Məhkəmə qərarları › İş №2(103)-4820/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4820/2021

07.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4820/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadından İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı tərəfindən verilmiş “iddianı təmin etmə tədbiri barədə” ərizədə xahiş olunub ki, ünvan 1 ünvanında yerləşən 174 kv.m qeyri-yaşayış sahəsinin (zirzəminin) özgəninkiləşdirilməsi və hər hansı bir formada istifadəsi qadağan edilsin. Binəqədi Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə qismən təmin olunsun, cavabdehə məxsus olan həmin qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilsin, ərizənin qalan hissəsi təmin edilməsin. İddiaçının şikayətində tələb olunub ki, qərardad ərizənin təmin edilməyən hissəsində ləğv edilsin və ərizə tam təmin edilsin. Cavabdehin şikayətində tələb olunub ki, qərardad ərizənin təmin edilən hissəsində ləğv edilsin və ərizə təmin edilməsin. Hər iki şikayət rədd olunmalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 157-ci maddəsindən görünür ki, iddianı təmin etmə tədbirinin məqsədi qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyrimümkün edən halları aradan qaldırmaqdan ibarətdir. İddia ərizəsində qeyri-yaşayış sahəsinə dair cavabdehin adına verilmiş mülkiyyət hüququna dair reyestr çıxarışının etibarsız hesab edilməsi barədə tələb irəli sürülüb. Hazırkı mübahisə yekunlaşana qədər qeyri-yaşayış sahəsi özgəninkiləşdiriləcəyi təqdirdə mübahisə daha mürəkkəbləşəcək, mübahisəyə yeni şəxslər cəlb ediləcək (məs., özgəninkiləşdirmə nəticəsində qeyri-yaşayış sahəsini əldə etmiş şəxslər), əlavə mübahisələr yaranacaq, nəticədə isə qətnamənin icrası çətinləşəcək. Ona görə də birinci insansiya məhkəməsi düzgün olaraq qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsini qadağan edib. Qeyri-yaşayış sahəsindən istifadənin qətnamənin icrası ilə əlaqəsi yoxdur. Yəni cavabdehin qeyri-yaşayış sahəsindən istifadə etməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən hal deyil. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq qeyri-yaşayış sahəsindən istifadəni qadağan etməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar