Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4842/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) X2, Üçüncü şəxsin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsindən iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. X5 birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)- 2621/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin olunmuşdur. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 15 mart 2022-ci il tarixli məktubla müraciət edərək, Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti daxil olduğundan mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə mülki iş baxışdan çıxarılaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Cavabdeh MTK və üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir (tərəflər məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmışlar). Belə ki, birinci instansiya məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən uzun müddət sonra, yəni 23 may 2022-ci il tarixdə apellyasiya şikayəti verilsə də, birinci instansiya məhkəməsi prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Eyni zamanda işdən qətnamənin üçüncü şəxs tərəfindən hansı tarixdə əldə olunması da görünmür. Belə olan halda birinci instansiya məhkəməsi bu halı dəqiqləşdirməli, ona uyğun olaraq müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)- 2621/2021 saylı qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-4842/2022 saylı qərardadı üçüncü şəxs X4 münasibətdə ləğv olunsun, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq üçüncü şəxsin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4842/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4842/2022
02.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver