Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4846/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrində texniki yanlışlıqların aradan qaldırılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müvafiq düzəlişin edilməsi və özbaşına tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-223/2009 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “daşınmaz əmlakın dövlət reyestrində texniki yanlışlıqların aradan qaldırılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müvafiq düzəlişin edilməsi və özbaşına tikililərin sökülməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2009-cu il tarixli, 2(005)- 223/2009 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu “20 yanvar” küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 2 otaqlı, 1 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 538 nömrəli reyestr kitabının 49519 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixində qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda mənzilin ümumi sahəsinin ölçüsündə yol verilmiş texniki yanlışlıq düzəldilərək, 109,66 kv.m əvəzinə 41,33 kv.m yazılması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində və ondan çıxarışda müvafiq düzəlişin edilməsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2009-cu il tarixli, 2(005)- 223/2009 saylı qətnaməsindən Cavabdeh xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti və müddətin buraxılmamış hesab edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin surəti cavabdehə rəsmi qaydada Nərimanov Rayon Məhkəməsi tərəfindən ilk dəfə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, qətnamənin verilməsi üçün dövlət rüsumu belə tələb edilməmişdir. Bu səbəbdən müddətin buraxılmamış hesab edilməsini və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)- 223/2009 saylı qərardadı ilə (hakim Nərgiz Tağıyeva) ərizə təmin olunmamışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətlərin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv olunmalı, iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün göndərilməlidir. Belə ki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması ilkin olaraq birinci instansiya məhkəməsinin səlahiyyətinə aid edilmişdir. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi həmçinin apellyasiya şikayətinin qanunla müəyyən olunmuş prosessual müddət ərzində verilməsini tam və ətraflı yoxlamaq vəzifəsini daşıyır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1 və 130.1-cı maddələrinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. MPM-in 133.2 və 133.3-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. İşdən görünür ki, cavabdeh apellyasiya şikayəti ilə yanaşı, müvafiq prosessual müddəti ötürməməsi barədə ərizə ilə də məhkəməyə müraciət etmiş, bu səbəbdən də apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, cavabdeh qətnamədən məlumatlı olmamasını, onu əldə etməməsini, nümayəndəsinin (vəkilinin) müraciətinə əsasən 29 may 2024-cü il tarixdə rəsmi qaydada almasını, həmin vaxtdan da 1 ay müddət ərzində apellyasiya şikayəti verməsini göstərmiş, bu səbəbdən də müvafiq prosessual müddəti ötürməməsini məhkəmənin diqqətinə çatdırmağa çalışmışdır. Göründüyü kimi, cavabdehin ərizəsi buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa olunması barədə ərizə deyildir. Belə olan halda isə birinci instansiya məhkəməsi müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsini yoxlamaq və ona hüquqi qiymət vermək səlahiyyətinə malik deyildir. Dolayısı ilə, məhkəmə ərizənin təmin və ya rədd olunması barədə deyil, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqla müvafiq prosessual hərəkət etmək səlahiyyətinə malik olmuşdur. Yəni, əgər məhkəmə həqiqətən prosessual müddətin cavabdeh tərəfindən buraxılmaması nəticəsinə gələrsə (təbii ki, apellyasiya şikayətinin qaytarılması üçün digər prosessual əsaslar da mövcud olmazsa), o zaman MPM-in 364.1-ci maddəsinə əsasən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli, əks halda isə şikayət qaytarılmalıdır. Çünki, birinci instansiya məhkəməsi şikayət verən tərəfin bildirməsindən asılı olmayaraq hər bir halda xidməti vəzifəsinə görə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülüb-ötürülməməsini yoxlayır və sonrakı prosessual hərəkətlərini ona uyğun müəyyən edir. Tərəf yalnız müddətin üzrlü olaraq ötürülməsi və bu səbəbdən də buraxılmış prosessual müddətin üzrlü sayılaraq bərpa olunması barədə ərizə verdiyi təqdirdə məhkəmə həmin ərizəyə MPM-nin 133-cü maddəsinə əsasən baxaraq müvafiq qərardad qəbul etməyə haqlıdır. Lakin, birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, ziddiyyətli qərardad qəbul etmişdir. Qərardaddan görünür ki, məhkəmə bir tərəfdən cavabdehin qeyd edilən müraciətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə kimi yanaşmış, müddətin üzrlü səbəblər olmadan ötürülməsi qənaətinə gəlmiş, digər tərəfdən isə cavabdehin ərizədə buraxılmış müddətin bərpa olunmasını deyil, müddətin buraxılmamış sayılmasını xahiş etdiyini göstərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizənin mahiyyətini dəqiq müəyyən etməmiş, ziddiyyətli və əsassız qərardad qəbul etmişdir. Bu səbəbdən də qərardad ləğv olunmalı, mülki iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, bu zaman digər əsaslarla yanaşı, prosessual müddətinin ötürülüb-ötürülməməsi tam və ətraflı yoxlanılmalıdır. Yuxarda da qeyd edildiyi kimi, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə tam cavab verdiyi halda o işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli, əks halda isə şikayət qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-223/2009 saylı qərardad ləğv edilməli, mülki iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət reyestrində texniki yanlışlıqların aradan qaldırılması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda müvafiq düzəlişin edilməsi və özbaşına tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-223/2009 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-223/2009 saylı qərardadı ləğv edilsin, mülki iş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4846/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4846/2024
13.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver