Məhkəmə qərarları › İş №2(103)-4847/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4847/2021

18.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4847/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 109/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun xalası oğludur. 2017-ci ildə cavabdeh biznes işi ilə əlaqədar olaraq ondan müxtəlif vaxtlarda 42.000 ABŞ dolları məbləğində borc almış, lakin borcunu qaytarmamışdır. Sonuncu dəfə onunla 05.09.2017-ci il tarixdə görüşərək söhbət etmiş, cavabdeh isə ona 42.000 ABŞ dolları borcun olmasına dair qəbz vermişdir. Həmin vaxt iddiaçının dostu Kənan adlı şəxs də onlarla birlikdə olmuşdur. Bundan sonra dəfələrlə borcun qaytarılmasını cavabdehdən xahiş etsə də, borc hələ də qaytarılmamışdır. Cavabdeh həmin borcu ona qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 42.000 (qırx iki min) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (Sədirlik edən: Günel Abbasova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 19.11.2020-ci il tarixli iclasında iddia ərizəsinə etiraz və mülahizələrə dair ərizə təqdim edən Cavabdeh ərizəsində bildirmişdir ki, iddia tələbini qəbul etmir, belə ki, iddiaçı ona heç vaxt borc pul verməyib, aralarında olan münasibətlər yanacaq daşıyan maşının alınıb Azərbaycana gətirilməsi və onun tərəfindən işlədilməsi olmuşdur. Belə ki, iddiaçı Moskva şəhərində yaşayır. Onlar qərara gəliblər ki, iddiaçı yanacaq daşıyan çən-sistern alıb Azərbaycana göndərsin, cavabdeh isə yanacaq daşımaqla əldə etdikəri gəliri bölsünlər. 2017-ci ilin yanvar ayında iddiaçı tərəfindən çən-sistern alınmış, cavabdeh həmin çəni Bakıya gətirərək, adına rəsmiləşdirmişdir. Lakin sonradan işləri yaxşı getmədiyindən tərəflər arasında anlaşılmazlıq yaranmışdır. İddiaçı həmin çən-sisterni öz adına rəsmiləşdirmək istəsə də, Azərbaycanda olmadığından bu mümkün olmamışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı məsələni aydınlaşdırmaq üçün bir neçə günlüyə Bakıya gəlmişdir. Bundan sonra tərəflər qərara gəliblər ki, çən-sisternin pulu İddiaçı tərəfindən ödənildiyindən, lakin çən Cavabdeh adına rəsmiləşdirildiyindən, hər ehtimala qarşı 05.09.2017-ci il tarixdə maşının pulu məbləğində olan borc barədə cavabdeh iddiaçıya qəbz vermişdir. Lakin 2017-ci il oktyabr ayının 18-də çən-sistern iddiaçının əmisi oğlu X2 adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh borc barədə verdiyi qəbzin mövcudluğu barədə unutmuş, İddiaçı ona qarşı həmin qəbzdən sui-istifadə edərək iddia qaldıra biləcəyini güman etməmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ona heç vaxt borc pul verməyib, aralarında olan münasibətlər yanacaq daşıyan maşının alınıb Azərbaycana gətirilməsi və onun tərəfindən işlədilməsi olmuşdur. Belə ki, iddiaçı Moskva şəhərində yaşayır. Onlar qərara gəliblər ki, iddiaçı yanacaq daşıyan çən-sistern alıb Azərbaycana göndərsin, cavabdeh isə yanacaq daşımaqla əldə etdikəri gəliri bölsünlər. 2017-ci ilin yanvar ayında iddiaçı tərəfindən çən-sistem alınmış, cavabdeh həmin çəni Bakıya gətirərək, adına rəsmiləşdirmişdir. Lakin sonradan işləri yaxşı getmədiyindən tərəflər arasında anlaşılmamazlıq yaranmışdır. İddiaçı həmin çən-sisterni öz adına rəsmiləşdirmək istəsə də, Azərbaycanda olmadığından bu mümkün olmamışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində iddiaçı məsələni aydınlaşdırmaq üçün bir neçə günlüyə Bakıya gəlmişdir. Bundan sonra tərəflər qərara gəliblər ki, çən-sisternin pulu İddiaçı tərəfindən ödənildiyindən, lakin çən Cavabdeh adına rəsmiləşdirildiyindən, hər ehtimala qarşı 05.09.2017-ci il tarixdə maşının pulu məbləğində olan borc barədə cavabdeh iddiaçıya qəbz versin. Lakin 2017-ci il oktyabr ayının 18-də çən-sistern iddiaçının əmisi oğlu X2 adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh borc barədə verdiyi qəbzin mövcudluğu barədə unutmuş, İddiaçı ona qarşı həmin qəbzdən sui-istifadə edərək iddia qaldıra biləcəyini güman etməmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili A.Rüstəmov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: İş materiallarında olan 05.09.2017-ci il tarixli əlyazma ilə yazılmış qəbzdən görünür, borclu X9 Nəsimiyə 42.000 ABŞ dolları borcun olduğunu qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 18.10.2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, **-ZD-*** qeydiyyat nişanlı 1988-ci il buraxılışlı “Kroll TSA40ALPHA” yarımqoşqu 2200 manata X1, sonuncunun adına rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı 20.11.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, iddiaçı onun dostudur. O, tərəflərin ikisini də tanıyır. Yazılı qəbz 2017- ci ildə onun yanında Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh dəfələrlə onun yanında mülkiyyətində olan avtomobili sataraq İddiaçı olan borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmənin 30.11.2020-ci il tarixli iclasında şahid qismində dindirilən X6 izahatında bildirmişdir ki, cavabdehi profilaktoriyadan tanıyır. Onlar oradakı kafedə oturub söhbət ediblər. Ondan kağız istədilər, həmin vaxt maşın söhbəti etdiklərini eşitmiş, pul söhbəti barəsində isə eşitməmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına və şahid ifadələrinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə doğru nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı hazırki iddia tələbində cavabdeh tərəfindən imzalandığını qeyd etdiyi qəbzə istinad edərək Cavabdeh 42.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb edir. İddiaçı iş üzrə istinad etdiyi hallara dair sübut kimi öz izahatını və qəbzi təqdim etmişdir. İddiaçı cavabdehin ondan dəfələrlə pul aldığını qeyd etsə də məhkəməyə yalnız 05.09.2017-ci il tarixli əlyazma ilə yazılmış qəbzi təqdim etmişdir. İddiaçının Cavabdeh 42000 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı izahatı qeyri-müəyyən və ziddiyyətli olmuşdur. İddiaçı həmçinin hansı səbəbdən 42000 ABŞ dolları məbləğində borcla bağlı ən azından sadə yazılı müqavilə bağlamamasının səbəbini məhkəməyə izah edə bilməmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının izahatı və təqdim etdiyi qəbz onun cavabdehdən tələb etdiyi 42.000 ABŞ dolları məbləğində borca dair tərəflər arasında borc müqaviləsinin və müvafiq olaraq da həmin məbləğdə borcun mövcud olduğunu müəyyən edən sübut sayıla bilməz. Çünki həmin qəbzə əsasən cavabdehdən tələb olunan məbləğdə borc müqaviləsinin hansı tarixdə, hansı şərtlərlə bağlandığını müəyyən etmək mümkün olmur. Başqa sözlə, iddiaçının təqdim etdiyi həmin qəbz mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir. Şahid ifadələrindən görünür ki, iddiaçı ilə cavabdeh arasında borc barəsində deyil, maşın barəsində söhbət olmuşdur. Cavabdeh isə məhkəməyə verdiyi izahatında və etiraz ərizəsində 42000 ABŞ dolları məbləğində pulu almadığını bildirmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən alınmış çən-sistern cavabdehin adına rəsmiləşdirildiyindən həmin qəbzi imzalamış daha sonra çən-sistern iddiaçının əmisi oğlunun adına rəsmiləşdirildiyindən o qəbzin bir əhəmiyyəti olmadığını düşünmüş və iddiaçının həmin qəbzdən ona qarşı sui-istifadə edəcəyini düşünməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin məhkəməyə verdiyi izahatlar faktlara əsaslanmış və cavabdehin izahatı ilə işin halları arasında uyğunluq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və hərtərəfli tədqiq etməmiş, işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən edə bilməmiş, sübutların qiymətləndirilməsi zamanı prosessual normaların tələblərini pozmuş və bu səbəbdən də nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli,iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-109/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar