Məhkəmə qərarları › İş №2(103)-4821/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4821/2022

30.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4821/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X6 və Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair 2(010)-372/2022 saylı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 1966-cı ildə Bakı şəhərində anadan olmuş və anadan olduğu vaxtdan ünvan 1 ünvanında yaşayır. İddiaçı iddia edir ki, 1984-cü ildən ailəsinə məxsus evin arxa hissəsində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış 0,10 ha torpaq sahəsini dəmir çəpərlə hasarlayaraq ona faktiki sahiblik edir.

a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Nizami döngəsində yerləşən, 30 ildən artıq müddətdir ki, sahiblik və istifadəsində olan 0,10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-cü ildən qeyd olunan torpaq sahəsinə faktiki sahiblik edir. Həmin sahə əvvəllər zibillik olmuş, iddiaçı sahədəki zibilləri təmizləyərək orada ağaclar əkmiş və abadlıq işləri görmüşdür. Həmin torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı Bələdiyyəsinə müraciət etsə də, həmin qurumlar torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının onlara məxsus olmadığını bildirmiş və buna görə də həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməyəcəklərini bildirmişlər. İddiaçı Mülki Məcəllənin 178.6-cı maddəsini əsas tutaraq 30 ildən artıq müddətdə istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının daşınmaz əmlak mülkiyyətçisi kimi qeydiyyata alınmasından imtina etmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-372/2022 saylı iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X1)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasına əsas yoxdur. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətinin tətbiqi üçün əsas şərtələrdən biri daşınmaz əmlaka vicdanla sahiblik etməkdir. Bu hal faktiki sahiblik edən şəxsin qəsdən əmlakın mülkiyyətçisinin iradəsinə zidd olaraq mülkiyyətə yiyələnməsini istisna etməklə əmlakın qanunsuz olaraq mənimsənilməsinə qarşı yönəlmişdir. Digər tərəfdən sahibliyin açıq həyata keçirilməsi onun daşınmaz əmlaka gizli deyil, açıq surətdə hər hansı şəxsdən asılı olmayaraq öz əmlakı kimi istifadə etməyi və belə əmlakla bağlı vəzifələrin yerinə yetirilməsini tələb edir. Bundan əlavə, işə baxan məhkəmə belə hesab etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunduğuna görə iddia təmin oluna bilməz.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin hazırda qüvvədə olan 178.6-cı və hüquq münasibətlərinin davam etdiyi dövrdə qüvvədə olmuş və 24 iyun 2005-ci il tarixli Qanunla qüvvədən düşmüş 179.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı həmin torpaq sahəsinə 30 ildən artıq müddətdir ki, fasiləsiz və etirazsız sahiblik etsə də, işə baxan məhkəmə əsassız olaraq mübahisəyə Mülki Məcəllənin 178.6-cı maddəsini tətbiq etməmiş, Mülki Məcəllənin qüvvədən düşmüş 179.1-ci maddəsini isə səhv tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulmuş 30 illik müddətin hesablanması zamanı həmin qanun qüvvəyə minənədək davam etmiş sahiblik müddətinin nəzərə alınmaması barədə mülki qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, Mülki Məcəllənin 179.1-ci maddəsi qanuni qüvvəyə minənədək 15 ildən artıq müddət idi ki, iddiaçı həmin əraziyə sahibliyi həyata keçirirdi. Məhkəmə şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran qanunu tətbiq etməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. 23 dekabr 2003-cü il tarixli 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 179.1. Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). 24 iyun 2005-ci il tarixli 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə 179.1-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 179.1. Daşınmaz əmlak mülkiyyət hüququ ilə hec kəsə mənsub olmadıqda və ya daşınmaz əmlakın mülkiyyətcisini müəyyən etmək mümkün olmadıqda, daşınmaz əmlakın mülkiyyətcisi olmayan, lakin on beş il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya baxışının hədləri

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Əmircan qəsəbəsində yaşadığı evin arxa tərəfində yerləşən 0,10 ha torpaq sahəsini çəpərləyib 1984-cü ildən etibarən 30 ildən yuxarı müddətdə həmin torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etdiyini bildirib həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını tələb edir.

14. İddiaçının və onun mərhum atasının həmin torpaq sahəsinə 30 ildən yuxarı müddətdə sahiblik etməsini və torpaq sahəsini abadlaşdırmaqla əkib-becərmələrini iddiaçının birinci instansiya məhkəməsində işə baxılarkən dindirilmiş qonşuları X5, X2 və X4 təsdiq etmişlər.

15. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, müraciətə cavab olaraq 24 sentyabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məktubda həmçinin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacağı və bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmaması bidirilmişdir.

16. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 18 yaşı tamam olandan, yəni 1984-cü ildən torpaq sahəsinə faktiki sahiblik edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin torpaq sahəsinə məhz 1984-cü ildən faktiki sahiblik etməsi barədə iş materiallarında konkret sübutlar yoxdur. Hazırkı torpaq qanunvericiliyində olduğu kimi, Azərbaycan SSR-in torpaq qanunvericiliyində də torpaqların qanunsuz zəbt edilməsi qadağan edilirdi. İddiaçı özü də etiraf edir ki, üzərində mülkiyyət hüququnun tanınmasını tələb etdiyi torpaq sahəsini hər hansı qanuni əsas olmadan zəbt edib hal-hazırda da torpaq sahəsi üzərində sahibliyi davam etdirir. İddiaçının həmin torpaq sahəsi üzərində 30 ildən yuxarı müddətdə fasiləsiz və etirazsız sahiblik etməsi torpaq sahəsi üzərində sahibliyin qanuni olması barədə nəticəyə gəlməyə əsas vermir. Əldə etmə müddətinə istinad etməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsi barədə müddəa Azərbaycan Respublikasının mülki qanunvericiliyinə ölkəmiz müstəqillik əldə etdikdən və daşınmaz əmlak üzərində xüsusi mülkiyyətin inkişafına rəvac verilməsi barədə qanunvericilik aktları qəbul edildikdən sonra daxil edilmişdir. Bu sahədə ilk qanunvericilk norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6 və qüvvədən düşmüş 179.1-ci maddəsi olmuşdur. Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən, əldə etmə müddətinə əsaslanmaqla daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmə hüququ həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın. İş materiallarından görünür ki, İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçisinin daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmaması (torpaq sahəsinin digər fiziki və ya hüquqi şəxsin mülkiyyətində, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olmaması) barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

17. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas vermir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-372/2022 saylı mülki iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar