Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4820/2024 13.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, həmin şirkətin Neft Kəmərləri İdarəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-18/2024 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,72 ha torpaq sahəsi ilə bağlıdır (bundan sonra – torpaq sahəsi). Torpaq sahəsinə dair 2 şəxsin - İddiaçı və Züleyxa Məhərrəmovanın adında xx.xx.1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilib. Həmin aktdan görünür ki, torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ayrılıb. 2.Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. 3.İddiaçı iddia edir ki, torpaq sahəsindən Bakı-Novorossiysk neft kəməri keçdiyinə görə, onu təyinatı üzrə istifadə edə bilmir, nəticədə isə mülkiyyət hüququ pozulur. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi xx.xx.2021-ci ildə verilib. İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi, yəni torpağın dəyəri kimi 576.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat tutulsun. 5.İddia ərizəsində pul 2 cavabdehdən – Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və həmin şirkətin Neft Kəmərləri İdarəsindən tələb olunub. Daha sonra əlavə 2 cavabdeh – Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işə cəlb olunub. 6.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, torpaq sahəsi Bakı- Novorossiysk neft kəmərinin mühafizə zolağına düşdüyündən 198.000 manat kompensasiya Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 8.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız oluğunu bildirdi. 9.İşdə iştirak edən digər şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Qətnamə mübahisələndirilən hissədə - Maliyyə Nazirliyindən pul tutulmasına aid hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. 11.Mübahisələndirilən hissədə iddia 2 səbəbdən əsassızdır. Birinci səbəb 12.Neft kəməri daha əvvəl çəkilib, sonra torpaq sahəsinin iddiaçıya verilməsi qərara alınıb. Belə ki, torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ayrılıb, neft kəməri isə 1 il əvvəl - xx.xx.1996-cı ildə istismara qəbul olunub (cild 1, iş v. 63). “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə görə, torpaq islahatı zamanı magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin maddənin 2-ci hissəsinə görə, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Ona görə də neft kəmərinin bilavasitə yerəşdiyi torpaq və kəmərin mühafizə zonası daxilində qalan torpaq dövlətin müstəsna mülkiyyəti sayılır. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz, bu barədə olan qərar qanunsuz sayılır. Əgər torpaq iddiaçıya ayrıldıqdan sonra neft kəməri çəkilsəyidi, belə halda mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb oluna bilərdi. Hər hansı hüququn pozulması üçün əvvəlcə hüquq yaranmalı, sonra onu pozan fakt (hüquqi zidd davranış) baş verməlidir. Əgər fakt hüququn yaranmasından əvvəl baş verirsə, hüquq pozulmuş sayılmır. Odur ki, iddiaçı mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb edə bilməz. O, torpaq islahatı nəticəsində hüququnun pozulmasına görə, yəni islahat nəticəsində əldə etməyə haqqı çatan torpaq sahəsini əldə edə bilmədiyinə görə iddia qaldıra bilər. Hazırkı iddia mülkiyyət hüququnun pozulmasına əsaslandığından məhkəmə başqa əsasla qətnamə qəbul edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur. 13.Neft kəmərinin keçdiyi torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi olubolmadığına münasibətdə qeyri-müəyyənlik var. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 649 nömrəli məktubuna görə, torpaq sahəsindən Bakı-Novorossiysk neft kəməri keçir (cild 1, iş v. 11). Cavabdeh DNŞ Neft Kəmərləri İdarəsinin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında (cild 2, iş v. 41) bu faktı inkar etməyib. Birinci instansiya məhkəməsində icraat zamanı neft kəmərinin torpaq sahəsindən keçib-keçmədiyinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, lakin bu suala cavab verilməsi mümkün olmamışdır. Səbəbi belə izah edilmişdir ki, döngə kordinatları ilə həmin ərazidə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınıb (cild 1, iş v. 166 və 193). Hazırkı mübahisənin həlli üçün neft kəmərinin torpaq sahəsindən keçib-keçmədiyinin müəyyən edilməsinə zərurət yoxdur. Çünki hər 2 halda iddia rədd olunmalıdır. Əgər müəyyən edilsə ki, neft kəməri həqiqətən torpaq sahəsindən keçir, belə halda yuxarıda qeyd edilən səbəbə görə (torpağın dövlətin müstəsna mülkiyyətində olmasına görə) iddianın təmin edilməsi mümkün olmayacaq. Əgər müəyyən edilsə ki, neft kəməri torpaq sahəsindən keçmir, belə halda iddianın əsası (torpaq sahəsindən neft kəmərinin keçməsi) təsdiq olunmadığına görə iddianın təmin edilməsi mümkün olmayacaq. 14.Bundan başqa, torpağın ölçüləri (0,72 ha olması) nəzərə alınmalıdır. Əgər torpağın qalan hissəsindən (kəmərin mühafizə zonasından kənardakı hissəsindən) kəmərlə əlaqədar olan hər hansı səbəbə görə (məs., kəmərin torpaq sahəsini iki yerə bölməsinə görə və s.) kənd təsərrüfatı məqsədilə istifadə etmək mümkün deyilsə, belə halda iddiaçı aqrar islahat nəticəsində əldə etməyə haqqı çatan torpaq sahəsini əldə edə bilmədiyinə görə iddia qaldıra bilər. Əgər torpaq sahəsinin qalan hissəsindən (kəmərin mühafizə zonasından kənardakı hissəsindən) təyinatı üzrə istifadə mümkündürsə, iddiaçı həmin hissəyə münasibətdə iddia qaldıra bilməz, çünki torpağın həmin hissəsinə hüququ pozulmayıb. İkinci səbəb 15.Maliyyə Nazirliyi delikt törətməyib və ya hər hansı hüquqa zidd hərəkət etməyib. Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 5-ci bəndinə görə, Maliyyə Nazirliyinin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Odur ki, 0,72 ha torpaq sahəsinin dəyəri (198.000 manat) Maliyyə Nazirliyinin saxlanması və fəaliyyəti üçün ayrılan vəsait hesabına ödənilə bilməz. 16.Dövlətin öhdəliklərinə görə tutulmalı olan pul Maliyyə Nazirliyindən deyil, Maliyyə Nazirliyinin vasitəsilə dövlət bücəsindən tutulur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsində qeyd olunub: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Əgər iddiaçının hər hansı hüququnun pozulmasına görə dövlətin pul öhdəliyi yaranarsa, həmin pul Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən tutula bilər. Hazırkı iddia mülkiyyət hüququnun pozulmasına əsaslanıb, lakin müəyyən olunur ki, mülkiyyət hüququ pozulmayıb, çünki neft kəməri əvvəl çəkilib, sonra torpağın mülkiyyətə verilməsi qərara alınıb. Mülkiyyət hüququ pozulmadığına görə, iddiaçının qarşısında hər hansı subyektin, o cümlədən dövlətin məsuliyyəti yarana bilməz. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 18/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 198.000 manat tutulmasına aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4820/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4820/2024
13.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver