Məhkəmə qərarları › İş №2(103)-4828/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4828/2021

17.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4828/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-352/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X7 və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair ilkin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma bacısıdır. Mübahisə predmetimolan mənzil onların atasında məxsus olmuş və onlar uşaqlıqdan həmin evdə yaşamışlar. X15 2000-ci ildə vəfat etdikdən sonra mənzil anası Hacıyeva Xanım, bacısı Cavabdeh və onun arasında 1/3 pay olmaqla vərəsəlik hüququna əsasən aralarında bölünmüş, mənzilə dair müvafiq Çıxarışlar verilmişdir. İddiaçı atası vəfat etdikdən sonra həmin mənzili tərk etdikdən sonra bacısı ilə aralarında mübahisələr başlanmışdır. Uzun sürən mübahisələrdən sonra məhkəmə qətnaməsinə əsasən İddiaçı və ailə üzvlərinin ünvan 1 ünvanında köçürülmələri, mənzilin sahəsinin 16.59 kv.m olan otağı ailə üzvləri ilə birgə İddiaçı istifadəsinə, sahəsi 16.59 kv.m və 13.16 kv.m olan otaqların isə cavabdehlərin istifadəsinə verilməsi, mənzilin köməkçi sahələri tərəflərin ümumi istifadəsində saxlanılması qət edilmişdir. Həmin qətnamədən şikayət verilsə də, qətnamə qüvvədə qalmış və icra edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvana köçürülmüş, bundan sonra yenə də tərəflər arasında mübahisələr kəskinləşmiş və o, evi tərk etmişdir. Lakin özünə məxsus hissədə öz ailə üzvlərinin əşyalarını yerləşdirərək həmin otağın qapsını bağlamışdır. Tərəflərin anası X10 22.11.2018-ci ildə vəfat etdikdən sonra İddiaçı məlum olmuşdur ki, anası özünə aid hissəni qızı Cavabdeh bağışlamışdır. İddiaçı notariusa müraciət edərək, qanun üzrə 1- ci dərəcəli vərəsə olaraq, məcburi pay haqqını tələb etmiş, notariusun onlara təqdim etdiyi vərəsəlik haqqında şəhadətnaməyə əsasən mübahisəli mənzil üzrə paylar yenidən müəyyən edilərək, İddiaçı 5/12 hissə, Cavabdeh isə 7/12 hissə pay müəyyən edilmiş və müvafiq Çıxarışlar verilmişdir. İddiaçı yenidən “paylı mülkiyyətdən payın naturada ayrılması” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin mənzilin naturada bölünməsi mümkün olmadığından iddia tələbi rədd edilmişdir. Sadalananlara əsasən iddiaçı hesab edir ki, mübahisəli mənzil cavabdehlə onun paylı mülkiyyətində olsa da, təkcə cavabdehin əmlakdan istifadə edərək yararlanması ədalətsizdir. Bu səbəbdən də, mənzil qiymətləndirmə ekspertizası qaydasında qiymətləndirilməli və paylara uyğun dəyəri onlara təklif edilməlidir. Bu mümkün olmadıqda mənzil açıq hərracda satılaraq əldə olunmuş vəsait paylara uyğun olaraq mülkiyyətçilər arasında bölünməlidir. Eləcə də Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 99 saylı evin 63 saylı mənzilin ümumi dəyərinin qiymətləndirilməsi, ümumi dəyərdən İddiaçı düşən vəsaitin müəyyən edilməsi, həmin vəsaitin onun tərəfindən İddiaçı ödənilməklə, İddiaçı sözügedən mənzilə (payı) mülkiyyət və istifadə hüququna xitam verilməsi, İddiaçı ailə üzvləri, yəni müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdən X5 və X1 Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, M.Cəlal küçəsi, ev 99, mənzil 63-ə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və ailə üzvləri mənzili 2002ci ildə tərk edərək getmiş, həmin vaxtdanda mənzilin bütün xərcləri onun tərəfindən ödənilmişdir. Mübahisə predmeti olan mənzil onun və qızının yeganə yaşayış yeri olduğundan iddia tələbini qəbul etmədiyini, İddiaçı payına uyğun kompensasiya verməyə razı olduğunu qeyd etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)- 352/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X7 və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, Cavabdeh İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X2 qarşı “mənzilin pay dəyəri ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 600 (altı yüz) manat məbləğində pul vəsaitinin 300 (üç yüz) manatı İddiaçı, qalan 300 (üç yüz) manatı isə Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə yanaşı, işin faktiki hallarına da uyğun olmadığından ləğv edilməli, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri 11 fevral 2021ci il tarixli, 2(001)-352/2021 saylı qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-352/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X6 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək, Bakı şəhəri 11 fevral 2021-ci il tarixli, 2(001)-352/2021 saylı qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirildiyindən, qətnamə qismən, ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə yoxlanılır. Kollegiya tərəflərin izahatlarını işin materialları ilə əlaqəli təhlil edib hesab edir ki, ilk iddia tələbi üzrə iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilməli, ilkin iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 99 saylı evin 63 saylı mənzili tərəflərin paylı mülkiyyətindədir və mübahisəli mənzil 5/12 hissə payla iddiaçı və 7/12 hissə payla cavabdeh arasında bölünmüş və hüquqlar paylara uyğun Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan mübahisəli mənzildən istifadəsinə cavabdeh tərəfindən maneələr yarandığı üçün, məhkmə qətnaməsinə əsasən mənzilə köçürülüb mənzildən istifadə qaydası müəyyənləşdirilib və qətnamə icra olunsa da, cavabdeh ona mənzildən istifadəyə maneə yaratdığına görə mənzilin naturada ayrılması üçün iddia qaldırsa da, payların naturada ayrılması mümkün olmadığından, iddiası rədd edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan yaşayış sahəsindən istifadə edə bilmir, bu səbəbdən də mənzil qiymətləndirilərək hərracda satılmalı və paylara uyğun əldə edilmiş vəsait bölünməlidir. İşə baxan birinci instansiya məhkəməsi ilkin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli mənzilin açıq hərracda satılaraq, əldə olunan vəsaitin paylara mütənasib bölünməsi tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrinin tələblərinə uyğun deyil. Belə ki, iddiaçı öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçisinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, mənzilin açıq hərracdan satılmasını təklif etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd etməsinin əsası kimi qətnamədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində müəyyənləşdirilmiş qaydalara əməl etmədən iddiaçının ilkin tələbi ilə mübahisəli mənzilin açıq hərracdan satılaraq, əldə olunan vəsaitin paylara mütənasib bölünməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmənin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsində qeyd edilmişdir ki. paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu. ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin materiallarından göründüyü kimi İddiaçı cavadeh X3 qarşı "paylı mülkiyyətdə payın naturada ayrılınası" tələbinə dair iddiası Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bununla belə, məhkəmə qətnaməsində iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, mənzilin açıq hərracdan satılmasım təklif etməsini qeyd etsə də, elə məhkəmənin qətnaməsində göstərdiyi kimi, qanunun tələbindən də göründüyü kimi, ayrılmaq istəyən mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olsa da, onun belə bir tələb irəli sürmək məcburiyyəti voxdıır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cii maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüquqıındakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qanunun tələbindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilməsi qeyd edilib, yalnız o halda razılıq tələb olunmaya bilər ki, mülkiyyətçinin payı cüzi olsun, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın. Lakin, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan göründüyü kimi, mübahisəli mənzilin 5/12 hissəsi iddiaçının xüsusi mülkiyyətindədir və o, əmlakından istifadə etmək istəsə də, istifadə hüququ məhdudlaşmışdır. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda qeyd edildiyi kimi, əmlakın naturada bölünməsi barədə iddia qaldırılsa da, mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığından məhkəmə iddianı təmin etməmiş, bu halda da Qanunun tələbinə uyğun olaraq məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsində qeyd edilmişdir ki. ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xilam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi ilkin iddianın təmin olunması üçün qanuni əsasların olmasına baxmayaraq, qanunda nəzərdə tutulmayan və iddia ərizəsinin rədd edilməsi üçün əsas ola bilməyən Qanunun normasına əsaslanaraq ilkin iddianı əsassız olaraq təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2013-cli il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Kollegiya hesab edir ki, ilkin iddianın rədd edilməsi barədə qəbul edilmiş qətnamə ilkin iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh öz ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayaraq iddiaçıya məxsus əmlakdan yararlansa da, iddiaçının özünə məxsus evdə yaşaması mümkün olmamış və beləliklə də o, həmin əmlakın paylı mülkiyyətçisi kimi mülkiyyətindən istifadə edə bilmir. Bundan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən istinad etdiyi hal iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda qanunvericiliyin həmin tələbinə əməl etməsilə əsaslandırsa da, işə baxarkən iddiaçının belə bir tələblə cavabdehə müraciət edib-etməməsini ümumiyyətlə araşdırmamışdır. Halbuki işə baxan birinci instansiya məhkəməsi mübahisənin obyektiv həll edilməsi üçün qeyd edilən halın mümkünlüyünü məhkəmə iclasında müzakirə edib, qiymətləndirə bilərdi. Lakin, birinci instansiya məhkəməsi həmin halı məhkəmədə araşdırıb qiymətləndirməmiş və süni məhkəmə mübahisələrinin yaranmasına şərait yaradılmışdır. Apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılan mülkiyyətçi olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsinə razı olub-olmaması məsələsini aydınlaşdırmış və iddiaçı cavabdeh tərəfindən ona 50000 manat kompensasiya verilərsə, mübahisəli mənzildəki payından imtina edəcəyini bildirsə də, cavabdeh həmin məbləğdə kompensasiya vermək imkanı olmadığını bildirmişdir. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında kompensasiya məbləği barədə qarşılıqlı razılaşma olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə əməl edilmiş hesab edilməlidir. Bu səbəbdən də kollegiyanın qənaətinə görə ilkin iddiaçının mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi məbləğdən mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi əsaslı olduğundan, ilkin iddia təmin olunmalıdır. Kollegiya ilkin iddia tələbinin əsaslı olması qənaətinə gəldiyindən, açıq hərraca çıxarılacaq mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, mübahisəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilmiş və həmin qərardad əsasında "xxxx" MMC tərəfindən verilmiş 07.10.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsində yerləşən 99 saylı binanın 63 saylı mənzilin bazar dəyəri 78.000 (yetmiş səkkiz min) manat müəyyən edilmişdir. İlkin iddia üzrə iddiaçının vəsatəti əsasında apelyasiya məhkəməsinin 25.05.2021-ci il tarixli qərardadı ilə mübahisəli mənzilin qiymətləndirilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli rəydən görünür ki, mübahisəli mənzilin bazar dəyəri 108000 (yüz səkkiz min) manat müəyyən edilmişdir. Apelyasiya icraatında tərəflər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli qiymətləndirici rəyi ilə müəyyən edilmiş mübahisəli mənzilin bazar dəyərinin 108000 (yüz səkkiz min) manat məbləğində müəyyən edilməsini qəbul etdiklərindən, kollegiya hesab edir ki, mübahisəli mənzilin açıq hərracda ilkin satış qiyməti 108000 (yüz səkkiz min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(001)-352/2021 saylı qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X9 və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 99 saylı evin 63 saylı mənzili açıq hərracdan satılsın və satışdan əldə edilmiş məbləğ mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı 5/12, Cavabdeh 7/12) bölünsün. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, 99 saylı evin 63 saylı mənzilinin ilkin satış qiyməti 108000 (yüz səkkiz min) manat məbləğində müəyyən edilsin. Mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 300 (üç yüz) manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin – VOEN:**********, "xxxx" ASC Abşeron filialı, VÖEN: **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, SWİFT. BİC: İBAZAZ2X H/h: AZ52İBAZ******************** hesabına köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar