Məhkəmə qərarları › İş №2(103)-4816/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4816/2022

08.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4816/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdeh "xxxx" BOKT QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" BOKT QSC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" Hərrac Mərkəzi MMC-yə qarşı «ipoteka predmetinin girovdan azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2784/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ipoteka predmetinin girovdan azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipotekaya xitam verilməsi və **-SZ-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilin girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan "xxxx" BOKT QSC ikinci cavabdeh, "xxxx" Hərrac Mərkəzi MMC isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-420/2017 saylı icra sənədinə əsasən ondan cəmi 41.338 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 30 manat dövlət rüsumu tutulub cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilməli idi. Qətnamənin icrası ilə əlaqədar olaraq borcun tutulması ipoteka ilə yüklü edilmiş ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilə yönəldilmişdir. Nəqliyyat vasitəsinin satılması üçün X4 xx.xx.2019-cu il tarixli sifarişlə müraciət edilmişdir. X3 xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli bildirişləri və xx.xx.2019-cu il tarixli təklif məktubuna əsasən ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilin hərracı keçirilmiş, lakin satılmadığından tələbkara, yəni "xxxx" ASC-yə təklif edilmişdir. Cavabdeh "xxxx" ASC ona təklif olunan ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobili 30 təqvim günü müddətində öz balansına götürməmişdir. Daha sonra, cavabdeh "xxxx" ASC-yə ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilin girovdan azad edilməsi barədə məktub göndərilmişdir. Cavabdeh həmin məktubu xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək məsələyə münasibət bildirilməmişdir. İddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi, "xxxx" Hərrac Mərkəzi tərəfindən ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobil bir neçə dəfə açıq hərraca çıxarılmışdır. Buna baxmayaraq, sözügedən nəqliyyat vasitəsi hərrac vasitəsi ilə satılmamışdır. "xxxx" Hərrac Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubu ilə ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobil həmin icra sənədi üzrə tələbkar olan cavabdeh "xxxx" ASC-yə təklif edilmişdir. Cavabdeh "xxxx" ASC qanunvericiliklə müəyyən edilən müddətdə və qaydada sözügedən avtomobili öz balansına götürməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, həmin nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə cavabdehə təklif edilmişdir. Cavabdeh həmin əmlakı 30 gün müddətində öz balansına götürmədiyindən, ipotekaya 2019-cu ilin oktyabr ayından xitam verilmişdir. Lakin, cavabdeh "xxxx" ASC-yə ipoteka ilə yüklü edilmiş əmlakın girovdan azad edilməsinə dair məktubla müraciət edilsə də, cavabdeh məsələyə hər hansı münasibət bildirməmişdir. Odur ki, məhkəmənin qətnaməsi ilə ipoteka müqaviləsinə xitam verilməli və ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobil girovdan azad edilməlidir. İddiaçı yuxarıda qeyd olunan Qanunun 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinad edərək göstərmişdir ki, onun ipotekaya xitam verilməsi və ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı avtomobilin girovdan azad edilməsi barədə tələblər əsaslıdır. Çünki, ipoteka predmeti olan nəqliyyat vasitəsi birinci və təkrar hərraclarda satılmamış və təkrar hərracdan sonra 30 gün ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə ipoteka qoyanın tələbi ilə ipotekaya xitam verilməlidir.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2784/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobilinin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir (sədrlik edən: Anar İbadzadə).

5. Qətnamədən cavabdeh "xxxx" QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-420/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 27.900 ABŞ dolları əsas, 13.238 ABŞ dolları faiz borcu olmaqla, 200 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 41338 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan “MERCEDES BENZ-GL 450” minik markalı,**-SZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiyməti 53000 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqadarında müəyyən edilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən həmin qətnamə üzrə xx.xx.2017-ci il tarixli, 2(043)-420/2017 saylı icra sənədi verilmişdir. İcra sənədinin icrası ilə bağlı Gəncə şəhər üzrə İcra İdarəsinin rəisi Nizami Qocayev tərəfindən xx.xx.2019-cu il tarixli, 10277517 saylı sifariş məktubu "xxxx" Hərrac Mərkəzi MMC-yə göndərilmişdir. "xxxx" MMC Hərrac Mərkəzinin xx.xx.2019-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli bildirişləri və xx.xx.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, ipoteka predmeti olan **- SZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL 450” minik markalı avtomobilin hərracı keçirilmiş, lakin satılmadığından tələbkar olan "xxxx" QSC-yə təklif edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-420/2017 saylı qətnaməsi ilə ipoteka predmetinin likvid dəyəri əmtəəşünaslıq ekspertizası keçirilmədən ipoteka predmeti olan “MERCEDES BENZ-GL 450” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka müqaviləsində qeyd olunan 53000 ABŞ dolları məbləğində ilkin satış qiyməti qoyulmuşdur. Halbuki, qeyd olunan ipoteka predmetinə yüksək qiymət təyin edilmişdir. Bu səbəblərə görə "xxxx" QSC tərəfindən təklif məktubuna münasibət bildirilməmişdir. Qeyd olunan halları aradan qaldırılması üçün xx.xx.2021-ci il tarixində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər İddiaçı və Gəncə şəhər üzrə İcra İdarəsinə qarşı cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan “MERCEDES BENZ-GL 450” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək ilkin satış qiymətinin müəyyən edilməsi barədə iddia qaldırılmışdır. Hazırki mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində sədrlik edən hakim T.Qocayevin icraatında olan 2(043)-2691/2021 saylı mülki iş üzrə məlumat verilməsinə baxmayaraq işə baxan hakim tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qeyd edilən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mübahisələndirilən qətnamədən müəyyən edliri ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər İddiaçıvə Gəncə şəhər üzrə İcra İdarəsinə qarşı cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan “MERCEDES BENZ-GL 450” minik markalı, **-SZ-***dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək ilkin satış qiymətinin müəyyən edilməsi barədə iddia qaldırılmasına dair məhkəmə mübahisəsinə münasibət bildirməmiş, eyni zamanda ipoteka predmetinin əldə edilməməsinin səbəbləri barədə araşdırma aparmamışdır. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Mübahisələndirilən qətnamədən müəyyən edliri ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər İddiaçıvə Gəncə şəhər üzrə İcra İdarəsinə qarşı cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan “MERCEDES BENZ-GL 450” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək ilkin satış qiymətinin müəyyən edilməsi barərə iddia qaldırılmasına dair məhkəmə mübahisəsinə münasibət bildirməmiş, eyni zamanda ipoteka predmetinin əldə edilməməsinin səbəbləri barədə araşdırma aparmamışdır. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Beləki, Mülki Prosesual Məcəlləsinin 385.1.2-ci maddəsin əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəməaktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi A.Ağayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

8. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili T.Məmmədov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(043)-420/2017 saylı (27 mart 2017-ci il tarixdə verilmişdir) icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2013-cü il tarixli 1314 nömrəli kredit müqaviləsi üzrə yaranmış 27.900 ABŞ dolları əsas borc, 13.238 ABŞ dolları faiz və 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 41.338 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 30 manat dövlət rüsumu tutulub "xxxx" ASC-yə verilməsi; borcun tutulması ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus olan ** SZ *** dövlət qeydiyyat nişanlı, mühərrik və ban nömrələri qeyd olunmuş, 2007-ci il buraxılışlı, universal tipli, qara rəngli «Mercedes Benz GL 450» markalı minik avtomobilinə yönəldilməli; ipoteka predmeti açıq hərracda satılmalı; ipoteka predmetinin ilkin satış qiyməti 53.000 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarında müəyyən edilməlidir. İcra sənədinin verilməsinə əsas olmuş qətnamə 21 mart 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

11. Gəncə şəhər üzrə İcra İdarəsinin 09 iyul 2019-cu il tarixli 102775/17 saylı məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-420/ nömrəli icra sənədi icra olunması üçün "xxxx" Hərrac Mərkəzi MMC-yə göndərilmişdir.

12. "xxxx" Hərrac Mərkəzi MMC-nin 26 iyul 2019-cu il tarixli 01/2635 saylı bildirişindən (01-ci bildiriş) görünür ki, Hərrac Mərkəzi sifarişçiyə, tələbkara və ipoteka qoyana bildiriş ünvanlayaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobilinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 26 avqust 2019-cu il tarixə saat 11.00-a təyin olunmuşdur.

13. "xxxx" Hərrac Mərkəzi MMC-nin 30 avqust 2019-cu il tarixli 01/2479 saylı bildirişindən (02-ci bildiriş) görünür ki, Hərrac Mərkəzi sifarişçiyə, tələbkara və ipoteka qoyana bildiriş ünvanlayaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən ** SZ *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GL 450» markalı minik avtomobilinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 09 sentyabr 2019-cu il tarixə saat 11.00-dan 17:00-dək təyin olunmuşdur. Birinci və təkrar hərracların keçirilməsi ilə bağlı KİV-də elanlar verilmişdir.

14. "xxxx" Hərrac Mərkəzi MMC-nin 13 sentyabr 2019-cu il tarixli 01/2056 saylı məktubundan görünür ki, həmin Mərkəz tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmadığından həmin daşınar əmlak tələbkar "xxxx" ASC-yə təklif olunmuşdur.

15. "xxxx" Hərrac Mərkəzi MMC-nin 16 oktyabr 2019-cu il tarixli 01/2973 saylı məktubundan görünür ki, İddiaçı məxsus «Mercedes Benz GL-450» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracları keçirilmiş, alıcı müraciəti olmadığından və icra müddəti başa çatdığından sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmışdır.

16. Gəncə şəhəri üzrə İcra İdarəsinin 08 sentyabr 2020-ci il tarixli 102775/17 saylı məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(043)-420/2017 saylı icra sənədi Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən icra olunmadan mülki işə baxmış məhkəməyə geri qaytarılmışdır. Hüquqi dəyərləndirmə:

17. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(043)-420/2017 saylı (27 mart 2017-ci il tarixdə verilmişdir) icra vərəqəsi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək, müvafiq prosedur qaydalara uyğun hərəkətlər yerinə yetirilmiş, maraqlı tərəflərə məktub ünvanlanmaqla, hərracın vaxtı və yeri barədə məlumat vermiş, əmlakın ilkin satış qiyməti qeyd olunmaqla, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğunu izah etmişdir. Birinci hərrac baş tutmadığından, ikinci hərracın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, əmlakın ikinci (təkrar) hərracda satış qiyməti bildirilmiş, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu izah edilmişdir. Təkrar hərrac təyin olunmuş, lakin təkrar hərrac da baş tutmamışdır. Həmin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan «Birja Yenilikləri» qəzetində elan dərc olunmuşdur. Nəhayət, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Gəncə şəhəri üzrə İcra İarəsinə geri qaytarılmışdır.

18. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, ipoteka saxlayan qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməmişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.

20. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.

21. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar.

22. Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-cimaddəsi).

23. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər.

24. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; - ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

25. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Qərara almışdır ki: 1. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 2. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

26. Kollegiya işin halları və qeyd edilən hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, icra vərəqəsi üzrə qanuna müvafiq şəkildə iki dəfə keçirilmiş hərrac nəticəsində ipoteka predmeti satılmadığından və ipoteka predmeti tələbkara təklif edilməsinə baxmayaraq onun tərəfindən də alınmadığından, ipotekaya xitam verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsalı olmuşdur.

27. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-420/2017 saylı qətnaməsi ilə ipoteka predmetinin likvid dəyəri əmtəəşünaslıq ekspertizası keçirilmədən ipoteka predmeti olan “MERCEDES BENZ-GL 450” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka müqaviləsində qeyd olunan 53000 ABŞ dolları məbləğində ilkin satış qiyməti qoyulmuşdur. Halbuki, qeyd olunan ipoteka predmetinə yüksək qiymət təyin edilmişdir. Bu səbəblərə görə "xxxx" QSC tərəfindən təklif məktubuna münasibət bildirilməmişdir. Qeyd olunan halları aradan qaldırılması üçün xx.xx.2021-ci il tarixində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər İddiaçı və Gəncə şəhər üzrə İcra İdarəsinə qarşı cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan “MERCEDES BENZ-GL 450” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək ilkin satış qiymətinin müəyyən edilməsi barədə iddia qaldırılmışdır. Hazırki mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində sədrlik edən hakim T.Qocayevin icraatında olan 2(043)-2691/2021 saylı mülki iş üzrə məlumat verilməsinə baxmayaraq işə baxan hakim tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qeyd edilən hallar nəzərə alınmamışdır.”.

28. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, ipoteka predmetinin likvid dəyirinin müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyindən həmin qətnamə preyudisial qüvvəyə malikdir və onun əsasında müəyyən edilən hallar hazırki işə baxılmasında mübahisələndirilmir. Əgər cavabdeh həmin qətnamə ilə müəyyən edilən likvid qiymətdən narazı idisə, həmin vaxt qətnamədən apellyasiya şikayəti verə bilərdi. Lakin, cavabdeh qətnaməni həmin vaxt mübahisələndirməmişdir və bu hal onu deməyə əsas verir ki, cavabdeh həmin qətnamə ilə müəyyən edilən hallarla, eyni zamanla ipoteka predmetinin ilkin satış qisməti ilə razılaşmışdır. Cavabdeh icra məmurunun hərəkətlərindən də şikayət vermək hüququnun olduğu halda, bu hüququndan istifadə etməsi iş materiallarından görünmür.

29. Bundan başqa, kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə iddia qaldırılmasını və həmin iddianın icraata qəbul edilməsini bildirsə də, məhkəməyə həmin iddianın məhkəmənin icraatına qəbul edilməsini təsdiq edən hər hansı sənədi təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.

30. Kollegiya vurğulayır ki, iddia ərizəsinin icraata qəbul edilməsinə dair sübut iş materiallarında olmuş olsaydı belə, bu hal ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilməsi ilə əlaqədar olaraq məhkəmənin mövqeyinin dəyişməsinə səbəb ola bilməzdi. Çünki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi məhkəmə qətnaməsi preyudisialdır və hazırki işə baxılmasında mübahisələndirilmir. Odur ki, birinci instansiya məhkəməsinini iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğvi üçün səbəb ola bilməz.

31. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, hazırda ipotekaya xitam verilməsi iddiaçını cavabdehə olan borcunu ödəmək öhdəliyindən azad etmir.

32. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

35. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2784/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar