Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4858/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hazırda “X1 və Koordinasiya Mərkəzi”) cavabdehlər Cavabdeh və digərlərinə qarşı dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alınmasına və şəxslərin özgəsinin əmlakından çıxarılması tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(011)-4430/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (hazırda “X1 və Koordinasiya Mərkəzi”) cavabdehlər Cavabdeh, X8, X6, X9 və X3 qarşı Mərkəzin balansında olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası obyektinin Cavabdeh və ailə üzvlərinin qanunsuz sahibliyindən geri alınmasına və onların bu ünvandan çıxarılmalarına dair qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası dövlət mülkiyyətindəki müəssisə və obyketlər qrupuna daxil olmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mrkəzinin yanında (bundan sonra Mərkəz) balansındadır. ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh Əflatun oğlunun adı çəkilən obyekti zəbt edərək, anbar kimi istifadə etməsi və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, özgəsinin əmlakından qanunsuz istifadəni davam etdirməsi nəzərə alınaraq, Mərkəz tərəfindən adı çəkilən şəxsə qaşı əmlakından qanunsuz istifadənin qadağa edilməsinə dair iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə Cavabdeh bu qətnamədən verdiyi apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilmədiyindən, həmin qətnamə qüvvəsini almışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-66/2017 saylı mülki iş üzrə çıxarılmış xx.xx.2017-ci il tarixli qətnaməsi qüvvəsini aldığından, qətnamənin surəti və “icra vərəqəsi” icra olunması üçün məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Göstərilən qətnamənin icrası prosesində məlum olmuşdur ki, icra sənədi üzrə borclu əmlakdan qanunsuz istifadənin formasını dəyişdirərək, göstərilən qeyriyaşayış sahəsinə ailə üzvlərini yerləşdirilmişdir və hal-hazırda özü və ailə üzvləri burada heç bir hüququ əsas olmadan yaşayırlar. Xidmətin və Mərkəzin sahəyə xidmət edən işçilərinin dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Cavabdeh dövlət əmlakından qanunsuz və əsassız istifadəni davam etdirmiş, qanunvericiliyin tələblərini ona izah edən dövlət qulluqçularına açıq hörmətsizlik əlamətləri ilə müşayiət olunana hərəkətlərə yol vermişdir. Bu hal haqqında bəhs olunan dövlət mülkiyyətindəki əmlakın balanssaxlayıcısı olaraq Mərkəzin qanunla qorunan hüquq və mənafelərinə ciddi zərər vurmaq və hüquqdan istifadə ilə bağlı məhdudiyyətlər yaratmaqla bərabər, həm də obyektin səmərəli istifadəsi, həmçinin özəlləşdirilməsi istiqamətində qanunvericiliklə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsi faktiki mümkünsüz edir. Nərimanov Rayon Məhkəməsinin 2(011)-4430/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən “Qeyri-yaşayış binası” obyektinin Cavabdeh və onun ailə üzvləri X8, X6, X9 və X2 qanunsuz sahibliyindən geri qaytarılaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə təhvil verilməsi, Cavabdeh və onun ailə üzvləri X8, X6, X9 və X7 ünvan 3 ünvanında yerləşən “Qeyriyaşayış binası” obyektindən çıxarılmaları qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin tərəfindən həmin ünvana köçdükləri zaman, ünvan ünvan 4 qeyd olunmuşdur. Bundan başqa 2015-ci il tarixdə yaşadıqları ünvan 5 ünvan sökülərək, onun valideyninə 45000 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən onlara ünvan 6 ünvanda yerləşən özbaşına olan tikiliyə köçürülərək, onlardan 35000 manat məbləğində pul vəsaitini götürülmüşdür. Bundan başqa Xətai rayon məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin sahə qeyri-yaşayış sahəsi olub. Bu halda sual yaranır ki, əgər həmin sahə qeyri-yaşayış sahəsidir, necə ola bilər ki, onu və ailə üzvlərini həmin ünvana qeydiyyata salıblar. Bundan başqa onun və ailə üzvlərinin tərəfindən artıq 6 ildir ki, həmin ünvanda qeydiyyatdadırlar və orada yaşayıb təsərrüfat aparırlar. Qanunvericiliyə əsasən, onu və ailə üzvlərini həmin ünvanın qeydiyyatından çıxarırlarsa, o zaman onlara pul qismində kompensassiya verilməli idi. Lakin Xətai Rayon Məhkəməsi həmin faktı nəzərə almamışdır. Bundan başqa həmin ünvanda o və ailə üzvləri 6 il ərzində qeydiyyatda olub və yaşayaraq müəyyən bir təmir işlərini aparmışlar. Bu haldada Xətai Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin olunmalı idi ki, həmin ünvana hansı məbləğdə xərc sərf olunub. Əgər onun və ailə üzvlərini həmin ünvandan çıxarsalar, o zaman o ailə üzvləriylə birlikdə küçədə qalır. Bu halda onu heç olmasa müvəqqəti yaşayış yeri ilə təmin etməlidirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəmsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Eyni zamanda iddiaçının nümayəndəsi bildirmişdir ki, əvvəl cavabdeh qeyd olunan sahəni anbar kimi istifadə edirdi, ona görə də əvvəlki mülki işdə tələb “əmlakdan qanunsuz istifadənin qadağan olunması” kimi irəli sürülmüşdür. Hazırda isə cavabdeh artıq orada ailə üzvləri ilə birlikdə yaşayır, bu isə fərqli tələblər və fərqli əsaslardır. Həmçinin, qeyd etmişdir ki, əvvəlki mülki iş üzrə izahnan bağlı məhkəməyə müraciət olunmuşdur, lakin ərizə təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apelyator-Cavabdeh qeyri-yaşayış obyektindən çıxarılma hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Xüsusilə nəzərə alınmalıdır ki, qətnamə iddiaçı və digər cavabdehlər (və ya onların nümayəndələri) tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunan digər hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya, həmçinin, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materialları əsasında belə qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etmək, o cümlədən yaşayış sahəsi kimi istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və mübahisəli qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının balansında verildiyindən dövlət mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binanın cavabdehlərin sahibliyindən geri alınması və onların həmin binadan çıxarılmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyatora münasibətdə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasından istifadə olunması Cavabdeh Əflatun oğluna qadağa edilməsi qət edilmişdir. Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə ünvanlanmış 199 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin stehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında qeyri-yaşayış binasının Cavabdeh Əflatun oğlu ilə ailə üzvləri tərəfindən zəbt edildiyi bildirilmişdir. Müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh Əflatun oğlu və ailə üzvləri uzun müddətdir ki, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış binasında özbaşına məskünlaşmışdırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası tərəfindən mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hazırda “X1 və Koordinasiya Mərkəzi”) balansındadır. Cavabdeh həmin qeyri-yaşayış binasına özbaşına köçərək orada yaşayır. Belə ki, apelyatorun mübahisəli qeyri-yaşayış binasından istifadə etmək, o cümlədən yaşayış sahəsi kimi istifadə etmək barədə hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Sübut etməni tərəflər bir qayda olaraq birinci instansiya məhkəməsində həyata keçirməlidirlər. Qeyd edilən maddi hüquq normaları kontekstində kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyator şikayətində irəli sürdükləri ilə bağlı apellyasiya instansiyasına şikayətdə qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, apelyatorun şikayətində irəli sürdüyü dəlillərə tərəflər arasında daha əvvəl mövcud olmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə münasibət bildirilmiş və həmin dəlillər araşdırılaraq əsaslı sayılmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(011)-4430/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4858/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4858/2022
06.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver