Məhkəmə qərarları › İş №2(103)-4824/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4824/2022

30.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4824/2022 30.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(006)-442/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən 15 saylı evin 175 saylı mənzili xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir.

2. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

3. Bakı şəhəri Nəsimi rayonu 51 saylı MKİS-in mühəndisi Z.Zərbəliyev, sahə nəzarətçisi G.Fərzəliyev və "xxxx" MMC-nin ictimai işçisi R.Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri H.Əliyev küçəsi 15 saylı binanın 175 saylı mənzilinin sahibinin müraciətinə əsasən mənzilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, H.Əliyev küçəsi 15 saylı binanın 179 saylı mənzilinin sanitar qovşağının baxımsızlığı nəticəsində həmin binanın 175 saylı mənzilinə su axıdılır. Nəticədə mənzilin otağının tavanı və divarları yararsız hala düşmüşdür.

4. İş materiallarına yararsız hala düşmüş 175 saylı mənzilin fotoşəkilləri əlavə olunmuşdur. a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mənzilinə axan suyun dayandırılması üçün üst mərtəbədə yerləşən cavabdehin 179 saylı mənzilində kanalizasiya sisteminin düzəldilməsi, cavabdehdən iddiaçıya vurulmuş maddi ziyana görə 1600 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 179 saylı mənzili alıb kirayəyə vermişdir. Bu mənzildə tez-tez dəyişən kirayənişinlər yaşayır. Üç ildir ki, həmin mənzildən onun mənzilinə kanalizasiya suyu axıdılır. Nəticədə iddiaçının bir otaqlı mənzili yararsız hala düşmüşdür. İddiaçı dəfələrlə cavabdehdən kanalizasiya xəttinin düzəldilməsini xahiş etsə də, nəticəsi olmamışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı mülki iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, dəymiş maddi ziyanın əvəzi olaraq 1600 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, faktiki olaraq cavabdehə məxsus olan mənzildən iddiaçının mülkiyyətində olan mənzilə kanalizasiya suyu axıdılması nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15 və 29.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi zərərin məbləği şişirdilərək ekspert tərəfindən düzgün müəyyənləşdirilməsə də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qiymətləndirmə rəyi alınmamışdır. Bundan əlavə, məhkəmə iclasında onun iştirakı təmin olunmamış, nəticədə çəkişmə prinsipi pozularaq cavabdeh lazımi sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9 və 14.2-ci maddələrinin tələbləri pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı izahatında apellyasiya şikayətinin əsassız olduğunu və prosesi uzatmağa hesablandığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Cavabdeh (apelyator) məhkəmə iclasının yeri və vaxtı barədə həm elektron məhkəmə sistemi, həm də sms vasitəsilə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə cavabdehin (apelyatorun) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1111-ci maddəsinə əsasən, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunsa da, iddia tələbinin təmin olunmayan hissəsi cavabdehin mənafeyinə uyğun olmaqla onun tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin olunmasına dair hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasına əsas yoxdur.

17. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan 175 saylı mənzilə cavabdehə faktiki olaraq məxsus olan 179 saylı mənzildən su axıdılması nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 10/2967 nömrəli rəyinə əsasən, Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən 15 saylı evin 175 saylı mənzilinin tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 175 saylı mənzilin üst mərtəbəsində 179 saylı mənzilin yerləşdiyini və aktın göstəricilərini nəzərə alaraq, 175 saylı mənzilə 179 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Aktın göstəricilərinə əsasən sızmanın texniki səbəbi 179 saylı mənzilin sanitar qovşağının baxımsızlığı olmuşdur. Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən 15 saylı evin 175 saylı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1524 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə tikintitexniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli 10/1218 nömrəli rəyindən görünür ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 175 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 179 saylı mənzilin isə binanın 5ci mərtəbəsində yerləşdiyini, 175 saylı mənzilin yaşayış otağı və dəhliz tikilisinin divar və tavanında yaranmış qüsurların su sızmaya aid olduğunu, Nəsimi rayon 51 saylı MKİS əməkdaşlarının tərtib etdiyi aktın göstəricilərini nəzərə alaraq 175 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 179 saylı mənzildən suyun sızması müəyyən edilmişdir və 175 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1610 manat məbləğində olduğu müəyyən edilmişdir.

18. Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən 15 saylı evin 175 saylı mənzilinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində məlumat olmasa da, Cavabdeh apellyasiya şikayətində mənzilin ona məxsus olmasını inkar etməmişdir.

19. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən cavabdehin ünvanına sifarişli poçt vasitəsilə məhkəmə bildirişləri və sms bildirişlər göndərilmiş, poçtla göndərilən bildirişlər cavabdehə çatmasa da, sms bildirişlər ona çatmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmaq barədə üzərinə düşən prosessual vəzifəni yerinə yetirmişdir. Cavabdeh (apelyator) Cavabdeh apellyasiya icraatı zamanı işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə həm elektron məhkəmə sistemi, həm də sms vasitəsilə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, yenə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır.

20. Birinci instansiya məhkəməsində işə baxılarkən maddi zərərin məbləğinin müəyyən edilməsi üçün qiymətləndirmə rəyinin alınmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən ekspert rəyləri alındığından, şikayətin bu dəlili formal mülahizə kimi qiymətləndirilməlidir.

21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

22. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (1600 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2021 saylı mülki iş üzrə 26 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar