Məhkəmə qərarları › İş №2(103)-4833/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4833/2024

22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4833/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı və cavabdehin iddiaçıya qarşı “əmlak üzərində payların müəyyən edilməsi tələbi barədə” ilk və qarşılıqlı iddialarına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2000-ci il tarixli nikahın ləğv olunması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Xədicənin nikahın pozulmasından sonra cavabdehin yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun təqaüdünün 1/4 hissəsi miqdarında alimentin ondan tutularaq cavabdehə ödənilməsi, birgə nikah vaxtı əldə olunmuş əmlaklarının (yaşadıqları mülklərin və bağ evinin) bərabər paylara bölünməsi, müəyyən olunmuş paylara onun hüquqlarının tanınması, birgə nikah vaxtı götürdüyü kredit borcunun yarısının cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikah vaxtı əldə etdikləri əşyalarının (3.000 manat dəyərində olan yataq mebeli, 800 manat dəyərində olan divan, 800 manat dəyərində olan 1 ədəd böyük xalça, birinin dəyəri 250 manat olmaqla cəmi 1.500 manat dəyərində olan 6 ədəd balaca xalça, 5.000 manat dəyərində olan stol-stul dəsti, 2.800 manat dəyərində olan 4 ədəd divan, 600 manat dəyərində olan 2 ədəd kreslo və 2 ədəd jurnal dəsti, 1 ədədinin dəyəri 150 manat olmaqla cəmi 1.050 manat dəyərində olan 7 ədəd çılçıraq, 5.000 manat dəyərində olan kombi sistemi, 2.000 manat dəyərində olan işıq stabilizatoru, 600 manat dəyərində olan 1 ədəd kondisioner, 900 manat dəyərində olan 1 ədəd kondisioner, 1.500 manat dəyərində olan 2 ədəd televizor, 800 manat dəyərində olan “Kiment” markalı qaz sobası, 600 manat dəyərində olan “Samsung” markalı paltaryuyan maşın, 2.000 manat dəyərində olan mətbəx mebeli, 300 manat dəyərində olan tozsoran, 3.000 manat dəyərində olan onun şəxsi geyim paltarları, 800 manat dəyərində olan 1 ədəd nişan üzüyü, 1.600 manat dəyərində olan 1 ədəd boyunbağı, ümumilikdə 34.650 manat dəyərində olan əşyalar) 1/2 hissəsinə onun payının tanınması, həmin payın və ya dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi, ona məxsus geyim əşyalarının və ona məxsus qızıl əşyalarının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü Firudin, xx.xx.2003-cü il təvəllüdlü Vaqif və xx.xx.2013-cü il təvəllüdlü Xədicə adlı üç övladları doğulmuşdur. Firudin və Vaqif yetkinlik yaşına çatmışlar. İddiaçı, uzun müddət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində çalışmışdır, hazırda yaşa görə pensiyaçıdır. İddiaçı, birgə nikahda olduğu 20 il müddətində həmişə ailəsinə qayğı ilə yanaşmışdır, aldığı əmək haqqısı ailəsinin, uşaqlarının firavan yaşamasına xərclənmişdir. Lakin, pensiyaya çıxdıqdan sonra cavabdeh iddiaçıdan işləməyi tələb etmişdir. İddiaçı, səhhəti buna imkan vermədiyindən işləyə bilməmiş və bu səbəbdən cavabdehlə aralarında mübahisə yaranmış, nəticədə cavabdeh, yetkinlik yaşına çatmış övladları və cavabdehin anası iddiaçını döyərək evdən qovmuş, iddiaçının əmlaklarını mənimsəmişlər. İddiaçı hazırda kirayəyə götürdüyü mənzildə yaşayır. İddiaçı hesab edir ki, artıq ailəni bərpa etmək mümkün olmadığı üçün nikahları məhkəmə qaydasında ləğv olunmalıdır. İddiaçı, birdə nikahdan doğulmuş azyaşlı uşağı Xədicənin cavabdehin yanında qalmasına və uşağın yetkinlik yaşına çatana kimi onun təqaüdünün 1/4 hissəsi miqdarında alimentin cavabdehin xeyrinə tutulmasına razıdır. İddiaçı, cavabdehlə nikaha daxil olduqdan sonra iddiaçının mərhum atasına məxsus olan və ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə yaşamışlar. Həmin vaxtdan iddiaçı, FHN-nin Yanğından Mühafizə İdarəsində, cavabdeh isə “Neftçi” İctimai Birliyinin “Sağlamlıq” klubunda tibb bacısı kimi çalışmışlar. Hazırda da cavabdeh həmin vəzifədə işləyir və ayda 400 manat məbləğində əmək haqqı alır. İşlədikləri müddətdə əmək haqqı və digər gəlirlərlərini toplayaraq, banklardan kredit götürərək özlərinə ünvan 2 ünvanında 3 mərtəbəli fərdi yaşayış evi inşa etmişlər və sonra həmin evə köçərək ailəsi ilə birgə döyülüb qovulan günə kimi həmin evdə yaşamışlar. Yaşadığı dövrdə həmin evin otaqlarını kirayə verməklə pul toplamışlar. Ailənin büdcəsi hesabına topladıqları pulla özlərinə ikinci ev və Mərdəkan qəsəbəsində bağ evi tikmişlər. Həmin evləri birgə nikah vaxtı qazandıqları pulla təmir etdirmiş və bağ evindən mövsümi olaraq istifadə etmişlər. Bütün evlər hazır olduqdan və tam təmir olunduqdan sonra ikinci evi də kirayəyə vermişlər (bir evin otaqlarını 250 manata, digər mərtəbədəki evin otaqlarını 750 manata). Birgə nikah vaxtı götürdükləri kredit borcunu iddiaçı pensiyasından ödəyir. Cavabdeh iddiaçını evə buraxmır, birgə nikah vaxtı əldə olunmuş əmlaklarını, qızıl zinət əşyalarını mənimsəmiş və kreditin ödənilməsində üzərinə düşən öhdəlikləri icra etmir. Bundan başqa, tərəflər bankdan kredit götürməklə və öz əmək haqlarını toplamaqla evlərinə aşağıda cehiz əşyaları almışlar. İddiaçı evdən qovulduqdan sonra həmin əşyalar hazırda cavabdehin yaşadığı evində qalmışdır.

3. Cavabdeh də öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdiyi qızıl-zinət əşyaları olan 1 ədəd komplekt, 1 ədəd kulon, 1 ədəd üzük, 1 tay sırğa, 750 əyar 23, 5 qram çəkidə 1 ədəd qolbaq, 3 ədəd sep, 1 ədəd qolbaq, 1 ədəd saat, 3 ədəd üzük, 1 ədəd kulon (8 qr), 1 ədəd qolbaq, 1 ədəd saat, 1 tay sırğa, 1 ədəd komplekt, 2 ədəd üzük və 28.310 manat pula onun 1/2 hissədə pay hüququnun tanınması və qeyd edilən qızıl-zinət əşyalarının yaxud onların 1/2 hissədə dəyəri olan 25.000 manat, 28.310 manat pulun 1/2 hissəsini təşkil edən 14.115 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin - 208 manat məbləğində pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilk iddianı qismən, yəni nikahın pozulması və uşağın onun yanında saxlanması hissəsində qəbul edir. İlk iddia qalan hissədə əsassızdır. İddiaçının təklif etdiyi təqaüdünün 1/4 hissəsində aliment uşağın saxlanması üçün yetərli deyil. 2023-cü il üçün uşaqların yaşayış minimumunun məbləği 220 manat təşkil edir. Odur ki, alimentin miqdarı 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. İlk iddiada bərabər bölünməsi tələb edilən əmlakların nə olması qeyd edilmir. Çünki, iddiaçı özü də bilir ki, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak mövcud deyil. Hazırda yaşadıqları ev cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) atasının evidir. Cavabdehin atası həmin torpaq sahəsini 2005-ci ildə almış və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün atasına sərəncam verilmişdir. Bundan sonra cavabdehin atası həmin yaşayış evini tikdirmişdir. Onlar yalnız 2010-cu ildən iddiaçıya məxsus olan mənzil kiçik olduğu üçün cavabdehin atasına məxsus olan yaşayış evinə köçüb orada yaşamışlar. İddiaçının qeyd etdiyi bağ evi cavabdehin anasının mülkiyyətində olmuşdur. Anası həmin bağ evini cavabdehə bağışlamışdır. İddiaçının kredit ödənişləri ilə bağlı cavabdeh məlumatlı deyil. Birgə nikah zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) onlara aid qızıl-zinət əşyalarını lombarda verərək pul götürmüşdür. Götürdüyü pulu cavabdehə verməmiş, yaxud lombarda qoyulmuş qızıl-zinət əşyalarını geri qaytarmamışdır. İddiaçı 2022-ci ilin dekabr ayında 2.000 manat dəyərində telefon almışdır. Buna görə cavabdeh iddiaçıya zamin durmuşdur. İddiaçı 1.200 manat ödəniş etsə də, daha sonra ödəniş etməmiş və ödənişlərin edilməsi icra qaydasında cavabdehin əmək haqqısına yönəldilmiş və nəticədə cavabdeh bugünə qədər 600 manat ödəniş etmişdir. Bundan əlavə, birgə nikah dövründə əldə etdikləri qazancdan iddiaçı müxtəlif şəxslərə şifahi və yazılı qaydada borc müqaviləsi bağlamaqla borc vermişdir. Belə ki, iddiaçı tərəfindən X6 xx.xx.2021-ci il tarixdə ərizə almaqla 3.000 manat, X7 xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2020-ci il tarixdə 5.000 manat, X8 2019-cu ildə 2.500 manat, X9 xx.xx.2020-ci il tarixdə 3.500 manat, X4 xx.xx.2020-ci il tarixdə 2.500 manat, X3 1.810 manat məbləğində borc pul vermişdir. Bunlardan cavabdeh daha sonra məlumatlı olmuş və hazırda borc olaraq verilmiş pul məbləğləri birgə nikah dövründə əldə edilmiş qazancdır və həmin 28.310 manat pul məbləği üzərində cavabdehin pay hüququ tanınmalı və həmin məbləğin 1/2 hissəsi yəni 14.155 manat pul iddiaçıdan alınaraq cavabdehə verilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardad ilə hər iki iddia üzrə “əmlak üzərində payların müəyyən edilməsi” hissəsini ayrıca icraata ayırmışdır (hazırkı apellyasiya baxışının predmeti olan iş).

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, ilk iddia üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyaların – 750 manat dəyərində yataq mebeli, 300 manat dəyərində divan, 300 manat dəyərində 1 ədəd böyük xalça, 600 manat dəyərində 6 ədəd balaca xalça, 500 manat dəyərində 1 ədəd stol-stul dəsti, 400 manat dəyərində 4 ədəd divan, 300 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 2 ədəd jurnal dəsti, 700 manat dəyərində 7 ədəd çılçıraq, 650 manat dəyərində 1 ədəd kombi sistemi, 50 manat dəyərində 1 ədəd işıq stabilizatoru, 700 manat dəyərində 2 ədəd “Gree” markalı kondisioner, 500 manat dəyərində 1 ədəd “Samsung” markalı televizor, 300 manat dəyərində 1 ədəd “Kiment” markalı qaz sobası, 200 manat dəyərində 1 ədəd ”Samsung” markalı paltaryuyan maşın, 400 manat dəyərində 1 ədəd mətbəx mebeli, 50 manat dəyərində ”Bosch” markalı tozsoranın 1/2 hissəsinə ilk iddia üzrə iddiaçının payının müəyyən edilməsini, həmin payın və ya əşyaların dəyəri olan 6.900 manatın 1/2 hissəsinin – 3.450 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, birgə nikah dövründə götürülən 12.942,46 manat borc məbləğinin faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısının cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, qarşılıqlı iddia üzrə tərəflərin birgə nikah dövründə əldə etdiyi çəkisi 23,5 qram olan 750 əyarlı 1 ədəd qolbağın 1/2 hissəsinə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) payının müəyyən edilməsini, həmin payın və ya onun dəyəri 2.585 manatın 1/2 hissəsinin – 1.292,50 manat pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsini, (iş üzrə tərəf olmayan) X4 verilmiş birgə vəsaitlər hesabına olan 2.500 manat borcun 1/2 hissəsinin – 1.250 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsini, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 manatın 25 manatının iddiaçıdan, 25 manatının cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə payların müəyyən edilməsi tələb edilən daşınmaz əmlaklar cavabdehin atasının adına olan torpaq sahəsi və anası tərəfindən bağışlanan bağ evidir. Bağışlama əsasında verilmiş əmlak ər-arvadın hər birinin ayrıca əmlakıdır. İddiaçının bu tələbləri əsassızdır. İlk iddia üzrə kredit borcu birgə nikah dövründə götürüldüyündən, faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İlk iddia üzrə ekspert tərəfindən evə baxış zamanı müəyyən edilən daşınar əşyalar və dəyəri nəzərə alınaraq həmin həcmdə tələb təmin edilməlidir. İlk iddia üzrə geyim və qızıl-zinət əşyaları tələbi ilə bağlı mötəbər sübut təqdim etmədiyindən ilk iddia bu hissədə əsassızdır. Rayon Məhkəməsi qarşılıqlı iddia üzrə qızıl-zinət əşyaları tələbi ilə bağlı qeyd etmişdir ki, ekspert rəyinə əsasən, yalnız 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyar) – 2.585 manat kimi müəyyən edilmişdir. Digər 14 qızıl-zinət əşyalarının haqqında kifayət qədər məlumat (əyarı, çəkisi) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qızıl-zinət əşyalarının bəziləri birgə nikah dövründə, 2017ci ildə lombarda girov qoyulmuşdur. Ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. İddiaçı tərəfindən əşyaların lombarddan götürülməsi və ya onda olması barədə sübut təqdim edilməmişdir. Bunları nəzərə alaraq, Rayon Məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə yalnız 1 ədəd qolbağa 1/2 hissədə pay hüququ tanınmalı və qeyd edilən qızıl zinət əşyası yaxud onun dəyərinin yarısı (2.585/2=) 1.292,5 manat iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Rayon Məhkəməsi qarşılıqlı iddia üzrə 14.115 manat pul tələbi ilə bağlı isə qeyd etmişdir ki, həmin tələbin yalnız 1.250 manat hissəsi ilə bağlı mötəbər sübut təqdim edildiyindən tələb həmin hissədə təmin edilməlidir. c) apellyasiya şikayətləri barədə məlumat

8. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.

9. Əsasları ilk iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

10. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin “birgə nikah dövründə götürülən 12.942,46 manat borc məbləğinin faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısının tutulması” hissəsində ləğv edilərək ilk iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi mübahisələndirilən hissədə ilk iddianı tam araşdırmamış, kredit müqavilələri üzrə iddiaçının 12.942,46 manat borcunun olduğunu müəyyən edərkən yalnız xx.xx.2023-cü il tarixli SF-8319 saylı Azərbaycan Kredit Bürosundan alınmış çıxarışa əsaslanmışdır. Lakin işdə kredit müqavilələri, kreditlərin birgə təsərrüfat aparılarkən xərclənməsinə dair digər sübutlar yoxdur. Bu baxımdan Rayon Məhkəməsinin kredit müqavilələri üzrə ödənilmiş məbləğin yarısının cavabdehdən tutulması qənaəti əsassızdır. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

12. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü tərəfindən verilmiş şikayəti müdafiə edərək, bu şikayətinin məzmununa uyğun izahat verdi.

13. İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, təmsil etdiyi şəxsin verdiyi şikayəti müdafiə edərək, bu şikayətinin məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının hədləri barədə məlumat

14. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi ilk iddianın daşınar əşyalar üzərində payın müəyyən edilməsi və dəyərinin 1/2 hissəsinin ödənilməsi hissəsində təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələri mübahisələndirilmədiyi üçün mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. f) Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, Suraxanı Rayonu Qeydiyyat Şöbəsi tərəfindən təkrar verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 166053 nömrəli “Nikah haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra cavabdehə Şərifova soyadı verilmişdir.

18. Azərbaycan Kredit Bürosunun verdiyi xx.xx.2023-cü il tarixli, SF-8319 saylı çıxarışından görünür ki, ilk iddia üzrə iddiaçının aktiv kreditlərin cəmi qalıq məbləği 12.942,46 manat təşkil edir.

19. Dövlət Sosial Müdafiə X20 Şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş- 75069/2023 saylı arayışından görünür ki, ilk iddia üzrə iddiaçı 644,64 manat pensiya alır.

20. JN-7908H saylı (kod 0060056) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən” görünür ki, (ilk iddia üzrə cavabdehin atası) X10 və ailə üzvlərinə Bakı Şəhəri 10 saylı Dövlət Notariat Kontorunun rəsmiləşdirdiyi xx.xx.2003-cü il tarixli, 4-Ə-2- 180 saylı müqavilə ilə satılmış 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir.

21. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 53 nömrəli sərəncamdan görünür ki, X10 Əmircan qəsəbəsində yerləşən torpaq sahəsində RİH-nin Tikinti Təsərrüfat Şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisin icazə verilmiş, tikinti sahibi layihəsmeta sənədlərinin hazırlanması üçün rayon Layihəsmeta bürosu ilə müqavilə bağlanması, sərəncamın icrasına nəzarət Əmircan qəsəbə nümayəndəliyinə, Əmircan bələdiyyəsinə, 31-ci Polis bölməsinə tapşırılmışdır.

22. Hədiyə verən olaraq (ilk iddia üzrə cavabdehin anası) X1 ilə hədiyyə alan olaraq cavabdeh arasında notariat qaydasında bağlanmış xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, Hörmət Şirməmmədova özünə məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1640 “A” ünvanında yerləşən 3 otaqlı bağ evini övladına – cavabdehə bağışlamışdır.

23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Reyestrdən çıxarışından” görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1640 “A” ünvanında yerləşən, ümumi sahəsi 82,30 kv.m fərdi yaşayış evinin və 0,029450 ha torpağın sahəsi ilk iddia üzrə cavabdehin mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********1-11301).

24. ƏİX seriyalı, 17040473 nömrəli “Girov biletindən” görünür ki, ilk iddia üzrə iddiaçı xx.xx.2017-ci il tarixdə 1 komplekt, 2 cüt sirğa, 1 tay sırğa, 1 üzük 750,45,5 t/c 43,5 qr, 1 cüt sırğa, 1 üzük, 1 kulon, 1 sep, 583,22,4 t/c 21 qr, 14 ədəd (1 üzük əzik, 2 üzük qaşsız) girov qoymuşdur. Girov qoyulmuş əşyaların qiyməti 2.625 manat, kredit məbləği isə 2.500 manatdır. Girovun çıxarılması tarixi xx.xx.2017-ci il tarixidir.

25. İşdə olan xx.xx.2017-ci il tarixli, 17040473 saylı “Lombarda qızıl qoyulması barədə müqavilədən” görünür ki, iddiaçı girov qoyduğu əşyaların sahibi olduğunu bildirərək, müqavilənin qaydalarının ona izah olunduğunu, müqavilənin 2 ay müddətinə bağlandığı, 2 ay ərzində faizləri ödəmədiyi halda xəbərdarlıq edilmədən satışa çıxarılacağı barədə xəbərdar olmuşdur.

26. ƏİX seriyalı, 17040410 nömrəli “Girov biletindən” görünür ki, iddiaçı xx.xx.2017ci il tarixdə 1 üzük qaşlı t 585, 17,81, 1 klon, 1 üzük, 1 tay sırğa, 1 qolbaq 750, 23,5 qr, t/4225, 2 sep, 1 qolbaq, 1 saat, 3 üzük, 1 klon, 583, 8 qr t/c 115 qr, 1 üzük, 1 qolbaq, 1 saatı girov qoymuşdur. Girov qoyulmuş əşyaların qiyməti 5.250 manat, kredit məbləği isə 5.000 manatdır. Girovun çıxarılması tarixi xx.xx.2017-ci il tarixidir.

27. İşdə olan xx.xx.2017-ci il tarixli 17040410 saylı “Lombarda qızıl qoyulması barədə müqavilədən” görünür ki, iddiaçı girov qoyduğu əşyaların sahibi olduğunu bildirərək, müqavilənin qaydalarının ona izah olunduğunu, müqavilənin 2 ay müddətinə bağlandığı, 2 ay ərzində faizləri ödəmədiyi halda xəbərdarlıq edilmədən satışa çıxarılacağı barədə xəbərdar olmuşdur.

28. X17040410 saylı müqavilənin 1 saylı əlavəsindən görünür ki, iddiaçı girov qoyduğu girov üzrə hər ayın 5 tarixinədək ödənişləri həyata keçirmədiyi halda girovu əlavə xəbərdarlıq edilmədən satılmasına etiraz etmədiyi, müqavilə üzrə ona çatası bütün məlumatlar (ödəmə, satış, çıxarış üzrə və sair yazışmalar) onun mobil nömrəsinə lombard tərəfindən qısa mesaj vasitəsi ilə göndəriləcəyi qeyd olunmuşdur.

29. İş materiallara əlavə edilmiş xx.xx.2020-ci il tarixli sənədin surətindən görünür ki, iddiaçı, hazırkı iş üzrə tərəf olmayan X9 3.500 manat pul vermişdir.

30. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, hazırkı iş üzrə tərəf olmayan X11 iddiaçıdan 3.000 manat pul aldığını 2 aya ödəyəcəyini qeyd etmişdir.

31. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, hazırkı iş üzrə tərəf olmayan X12 iddiaçıdan 5.000 manat pul almışdır.

32. İşdə olan xx.xx.2023-cü il tarixli, Bİ13490467 nömrəli “Kassa mədaxil orderindən” görünür ki, X5 "xxxx" MMC-yə 105 manat ödəniş etmişdir.

33. xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş “Kredit müqaviləsindən” görünür ki, iddiaçı, hazırkı iş üzrə tərəf olmayan X4 2.500 manat borc vermişdir. Borc alanda krediti xx.xx.2020-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

34. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, hazırkı iş üzrə tərəf olmayan X12 iddiaçıdan 10.000 manat məbləğində borc almış, borcunu hər ay 200 manat verərək ödəyəcəyini, əgər ödəməsə cinayət məsuliyyətinə cəlb edilməsini, iddiaçı ona kömək etdiyini heç bir şikayəti olmadığını, söz verir ki borcunu qaytaracağını qeyd etmişdir.

35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/16- 2/7300/2023 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi ev 7 döngə 4 fərdi yaşayış evində olan əşyaların qiyməti aşağıdaki kimidir: - yataq mebeli 750 manat, - divan 300 manat, - xalça 1 ədəd (böyük) 300 manat, - xalça balaca 6 ədəd 600 manat, - stul-stol dəsti 1 ədəd 500 manat, - divan 4 ədəd 400 manat, - kreslo 2 ədəd 300 manat, - jurnal masası dəsti 2 ədəd 200 manat, - çıl-çıraq 7 ədəd 700 manat, - kombi sistemi 1 ədəd 650 manat, - elektrik enerjisi stabilizatoru 1 ədəd 50 manat, - “Gree” markalı kondisioner 2 ədəd 700 manat, - “Samsung” markalı televizor 1 ədəd 500 manat, - “Kiment” markalı qaz sobası 1 ədəd 300 manat, - “Samsung” markalı paltar yuyan maşın 1 ədəd 200 manat, - mətbəx mebeli 1 ədəd 400 manat, - “Bosch” markalı tozsoran 50 manat, cəmi 6.900 manat. Həmçinin, 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyyar) – 2.585 manatdır. Digər 14 qızıl-zinət əşyalarının haqqında kifayət qədər məlumat (əyyarı, çəkisi) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

36. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir (maddə 32.2.2). Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) (maddə 34.1.). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur (maddə 34.2.). Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər (maddə 35.). Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir (maddə 36.1.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (maddə 36.5). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir (maddə 37.3.).

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.). Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (maddə 222.2.). Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (maddə 223.3.). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1.). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır (maddə 225.3.). Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir (maddə 225.4.).

38. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

39. İlk iddia üzrə iddiaçı birgə nikah dövründə əldə edildiyini iddia etdiyi əmlakların cavabdehin atasının adına olan torpaq sahəsi və anası tərəfindən bağışlanan bağ evi olduğu müəyyən edilir. Belə ki, “Torpağın mülkiyyətə verilməsi şəhadətnaməsindən” görünür ki, torpaq sahəsi 2005-ci ildə Suraxanı RİH tərəfindən fərdi yaşayış evinin tikintisi üçün cavabdehin atasına Vaqif Qurbanova verilmişdir. Bağ evi isə cavabdehin anası Hörmət Şirməmmədovanın mülkiyyətində olmuş və “Bağışlama müqaviləsi” əsasında cavabdehə hədiyyə edilmişdir. Bağışlama əsasında verilmiş əmlak ər-arvadın hər birinin ayrıca əmlakı hesab edilir.

40. İlk iddia üzər iddiaçı cavabdehlə nikahda olduqları dövrdə həmin əmlakların dəyərini xeyli artıran (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) vəsait qoymasını təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyi üçün həmin əmlakların tərəflərin birgə mülkiyyəti sayılması üçün əsas müəyyən edilmir. İddiaçı tərəfin təqdim etdiyi şahidlərin ifadələri bu halın müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, ilk iddia müzakirə edilən hissədə əsassızdır.

41. İlk iddianın birgə nikah vaxtı götürülmüş kredit borcunun və faktiki nikah pozulduqdan sonra ödənilmiş kredit borcunun yarısının cavabdehdən tutulması hissəsi ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Kredit Bürosunun xx.xx.2023-cü il tarixli, SF8319 saylı çıxarışından görünür ki, iddiaçının aktiv kreditlərin cəmi qalıq məbləği 12.942,46 manat təşkil edir. Çıxarış əldə olunduğu məqamda tərəflərin nikahının pozulması ilə bağlı iddia artıq məhkəmənin icraatına daxil olmuşdur. Çıxarışda göstərilən kreditlər isə nikah dövrünə əldə olunmuşdur.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur.

43. Göstərilmiş mövqeyi və Azərbaycan Kredit Bürosunun verdiyi çıxarışı nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin borc birgə nikah dövründə götürüldüyündən, faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

44. İddiaçının tələb etdiyi əşyalarla bağlı isə Məhkəmə qeyd edir ki, bununla bağlı Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, ekspert tərəfindən evə baxış zamanı əşyalar müəyyən edilmiş və qiymətləndirilmişdir (bax: hazırkı qətnamənin 35-ci bəndinə).

45. İddiaçı həmin əşyaların dəyərinin daha yüksək olmasını təsdiq edən sübutları təqdim edə bilmədiyindən, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi həmin əşyaların dəyərini ekspert rəyini əsas götürməklə cəmi 6.900 manat müəyyən etməkdə haqlı olmuşdur.

46. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məxsus geyim və qızıl əşyaları ilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçı tərəfindən hansı əşyaların tələb edilməsi dəqiq göstərilmədiyindən ilk iddia həmin hissədə də əsassızdır və işə baxmış Rayon Məhkəməsi eyni əsasla bu kimi nəticəyə gəlməkdə də haqlı olmuşdur.

47. Məhkəmə, qızıl-zinət əşyaları ilə bağlı qarşılıqlı iddiada ifadə olunmuş tələblə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi bu tələbə hüquqi qiymət vermək üçün iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın rəyini almışdır (bax: hazırkı qətnamənin 35-ci bəndinə). Rəyinə əsasən, yalnız 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyar) – 2.585 manat kimi müəyyən edilmişdir. Rayon Məhkəməsi qarşılıqlı iddia üzrə qızıl-zinət əşyaları tələbi ilə bağlı qeyd etmişdir ki, ekspert rəyinə əsasən, yalnız 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyar) – 2.585 manat kimi müəyyən edilmişdir. Digər 14 qızıl-zinət əşyalarının haqqında kifayət qədər məlumat (əyarı, çəkisi) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də qarşılıqlı iddia üzrə yalnız 1 ədəd qolbaq üzərində iş üzrə tərəflərin hər birinin payı 1/2 hissədə tanınmalı və qeyd edilən qızıl zinət əşyası yaxud onun dəyərinin yarısı (2.585/2=) 1.292,5 manat iddiaçıdan alınaraq cavabdehə verilməlidir. (Qarşılıqlı iddianın digər 14 qızıl-zinət əşyalarına aid hissəsi rədd edilmişdir. Həmin hissəsində qətnamə mübahisələndirilməmişdir və hazırkı apellyasiya baxışının predmetini təşkil etmir).

48. Göstərilənləri və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) həmin qolbaq üzərində onun payının 1/2 hissədə tanınması və qeyd edilən qolbağın yaxud onun dəyərinin yarısının ilk iddia üzrə iddiaçıdan alınaraq ona verilməsini tələb etməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi 1.292,5 manatın iddiaçıdan alınaraq cavabdehə verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

49. Bundan başqa, cavabdeh qarşılıqlı iddiada bildirir ki, birgə nikah dövründə iddiaçı tərəfindən müxtəlif şəxslərə borclar vermiş, o cümlədən X4 birgə əmlak hesabına 2.500 manat borc vermişdir.

50. Bu hal Solmaz Babayeva ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsində” öz təsdiqini tapır.

51. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qarşılıqlı iddia üzrə 14.115 manat pul tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələbin yalnız Solmaz Babayevaya 2.500 manat məbləğində borcun verilməsi öz təsdiqini tapır. Buna görə də, həmin məbləğin yarısı, yəni 1.250 manat məbləğində pul iddiaçıdan alınaraq cavabdehə verilməlidir. (Qarşılıqlı iddianın qalan məbləğ ilə bağlı hissəsi rədd edilmişdir. Həmin hissəsində qətnamə mübahisələndirilməmişdir və hazırkı apellyasiya baxışının predmetini təşkil etmir).

52. Göstərilənləri və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında təsbit edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, Rayon məhkəməsinin müzakirə edilən bu nəticəsi də əsaslıdır. g) apellyasiya baxışının nəticəsi

53. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Şərh edilənləri nəzərə alan Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

57. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. İş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar