Məhkəmə qərarları › İş №2(103)-4815/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4815/2022

06.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4815/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-76/2022 saylı 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlak sığortası növü ilə sığortalanmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat məbləğində zərərin və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 25709 (iyirmi beş min yeddi yüz doqquz) manat məbləğində pulun "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixində, PİM-AİF-10702/18 saylı sığorta şəhadətnaməsi imzalanmış və Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küç 54 ünvanında yerləşən ev əmlak sığortası növü ilə sığorta olunmuşdur. 22 iyul 2019-cu il tarixdə qeyd edilən fərdi yaşayış evində yanğın hadisəsi (sığorta hadisəsi) baş vermişdir. O, dərhal bu barədə müvafiq dövlət orqanlarına və sığorta şirkətinə məlumat vermişdir. Sığortalanmış əmlaka "xxxx" ASC-nin əməkdaşları və ekspertləri tərəfindən baxış keçirilmiş və 18 yanvar 2020-ci il tarixli hesabat tərtib edilmişdir. Həmin hesabatla fərdi yaşayış evinə dəymiş zərər 6976 (altı min doqquz yüz yetmiş altı) manat məbləğində qiymətləndirilmişdir. O, həmin hesabatla razılaşmamışdır. Daha sonra ona "xxxx" ASC tərəfindən ünvanlanmış 17 mart 2020-ci il tarixli məktubla bildirilmişdir ki, 18 yanvar 2020-ci il tarixli hesabatla razılaşmadığından ona 3 müxtəlif ekspert təklif edilir. Həmin ekspertlərdən hər hansı birini seçməklə dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilə bilər. 27 iyul 2020-ci il tarixli məktubla eyni ekspertlərin siyahısı ona təkrarən göndərilmişdir. O, verdikləri siyahıda adı göstərilən ilk eksperti - Allahverdiyev Elçin Tapdıq oğlunu seçmiş və qiymətləndirməni həyata keçirmişdir. Allahverdiyev Elçin Tapdıq oğlu tərəfindən keçirilmiş müstəqil ekspertizanın nəticəsi üzrə 29 avqust 2020-ci il tarixdə rəy verilmiş və ona dəymiş ziyan 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat olaraq qiymətləndirilmişdir. Lakin "xxxx" ASC öz təklif etdiyi ekspertin rəyi ilə razılaşmamış, yenidən iki müxtəlif ekspertiza keçirmiş, 10090 (on min doxsan) manat və 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində iki müxtəlif rəy almışdır. Sonuncu iki rəy həqiqəti əks etdirmir. Çünki Sığorta şirkətinin maraqlarına uyğun gələn rəydə cəmi 16 adda zəruri material sadalanmışdır. Halbuki təklif etdikləri Allahverdiyev Elçin Tapdıq oğlunun tərtib etdiyi rəydə 42 adda materialın adı qeyd edilmişdir. Sual olunur ki, sığorta şirkətinin maraqlarına uyğun gələn rəydə adları qeyd edilməyən materialları ona kim almalıdır? Misal üçün: sığorta şirkəti diqtə edir ki, onun yanıb kül olmuş evinə cəmi 10 kisə sement kifayətdir. Bu 10 kisə sement həm suvağa, həm hörgüyə necə bəs edə bilər? Tərtib etdikləri rəy absurd qiymətləndirmədən başqa bir şey deyildir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əmlak sığortası növü ilə sığortalanmış Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küç 54 ünvanında yerləşən fərdi yaşayış evinə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 27160 (iyirmi yeddi min yüz altmış) manat məbləğində zərərin əvəzi olaraq pulun "xxxx" ASC-dən alınaraq xx.xx.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sığortalanmış əmlaka dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən dəymiş ziyan hesablanaraq 27160 (iyirmi yeddi min yüz altmış) manat olaraq müəyyən edilmişdir. Bundan əlavə PİM-AİF10702/18 nömrəli sığorta şəhadətnaməsində “faydalanan şəxs” qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC qeyd edilmişdir. Belə ki, sığorta obyekti olan evi o, "xxxx" ASC ilə bağladığı xx.xx.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə ona 300 ay müddətinə, illik 5% dərəcəsi ilə verilmiş 45000 manat məbləğində ipoteka krediti hesabına əldə etmiş, həmin ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür və həmin evə görə kredit borcunu ödəməkdədir. Bu səbəbdən hesab edir ki, dəymiş zərərə görə 27160 manat məbləğində pul onun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna olan borcunun ödənilməsi məqsədilə "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əmlak sığortası növü ilə sığortalanmış Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küç 54 ünvanında yerləşən fərdi yaşayış evimə sığorta hadisəsinin baş verməsi nəticəsində dəymiş 18235 (on səkkiz min iki yüz otuz beş) manat məbləğində zərərin əvəzi olaraq pulun "xxxx" ASCdən alınaraq xx.xx.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna, həmçinin 3828,15 (üç min səkkiz yüz iyirmi səkkiz manat on beş qəpik) manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" ASCdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki iş üzrə sığortalanmış əmlaka dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən dəymiş ziyan hesablanaraq 27160 (iyirmi yeddi min yüz altmış) manat olaraq müəyyən edilmişdir. "xxxx" ASC ona xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək 10090 (on min doxsan) manat məbləğində dəymiş zərərə görə kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir. Lakin təsdiqini tapan zərər məbləği 18235 (on səkkiz min iki yüz otuz beş) manatdır. Buradan aydın olduğu kimi "xxxx" ASC 8145 (səkkiz min yüz qırx beş) manat məbləğində sığorta ödənişini (18235- 10090=8145) gecikdirmişdir. Göründüyü kimi "xxxx" ASC 8145 manat məbləğində sığorta ödənişini gecikdirmişdir. 06 oktyabr 2020-ci il tarixindən bu günə kimi (xx.xx.2022-ci il) 1 il 3 ay 16 gün keçmişdir. Bu da orta hesabla 470 gün edir. 8145 manat məbləğində gecikdirilmiş sığorta ödənişinə görə bir günlük dəbbə pulu 8,14 manat təşkil edir (8145*0,1%=8,14), 470 günlük gecikmə üçün isə dəbbə pulu 3828,15 manat təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-76/2022 saylı 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, sığorta ödənişinin əvəzi olaraq 18235 (on səkkiz min iki yüz otuz beş) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən alınaraq faydalanan şəxs Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına ödənilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianən qalan hissələrdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 70 (yetmiş) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən, 30 (otuz) manat hissəsinin isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsasən, sığorta olunan əmlaka dəymiş zərərin hesablanması məqsədilə, sığorta olunan ərazinin müəyyənləşdirilməsi zəruri olmuşdur. Lakin Məhkəmə Ekspertiza Mərkəzi öz rəyində sığorta olunan ərazini yanlış qeyd edərək bu ərazinin 77,6 kv.m-ə bərabər olduğunu qeyd etmişdir. Məhkəmə öz qəbul etdiyi qətnamədə sığorta olunan ərazinin sahəsini 52,1 kv.m olaraq göstərmiş və ekspertizaya əsasən sığorta olunan əmlaka dəymiş zərərin hesablanması nəticəsində yaranan məbləği dəyişdirmişdir. Bununla belə, qəbul edilmiş qətnamədə məhkəmə Məhkəmə Ekspertizasının verdiyi rəylə razılaşdığını qeyd etmişdir. Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizasının sığorta olunan ərazi haqqında doğru məlumata malik olmadan sığorta olunan əmlaka dəymiş zərərin təqribi hesablanması keçirilmiş ekspertizanın obyektiv gerçəyi əks etdirməsi ilə bağlı şübhələr doğurur və məhkəmənin müvafiq rəyi tam şəkildə tədqiq etməməsini dəlalət edir. Müvafiq ekspert rəyində qiymətləndirilmə nəticəsində tikinti-təmir və yenidən quraşdırılma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyənlədirilmişdir. Lakin müvafiq rəydə 1 kv.m görə 350 (üç yüz əlli) manat təqribi dəyər hansı meyarların əsasına hesablanması barədə heç bir məlumat əks olunmamışdır. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmadan əvvəl, sığortalanan əmlaka dəymiş zərərin hesablanması məqsədilə 4 (dörd) müstəqil ekspertiza keçirilmişdir. Lakin məhkəmə keçirilmiş ekspertizaların nəticələrini sübut olaraq tədqiq etməmiş və keçirilmiş ekspertizaları sübut kimi dəyərləndirməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq vəsatətlə müraciət edərək təkrar komission ekspertizasının keçirilməsinin zəruri olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, üçüncü şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu və "xxxx" ASC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-76/2022 saylı 21 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,1 kv.m yaşayış, 22 kv.m köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, **********82 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsində yerləşən yaşayış evi 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 52,1 kv.m olmaqla ondan 30,1 kv.m yaşayış, 22 kv.m köməkçi sahədən və s. ibarətdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, PİM-AİF-10702/18 nömrəli əmlak sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən ümumi sahəsi 52,1 kv.m olan evi (faydalanan şəxs qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC) "xxxx" ASC qarşısında yanğın və digər əlavə risklərdən xx.xx.2021-ci il tarixədək sığortalamışdır. İşə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, MMCnin ekspertləri tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (Seriya MH Ns 0010107, Qeydiyyat nömrəsi; 150705164, qeydiyyat tarixi xx.xx.2007) əsasında, İddiaçı məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında, mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 52.1 kv.m, o cümlədən 30.1 kv.m yaşayış, 22.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evində baş vermiş yanğın zamanı dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar 18 yanvar 2020-ci tarixində İddiaçı iştirakı ilə fərdi yaşayış evinə baxış keçirilmiş, qiymətləndirmə işi Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS) və «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmış və aparılmış təhlil və hesablamalar nəticəsində müəyyən olmuşdur ki, İddiaçı məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 52.1 kv.m, o cümlədən 30.1 kv.m yaşayış, 22.0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə dəymiş ziyanın ümumi məbləği 6976 (altı min doqquz yüz yetmiş altı) manat həcmində müəyyən edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, BS-C-20/0339 nömrəli məktubundan görünür ki, onun tərəfindən "xxxx" ASC-yə telefon vasitəsi ilə müraciət olunaraq ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərlə bağlı "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləğ ilə razılaşmadığını bildirmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.3-cü maddəsinin tələblərini nəzərə alaraq, 23 iyul 2019-cu il tarixində baş vermiş hadisə nəticəsində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün müstəqil ekspertlər sırasından bir müstəqil ekspert təyin edilməsi təklif edilmişdir. Ekspertlər - Allahverdiyev Elçin Tapdıq oğlu, Ağayev Aydın Mirzə oğlu və Talıblı Əhməd Talıbxan oğludur. İşə əlavə edilmiş müstəqil sığorta eksperti Allahverdiyev Elçin Tapdıq oğlu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müstəqil ekspertin aktından görünür ki, yanğın nəticəsində İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən əmlakda dəyən ziyanın səbəblərini və məbləğini təyin etmək üçün yerində baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, yanğın nəticəsində 52.1 kv metrdən, iki yaşayış və bir şüşəbəntdən ibarət fərdi yaşayış sahəsinin damı, tavanı, döşəməsi və divarları tamamilə yanaraq sıradan çıxmışdır. Qeyd olunan əmlakın bir yaşayış otağının iki divarında genişliyi 0.2-0.6 sm-dən ibarət çatlar əmələ gəldiyindən istismara yararsız hesab oluna bilər. Divarlar sökülüb yenidən tikilməli, dam, tavan və döşəmə hissəsi tamamilə yenilənməli, divarlar isə təmir olunmalıdır. Otaqların və şüşəbəndin qapı pəncərələri yenisi ilə əvəzlənməlidir. Zədələnmiş sahənin bərpası üçün sərf edilən materialların və görülən işlərin dəyəri cəmi 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat müəyyən edilmişdir.. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı, Allahverdiyev Elçin Tapdıq oğluna və Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2020-ci il tarixli, BS-C- 20/1339 nömrəli məktubundan görünür ki, sığortalanmış əmlaka onun iştirakı ilə "xxxx" MMC-nin nümayəndəsi – tərəfindən baxış keçirilmiş, yanğın nəticəsində dəymiş zərər 6976 (altı min doqquz yüz yetmiş altı nanat) məbləğində müəyyən edilmiş və bu barədə ona məlumat verilmişdir. Lakin, o, zərər məbləği ilə razı olmadığını bildirdiyi üçün şirkət tərəfindən ona xx.xx.2020- ci il tarixli, BC-S-20/0339 saylı və xx.xx.2020-ci il tarixli, BS-C- 20/1024 saylı məktublar ünvanlandırılaraq sığortalı əmlaka yanğın hadisəsi nəticəsində dəymiş zərər məbləğinin müstəqil ekspert vasitəsi ilə qiymətləndirilməsi üçün ekspertlər siyahısından bir ekspert təyin edilməsi təklif edilmişdir. İlkin məktubları cavabsız qaldığı üçün şirkət tərəfindən onunla əlaqə saxlandığı zaman həmin məktubun ona çatdırılmadığını bildirdiyi üçün eyni məzmunlu məktub ona təkrar göndərilmişdir. Təkrar məktubun cavabsız qalması ilə bağlı onunla əlaqə saxlanılan zaman məsələ ilə bağlı şəxsən "xxxx" ASC-yə gələrək müzakirə etmək istədiyini lakin, mövcud vəziyyətlə (pandemiya) bağlı Bakı şəhərinə gələ bilmədiyini və imkan olan kimi onlara məlumat verəcəyini bildirmişdir. "xxxx" ASCyə xx.xx.2020-ci il tarixində təqdim edilmiş, xx.xx.2020ci il tarixli məktubla o, zərər məbləğinin Allahverdiyev Elçin Tapdıq oğlu tərəfindən qiymətləndirilməsini təklif etmişdir. Şirkət tərəfindən aparılmış araşdırılma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli təklif məktubunda qeyd etdiyi Allahverdiyev Elçin Tapdıq oğlu onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə hadisəsi nəticəsində dəymiş zərəri artıq qiymətləndirilmiş və xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən əmlaka dəymiş zərər 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat məbləğində müəyyən edilmişdir. İlk öncə bildirirlər ki, ekspert Allahverdiyev Elçin Tapdıq oğlu tərəfindən əmlaka baxış keçirilən zaman nümayəndənin iştirakı təmin edilmədiyi üçün hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Eyni zamanda, ekspert əmlaka baxış keçirən zaman yanğın hadisəsi nəticəsində zədələnmiş hissələrin və görülməli işlər haqqında akt tərtib edərək onların siyahısını tərəflərə razılaşdırılmalı olduğu halda bunu etməmiş, əksinə qüsur aktında yanğın hadisəsinin nəticəsində əmələ gəlməmiş zədələri, “bununların aradan qaldırılması üçün tələb edilən” materialların və işçilik haqqını qüsur akta daxil edərək məbləği əsassız olaraq süni şəkildə şişirtmişdir. Qeyd edilənləri, "xxxx" MMC və Allahverdiyev Elçin Tapdıq oğlu tərəfindən təqdim edilmiş qüsur aktları arasında kəskin ziddiyət olmasını nəzərə alaraq, əmlaka dəymiş zərərin Allahverdiyev Elçin Tapdıq oğlu tərəfindən qiymətləndirilməsi haqqında təklifi qəbul edilməz hesab edərək iş üzrə komission ekspertiza təyin edilməklə ekspertizanın aparılması onun və Cəmiyyətin nümayəndələrinin iştirakı ilə müstəqil ekspertlər Talıblı Əhməd Talıbxan oğlu və Sadıxov Ramil Hüseynəli oğluna tapşırılması məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş müstəqil sığorta eksperti Sadıxov Ramil Hüseynəli oğlu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən evə dəymiş zərərin miqdarı 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş müstəqil sığorta eksperti Talıblı Əhməd Talıbxan oğlu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən evə dəymiş zərərin miqdarı 10090 (on min doxsan) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, BS-C-20/1504 nömrəli məktubundan görünür ki, dəymiş zərərin miqdarı ilə bağlı razılıq əldə edilmədiyi üçün müstəqil ekspertlərin iştirakı ilə komission ekspertiza təyin edilmiş və xx.xx.2020-ci il tarixdə müstəqil ekspertlər Talıblı Əhməd Talıbxan oğlu, Sadıxov Ramil Hüseynəli oğlu, sığortaçının nümayəndəsi və onun iştirakı ilə sığotalı əmlaka təkrar baxış keçirilmişdir. Belə ki, müstəqil ekspert Talıblı Əhməd Talıbxan oğlu tərəfindən zərər 10090 (on min doxsan) manat, Sadıxov Ramil Hüseynəli oğlu tərəfindən isə 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişini müstəqil ekspert Talıblı Əhməd Talıbxan oğlunun rəyinə əsasən PİM-AİF- 10702/18 saylı sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində çıxış edən şəxsin təklifinə uyğun ödəməyə hazır olduqlarını bildirmişlər. İşə əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsin iştirak etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Səidov Elmar Zirəddin oğlu izahatında bildirmişdir ki, o, məhkəmənin tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardadında qeyd edilən sualllar üzrə rəy vermiş, həmin qərardadda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 52.1 kv.m olan yaşayış sahəsi deyil, bütün evə dəymiş ziyanın dəyərinin müəyyən edilməsi qeyd edildiyindən o, da qeyd edilən evə dəymiş ziyanla bağlı rəy vermiş və xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün, fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) dəyərinin 27160 manat (77,6x350) məbləğində olmasını müəyyən etmişdir. Həmçinin qeyd etmişdir ki, 1,0 kv.m sahəyə təqribən 350 manat dəyərində vəsaitin sərf olunması hazırki mövcud bazar qiymətlərinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən qanunvericilik aktı normalarının tələbindən də görünür ki, sığorta hadisəsi baş verdiyi halda (dəymiş zərər müəyyən edilməklə) sığortaçı tərəfindən sığorta ödənişinin zərərçəkmiş şəxsə, eləcə də faydalanan şəxsə verilməsi nəzərdə tutulmuşdur. İş materilları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli, PİM-AİF-10702/18 sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi əmlak sığortası növü ilə sığortalanmış, sığortalı İddiaçı xx.xx.2019-cu il tarixdə Cəmiyyətə müraciət edərək, sığortalanmış əmlakın sığorta hadisəsinə məruz qaldığını bildirmiş, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyənləşdirmək üçün sığortalı İddiaçı iştirakı ilə qeyd edilən əmlaka "xxxx" MMC-nin nümayəndəsi tərəfindən baxış keçirilmiş, yanğın nəticəsində dəymiş zərər 6976 (altı min doqquz yüz yetmiş altı) manat müəyyən edilmiş, bu barədə də İddiaçı məlumat verilmiş, lakin sığortalı İddiaçı "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə razı olmadığından dəymiş zərərin miqdarı müstəqil ekspert Allahverdiyev Elçin Tapdıq oğlu tərəfindən qiymətləndirilmiş və həmin müstəqil ekspert tərəfindən sığortalı əmlaka dəymiş zərər 25679 (iyirmi beş min altı yüz yetmiş doqquz) manat məbləğində müəyyən edilmiş, lakin qeyd edilən müstəqil ekspert tərəfindən əmlaka baxış keçirilən zaman Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmiş, bu səbəbdən xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin miqdarı ilə bağlı razılıq əldə edilmədiyi üçün müstəqil ekspertlərin iştirakı ilə komission ekspertiza təyin edilmiş və xx.xx.2020-ci il tarixdə müstəqil ekspertlər Talıblı Əhməd Talıbxan oğlu, Sadıxov Ramil Hüseynəli oğlu, sığortaçının nümayəndəsi və cavbadeh İddiaçı iştirakı ilə sığotalı əmlaka təkrar baxış keçirilmiş və müstəqil ekspert Talıblı Əhməd Talıbxan oğlu tərəfindən zərər 10090 (on min doxsan) manat, Sadıxov Ramil Hüseynəli oğlu tərəfindən isə 9904 (doqquz min doqquz yüz dörd) manat məbləğində müəyyən edilmiş, şirkət sığorta ödənişini müstəqil ekspert Talıblı Əhməd Talıbxan oğlunun rəyinə əsasən PİM- AİF10702/18 saylı sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində çıxış edən şəxsin təklifinə uyğun ödəməyə hazır olduqlarını bildirmiş, lakin İddiaçı qeyd edilən sığorta məbləği ilə razı olmadığından iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı sığorta obyekti olan evi "xxxx" ASC ilə bağladığı xx.xx.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə ona 300 ay müddətinə, illik 5% dərəcəsi ilə verilmiş 45000 manat məbləğində ipoteka krediti hesabına əldə etmiş, həmin ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür və həmin evə görə kredit borcunu ödəməkdədir. Bundan əlavə PİMAİF-10702/18 nömrəli sığorta şəhadətnaməsində “faydalanan şəxs” qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC qeyd edilmişdir. Məhkəmə kollegoiyası qeyd edir ki, yuxarıda qeyd edilən İddiaçı mülkiyyətində olan “ünvan 7 ünvanında yerləşən evə 22 iyul 2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi (sığorta hadisəsi) nəticəsində zərər dəyməsi və qeyd edilən hadisənin sığorta hadisəsi kimi tanınması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, dəymiş zərərin miqdarı ilk əvvəl 6976 (altı min doqquz yüz yetmiş altı) manat müəyyən edilmiş, lakin tərəflər arasında razılıq əldə edilmədiyindən bir neçə dəfə də müstəqil ekspertlər tərəfindən əmlaka baxış keçirilməklə qiymətləndirilmə aparılmış və sığortalı əmlaka dəymiş zərər 25679 manat məbləğində, daha sonra isə 10090 manat və 9904 manat məbləğində olmaqla müəyyən edilmiş, şirkət sığorta ödənişini 10090 manat məbləğində olmaqla PİM-AİF-10702/18 saylı sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs qismində çıxış edən şəxsin təklifinə uyğun ödəməyə hazır olduqlarını bildirmişlər. Lakin, İddiaçı ilə "xxxx" ASC arasında dəymiş zərərin məbləği barədə razılaşma əldə edilməmiş və iddiaçı məbləğlə razılaşmadığından “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisənin obyektiv həlli baxımından əsaslı olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4747 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş ziyanın aradan qaldırılması üçün, fərdi yaşayış evində aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğu olaraq 1,0 kv.m sahəyə təqribən 350 manat dəyərində vəsaitin sərf olunacağını nəzərə alaraq, fərdi yaşaış evində yanğın nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 27160 manat (77,6x350) məbləğində müəyyən edilir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4747 saylı, xx.xx.2021-ci il tarixli rəyinin əsaslandırıcı hissəsindən də görünür ki, ekspert fərdi yaşayış evinin ümumi sahəsi (52,1 kv.m) ilə yanaşı, zirzəmi və s. sahələrinin də ölçüsünü nəzərə alaraq dəymiş ziyanı 1,0 kv.m sahəyə təqribən 350 manat dəyərində hesablayaraq 27160 manat (77,6x350) məbləğində ziyan müəyyən etmişdir. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi olan 52,1 kv.m-ni "xxxx" ASC-də sığortalamışdır. Belə olan halda iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin 1,0 kv.m sahəyə 350 manat dəyərində hesablanmaqla 18235 (on səkkiz min iki yüz otuz beş) manat (52,1x350) məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin zərərin əvəzinin "xxxx" ASC-dən alınaraq xx.xx.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə iddiaçının borcunun ödənilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna xeyrinə tutulması dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 909.2-ci maddəsinə əsasən girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır. Həmin Məcəllənin 927.3-cü maddəsinə əsasən bu Məcəllənin 927.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan girov saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz. İş materialları ilə müəyyən edilir ki, İddiaçı sığorta obyekti olan evi "xxxx" ASC ilə bağladığı xx.xx.2007-ci il tarixli, 07050278 saylı kredit müqaviləsi üzrə ona 300 ay müddətinə, illik 5% dərəcəsi ilə verilmiş 45000 manat məbləğində ipoteka krediti hesabına əldə etmiş, həmin ev "xxxx" ASC-də ipoteka ilə yüklüdür və həmin evə görə kredit borcunu ödəməkdədir. Bundan əlavə PİM-AİF-10702/18 nömrəli sığorta şəhadətnaməsində “faydalanan şəxs” qismində kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC qeyd edilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etdiyindən və tərəflər arasında bağlanmış sığorta müqaviləsində də göstərildiyi kimi faydalanan şəxs kredit yenidən maliyyələşdirilənədək müvəkkil bank, kredit yenidən maliyyələşdirildikdən sonra isə "xxxx" ASC olduğundan 18235 (on səkkiz min iki yüz otuz beş) manat sığorta ödənişinin əvəzi "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4747 saylı, xx.xx.2021-ci il tarixli rəyini əsassız olmasını sübut edə bilməmiş və məhkəmə kollegiyası tərəfindən də rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Göründüyü kimi, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci insstansiya məhkəməsi tərəfindən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-76/2022 saylı 21 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-76/2022 saylı 21 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar