoru tərəfindən hazırkı icra qeydinin verilməsi qanuni olmuşdur. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasında icra qeydi verilən borc müqaviləsinin etibarsız olması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmeti olmadığından, məhkəmə həmin əqdin etibarlılığı məsələsini yoxlamır. Bu səbəbdən, iddiaçıya həmin borc müqaviləsini ümumi qaydada məhkəmədə mübahisələndirmək hüququnun olması izah edilməlidir. Beləliklə, Məhkəmə kolegiyasının araşdırmaları nəticəsində məlum oldu ki, icra qeydi qanunvericiliyin tələbləri gözlənilməklə verildiyindən iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3239/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu idiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar