Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4817/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2044/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyan - müdafiəçiyə hüquqi yardımla əlaqədar ödənilmiş 300 manat; onun Azərbaycan Respublikası CM-nin 262.3-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmün icrası ilə əlaqədar 2 il 5 ay (29 ay) qanunsuz həbsdə qalması ilə bağlı real qazancından məhrum olmasına (maddi ziyana) görə 6.380 manat; onun 2 il 5 ay (29 ay) qanunsuz həbsdə qalması ilə bağlı vurulmuş mənəvi ziyana görə 29.000 manat kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiada göstərilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) xx.xx.2019-cu il tarixli 1(010)-90/2019 saylı hökmü ilə İddiaçı CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 5 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması, İddiaçı məhkəmə zalından həbs edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-47/2020 saylı qərarı ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişilik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Tahir Kazımov) xx.xx.2021-ci il tarixli 1(102)-786/2021 saylı qərarı ilə məhkumun müdafiəçiləri tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, məhkum İddiaçı barəsində Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün məhkəmə baxışına təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Rəşad Abdulov) xx.xx.2022-ci il tarixli 1(103)-42/2022 saylı bəraət hökmü ilə məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair 26 avqust 2019-cu il tarixli hökmü ləğv edilmiş, yeni hökm çıxarılmış, İddiaçı CM-in 263.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal azad olunmuş, tutulması, təqsirləndirilən səxs qismində cəlb edilməsi və həbsdə saxlanması nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmiş, is üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz - 215CDl» mikroavtobus markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qaytarıldığına görə onun sərəncamına verilmiş hesab olunmuş, həmin avtomobilin üzərinə Suraxanı rayon Polis İdarəsinin rəis müavininin 12 fevral 2019-cu il tarixli ***-*******92 nömrəli məktubuna əsasən qoyulmuş qadağa ləğv edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 236 manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, hökmün qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Qanunun tələbinə əsasən cinayət işi üzrə apelyasiya instansiya məhkəməsinin qərarı dərhal qüvvəyə mindiyinə görə, hazırkı iddia qaldırılır. Məhkəmələr tərəfindən müəyyən edildiyi kimi, İddiaçı sürücü işləyir. İddiaçı, barəsində əsassız qaldırılmış cinayət işi ilə bağlı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən və ahıl (60) yaşında həbs edildiyindən o, uzun müddət gərginlik şəraitində, mənəvi iztirab və əziyyət içərisində yaşamış, ailə və uşaqları onun iki ildən artıq bu ağır vəziyyətini və acısını yaşamışlar. Lakin ona vurulan ziyanın ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Belə ki, Suraxanı RPİ-nin müstəntiqinin səhlənkarlığı nəticəsində onun barəsində əsassız olaraq ittiham aktı tərtib edilmiş, prokurorluq tərəfindən ittiham aktı təsdiq edilmiş və məhkəmə məsuliyyətinə cəlb edilmiş, 5 (beş) il 01 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun məhkəmə zalından həbs edilməsi qərara alınmışdır. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunduğu andan onun hüquqları cinayət prosesi həyata keçirən orqanlar tərəfindən pozulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə İddiaçı mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə pis təsir göstərmişdir. Hazırda barəsində bəraət hökmünün olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Hətta sürücü işlədiyi kifayət qədər nüfuzlu məktəbdə dərsə aparıb-gətirdiyi şagirdlərin də yanında hörmətdən düşmüşdür. Belə ki, şagirdlərin bir qismi ona cinayətkar kimi yanaşmışlar. O, uzun müddət ərzində istintaq orqanının əsassız ittihamının əziyyətini çəkmişdir. Məhkəmələr müəyyən etmişdir ki, cinayət işi açıq-aşkar əsassız, qanunsuz və qərəzlidir və bunun nəticəsində onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxardığı hökm tam əsaslı və qanuni olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi iztirablar çəkmiş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona görə də, İddiaçı dəymiş maddi, fiziki və mənəvi ziyan aidiyyəti orqanlar tərəfindən ödənilməlidir. İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs edilməsi nəticəsində o, iki il beş ay ərzində sürücü kimi əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. İddiaçı haqqı və ədaləti yuxarı instansiya məhkəmələrində axtarmışdır. Bu hadisə ilə bağlı müvafiq ödənişlər etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində uzun sürən məhkəmə prosesləri keçirilmişdir. Hər dəfə də müqavilə əsasında müdafiəçi ilə təmin olunmuşdur. Təəssüf ki, İddiaçı əvvəlki müdafiəçiləri artıq prosesdə iştirak etmədiyinə görə onlara ödənilmiş qəbzləri əldə etmək mümkün deyildir. Halbuki həmin müdafiəçilərə xeyli ödəniş etmişdir. İddiaçı hüquqi yardımla əlaqədar hazırkı müdafiəçiyə məhkəmə icraatına görə 300 manat ödəniş etmişdir. İddiaçı müdafiəçisinə ödənilmiş 300 manat ödəniş qəbzi əlavə olunur. Ona görə də, hesab edir ki, müdafiəçisinə ödənilmiş həmin 300 manat pul məbləği kompensasiya şəklində Məhyəddin Ağakisiyevə ödənilməlidir. İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbsə alınması müddətində o, iş yerini itirmiş, əmək qabiliyyətli olmasına baxmayaraq, işsiz qalmışdır. Nəticədə o, ölkə üzrə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumundan, yəni ən azı 220 manat olmaqla, 29 ay (220 x 29 = 680) üçün 6.380 manat real qazancından məhrum olmuşdur. Belə ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 220 manat müəyyən edilib. Ona görə də, hesab edir ki, həmin 6.380 manat pul məbləği də kompensasiya şəklində ona ödənilməlidir. Bundan başqa, digər hal ondan ibarətdir ki, İddiaçı əsassız olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və məhkəmə zalından həbs olunması nəticəsində, o, ittiham olunanlara xas şəkildə davranışa məruz qalmış, üzərində məcburi müayinələr aparılmış, barəsində əsassız məhkəmə qərarları çıxarılaraq cəzaya məruz qalmış, cəza məcburi qaydada icra edilmiş, ailəsi və uşaqları bu təsirin əsarətini yaşamışlar. Mənəvi zərərin miqdarını müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırkı iş üzrə məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 2 il 5 ay (29 ay) ərzində davam etməsi nəzərə alınmalı, mənəvi zərərin miqdarı ən azı 29.000 manat müəyyən edilməlidir. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının son qərarlarında həbsdə qalan şəxslərə vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş pulun məbləği bir qayda olaraq hər aya görə 1.000 manat müəyyən edilir. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5251/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə 1 il 3 ay (15 ay) həbsdə qalan şəxsə vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş pulun məbləği 15.000 manat müəyyən edilmişdir (bax: Azərbaycan Respublikasının Ali Məhkəməsində «Qərarlar üzrə axtarış»). Belə olan halda, hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə məhkəmədə icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Ona görə də, hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən ediləcək pulun məbləği ən azı 29.000 manat müəyyən edilə bilər. Göstərilənlərə əsasən hesab edir ki, mənəvi ziyan olaraq 29.000 manat pul kompensasiya şəklində Məhyəddin Ağakisiyevə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2044/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı vurulmuş mənəvi zərərə görə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin və hüquqi yardım göstərilməsi üçün sərf edilmiş 300 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. 1101-ci maddəyə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi "Azərbaycan Respublikası" dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işi üzrə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqan cəlb olunmalıdır. Sözügedən Qanunun 5-ci maddəsinə əsasən vurulmuş ziyan "dövlət büdcəsi"nin vəsaiti hesabına həyata keçirilir. Bununla əlaqədar qeyd edirik ki, dövlət büdcəsindən təkcə Maliyyə Nazirliyi maliyyələşmir, digər dövlət orqanları da, o cümlədən məhkəmələr də dövlət büdcəsindən maliyyələşir. Eyni zamanda həmin qanunda, o cümlədən hər hansı digər normativ hüquqi aktlarda vurulmuş ziyanı ödəyənin məhz "müvafiq icra hakimiyyəti orqanı", yəni "Maliyyə Nazirliyi" olması göstərilmir. Məhkəmələr qərar qəbul edərkən qanunun aliliyi prinsipini rəhbər tutmalıdır. Lakin hər hansı bir qanunda vurulmuş ziyana görə Maliyyyə Nazirliyinin cavabdeh orqan olması müəyyən olunmasa da, məhkəmə qətnaməsində yanlış olaraq Nazirlik cavabdeh qismində müəyyən edilmişdir. Həmçinin həmin Qanunun 7-ci maddəsində qeyd edilir ki, hüquq pozuntusunu törədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Lakin həmin pozuntunu törədən orqanlar tərəfindən həmin hüquq pozuntusuna məruz qalmış şəxsdən üzr istənilməməsi, əksinə həmin orqanların törətdiyi pozuntulara görə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması dövlət büdcəsinə əsassız ziyan vurmaqla yanaşı, sözügedən orqanlar tərəfindən gələcəkdə də müxtəlif hüquq pozuntularının törədilməsinə fiziki və hüquqi şəxslərin dövlətə etimadsızlğına səbəb olacaqdır. Belə ki, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanları da dövlət orqanlarıdır, eləcə də məhkəmələrin qəbul etdikləri qərarlar dövlət adından çıxarılır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq- mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. İş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə (həbsdə olduğu müddət ərzində hər aya görə 1000 manat), yəni 28.000 (iyirmi səkkiz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 28.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçının hüquqlarını müdafiə etmək üçün hüquqi yardım göstərilməsinə sərf etdiyi 300 manat xərc də cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməlidir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir Maddə 4.1. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda yaranır. Maddə 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 7.2. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçının Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan əsasla hazırkı idda üzrə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları olmuş və Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi isə iddianın sonuncuya qarşı yönəldilməsi kimi qiymətləndirilə bilməz. Çünki, qeyd olunan maddədə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada tam həcmdə ödəməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin tələblərinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda onun səlahiyyətlərini hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Lakin iddiaçı ilə Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan orqanların və onların vəzifəli şəxslərinin arasında hazırkı iddanın irəli sürülməsinə əsas olmuş münasibətlər mülki hüquq münasibətləri olmamış və hazırkı iddiada da mülki hüquq münasibətləri nəticəsində yaranmamışdır. Bu baxımdan həmin orqanlar və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində göstərdikləri fəaliyyətə, hərəkət və hərəkətsizliyə görə cavabdehlik daşıya bilməzlər. Qanunvericilik bu hallara görə mülki hüquqi məsuliyyət daşımalı olan şəxsi, yəni Azərbaycan Respublikasını konkret olaraq nəzərdə tutmuşdur. Buna görə də, Maliyyə Nazirliyi digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərinə görə deyil, bu iddia üzrə Azərbaycan Respublikasını təmsil edən şəxs olaraq cavabdeh kimi qeyd olunmuş və bu da heç bir halda qanunvericiliyin tələblərinə zidd hesab edilə bilməz. İkincisi, birinci instansiya məhkəməsinin qətnaməsində Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmalarına gətirib çıxaran qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verildiyi göstərilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddianı Maliyyə Nazirliyinə münasibətdə deyil, Azərbaycan Respublikasına münasibətdə qismən təmin etmiş, Maliyyə Nazirliyi isə dövləti təmsil etmiş və bu da qanunvericiliyin tələblərinin pozulması demək deyildir. Başqa sözlə Maliyyə Nazirliyi iş üzrə delikt törədən şəxs kimi dəyərləndirilməmişdir. Üçüncüsü, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən Mülki Məcəllənin 1114.3-cü maddəsinin tələblərini istəsə belə nəzərə ala bilməzdi. Çünki, həmin maddədə göstərilən orqanların hansısa vəzifəli şəxsinin vurduğu zərər üzrə təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilməmiş, eləcə də hazırkı iş üzrə Azərbaycan Respublikası hansısa şəxsə reqres qaydada tələb irəli sürməmişdir. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçıya ödənilməsi qət edilən vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etmək vəzifəsi də yoxdur. Ona görə də, iddiaçıya ödənilən vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə hansısa bir izah verilməsi də mümkünsüzdür. Bu halları isə tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipinin, maddi hüquq normalarının pozulması kimi qəbul etmək olmaz. Göründüyü kimi, şikayətin bu dəlili də əsaslı deyildir. Dördüncüsü, iddiaçının azadlıqdan məhrum olunması ona mənəvi zərər vurmaya bilməzdi. Çünki, istintaq orqanının və məhkəmənin səhvi nəticəsində, yəni qanunsuz həbs qətimkan tədbiri seçilməsinə görə bu məhrumiyyətlər ən azından ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir. İddiaçının bununla bağlı məhkəməyə əlavə sübut təqdim etməsinə də ehtiyac olmamışdır. Çünki, ən mötəbər sübut ona elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilməməsi əsası ilə barəsində bəraət hökmünün çıxarılmasıdır. Ona görə də, mənəvi ziyanla bağlı iddianın qismən təmin edilməsi qətiyyən əsassız və qanunsuz hesab edilə bilməzdi. Əlbətdə ki, mənəvi zərərlə bağlı tələb edilən məbləğdə ağlabatan olmalıdır. Lakin mənəvi zərərin həmin məbləğdə təmin olunması qətiyyən o demək deyil ki, iddiaçıya məhz həmin məbləğ həcmində mənəvi zərər dəymişdir. Belə ki, mənəvi zərərin əvəzi pul formasında ödənilsə də nəinki təmin edilən məbləğ, heç tələb edilən məbləğ də ola bilər ki, iddiaçıya dəymiş mənəvi sarsıntının fəsadlarını aradan qaldırmasın. Lakin hazırkı iş üzrə dövlətin adından çıxarılan qətnamə ilə iddia mənəvi zərər hissəsində qismən təmin olunsa belə iddiaçının hüquqlarının pozulduğu bu qətnamə ilə açıq-aşkar təsdiq edilmiş olur. Beşincisi, "Büdcə sistemi haqqında" Qanunda Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq- mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti, xərc maddələrinin isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmaması hazırki iddianın təmin edilən hissəsinin rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunduğu kimi bu qətnamənin icrası hansısa büdcə təşkilatına deyil, məhz dövlət büdcəsinə həvalə olunmuşdur. Qətnamədə maliyyə mənbəyinin xüsusi olaraq göstərilməməsi onun mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi demək deyildir. Çünki, maliyyə mənbəyi elə dövlət büdcəsidir və qətnamənin dövlət büdcəsindəki hansı maliyyə mənbəyi hesabına icra olunacağını dövlət özü müəyyən etməlidir. Çünki, hazırki iddia üzrə dövlətin iddiaçı qarşısında zərərvurmadan irəli gələn öhdəliyi yaranmışdır. Ona görə də bu qətnamənin dövlət büdcəsi hesabına icra olunması hansısa büdcə təşkilatının Maliyyə Nazirliyinin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyini yaratmır və buna görə də xəzinədarlığın əsas prinsipləri pozula bilməz. Vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi mübahisə doğurmaması üçün Maliyyə Nazirliyi səlahiyyətləri daxilində bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edib həll etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2044/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2044/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4817/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4817/2022
15.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver