Məhkəmə qərarları › İş №2(103)-4841/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4841/2022

15.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4841/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi Sahib Sadıqzadənin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış və torpaq sahəsindən əşyalar ilə birlikdə çıxarılma və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərdən çəkinmə barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh əşyaları ilə birlikdə Binəqədi rayonu, Binəqədi şossesi, 7 ünvanında yerləşən 0,56659 ha torpaq sahəsindən və onun üzərindəki 858,8 kv.m qeyri-yaşayış sahəsindən çıxarılsın, habelə cavabdehin üzərinə iddiaçının həmin torpaq və qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu həyata keçirməyə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsi qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh əşyaları ilə birlikdə torpaq və qeyri-yaşayış sahəsindən çıxarılsın, cavabdehin üzərinə iddiaçının torpaq və qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu həyata keçirməyə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsi qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, cavabdeh iddiaya cavab verməli olan şəxs deyil, torpaq və qeyri-yaşayış sahəsində "xxxx" MMC fəaliyyət göstərir, cavabdeh həmin MMC-nin direktorudur. MMC ölkə xaricindən balıq məhsulları gətirir və həmin obyektdən anbar kimi istifadə edir. Orada yerləşən əmlak, əsas və dövriyyə vəsaitləri MMC-yə məxsusdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Sahib Sadıqzadə apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikaytətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Torpaq və qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Cavabdeh və üçüncü şəxs iddiaçının həqiqi mülkiyyətçi olmadığını bildirsələr də, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (Mülki Məcəllə, maddə 140), ona görə də iddiaçı mülkiyyət hüququnun müdafiəsi barədə iddia qaldıra bilər. Cavabdeh – iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxsdir (Mülki-Prosessual Məcəllə, maddə 50.3). İddia tələbinin yönəldildiyi şəxsi müəyyən etmək iddiaçının hüququdur (Mülki-Prosessual Məcəllə, maddə 149.2.2). İddiaçı həmin hüququndan istifadə edərək iddia tələbini fiziki şəxs Cavabdeh qarşı yönəldib, hüquqi şəxs "xxxx" MMC-yə qarşı iddia verməyib. Torpaq və qeyri-yaşayış sahəsindən hüquqi şəxsin istifadə etməsi və ya orada hüquqi şəxsə məxsus əmlakın olması hüquqi şəxs ilə yanaşı oradan istifadə edən fiziki şəxs Cavabdeh qarşı tələb yönəltməyə mane olmur. Müəyyən olunur ki, cavabdeh torpaq və qeyri-yaşayış sahəsindən istifadə edir, iddiaçı isə bu istifadənin mülkiyyətçi kimi onun iradəsinə zidd olduğunu bildirir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin və Mülki Məcəllənin 157-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin torpaq və qeyri-yaşayış sahəsindən çıxarılmasını, habelə cavabdehin üzərinə iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə maneə yaradan hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulmasını qət etməklə düzgün nəticəyə gəlib. Cavabdehin əşyalarının torpaq və qeyri-yaşayış sahəsindən çıxarılması barədə tələb təmin oluna bilməz. Belə ki, cavabdeh ona məxsus hər hansı əşyanın torpaq və qeyri-yaşayış sahəsində olmadığını bildirir, iddiaçı isə cavabdehə məxsus hər hansı əşyanın torpaq və qeyri-yaşayış sahəsində olduğunu təsdiq edən sübut təqdim edə bilmir. Ona görə də məhkəmə eyni hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə əşyaların çıxarılmasına aid hissədə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə qəbul olunmuş qətnamənin göstərişlərinin "xxxx" MMC-yə və onun əmlakına aidiyyəti yoxdur, çünki "xxxx" MMC-yə qarşı iddia verilməyib. Qətnamənin göstərişləri yalnız Cavabdeh aiddir və ona münasibətdə icra oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - əşyaların torpaq və qeyri-yaşayış sahəsindən çıxarılması barədə tələbin təmin edilməsinə aid hissədə ləğv edilsin və həmin tələb rədd olunsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar