Məhkəmə qərarları › İş №2(103)-4865/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4865/2022

30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4865/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1276/2022 saylı qərardadından İddiaçı Xalid oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xalid oğlu cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 295000 ABŞ dollar məbləğində pul tələbi üzrə tutmanın Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m sahəli, 29,6 kv.m sahəli və 41,1 kv.m sahəli qeyri-yaşayış sahələrində olan ½ nisbətindəki payına yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsai hesabına 295000 ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi bankının ödəniş günün müəyyən etdiyi manat ekvivalentliyi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1276/2022 saylı qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunmuş və iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı Xalid oğlunun nümayəndəsi və vəkil X2 xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddianın əsasını tələbin Cavabdeh iş üzrə Maraqlı şəxs ilə paylı mülkiyyətində olan daşınmaz əmlakdakı 1/2 nisbətdə olan payına yönəldilməsi, həmin payın açıq hərracdan satılmaqla cavabdehin iddiaçıya olan 295000 ABŞ dolları məbləğində borcunun ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.2-ci maddəsi əsasən kreditor, yəni hazırki halda İddiaçı Xalid oğlu tutmanın borclu olan Cavabdeh ümumi mülkiyyət hüququ ilə payına açıq hərracda satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər. Sözügedən əmlakın ümumi mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olması həmin əmlaka icra icraatı qaydasında tələbin yönəldilməsini mümkünsüz edir. Bu kimi əmlak hesabına borcun ödənilməsi qaydası konkret olaraq qanunvericiliklə yuxarıda qeyd olunan formada müəyyən olunur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan prosessual normalara istinad edərək iddianın yolverilməzliyi əsası ilə iddia ərizəsini qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsaəsn hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin 7-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsində qeyd edilmişdir ki, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1276/2022 nömrəli qərardadı ləğv edilsin sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar