Məhkəmə qərarları › İş №2(103)-4833/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4833/2021

04.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4833/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyət hüququna edilən müdaxilələrə son qoyulması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2567/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyət hüququna edilən müdaxilələrə son qoyulması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə verərək mübahisə mahiyyəti üzrə baxılıb həll edilənədək, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsindən və onun üzərində tikilən evdən istifadə edilməsinin, o cümlədən həmin ərazinin istənilən sahəsinə daxil olmağın, orada hər hansı (hasarın, evin) söküntü işinin aparılmasının, müdaxilə olunmasının, ələ keçirilməsinin, digər şəxsin adına sənədləşdirilməsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və bu işə cəlb olunan digər şəxslərə, o cümlədən dövlət qurumlarına, strukturlarına və s. qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2567/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən İddiaçı şəhadətnamə əsasında məxsus olan 600 kv.m torpaq sahəsinə və onun üzərində tikilən evdən istifadə edilməsi, o cümlədən həmin ərazi sahəsinə daxil olmaq, orada hər hansı söküntü işinin aparılması və özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək, ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, ona məxsus olan torpaq sahəsində Binəqədi Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin Mir-Paşa adlı əməkdaşı söküntü işlərini aparmışdır. Bununla əlaqədar bildiririk ki, X1 Bakı Şəhəri İcra Hakimiyyətinin tabeçiliyindədir. İddiaçının ünvanı Bakı şəhərinin yaşıllıq zolağında yerləşməklə Birliyin xidmət göstərdiyi əraziyə aiddir. Bundan əlavə Rayon İcra Hakimiyyətində Mir-Paşa adlı şəxs çalışmır. İddia ərizəsində qeyd olunanlardan belə bəlli olur ki, iddiaçıya məxsus tikili Rayon İcra Hakimiyyəti tərəfindən sökülməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2567/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.3-cü maddəsinə əsasən hakim iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində tikilən evdən istifadə edilməsi, o cümlədən həmin ərazi sahəsinə daxil olmaq, orada hər hansı söküntü işinin aparılması və özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi qəbul edilə biləcək qətnamənin gələcəkdə icrasının təminatını əks etdirir. Şikayətin təmin edilməsi qətnamənin icrasını gələcəkdə mümkünsüz edə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2567/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar