Məhkəmə qərarları › İş №2(103)-4862/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4862/2022

27.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4862/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddaçı "xxxx" MMC-nin nümayəndəsi-vəkili Vəkil2, nümayəndəsi (direktoru) X7, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X12, X3 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “lizinq müqaviləsi üzrə öhdəliyin ötürülməsi barədə sazişə xitam verilməsi, lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1d’n müştərək qaydada 46.838,70 manat məbləğində əsas, 14.473,83 manat məbləğində faiz, 9.081,99 manat məbləğində dəbbə pulu, cəmi 70.394,52 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə "xxxx" MMC arasında 04 mart 2015ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Daxili maliyyə lizinqi müqaviləsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ümumi dəyəri 69.550 manat olan Audi A7 minik markalı avtomobil Amin Əhmədzadəy’ lizinqə verilmişdir. Bundan sonra A.Əhmədzadə "xxxx" MMC-yə müraciət edərək 04 mart 2015-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərini X5 ötürülməsini xahiş etmişdir. Bununla bağlı Lamiyə Əskərova ilə "xxxx" MMC arasında 22 iyun 2016-cı il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 22 iyun 2016-cı il tarixli öhəliyin icrası ilə bağlı sazişə əsasən Amin Əhmədzadənin 04 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri cavabdeh Lamiyə Əskərovaya ötürülmüşdür. Bundan sonra Lamiyə Əskərova iddiaçıya müraciət edərək 04 mart 2015-ci il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəlikləri Cavabdeh2 ötürülməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh2 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən 04 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh2 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh1 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxsə (etibarnaməsiz) vermiş və həmin şəxs lizinq predmeti olan nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törtətmiş və nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən Cavabdeh2 02 aprel 2021-ci il tarixinə 46838,70 manat əsas borc, 14473,83 manat faiz borcu və 9081,99 manat dəbbə borcu olmaqla cəmi 70394,52 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdehlər 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişi əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 borcunun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla da cavabdehlər, öhdəliyin icrası ilə bağlı sazişdə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, işin mübahisəsiza halı ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixli sazişə əsasən mübahisəli avtomobil Cavabdeh2 verilmiş, həmin avtomobil onun sahibliyində olduğu tarixdən 53.268,39, manat pul ödəmə öhdəliyi götürmüş, lakin həmin müqavilə üzrə öhdəliklərini qismən icra etməklə, əsas və faiz borcundan qismən ödəniş etsədə, 02 aprel 2021-ci il tarixə əsas borcu 46.838,70 manat, 14.473,83 manat faiz borcu, 9.081,99 manat cərimə borcu qalmışdır. Lakin məhkəmə tərəfindən müqavilənin etibarsızlığına qiymət verilsədə, nəzərə almamışdır ki, həmin avtomobillə bağlı cavabdeh iddiaçı təşkilat qarşısında öhdəlik götürmüş, lakin öhdəliyə əməl etməyərək, həmin avtomobilin özünün pulunu qaytarmamış, daha konkret vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və qanunun tələblərinə müvafiq surətdə surətdə hərəkət etməmişdir. Hakim isə qeyd edilən halı nəzərə almadan müqavilənin etibarsızlığına istinad etməklə cavabdehi öz götürdüyü öhdəlikdən azad etmişdir. Nəzərə almaq lazımdır ki, daxili Lizinq müqaviləsi bağlanmasa belə, cavabdeh iddiaçı qarşısında konkret öhdəlik götürməklə həmin avtomobili sahibliyinə götürmüş və onla bağlı ödənişləri ödəmək məsiliyyəti yaranmışdır. Hazırkı işin hallarına əsasən borclu yəni iş üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, mübahisəli avtomobili onun sahibliyində olduğu dövrdə, onunla bağlı ödənişləri və həmin avtomobilə dəymiş ziyan məsələsinə münasibət bildirməmiş, digər tərəfdən məhz iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində həmin avtomobil iddiaçının nəzarətindən çıxaraq, müxtəlif şəxslərn sahibliyinə keçmiş, nəticə etibarı ilə məhz həmin avtomobillə bağlı və onun ödənişləri ilə bağlı yaranmış məsuliyyətdə onun üzərində olmuşdur. Hazırkı iş üzrə məhkəmə borclunun risk dairəsinə daxil olan öhədliklərə görə onu məsuliyyətdən azad edərək, iddiaçının haqlı iddiasını hazırkı normalar baxımdan düzgün qiymətləndirmə aparmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh özü də avtomobili idarə etdiyini etiraf etmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həqiqi hərbi xidmətdə olması onun bu avtomobildən istifadə etməsini istisna edir. Bununla belə, göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, həm ödənişlərin aparılmadığı, həm də cavabdehin həqiqi hərbi xidmətdə olduğu vaxt avtomobil cavabdehin deyil, iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Lakin avtomobilin hansı tarixlərdə cavabdehdən alınması və hansı tarixlərdə ona yenidən qaytarılması, habelə ödənişlərin hansı hissəsinin məhz cavabdeh tərəfindən və ya onun tapşırığı əsasında aparılmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən avtomobilin ümumiyyətlə hansı müddət ərzində cavabdehdə olmasını, habelə onun tərəfindən hansı məbləğdə ödəniş edilməsini müəyyən etmək olmur. Lakin məhkəmə təqdim edilmiş, lakin qətnamədə göstərilməyən xx.xx.2019-cu il tarixli Cavabdeh2 tərəfindən verilmiş müraciətə düzgün hüquqi qiymət verməmiş, nəzərə almamışdır ki, həmin yazılı müraciətlə tam sübut olunur ki, mübahisəli avtomobil sonuncunun razlığı əsasında Məmmədov Teymur adlı şəxsə etibarnamə verilmiş və həmin avtomobil Cavabdeh2 sahibliyində qalmışdır. Bundan əlavə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)- 17/2021 saylı hökmündə hal-hazırki iş üzrə cavabdeh cinayət işi üzrə isə şahid qismində yer alan Cavabdeh2 bildirmişdir ki, "xxxx" MMC ilə onunarasında saziş bağlanmış və atası ona zamin durmuşdur. Qeyd edilən avtomaşını həm özü həm də sürücüləri idarə edirmiş və bu barədə etibamamələridə mövcud olmuşdur. Eyni zamanda Cavabdeh2 onu da etiraf etmişdir ki, "AUDİ A7" minik markalı, 10AR171 nömrəli avtomobili atasının tanışları vasitəsilə Teymur adlı şəxsə satmışdır, lakin onlar arasında heç bir rəsmi sənədləşmə işləri aparılmamışdır. Teymur adlı şəxs atasına ilkin ödəniş 10.000 manat pul vermişdir. Teymur bundan sonra aylıq ödənişləri etməyi öhdəsinə götürmüşdür. 2019-cu ilin oktyabr ayının sonralarında ona məlum olmuşdur ki, həmin avtomobili Rəşad adlı şəxs almışdır. Lakin Rəşad aylıq ödənişləri etmədiyi üçün "xxxx" MMC onu (yəni Cavabdeh2) axtarmağa başlamışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-17/2021 saylı hökmündən aydın olur ki, "AUDİ A7" minik markalı, ** AR *** nömrəli avtomobilin digər şəxslərə məhz Cavabdeh2 tərəfindən verilmişdir və bu barədə "xxxx" MMC-nin məlumatı olmamışdır. Bundan sonra onun həmin avtomobili kimə verməsi, satması və ya avtomobillə bağlı iddiaçının xəbəri olmadan etdiyi bütün hərəkətlərə görə məsuliyyət onun üzərinə düşür. Digər halda qanunun tələblərindən göründüyü kimi, məhz borclu onun risk dairəsinə daxil olan bütün hallar üçün cavabehdir ki, hazırkı işin halları və qeyd edilən ərizədə onu sübut edir ki, həqiqətən cavabdeh həmin avtomobilə və onla bağlı bütün öhdəliklər üçün məsuliyyət daşıyır. Hakim tərəfindən iş üzrə təqdim edilmiş xx.xx.2019-cu il tarixli müraciətə, cinayət iş üzrə olan hökmdə cavabdehin izahatına, eləcədə məhkəmədəki həmin avtomobilin onun sahibliyində olması ilə bağlı ifadələrində, həmin avtomobillə bağlı ödənişlərə əhəmiyyət verməmiş və düzgün qiymətləndirmə aparmamışdır. Ona görə də, həmin hallara düzgün obyektiv qiymət verməklə təqdim etdikləri sübutlara obyektiv qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) və nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında işitrak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 isə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində dəfələrlə məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və digər üçüncü şəxslər səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında hüquqi nəticə etibarı ilə xx.xx.2017-ci il tarixdə xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin ötürülməsi barədə saziş bağlana bilməzdi və o, borclunu əvəz edə bilməzdi. Bu səbəbdən bu saziş bağlandığı andan etibarsızdır. Tərəflər arasında hər hansı Daxili maliyyə lizinqi müqaviləsi də bağlanmamışdır. Başqa sözlə, xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh2 iddiaçı qarşısında hər hansı öhdəliyi yarana bilməzdi və həmin müqavilə üzrə mövcud olan öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün bu cavabdeh məsuliyyət daşıya bilməz. Qeyd edilən avtomobildən istifadə edilməsi ilə bağlı cavabdeh tərəfindən aparılmış ödənişlər isə lizinq müqaviləsi üzrə aparılmış lizinq ödənişləri kimi qəbul edilə bilməz. Bu səbəbdən iddiaçı cavabdehdən xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə hər hansı məbləğdə pul tələb edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MMC ilə X2 adlı şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 126 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən iddiaçı lizinq obyekti olan “AUDİ A7” minik markalı, ** AR *** nömrəli avtomobili həmin şəxsə 24 ay müddətinə lizinqə (icarəyə) vermiş, o isə bu əmlakın dəyəri olan 69.550 manat pulu illik 18 faiz dərəcəsi ilə faiz hesablanmaq şərti ilə lizinq müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənilməsi, habelə ödənişlərdə gecikməyə yol verdiyi halda hesablanacaq dəbbə pulunun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra iddiaçı ilə X10 adlı şəxs arasında bağlanmış xx.xx.2016-cı il tarixli öhdəliyin icrası ilə bağlı (öhdəliklərin ötürülməsi barədə) sazişə əsasən xx.xx.2015-ci il tarixli müqavilə üzrə bütün öhdəliklər 60 ay müddət müəyyən olunmaqla həmin şəxsə ötürülmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı (öhdəliklərin ötürülməsi barədə) sazişə əsasən xx.xx.2015-ci il tarixli müqavilə üzrə bütün öhdəliklər Cavabdeh2 ötürülmüş və qeyd edilən avtomobil həmin tarixdə ona təhvil verilmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 lizinq alan Cavabdeh2 xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin avtomobillə bağlı iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 və X16 adlı şəxsə xx.xx.2019-cu il tarixədək, habelə Cavabdeh2 müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə üçüncü şəxs X1 xx.xx.2019-cu il tarixədək etibarnamə verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərərək, Daxili maliyə lizinqi müqaviləsi üzrə yaranmış borc barədə onlara məlumat vermiş və həmin borcun 3 gün ərzində ödənilməsini tələb etmişdir. Hazırda iddiaçı aralarında bağlanmış xx.xx.2017-ci il tarixli sazişə əsasən xx.xx.2015-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin Cavabdeh2 ötürülməsinə baxmayaraq, onun tərəfindən öhdəliklərin lazımi qaydada icra edilmədiyini, həmçinin iddiaçının razılığı olmadan avtomobili sürücülük hüququ olmayan şəxsə verdiyini və həmin şəxs tərəfindən yol-nəqliyyat hadisə törədildiyini, nəticədə avtomobilə maddi zərərin də vurulduğunu, avtomobilin hazırda onda olmadığını bildirir və cavabdehin xx.xx.2021-ci il tarixə həmin müqavilə üzrə 46.838,70 manat əsas, 14.473,83 manat mükafat, 9.081,99 manat cərimə, cəmi 53.268,39 manat borcunun yarandığını iddia edir və bu məbləğin ondan, habelə onun öhdəlikləri üçün zamin olan digər Cavabdeh1 tutulmasını tələb edir. Həmçinin, iddiaçı Cavabdeh2 müraciətinə əsasən xx.xx.2019-cu il tarixdə onunla yeni ödəniş cədvəlinin bağladığını və həmin cədvələ əsasən öhdəliklərin icrasının 48 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdək uzadıldığını bildirir. Cavabdeh1 vəkili iddianı qəbul etmir. Lizinq obyekti olan “AUDİ A7” minik markalı, ** AR *** nömrəli nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli sazişə əsasən Cavabdeh2 təhvil verilməsinə baxmayaraq, sonradan öhdəliklərin lazımi qaydada icra edilməməsi səbəbindən avtomobilin iddiaçıya qaytarıldığını, bu cavabdehin xx.xx.2019-cu il tarixdə Daxili maliyyə lizinqi müqaviləsini və müqaviləyə 1 saylı əlavəni, yəni ödəniş cədvəlini imzalamadığını, onun həmin vaxt həqiqi hərbi xidmətdə olduğunu, avtomobilin onun istifadə və sahibliyində olmadığını, həmin vaxt avtomobilin artıq iddiaçıya qaytarıldığını, avtomobilin idarə edilməsi üçün ona iddiaçı tərəfindən etibarnamənin verilmədiyini, 2019-cu il tarixdə bu şəxsə yalnız bir dəfə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək qüvvəsi olan etibarnamənin verildiyini, qeyd edilən avtomobili cavabdehlərə hər hansı aidiyyəti olmayan və onların tanımadığı X3 adlı şəxs idarə edilərkən xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyini, bütün bunların bu cavabdehlə iddiaçı arasında öhdəlik münasibətlərinə xitam verilməsini sübut etdiyini, bununla da iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə də xitam verildiyini, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavə təqdim edilməsinə baxmayaraq, həmin müqavilənin təqdim edilmədiyini və bu müqaviləyə uyğun Cavabdeh1 ilə zaminlik müqaviləsinin və ya zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilənin bağlanmadığını, bu halın mövcudluğunun da lizinq müqaviləsi üzrə ondan hər hansı məbləğdə pulun tutulmasını istisna etdiyini bildirir və iddianın bu cavabdehə aid hissədə rədd edilməsini xahiş edir. SX seriyalı, ******* saylı Hərbi biletin surətinə əsasən Cavabdeh2 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1599 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 127-ci vərəqində olan Cavabdeh2 adından "xxxx" MMCnin rəhbəri Həsən Həsənovun adına ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətdə “İmza:” qrafasındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 35-36-cı vərəqində olan 11 yanvar 2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavənin (ödəmə cədvəlinin) kserosurətinin 1-ci və 2-ci vərəqlərində “Lizinq alan” qrafasındakı əks olunmuş imzalar – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2019-cu il tarixdə həmin avtomobil üçüncü şəxs X6 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə ilə bağlı cinayət işi başlanmış və Nərimanov Rayon Məhkəməsinin 1(005)- 17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə üçüncü şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən zərərçəkmiş şəxs kimi tanınmış "xxxx" MMC-nin nümayəndəsi X12 bildirmişdir ki, “AUDİ A7” minik markalı, ** AR *** nömrəli avtomobil xx.xx.2017-ci il tarixdə Cavabdeh2 lizinqə verilmiş, həmin avtomobilin idarə edilməsi üçün də bu şəxsə, həmçinin Akif Quliyevə etibarnamələr verilmişdır. 2019-cu ildə avtomobillə bağlı cəmi 3 dəfə, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh2 və Akif Quliyevə, habelə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 müraciətinə əsasən Teymur Məmmədova etibarnamə verilmişdir. 2019-cu ilin noyabr ayının 2-ci 10 günlüyündə onlara məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobil zədələnmişdir. Hadisə zamanı avtomobilə 10.000 manatdan artıq maddi zərər dəymiş, hadisə zamanı avtomobili idarə edən şəxs barədə onların məlumatı olmamışdır. Cəmiyyət təqsirləndirilən şəxsdən şikayətçi deyil. İfadəsi alınmış Akif Quliyev həmin avtomobili lizinq müqaviləsi üzrə əldə edən Cavabdeh2 atası Cavabdeh1 sürücüsü kimi 2019-cu ilin aprel ayından iyul ayınadək idarə etdiyini, sonradan işdən çıxdığını bildirmişdir. Cavabdeh2 isə qeyd etmişdir ki, həmin avtomobili 2017-ci ildə lizinq müqaviləsinə əsasən almış və avtomobil həm onun, həm də "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında sürücüləri tərəfindən idarə edilmişdir. Sonradan avtomobili hər hansı rəsmiləşdirmə aparmadan 10.000 manata Teymur adlı şəxsə satmışdır. Bir müddət sonra avtomobilin Rəşad adlı şəxs tərəfindən alınması barədə məlumat əldə etmişdir. Lakin Rəşad ödənişləri etmədiyindən "xxxx" MMC onu narahat etməyə başlamış, o da Rəşadın telefon nömrəsini taparaq onunla əlaqə saxlamış və ödənişlərin aparılmasını ondan tələb etmişdir. Rəşad da ödəniş edəcəyinə vəd vermişdir. xx.xx.2019-cu il tarixdə ona telefon vasitəsi ilə avtomobilin qəzaya düşməsi barədə məlumat verilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edır ki, mövcud mülki qanunvericiliyinə əsasən müqavilə üzrə müddətin bitməsi öhdəliyə xitam vermir. Həmçinin, Mülki Məcəlləyə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (maddə 399.3) İş materiallarında olan 04 mart 2015-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, müqavilənin müddətinin bitməsinin öhdəliklərin xitamına səbəb olması kimi müddəa müqavilədə öz əksini tapmamışdır. İş materiallarından görünür ki, həmin müqavilə üzrə yaranmış öhdəlik ilk olaraq xx.xx.2016-cı il tarixli müqavilə ilə 60 ay müddətinə X9, daha sonra xx.xx.2017-ci il tarixli müqavilə (saziş) ilə Cavabdeh2 ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Kollegiya hesab edir ki, 04 mart 2015-ci il tarixli daxili lizinq müqaviləsinin qüvvədə olma müddəti bitsə də, həmin müqavilə üzrə öhdəliklər qanunvericiliyin tələbinə əsasən sonuncu olaraq Cavabdeh2 ötürüldüyündən, sonuncu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə Cavabdeh2 arasında daxili lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Kollegiya cavabdehin avtomobil iddiaçıya təhvil verilməsi ilkə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, cavabdehin iddia etdiyi kimi avtomobilin iddiaçıya təhvil verilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Əksinə iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 1(105)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, hazırki iş üzrə cavabdeh olan cinayət işi üzrə isə şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində bildirmişdir ki, "xxxx" MMC ilə onun arasında saziş bağlanmış və atası ona zamin durmuşdur. Qeyd edilən avtomaşını həm özü həm də sürücüləri idarə edirmiş və bu barədə etibamamələridə mövcud olmuşdur. Eyni zamanda Cavabdeh2 onu da etiraf etmişdir ki, “AUDİ A7” minik markalı, 10AR171 nömrəli avtomobili atasının tanışları vasitəsilə Teymur adlı şəxsə satmışdır, lakin onlar arasında heç bir rəsmi sənədləşmə işləri aparılmamışdır. Teymur adlı şəxs atasına ilkin ödəniş 10.000 manat pul vermişdir. Teymur bundan sonra aylıq ödənişləri etməyi öhdəsinə götürmüşdür. 2019-cu ilin oktyabr ayının sonralarında ona məlum olmuşdur ki, həmin avtomobili Rəşad adlı şəxs almışdır. Lakin Rəşad aylıq ödənişləri etmədiyi üçün "xxxx" MMC onu (yəni Cavabdeh2) axtarmağa başlamışdır. Hökmdən aydın olur ki, "AUDİ A7" minik markalı, ** AR *** nömrəli avtomobilin digər şəxslərə məhz Cavabdeh2 tərəfindən verilmişdir və bu barədə "xxxx" MMC-nin məlumatı olmamışdır. Göründüyü kimi mübahisəli avtomobil faktiki olaraq Cavabdeh2 sahibliyi və istifadəsində olmuş və məhz onun tərəfindən həmin avtomobil digər şəxslərin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının qeyd edilən iddianı irəli sürməsi əsaslıdır. Kollegiya zaminliyə münbasibətdə qeyd edir ki, iş üzrə daxili lizinq müqaviləsi üzrə əsas borclu Cavabdeh2 öhdəlik daşıdığı tam təsdiq olunduğundan əsas öhdəliyin ödənilməsi üçün zamin qismində çıxış etmiş Cavabdeh1 da birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən öhdəliklərin zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 4/1599 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə münasibətdə qeyd edir ki, rəydən görünür ki, Cavabdeh2 adından "xxxx" MMC-nin rəhbəri Həsən Həsənovun adına ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətdə olan imza – Cavabdeh2 tərəfindən icra olunmuş, 11 yanvar 2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə 1 saylı əlavənin (ödəmə cədvəlinin) kserosurətinin 1-ci və 2-ci vərəqlərində “Lizinq alan” qrafasındakı əks olunmuş imzalar isə Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, lizinq müqaviləsinə üzrə ödəmə cədvəlində (kserosurətində) imzanın başqa şəxs tərəfindən icra olunmasının müəyyən edilməsi hazırki iddianın rədd olunması üçün əsas ola bilməz, çünki, qeyd olunduğu kimi müəyyən edilmişdir ki, avtomobil öhdəliklərin ötürülməsi barədə razılaşmaya (sazişə) əsasən Cavabdeh1 verilmiş və sonuncu tərəfindən iddiaçıya qaytarılması barədə hər hansı bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daxili lizinq müqaviləsi üzrə müştərək qaydada 46.838,70 manat əsas iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddiaçının lizinq mükafatının (faizlərin) tutulması hissəsində iddiası əsaslıdır. Belə ki, Mülki Məcəlləyə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (748-10.1.). Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; Lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir (748-11.1.). İddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin lizinq müqaviləsi üzrə lizinq mükafatı (faiz) 14.473,83 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, əsas borcla yanağı 14.473,83 manat lizinq mükafatı (faizi) cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. İddiaçının “9.081,99 cərimə borcunun cavabdehlərdən tutulması” tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiyanın qənaətinə görə, borcalanın 46.838,70 olduğu müəyyənləşdirilmiş əsas borcuna münasibətdə ondan tutulmalı dəbbə (cərimə) pulunun məbləğinin 3000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (əvəzi qismində 45 (qırx beş) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 46.838,70 manat əsas, 14.473,83 manat lizinq mükafatı (faiz), 3000 manat cərimə borcu, ümumilikdə 64312,53 (altmış dörd min üç yüz on iki manat 53 qəpik) manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar