Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4856/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(011)- 228/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 43.200 manat məbləğində, mənəvi ziyana görə 10.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 53.230 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə arasında 18 noyabr 2011-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 37 kv.m ibarət olan 2 otaqlı mənzilinin 40.000 manata satılmasına dair Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin 13-cü bəndinə görə cavabdeh iki ay müddətində mənzili tərk etməli olmuş, lakin həmin müddət bitdikdən sonra cavabdeh hələ də köçmək üçün ev tapmadığını bəhanə gətirərək dəfələrlə vaxt istəmişdir, o başa düşərək bir müddət güzəştə getmişdir. Lakin bu proses 3 ilə yaxın davam etdiyi üçün məcbur olub cavabdehin mənzildən çıxarılması ilə əlaqədar məhkəməyə iddia ərizəsi vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(011)-5177/2014 saylı qətnaməsi ilə iddiası təmin edilmiş və cavabdehin həmin evdən çıxarılaraq evin ona təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 may 2015-ci il tarixli 2(102)- 2354/2015 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Lakin qərarın qəbul edilməsindən artıq 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qərəzli şəkildə icra olunmamışdır. Cavabdehin hərəkətləri nəticəsində ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Belə ki, o, mülkiyyətində olan mənzildən artıq 9 ilə yaxındır ki, istifadə edə bilmir. Əgər mənzil onun istifadəsində olsa idi, həmin ərazi üçün minimum kirayə haqqını hesablamaqla 1 ayı 400 manatdan kirayə versə idi, 1 ilə 4800, 9 ilə 43200 manat fayda əldə etmiş olardı. Mənzilin alınmasına görə cavabdehə verdiyi 40000 manat pulu illik 12% ilə banka depozitə qoysa, 9 ilə 43200 manat məbləğində gəlir əldə edə bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(011)-228/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 12.000 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatının onun özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçı onun əslində mənzildə yaşamasına narazı deyil, mübahisə predmeti olan evə dair reallıqda sahibliyə dair marağı olmadığı üçün bir neçə il mənzilə dair icra tədbirlərinin aparılmamasına etiraz etməmişdir. Məhkəməyə iddia ilə müraciət edilən müddətə qədər iddiaçı tərəfindən qətnamənin icrasına nəzarət edən aidiyyatı üzrə Xətai rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair müraciət olunmamış, iddiaçı tərəfindən icra məmuruna qətnamənin icrası ilə bağlı hər hansı bir müraciət ərizəsi (tələbkar olaraq) verilməmişdir. Bütün bu qeyd edilənlər iddiaçının könüllü şəkildə icra tədbirlərinin həyata keçməməsinə şərait yaratmasından xəbər verir. Hazırda o, hər hansı bir icra tədbirinin ondan asılı olmayan səbəbdən yubadılmasına görə məsuliyyət daşımır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir, çünki iddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə apelyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, aydın olur ki, iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi, ev 13 saylı mənzil İddiaçı mülkiyyətindədir. O, həmin mənzili 40.000 manat ödəyərək satın almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli 2(011)-5177/2014 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi, 13 saylı evdən çıxarılması və həmin evin onun tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli 2(103)-268/2015 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2015-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh mənzilin dəyəri olaraq iddiaçı tərəfindən ödənilən 40.000 manatı almış, lakin müqavilədə nəzərdə tutulduğu kimi mənzili vaxtında tərk etməmişdir. 2015-ci il tarixli Ali Məhkəmənin qərarının olmasına baxmayaraq o, mənzili boşaltmamış və üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də iddiaçı hazırda vurulmuş maddi və mənəvi ziyanı tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, icranı gecikdirmişdir, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə rəsmi internet saytlarında analoji mənzillərin kirayə qiymətlərinə əsasən ortalama kirayə qiymətinin 200 manat olmasını müəyyən edərək, Ali Məhkəmənin cavabdehin mənzildən çıxarılması ilə bağlı qərarının qanuni qüvvəsini aldığı tarixdən hesablanmaqla, 5 il üçün aylıq kirayə qiyməti 200 manatdan olmaqla cavabdehdən 12.000 manat pul vəsaitinin tutulmalı olması nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Cavabdehin apelyasiya şikayətində iddiaçının könüllü şəkildə icra tədbirlərinin həyata keçməməsinə şərait yaratması və hazırda onun hər hansı bir icra tədbirinin ondan asılı olmayan səbəbdən yubadılmasına görə məsuliyyət daşımaması barədə qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, göstərilən hal hazırki iddia tələbinin rədd edilməsi qənaətinə gəlməyə əsas vermir. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməli olduğu halda, onun icrasını həyata keçirməmişdir, icranı həyata keçirməməsini iddiaçının şərait yaratması ilə əlaqələndirməsi əsassızdır, çünki iddiaçı ilə bu barədə hər hansı razılığa gəlməsi müəyyən edilmir, əksinə iddiaçı bunun nəticəsində vurulmuş ziyanı hazırda tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İddiaçının qərarın icrasını tələb etməməsi cavabdehin qərarın icrasından yayınmasına əsas sayıla bilməz. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdeh apelyasiya şikayətində fikrini ümumi sözlərlə ifadə etmiş, hər hansı konkret dəlilə əsaslanmamış və qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün hər hansı arqumentə istinad etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-228/2021 saylı iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4856/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4856/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver