Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-483/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “anbarın sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən həyətdə qazılmış çirkab su anbarının onun öz vəsaiti hesabına sökülməsi, qanunsuz hərəkətləri nəticəsində ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 1 saylı yaşayış evinə vurulmuş maddi zərərə görə 10 000 manatın, mənəvi zərərə görə 2000 manatın, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır, evini təmir etdirib öz məişət şəraitini yaxşılaşdırmış, evin təmirinə böyük məbləğdə vəsait xərcləmişdir. İstər təmirdən sonra, istərsə də təmirdən əvvəl evin divarlarında nəmişlik olmamış, lakin qonşusu Cavabdeh özünə məxsus ünvan 1 ünvanında onların evinə bitişik hamam-tualet inşa etdikdən sonra evlərini su basmağa başlamışdır. Cavabdehə narazılığını bildirdikdə o, tualetin istifadəsini dayandırsa da, hamamı istifadə etməkdə davam etmiş, sonradan məlum olmuşdur ki, həmin hamamın kanalizasiya sularının axıdılması üçün cavabdeh öz həyətində ona məxsus yaşayış evinə bitişik anbar qazdırmış və məhz bu anbarın suları ona məxsus evə sızmışdır. Bu fakt cavabdehə qarşı əvvəllər qaldırdığı iddia üzrə aparılan araşdırma zamanı ortaya çıxmış, həmin iş üzrə alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ona məxsus yaşayış evininin divarlarına su sızma qonşuluqda yerləşən cavabdehə məxsus evin həyətində inşa edilmiş hamam-tualet tikilisindən deyil, döşəmə səviyyəsindən baş verir ki, bunun da səbəbi cavabdeh tərəfindən ona məxsus evə bitişik öz həyətində qazılmış anbardır. Cavabdehin bu qanunsuz əməli nəticəsində onun evinə 10 000 manat maddi ziyan dəymiş, eyni zamanda, evinin bərbad hala düşməsi nəticəsində əsəbləşməsi, arvadının rütubətdən xəstələnməsi, yaşadığı evdə rahatçılığının pozulması nəticəsində 2000 manat mənəvi ziyana məruz qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən həyətdə qazılmış çirkab su anbarının Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun 15 manatının Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tututaraq müvafiq hesaba köçürülməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddiasının təmin edilməməsi ilə bağlı hissədə onun ləğv edilməsini və iddia tələblərinin tam təmin olunmasını xahiş etmiş, şikayətini ekspertiza tədqiqatının tam aparılmadığı, ekspertin ona dəymiş ziyanla bağlı təhqiqat həyata keçirmədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddiasının tam təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verməmiş, iddiaçı isə məhz sözügedən hissəsini mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə ləğv edilməli və iddianın həmin hissədə də qismən təmin olunmaası barədə qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən ev iddiaçıya məxsusdur; cavabdeh isə onun qonşusu olmaqla öz həyətində çirkab su anbarı inşa etmişdir. Tərəflər arasında mübahisə, iddiaçının evinə su sızıntısının baş verməsi səbəbi ilə yaranmış, iddiaçı həmin sızıntının sözügedən çirkab su anbarından qaynaqlandığını irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından aydın olur ki, cavabdeh iddia tələbini qismən etiraf etmiş, sözügedən su anbarının sökülməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinin otaqlarının divarlarında və döşəməsində yaranmış qüsurların aradan qaldırılması üçün görüləcək təmir-bərpa işlərinə təqribən 5550 manat tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, alınmış ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində, iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin həyətində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla əlaqədar heç bir arqument gətirməmiş, əksinə, iddianı qismən etiraf etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının “maddi ziyanın ödənilməsi” tələbi qismən təmin olunmalı, cavabdehdən 5550 manat onun xeyrinə tutulmalıdır. Bununla belə kollegiya, iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etmir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X2 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Bu mənada kollegiya, iddiaçının digər tələblərinin təmin olunmasını ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumunun (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) manat cavabdehdən alınaraq ona ödənilməli, keçirilmiş ekspertiza xərci də cavabdehdən tutularaq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-128/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbi qismən təmin olunsun. Cavabdeh maddi zərərin əvəzi olaraq 5550 (beş min beş yüz əlli) manat, dövlət rüsumunun əvəzi olaraq 15,40 (on beş manat 40 qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-483/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-483/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver