Məhkəmə qərarları › İş №2(103)-4845/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4845/2024

09.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4845/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə qarşı “əmlakların həbsdən azad edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə qarşı “əmlakların həbsdən azad edilməsi tələbi barədə” iddiasının qəbulundan imtina edərək iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri geri qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tələb cinayət işi üzrə məhkəmə hökmü ilə müsadirə edilmiş əmlaklarla bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən hazırki ərizənin icraata qəbulundan imtina edilməlidir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının təqsirləndirilən şəxs olmamasına və təqsirləndirilən şəxsin hərəkətinə görə qanunla maddi məsuliyyət daşımamasına baxmayaraq əmlaklarına xüsusi müsadirə tətbiq edilərək məcburi və əvəzsiz qaydada dövlət nəfinə alınması barədə qərar qəbul edilib. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin Məhkəmə iddiaçının işə aidiyyətini, iddiaçının əmlakı cinayət yolu ilə əldə edilmədiyi əsasını araşdırayıb. Həmçinin məhkəmə qeyd edir ki, bu mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən hazırki ərizənin icraata qəbulundan imtina edilməlidir. Halbuki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli qərarında izah etmişdir ki, beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddia ərizəsində tələbin cinayət işi üzrə məhkəmə hökmü ilə müsadirə edilmiş əmlaklarla bağlı olduğunu və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyini nəzərə alaraq hazırki ərizənin icraata qəbulundan imtina olunması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də, Məhkəmə MPM-in 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar