Məhkəmə qərarları › İş №2(103)-4828/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4828/2023

19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4828/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: hərrac nəticələrinin etibarsız hesab edilməsi və kreditin artıq qalmış hissəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və "xxxx" MMC-yə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi və kreditin artıq qalmış hissəsinin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(004)-1952/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh1 BOKT ASC ilə İddiaçı arasında bağlanmış 27 avqust 2015-ci il tarixli, 2015/00168-01 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak ipoteka ilə yüklü edilmişdir. Əsas kredit məbləği və ona hesablanmış faizlər ödənilmədiyi üçün təşkilat tərəfindən borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə cəmi 38585,30 ABŞ dolları pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 65000 manat müəyyən olunmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı apellyasiya şikayəti, kassasiya şikayəti vermişdir, lakin şikayətləri təmin olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)- 49/2018 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Sumqayıt Şəhər İcra İdarəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı Abış qızının mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mkr., 3 nömrəli evin, 33 nömrəli mənzilinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə "xxxx" MMC-yə göndərilmişdir. Belə ki, Sumqayıt Şəhər İcra İdarəsi, borclu İddiaçı Abış qızı və tələbkar Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Hərrac bildirişindən görünür ki, sifariş olunan əmlaka dair xx.xx.2022-ci il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsi barədə məlumat hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya poçt vasitəsi ilə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. Daha sonra Sumqayıt Şəhər İcra İdarəsinin 17/16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil satış qiyməti 65000 manat olmaqla hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında açıq hərrac keçirilmişdir. Açıq hərracın keçirilməsi alıcının olmaması səbəbindən baş tutmamış və təkrar hərracın keçirilməsi ilə bağlı eyni qaydada hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya xx.xx.2022-ci il tarixli hərrac bildirişi poçt vasitəsi ilə göndərilmişdir. Daha sonra Sumqayıt Şəhər İcra İdarəsinin 17/16 saylı, xx.xx.2022ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil satış qiyməti 55250 manat olmaqla xx.xx.2022-ci il tarixdə təkrar hərraca çıxarılmışdır. xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. İlkin və təkrar hərrac baş tutmadığına görə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə “ipoteka predmetinin əldə olunmasına dair” təklif məktubu göndərilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mənzil təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, Cavabdeh1 BOKT ASC tərəfindən 41437,50 manata əldə edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 056/22 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil keçirilən iki hərrac baş tutmadığına görə 41437,50 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə satılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla Cavabdeh1 BOKT ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 BOKT ASC əmlakı 41437,50 manata almışdır.

2. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil 60000 manat müqabilində X1.

3. xx.xx.2022-ci il tarixli **********068 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə X9, xx.xx.2022-ci il tarixli **********178 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə X11, xx.xx.2022-ci il tarixli **********177 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə Sevdimov Ədalət Xavər oğlu ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərda tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli **********541 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə X4, xx.xx.2022-ci il tarixli **********570 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə İsmayılova Könül İsmayıl qızı ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanılmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada yüklü edilməsinə etiraz etmədiyini bildirmiş və müqavilədə nəzərda tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

5. xx.xx.2022-ci il tarixli **********610 nömrəli notarial qaydada təsdiq olunmuş ərizə ilə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(060)-278/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı ünvan 1 ünvanında yerləşən mənzilin qiymətinin dəyişdirilərək 85000 manat məbləğində müəyyən olunması barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"nin 056/22 saylı 29 mart 2022-ci il tarixli protokolunun etibarsız sayılması və kredit borcunun ödənişi zamanı Cavabdeh1 BOKT ASC-nin qanunsuz hərrac keçirilməsini təşkil etməklə məhkəmə qətnaməsi ilə ondan müəyyən edilmiş borcunun gerçək məbləğindən 15365 manat məbləğində artıq aldığı pulunun geriyə ona qaytarılması, eləcə də tərəfindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 27 avqust 2015-ci il tarixli, 2015/00168-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC-dən illik faiz dərəcəsi 28% olmaqla, 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Faktiki isə həmin vaxt özünü Cavabdeh1 BOKT ASC-nin müdiri adlandıran X10 həmin 30000 dolların 6000 hissəsini “şapka” adı ilə özünə götürmüş, 24000 hissəsini iddiaçıya vermişdir. Bu “şapka”nı verməyi o, şərt kimi qoymuşdur. O etiraz etsə də, 6000 dolları “şapka” kimi verməsə, krediti verməyəcəyini bildirmişdir. Başqa banklardan kredit borcuna görə kredit götürə bilmədiyindən məcbur olub Rəşadın “şapka” “tələbinə” razılaşmışdır. Elə özü və kürəkəni Eyyam Damətovun yanındaca 6000 dolları sayıb cibinə qoymuş, qalan 24000 dolları onlara vermişdir. Sumqayıt şəhəri, 10-cu mkr., 3 saylı binada yerləşən 33 saylı, 3 otaqlı mənzilini girov qoymuş və bu barədə cavabdehlə ipoteka müqaviləsi bağlamışdır. Bu krediti götürəndə dolların manata münasibətdə məzənnəsi 1,05 manat olmuşdur. Kediti götürəndən bir ay sonra isə dolların məzənnəsi kəskin surətdə artaraq manata münasibətdə 1.68 manatda qərarlaşdır. Bu hal çoxları kimi ona da əsaslı çətinliklər yaratmış və krediti ödəməkdə gecikmələri olmuşdur. 14000 manat çətinliklə ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2018-ci il tarixi 2(062)-49/2018 saylı qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə cəmi 38585,30 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mənzilinə yönəldilməsi və mənzilinin ilkin satış qiymətinin 65000 manata müəyyən olunmaqla açıq hərracdan satılması və hərracdan əldə edilmiş pul hesabına borcun ödənilməsi qət edilmişdir. Bu qətnamə çıxandan sonra o Cavabdeh1 BOKT ASC-nin hesabına 2960 manat hissə-hissə pul ödəmişdir. Qətnamənin icrası Sumqayıt İcra və probasiya şöbəsinə həvalə olunmuşdur. Bu qurumda işə nəzarət edən icra məmuru Toğrul Rüstəmov bir dəfə də olsun onu şöbəyə dəvət etməmiş, ödəmə ilə bağlı fikrini soruşmamışdır. Onu lazımi qaydada məlumatlandırmadan, ondan xəbərsiz, iştirakını təmin etmədən evini açıq hərraca çıxarmış və saxta hərrac yolu ilə mənzilinin qiymətini süni şəkildə azaldaraq sonra mənzilini borcunun əvəzində cavabdehə vermişdir. Bunlar ətraflı olaraq ona bu ilin 22 noyabrda icra məmuru Toğrul Rüstəmova şəxsən müraciət edib hərracın sənədlərini ondan alandan sonra bəlli olmuşdur. Sifarişi və hərrac bildirişlərini ona göndərmişlərsə də, uzun müddət xəstəxanada müalicə almağı və başqa ünvanda yaşayan qızıgildə xəstəliyi ilə bağlı qalması səbəbindən bu sənədləri imza atıb almamışdır. Vəkili X6 2021-ci ildə pandemiyadan dünyasını dəyişdiyindən vəkil yardımından da yararlana bilməmişdir. xx.xx.2022-ci il tarixli, 056/22 saylı hərrac bildirişinin mətnində yazılır ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin 17/16 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ona məxsus mənzil "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmış, ilkin qiyməti 65000 manat olmuşdur. 02 mart 2022-ci il saat 11:00. Ünvan Yasamal rayonu, məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi, 2C. Hərracın haqqında bildirişdə heç nə yazılmır. Bildirişi direktor L.Bayramov imzalayıb. xx.xx.2022-ci il tarixli, 056/22-ci il tarixli hərrac bildirişindən isə aydın olur ki, 17 mart 2022-ci il, saat 11-ə təyin edilmiş hərracda mənzilinin qiyməti ilkin qiymətindən endirilərək 55250 manata qoyulmuşdur. "xxxx" MMC-nin 056/22 saylı, xx.xx.2022-ci il tarixi protokolundan aydın olur ki, 2 hərracdan sonra mənzilinin qiyməti 25 faiz endirilərək son satış qiyməti 41437,50 manat müəyyən edilmişdir. Protokolda guya hərracın baş tutmaması göstərilir və ipoteka saxlayan Cavabdeh1 BOKT ASC əmlakı bu qiymətə “almışdır” və tələbin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. Hərracda iştirak edən olub, olubsa, nə qədər adam olub, hansı qiymətlər təklif olunub-olunmayıb protokolda əksini tapmayıb. Elə protokolun tərtibindən göründüyü kimi o, yarımçıqdır, hərracın gedişini özündə əks etdirmir, saxtadır. Həmçinin mənzili Sumqayıtda yerləşirsə, hərrac da Sumqayıtda olmalıydı. Bakıda kimə maraqlıdırsa, gəlib. Hərraclar formal olmuş, saxta protokol tərtib olunmuşdur. Nəzərdə tutulan qanunlara uyğun heç bir hərrac keçirilməmiş və bu hərraclarda iştirakı təmin edilməmişdir. Mümkündür ki, bildirişlər göndərilmiş, ancaq şəxsən ona bu bildirişlər verilməmişdir. Beləcə Cavabdeh1 BOKT ASC-nin istəyi və diktəsi ilə hərəkət edən Sumqayıt şəhəri üzrə icra idarəsi və "xxxx" MMC formal hərrac keçirərək, faktiki oraya heç bir alıcı dəvət etməyərək saxta hərrac sənədləri tərtib etmiş, əsl məqsəd isə bu saxta hərrac vasitəsilə mənzilin ilkin qiymətini süni şəkildə aşağı endirib Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə vermək olmuşdur. Odur ki, bu hərracın sonunda tərtib olunmuş protokol etibarsız sayılmalıdır. Hərracın saxta olması onunla da təsdiq olunurdu ki, hərracdan sonra xx.xx.2022-ci il tarixdə kürəkəni ilə Cavabdeh1 BOKT ASC-nin ofisinə getdilər, orada onları qarşılayan və özünü təşkilatın şöbə müdiri kimi təqdim edən Ağa adlı şəxs 42300 manat pulu ödəmələri müqabilində mənzilini girovluqdan çıxarılacağını bildirmişdir. Ardınca 20000 manat dərhal ödəməli, 22300 manat isə mənzilin alqı-satqısı günü ödənilməsini ona bildirmişlər. O, həmin günlərdə faizlə 18000 manat borc alıb ATB vasitəsilə onların hesabına köçürmüşdür. 2960 manatda öncə ödədiyini xatırlatmışdır. Bundan sonra dəfələrlə cavabdehin ofisinə getmiş və xahiş etmişlər ki, alqı-satqı üçün mənzilinin sənədlərini versinlər. Həmin dövrlərdə cavabdeh təşkilatın Nofəl və Xeyrulla adlı işçiləri ondan izahat da almışlar ki, 42300 manatı ödədikdən sonra mənzilini özünə qaytaracaqlar. O vaxt mənzilinin yerləşdiyi ərazidə 3 otaqlı evlər artıq 75000-80000, hətta yaxşı təmirli evlər 85000 manata satılırdı. Mənzilini hərrac fırıldağı yolu ilə ələ keçirmiş Cavabdeh1 BOKT ASC onlardan evin həqiqi dəyərini istəyirdi. Yəni həmin qiymətə satsınlar. Elə bu fakt da təsdiq edir ki, Cavabdeh1 BOKT ASC saxta hərrac keçirtmiş, evinin həqiqi dəyərini az qala iki dəfə azaldaraq ələ keçirmişdir. Evlərin bahalaşmasını onlar da görürdülər. Odur ki, həmin vaxtlarda məhkəməyə iddia verib mənzilinin ilkin satış qiymətinin 85000 manata qaldırmasını xahiş etmişlər. Ancaq mənzilinin ilkin qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi ilə bağlı qüvvədə olan qətnamə olduğundan təmin edilməmişdir. Evləri saxta hərrac üzrə ucuz qiymətə əlindən çıxdığından tələsik müştəri tapıb nəhayət 30 sentyabr 2022-ci il tarixdə evini Cavabdeh1 BOKT ASCnin əli ilə 60000 manata satmışdır. Sənədi evi alana vermişlər. Ancaq həmin pulun hamısını da Cavabdeh1 BOKT ASC özünə götürmüş, artığını onlara qaytarmamışdır. Nəticədə qətnamə ilə müəyyən edilmiş 38585,3 dolları manata çevirdikdə alıınan 65595 manatın əvəzinə cavabdehə 80960 manat pul ödəmiş oldu. Yəni 15.365 manat artıq pul ödəmişdir. Odur ki, həmin artıq ödənilmiş pul geriyə, özünə qaytarılmalıdır. Sumqayıt şəhəri üzrə icra idarəsi Cavabdeh1 BOKT ASC-nin təsirinə düşərək mənzili Sumqayıtda olduğu halda başqa məkanda hərrac görüntüsü yaradaraq mənzilinin dəyərini süni şəkildə azaldaraq ələ keçirmiş, onu isə qapılarda qalmağa məcbur etmişdir. Bu davranış ona qarşı vicdansızlıqdır, əmlakını saxta, süni hərracla ələ keçirib əsassız varlanmaqdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2023-cü il tarixli 2(004)-1952/2023 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına və onun əsasında mübahisəli əmlaka dair Cavabdeh1 BOKT ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsinə hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər icra sənədi üzrə borcluya poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh1 BOKT ASC-yə satılmışdır. Belə olan halda hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi cavabdeh "xxxx"nin 056/22 saylı, 29 mart 2022-ci il tarixli protokolunun etibarsız sayılması hissəsində əsassız olduğundan təmin edilməməlidir.

11. İddia tələbi “kredit borcunun ödənişi zamanı Cavabdeh1 BOKT ASC-nin qanunsuz hərrac keçirilməsini təşkil etməklə məhkəmə qətnaməsi ilə ondan müəyyən edilmiş borcunun gerçək məbləğindən 15365 manat məbləğində artıq aldığı pulunun iddiaçıya ödənilməsi” hissəsində də təmin olunmamalıdır. Göründüyü kimi, qanuni prosedurlar çərçivəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 3 ünvanında yerləşən 33 saylı mənzil Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə keçmiş və təşkilat mülkiyyətində olan mənzili X2. Beləliklə, İddiaçı 30 sentyabr 2022-ci il tarixli alqısatqı müqaviləsindən Cavabdeh1 BOKT ASC tərəfindən ona 15365 manat məbləğində pulun qaytarılmalı olduğu barədə iddiası da əsassızdır.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 414.1, 414.2, 415, 416, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.8, “İcra haqqında” Qanunun 53.2, 62.2, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, prosessual hüquq normaları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

20. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

21. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:

22. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

23. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

24. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

25. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

26. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

27. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.

37. Mübahisələndirilən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir.

38. İddiaçı hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilmədiyinə istinad etmişdir.

39. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir. Habelə xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildiriş məktubu İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin məktubun göndərilməsi barədə poçt qaiməsi xx.xx.2022-ci il tarixdə Damətov tərəfindən imzalanmış və məktub İddiaçı çatdırılması üçün qəbul edilmişdir.

40. Həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır.

41. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

42. Kollegiya hesab edir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.

43. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.

44. Cavabdeh1 BOKT ASC-nin qanunsuz hərrac keçirilməsini təşkil etməklə məhkəmə qətnaməsi ilə ondan müəyyən edilmiş borcunun gerçək məbləğindən 15365 manat məbləğində artıq aldığı pulun qaytarılması ilə bağlı tələbə aid hissədə də iddianın rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının bununla bağlı dəlilləri də əsassız olmuşdur.

45. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 5 mart 2018-ci il tarixli 2(060)-49/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə cəmi 38585,30 ABŞ dolları (65.595,01 manat) kredit borcu tutulmuş və tutma ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməklə, mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən olunmuşdur. Lakin ilk və təkrar hərraclar baş tutmadığı üçün mənzili endirilmiş qiymətlə, yəni 41.437,5 manata Cavabdeh1 BOKT ASC əldə etmişdir. Bu isə o deməkdir ki, həmin məbləğ İddiaçı ümumi borcundan çıxıldıqda, sonuncunun 24.157,51 manat (65000-41.437,5) ödənilməmiş borcu qalmışdır ki, ASC də İddiaçı tərəfindən sonrdan ödənilmiş 2960 manat və 18000 manatı həmin borca çıxmışdır. Mənzilin xx.xx.2022-ci il tarixdə Cavabdeh1 BOKT ASC tərəfindən 60000 manata X3 iddiaçıya əlavə ödədiyi pulun geri qaytarılması barədə tələb irəli sürmək üçün əsas vermir.

46. Beləliklə, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1952/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar