Məhkəmə qərarları › İş №2(103)-4831/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4831/2022

08.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4831/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-660/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat borcun Cavabdeh maaşından tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2015-ci ildən tanıyır, eyni qəsəbədə yaşayırlar. Bir gün Cavabdeh onlara gələrək qardaşının tutulduğunu və ona pul lazım olduğunu demişdir. O, məktəbdə lotereya oynamış, 2000 (iki min) manat pul almışdır. Yalvarıb ona demişdir ki, o pulu ona versin, tez qaytaracaq. O, 2000 (iki min) manatı cavabdehə vermişdir. Onun etibarından sui-stifadə edərək pulu aparmışdır. Neçə illərdir ki, onu süründürür. Ondan cəmi 700 manat pul ala bilmişdir. M.Lətifənin 1300 (min üç yüz) manat borcu qalmışdır, o pulu cavabdehdən geri ala bilmir. Cavabdeh neft şirkətində işləyir maddi imkanı vardır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-660/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 33 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (sədrlik edən: Həqiqət Əhmədova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışının ilk iclasında iştirak edərək iddia tələbini qismən qəbuletsəm də, təssüf ki, qətnamədə qeyd olunur ki, guya mən iddia tələbini qəbuletmirəm. Halbuki, mən bildirmişdim ki, iddiaçıya qalan 1300 manat borcumdan 620 manat ödəyərək 680 manat borcum qalmışdır. Təssəf ki, məhkəmənin sonrakı iclasına bir neçə dəqiqə gecikdiyim üçün məhkəmə mənsiz keçiriləcək qərar qəbuledilmişdir. Halbuki, məndə iddiaçıya olan borclarımın hissə-hissə ödənilməsinə dair müvafiq qeydlər aparılmasına dair yazılar var. Həmin qeydlərə baxış keçirilsə oradan aydın görmək olur ki, iddiaçıya qalan 2000 manat pulu 2017-ci ildən başlayaraq 2020-ci ilə qədər hissə-hissə ödənişlər edərək qalan borcum 680 manat təşkiledir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı cavbdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyidirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2015-ci ildə yazılmış və Cavabdeh tərəfindən imzalanmış əlyazmadan görünür ki, o, İddiaçı 2000 (iki min) manat pul borclu olduğunu və xx.xx.2015-ci il tarixinədək pul vəsaitini geri qaytaracağını bildirmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddia tələbinin təmin edilən hissəsində ləğv olunması xahiş edildiyindən, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri sayır: AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh 2000 manat məbləğində pul vermiş, daha sonra cavabdeh yazılı qəbz imzalayaraq borcu ödəyəcəyini bildirsə də borc məbləğini iddiaçıya tam məbləğdə ödəməmiş, 700 manat borcu ödəmiş, 1300 manat borcunu isə ödəməmişdir. Bununla da, iddiaçının məhkəməyə müraciət etməsi üçün əsasları yaranmışdır. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə düşən öhdəliyini vaxtında icra etməmiş, iddiaçıdan aldığı borcunu vaxtında qaytarmamış, bununla da aralarında bağlanmış razılaşmanın şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Kollegiya eyni zamanda iş materiallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan borc məbləğini ödəməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh götürülmüş borc məbləğindən İddiaçı 680 manat borcu olduğunu qalan məbləğin qaytarılmasını qeyd etmiş, lakin həmin məbləğin qaytarılmasını məhkəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Kollegiya Cavabdeh qalıq borcunun 620 manat hissəsinin ödənilməsi, iddiaçıya 680 manat borcunun qalması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıya hansı tarixdə ödənişlər etdiyini özü qeyd etməsini bildirsə də bu qeydlər tələbkar tərəfindən təsdiq edilməmişdir. Onun tərəfindən ödənişlərlə bağlı sənədlər məhəkməyə təqdim edilmiş olsa belə yalnız onun özü tərəfindən aparılmış qeydlər həmin vəsaitin həqiqətən iddiaçıya qaytarılması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh İddiaçı icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməsini tələb etməmiş və ya iddiaçıya qalıq borcun təsdiq edilməsi üçün sənəd təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaitinin tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndiirlən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-660/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar