Məhkəmə qərarları › İş №2(103)-4860/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4860/2024

09.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4860/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinin payçıları olan cavabdehlərdən 280.500 manat məbləğində pulun, habelə hüquqi yardım üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 320 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 571 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla mülki işin icraatına xitam vermişdir. Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırda irəli sürdüyü iddia tələbi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı mülki işi üzrə irəli sürülmüş iddia tələbi ilə eynilik təşkil edir. Həmin mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia tələbi digər cavabdeh X7 və hazırki iş üzrə də cavabdehlər olan Ələkbərova (Mehdiyeva) Nigar Yaşar qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı olan hissədə təmin edilməmişdir. Odur ki, iddiaçının hal-hazırda məhkəməyə müraciət etdiyi tələblə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı iş üzrə irəli sürdüyü tələb eynilik təşkil edir. Eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi artıq olduğundan hazırki mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və həmin tələbə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə qanuni qüvvəyə mindikdən sonra 2021-ci ilin fevral ayında icraya yönəldilmiş, icra hərəkətlərinin aparılması Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcra məmuru tərəfindən aparılan icra hərəkətləri zamanı alınmış rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, MTK-nın bank hesablarında pul vəsaiti, mülkiyyətində isə daşınar və daşınmaz əmlaklar yoxdur. İcra sənədinin 4 il ərzində icrasız qalmışdır. Bu səbəbdən də iddiaçı məhkəmə qətnaməsi ilə "xxxx" MTK-dan tutulmalı olan 280.530 manat məbləğində pulun MTK-nın payçılarından tələb edir. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda belə məsuliyyət yaranır. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamış, iş üzrə icraata əsassız olaraq xitam vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayəti, şikayətin əsassız olması əsası ilə təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər "xxxx" MTK, X7, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh1nə qarşı “pul tələbinə” dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Xəzri” MTK, X7, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh1ndən müştərək qaydada 280500 manat məbləğində maddi ziyanın, 100.000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin qətnamə ilə iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 280.500 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsi həmin iş üzrə belə qənaətə gəlmişdir ki, iddiaçı mənzilə görə 280.500 manat tələb etməkdə haqlıdır. Lakin iddiaçı bu məbləği Xəzri MTK ilə yanaşı eyni zamanda müştərək qaydada digər cavabdehlər olan payçılardan da tələb edir. Məhkəmə qeyd edir ki, nə qədər ki, kooperativin üzvləri subsidiar məsuliyyət daşıyır, iddiaçı pulun ödənilməsini eyni vaxtda həm kooperativin özündən və payçılardan müştərək qaydada tələb edə bilməz. İddiaçı bildirir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, lakin MTK-nın əmlakı hesabına icrası mümkün olmadığından qətnamə 4 il icrasız qalmışdır. Bu səbəbdən qətnamə ilə MTK-dan tutulmalı olan pul məbləğini MTK-nın öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyan payçılarına qarşı irəli sürmüşdür. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.4-cü maddəsinə görə, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün işə baxmış Rayon Məhkəməsi ilk növbədə yoxlamalı idi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası hazırda hansı mərhələdədir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu etmədən hazırki iş üzrə icraata xitam vermişdir. Buna görə də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla mülki işin icraatına xitam verməkdə haqlı olmamışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət formal xarakter daşımır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qərardad ləğv edilsin və mülki iş baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar