Məhkəmə qərarları › İş №2(103)-4865/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4865/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4865/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil3, digər Cavabdeh1, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Yasamal RPİ-nin İstintaq Şöbəsinin 25 yanvar 2020-ci il tarixli qərarına əsasən, İddiaçı1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

2. İddiaçı1 Yasamal RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatına əsasən, 2018-ci ilin yay aylarında tanıdığı, ailəvi dostluq münasibətləri olan Cavabdeh2 onların evində olarkən iş qurmaq üçün RF-na gedib Moskva şəhərində restoran fəaliyyəti ilə məşğul olacağını bildirmiş, ona 70000 manat pul verəcəyi halda ortaq olacaqlarını, yaxşı qazanc əldə edəcəklərini deyərək, onu və kürəkənini inandırmışdır. Onun təklifi ilə razılaşmışlar. 2018-ci ilin sentyabr ayında Ceyhun Moskva şəhərinə yola düşmüş, ilkin olaraq 2000 manat istəmiş, yeznəsi İddiaçı2 vasitəsilə həmin məbləği almışdır. Bundan sonra onlar dəfələrlə müxəlif banklar vasitəsilə pullar göndərmişlər. Ceyhunla razılaşdıqları üçün evini 57000 manata satmış, kürəkənin və onun dostlarının vasitəsi ilə hissə-hissə Ceyhuna pul göndərmişlər. Lakin Ceyhun qazanc verəcəyi barədə vədinə əməl etmədiyindən Emili Moskva şəhərinə göndərmişdir. Emil qayıdıb Ceyhunun danışıqlarının yalan olduğunu, onlara WhatsAppla göstərdiyi restoranın şəkillərinin isə qeyri-rəsmi münasibətdə olduğu Dinara Sadıqovaya məxsus olduğunu bildirmişdir. O, aldandığını başa düşmüşdür. Ceyhunla əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmişdir, 2019-cu ilin yanvar ayında Ceyhunla danışmışdır. Dinaranın həmin restoranı işlədə bilmədiyindən icarəyə götürəcəyini deyib 6000 manat pul lazım olduğunu bildirmiş, borc edərək 6000 manat pulu Ceyhuna göndərmişdir. Bu dəfə də Ceyhun tərəfindən aldadıldığını başa düşmüşdür.

3. Cavabdeh2 Yasamal RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatına əsasən, o, 2017-ci il və 2018-ci ilin ortalarına qədər olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində plastmas çeşidləmə sexi işlədərkən həmin ərəfədə İddiaçı2 adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona öz deməsinə görə Bakı şəhəri Yasamal RPİ-də polis nəfəri vəzifəsində işləyirmiş. Həmin ərəfədə Emil onunla səmimi dostluq münasibətləri yaratmış və onlar birlikdə iş görmək barədə razılaşmışlar. Razılıqlarına əsasən o və Emil qərara gəlmişlər ki, Rusiya Federasiyasının Moskva şəhərində kafe açaraq işlədib pul qazansınlar. Belə ki, o, əvvəllər Moskva şəhərində işlədiyi üçün bu işə razılıq vermişdir. Lakin Emillə onun razılığına əsasən qərara gəlmişlər ki, Bakı şəhərində yerləşən onun işlətdiyi sexi də Emil işlədəcəkdir. Həmçinin o və Emil Bakı şəhərində fəaliyyət göstərən sex üçün şərikli bir ədəd yük daşımaq üçün “FORD” avtomobili almışlar. Həmin ford avtomobilini 20000 manata almışlar və həmin pulun 7000 manatı ona, 13000 manatı isə Emilə məxsus olmuşdur. Həmin avtomobili onlar birlikdə sexdə şərik işlədirmişlər. Həmin avtomobilə görə o, vaxtaşırı 100-300 manat arası Emilə pul vermişdir. O, Moskva şəhərində birgə kafe açmaq üçün 2018-ci ilin avqust ayında Emillə birlikdə Rusiya Federasiyasına yola düşmüşlər. Həmin vaxt onlar birlikdə Moskva şəhəri Lyubersk rayonunda kafe icarəyə götürmüşlər. Emil 5 gün sonra geri Bakı şəhərinə qayıtmış, o isə Moskva şəhərində qalmışdır. Bundan sonra Emil ona bank vasitəsi ilə hissə-hissə olmaqla özünün və digər şəxslərin adından pul göndərməyə başlamışdır. O isə həmin pulların müqabilində kafeyə müxtəlif avadanlıqlar alıb, reklam işləri və icarə haqqını ödəmişdir. Təxminən 1 aydan artıq bir müddətdə kafe işləsə də, hər-hansı bir gəlir gətirmədiyinə görə o, məcbur olub həmin kafeni Emilə məlumat verməklə bağlamışdır və sonra Naqenski rayonundan digər bir kafe icarəyə götürmüşdür. Emil isə 2019-cu ilin yanvar ayında Moskva şəhərinə gələrək kafe ilə tanış olmuşdur. Emil kafeyə xərclənən pullarla tanış olmuşdur. Emil ona Moskva şəhərinə təxminən 65000 manat civarında pulu bank vasitəsi ilə göndərmişdir. Belə ki, həmin pulun təxminən 25000 manat hissəsi ona məxsus olmuşdur. Emil ilə birgə aldıqları “FORD” avtomobilini də Emil satıb pulunu ona göndərmişdir. Həmçinin, Emil sexdə olan bəzi avadanlıqları satıb ona pulunu göndərmişdir, icarəyə götürdükləri digər kafedə də gəlir əldə edilmədiyindən və kafe zərərlə işlədiyindən, icarə haqqı çox olduğundan və kafe ilə bağlı sair xərclər artdığından o, Emilin onun üçün göndərdiyi pulları özünün pulu ilə birlikdə xərcləyib qurtarmışdır. O, bu barədə 2019-cu ilin may ayında Emilə məlumat verərək kafeni bağlayıb təhvil vermişdir. Həmçinin ona məlum olmuşdur ki, Emil ona məxsus olan Bakı şəhərində yerləşən sexi də işlədə bilmədiyi üçün həmin sexdə bağlanmışdır. Emilin onun üçün göndərdiyi bütün pulları Emilin məlumatı olmaqla kafeyə və bununla əlaqədar sair işlərə xərcləmişdir.

4. Cavabdeh2 Xətai RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatına əsasən, o, 2017-ci ilin iyun ayından X5 ilə tanış olmuşdur. Belə ki, Balaxanı qəsəbəsində icarəyə götürdüyü plastmas emalı sexinin qonşuluğunda fəaliyyət göstərən sexdə işləyən Azər adlı şəxsin yanına gəlirmiş və onun vasitəsi ilə tanış olmuşdur. Belə olmuşdur ki, Emil Əmrahovla onun yaxın münasibətləri yaranmışdır. Belə ki, 2017-ci ilin oktyabr ayında Emil ona müraciət edərək 8000 manat pul borc istəmiş, o da etiraz etmədən tarixi dəqiq yadında olmamaqla həmin zaman 8000 manat pul vermişdir. Bundan sonra pul lazım olduğu üçün özünə məxsus “Niva” markalı avtomobili satmaq istəyirmiş. Elə olmuşdur ki, həmin avtomobili Emil satası olmuşdur və “Niva” markalı avtomobilin 10700 manata satmış, sadəcə ona 6700 manat pul verib 4000 manat pulu özündə saxlayaraq ehtiyacı olduğunu bildirmişdir. O da etiraz etməyərək razılaşmışdır. Bununla da Emilin ona 12000 manat pul borcu olmuşdur. Emillə münasibətləri yaxşı imiş və onlar hətta ailəvi olaraq biribirilərinin mənzilinə qonaq gedib-gəlirmişlər. 2018-ci ilin sentyabr ayında Emil ona müraciət edərək pul qazanmaq üçün birlikdə iş qurmağı təklif etmişdir. O, Emillə birlikdə fikirləşmişdir ki, manqalda dönər bişirib satmaq üçün kafe açsınlar. Emil Əmrahov həmin kafeni Rusiya Federasiyasında açaraq fəaliyyət göstərməyi təklif etmişdir. O da əvvəllər Rusiya Federasiyasında müxtəlif sahədə fəaliyyət göstərmişdir və orada əlaqələri olmuşdur. O, Emil ilə söhbətlər zamanı Emilə biznesin riskli olduğunu qazanc qazanmaqdan əlavə iflasa uğramaq ola biləcəyini söyləmişdir. Emil isə həmin biznesə inandığını bildirib bu işlə məşğul olacaqları tədqirdə gəlir əldə edə biləcəklərini söyləmişdir. Onlar razılıq əldə edərək Rusiya Federasiyasına getmək qərarına gəlmişlər. Bundan sonra o, Moskva şəhərində tanışı Dinara adlı qadınla əlaqə saxlayaraq Moskva şəhərində kafe tipli biznes açmaq istədiklərini bildirmişdir. Dinara ona həmin işin necə görüləcəyindən məlumatının olmadığını söyləyib, lakin sənədləşmə işində köməklik edəcəyini bildirmişdir. Bundan sonra Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Mahirlə əlaqə saxlayıb Emillə ona bilet almağını xahiş etmişdir. Mahir ümumilikdə 650 manat pul xərc çəkib onlara bilet almış və onlar birlikdə Rusiya Federasiyasına getmişlər. Lakin şəxsi münasibətlərinə görə Mahir ondan həmin 650 manat pulu istəməmişdir. 5 gün ərzində Rusiya Federasiyasının Moskva şəhərinin Lyubersk şəhərində qalaraq orada “Manqal Dönər” kafesi açmaq üçün münasib obyekt axtarmışlar. Lakin Emil Bakı şəhərində dövlət işində işlədiyi üçün Bakı şəhərinə qayıtmalı olmuşdur. O isə Moskva şəhərində qalıb biznesi qurmalı imiş. Bakı şəhərində onun aylıq 2000-3000 manat gəlir gətirən plastmas sexi var imiş və həmin sexin fəaliyyətini də Emilə həvalə etmişdir. Belə ki, Emil həmin sexə mal alıb emal etdikdən sonra satışdan əldə etdiyi gəlirin bir qismini onun ailəsinə verməli imiş. Həmin sexdə fəaliyyət göstərmək üçün “Ford” markalı avtomobil alınmalı olduğundan 13000 manat Emilin maliyyəsi və 7000 manat onun maliyyəsi ilə “Ford” markalı avtomobil almışlar. Avtomobili alan zaman rəsmiləşdirmə Emilin adına aparılmışdır. O, Rusiya Federasiyasının Moskva şəhərinin Lyubersk rayonunda icarəyə götürmək üçün münasib obyekt tapmış və bu barədə Emilə məlumat vermişdir. Emillə obyekti icrəyə götürmək barədə razılıq aldıqdan sonra həmin obyekti tanışı Dinaranın adına icrə müqaviləsi əsasında götürərək fəaliyyətə başlamışdır. İcarəyə obyekti götürən zaman heç bir əşya olmadığından onlar Emillə razılaşmışlar ki, obyektə əşya alıb, təmir etdirsinlər. Həmin obyektin təmirinə və əşyaların alınmasına xərclər getməyə başlamışdır. Emil Bakı şəhərindən 1000 ABŞ dolları məbləği olmaqla müxtəlif vaxtlarda ümumilikdə manat məzənnəsi ilə 73200 manat məbləğində pullar göndərmişdir. Moskva şəhərinin Lyubersk rayonunda kafe 2 ay fəaliyyət göstərərək gəlir əldə edə gətirmədiyi üçün Emillə razılaşıb kafeni bağlamaq qərarına gəlmişlər. Bundan sonra Emillə razılaşdırılmış qaydada Moskva şəhərinin Naqinski rayonunda başqa bir kafe açmaq qərarına gəlmiş və həmin kafenin də fəaliyyətinə pullar xərcləmişlər. Emil dəfələrlə Moskva şəhərinə gələrək həmin kafelərin fəaliyyət göstərdiyinin şahidi olmuşdur. Emil bir ay müddətində orada qalaraq kafeni özü də işlətmişdir. Lakin hər iki biznes uğursuzluğa düçar olmuşdur. Emilin ona Moskva şəhərinə göndərdiyi 73200 manat pulun təxminən 45000 manat məbləği Emilə məxsus olmuş, digər 28000 manat məbləğində pulu isə ona məxsus olmuşdur ki, Emil sadəcə həmin məbləğləri bank vasitəsi ilə ona göndərmişdir. Bundan başqa, göstərilən bizneslərə o, əlavə olaraq qardaşından 18480 manat və əmisi oğlundan 15800 manat borc alaraq yatırmışdır. Həmçinin kafenin havalandırma sisteminə 17000 manat pul xərc çəkmiş və həmin xərcdə Emilin heç bir rolu olmamışdır. Bakı şəhərindən işləmək üçün Rusiya Federasiyasına gələn Elmar adlı şəxsə əmək haqqı qismində verilməli olan 4800 manat pul borc olaraq onun üzərində qalmışdır. Bundan əlavə Moskva şəhərində fəaliyyət göstərən kafedə xarici vətəndaşı qanunsuz işlətdiyinə görə Rusiya Federasiyasının Miqrasiya xidməti ******* rubul məbləğində 34480 manat məzənnə ilə cərimə yazılmışdır. Həmin cəriməni də hazırda o ödəməlidir. Emil Əmrahovla aralarında yaranmış biznes münasibətlərində o da ziyan etmişdir. İddiaçı1 onun barəsində yazdıqları hamısı yalandır, o, Gülşən xanımla yox, onun yeznəsi Emil Əmrahovla biznes qurmaq qərarına gəlmişdir. Emilin də biznesə qoyduğu məbləği Gülşən xanımdan aldığını sonradan bilmişdir. Gülşən xanımla aralarında hər hansı bir biznesin qurulmağında razılaşmaları olmamışdır. İddiaçı1 ona Emilin vasitəsi ilə hansısa məbləğdə pul verməsi yadında deyil, barəsində yazılanlar yalandır. Emil Əmrahov 1000 dollar olmaqla müxtəlif vaxtlarda onun və orada onlarla birlikdə işləyən Dinara adlı qadının adına göndərirmiş. Lakin həmin məbləğləri o, götürərək biznesə yatırırmış. Kafe yeni olduğu üçün cuzi miqdarda, 2000 rubl miqdarında, yəni 50 manat, maksimum isə 20000 rubl yəni, 520 manat məbləğdə xeyir gətirmişdir ki, bu da kafenin məsrəflərinə güclə yetmişdir.

5. İddiaçılar məhkəməyə Cavabdeh2 hesabına edilmiş ödənişlərlə bağlı qəbzlər təqdim etmişlər.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 73.200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul məbləğinin alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2018-ci ilin sentyabr ayından başlayaraq müxtəlif vaxtlarda iddiaçılar İddiaçı2 Muxrat oğlundan və İddiaçı1 sahibkarlıq fəaliyyətini həyata keçirmək adı ilə 73.200 manat məbləğində pul vəsaiti almışlar. İlk vaxtlar cavabdehlər işlərin yaxşı olduğunu, tezliklə hər şeyin düzələcəyi vədi ilə danışsalar da, sonradan məlum olmuşdur ki, cavabdehlər faktiki olaraq həmin pulu mənimsəmişdir. Bundan sonra iddiaçılar tərəfindən cavabdehlərdən verilmiş pul məbləğləri tələb edilməyə başlanmış və həmin vaxt cavabdehlər müxtəlif bəhanələr gətirməklə alınmış məbləği qaytarmaqdan imtina etmişlər. Belə olan halda iddiaçılardan İddiaçı1 cavabdehlər tərəfindən aldadıldığı üçün Bakı şəhər Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Yasamal rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi 25 yanvar 2020-ci il tarixli qərarında cavabdehlərdən Cavabdeh2 73.200 manat pul vəsaitini müxtəlif vaxtlarda iddiaçılardan aldığını etiraf etmişdir. Lakin Yasamal rayon Polis İdarəsinin 25 yanvar 2020-ci il tarixli qərarı ilə tərəflər arasında mübahisənin mülki xarakterli olması qeyd edilərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

8. Cavabdeh2 da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı2 onun xeyrinə 80.000 (səksən min) manat məbləğində maddi və 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 (bir yüz min) manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 və İddiaçı1 yazdıqları tamamilə yalandır, nə o, nə də ki, qardaşı, İddiaçı1 ümumiyyətlə, tanımırlar, onunla heç bir təmasları olmamışdır. Lakin digər İddiaçı2 tanıyır. Belə ki, İddiaçı2 özü 2018-ci ildə onunla tanış olandan sonra ona Rusiyada biznes fəaliyyəti ilə məşğul olmaları üçün təklif vermiş, təkid etmişdir ki, şərikli olaraq gedib Rusiya Federasiyasının hansısa bir yerində kafe-restoran fəaliyyəti ilə məşğul olub pul qazansınlar. İlk öncə o, buna razılıq verməmiş, lakin Emilin təkidlərindən sonra onunla birlikdə Rusiyaya getmiş, orada 1 həftə birlikdə qalmış, restoran üçün yer axtarmış, sonra o, Bakıya qayıtmışdır. Bakıya qayıtdıqdan sonra İddiaçı2 onun Bakı şəhərində olan bəzi avtomobilini və müəyyən əşyalarını satıb həmin pulların bir hissəsini ona göndərmiş, o da həmin pullarla və özü ilə apardığı əlavə pullarla müəyyən işlər həyata keçirməyə başlamışdır. Ümumilikdə isə həmin şərikli biznesə şəxsən o, özü 80.000 (səksən min) manat məbləğində pul xərcləmişdir. Rusiya Federasiyasının Naqinski şəhərində şərikli restoran açdıqdan sonra Emil ikinci dəfə ora gəlmiş, 15 gün müddətində orada qalmış, işlərə nəzarət etmişdir. Həmin vaxt isə o özü Bakı şəhərində olmuşdur. Sonra Emil Bakıya gəlmiş, bir gün sonra o özü Rusiyaya qayıtmışdır. Elə həmin vaxtlar o, Emilə işlərin yaxşı olmadığını bildirmiş, restoranı bağlamağı təklif etmişdir. Lakin Emil razı olmamışdır ki, bağlamayaq yaxşı olacaqdır. Buna baxmayaraq, bir müddət də işləmişlər. Restoranın fəaliyyəti özü-öz xərclərini ödəməmişdir. Bu səbəbdən iflas etmiş, heç bir qazanc əldə edə bilməmişlər. Belə olan halda onun Emilə və qohumu İddiaçı1 necə borcu yarana bilərmiş? - sual özü cavabın bəlli edir. Bu prizmayla yanaşırılsa, onda onun da çəkdiyi xərcləri, yəni 80.000 (səksən min) manat məbləğində pul vəsaiti də X2 tutularaq ona ödənilməlidir. Biznes ortaqlığına başlamaqları üçün pulun əsas hissəsini o ödəmiş, Emil isə cuzi məbləğ xərcləmişdir. İddiaçı2 özü polis əməkdaşıdır, polis əməkdaşı olan şəxs birinci növbədə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz, amma bunu etmişdir. Digər tərəfdən isə qanunun yol vermədiyi halda onun barəsində etdiyi şikayəti öz işlədiyi rayonun polis idarəsinə edib ona təzyiqlər etmək istəmişdir. Beləliklə də, İddiaçı2 özü saxta biznesə onu istiqamətləndirdiyi üçün ona 80.000 (səksən min) manat məbləğində ziyan vurmuşdur. Həmçinin, onun barəsində əsassız etdiyi şikayətlər nəticəsində də ona 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyan vurulmuşdur

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e2(007)-988/2021 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə Cavabdeh2 73.200 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı2 qarşı qarşılılıqlı iddiasının rədd edilməsi qət olunmuşdur (hakim Babək Qasımov).

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda Cavabdeh2 ona ümumilikdə 73200 məbləğində pul göndərilməsini qəbul etdiyi üçün tərəflər arasında Cavabdeh2 göndərilmiş pulun miqdarı ilə bağlı mübahisə mövcud deyil. Lakin tərəflər arasında şərikli fəaliyyətin qurulması ilə bağlı sübutların təqdim edilməsi Cavabdeh2 təklif edilsə də, Cavabdeh2 həmin faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Nəticədə, İddiaçı2 ilə Cavabdeh2 biznes qurmaq məqsədi ilə şərikli fəaliyyətlə məşğul olmaları halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlmişdir ki, Cavabdeh2 hər hansı hüquqi əsas olmadan İddiaçı2 və İddiaçı1 məxsus pulu almış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçıların hesabına əmlak əldə etmə və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir Birinci instansiya məhkəməsi ilkin iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə isə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisəli məqamlarla bağlı Cavabdeh1 iştirakı müəyyən edilməmiş, ilkin iddia üzrə iddiaçıların Cavabdeh1 yönələn konkret tələbləri olmamış və onlar tərəfindən Cavabdeh1 pul verilməmişdir. Belə olan halda ilkin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 Emil Əmrahovun təkidi ilə Rusiya Federasiyasında restoranlar açması və nəticədə 80000 manat dəyərində ona zərər dəyməsi halı müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Həmçinin, restoranlarda olan əşyaların daha sonrakı aqibətinin müəyyən edilməsi ilə bağlı Cavabdeh2 fikirləri soruşulan zaman məlum olmuşdur ki, restoranda olan əşyalar Cavabdeh2 tərəfindən satılmışdır. Belə ki, Cavabdeh2 ğlu bildirmişdir ki, restoranı ilkin vəziyyətdə, bütün əşyaları boşaldaraq sahibinə təhvil vermiş və çətinliklə olsa da, oradakı əşyaları satmışdır. mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, qarşılıqlı iddia tələbi “mənəvi ziyana görə 20.000 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi” hissəsində də rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 265.4-cü maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı1 70.000 manat pul borc istəməsi, bu məqsədlə sonuncunun hansı ünvandakı mənzili, hansı qiymətə və kimə satması kimi faktiki hallar aydınlaşdırılmamışdır. İddiaçı X3 Cavabdeh2 verdiyini iddia etdiyi pulun dəqiq məbləği, mənbəyi, həmin məbləğin hansı hissəsinin Emilə, hansı hissəsinin Ceyhuna aid olması kimi faktiki halları aydınlaşdırmamışdır. İş materialları ilə X7 Xəlilova məxsus avtomaşını, sexi, sexdəki malları satması barədə mötəbər subutlar olmasına baxmayaraq məhkəmə bu faktiki halları da aydınlaşdırmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçıların təqdim etdiyi və işin hallarının obyektiv həlli üçün sübut əhəmiyyətli olan məlumatları özündə əks etdirən pul köçürmə sənədləri üzrə araşdırma aparılmamış və bu sənədlərə hüquqi qiymət verilməmiş, pulların mənbəyi, bununla bağlı digər hallar aydınlaşdırmamışdır. Cavabdeh2 iddiaçılar Emil Əmrahov və İddiaçı1 biznes qurmaq üçün 73.200 manat pul borc alması, Ceyhunun şərikli biznes qurmaq barədə İddiaçı1 ilə hər hansı bir danışıq aparıb razılığa gəlmələri halları sübut edilməmişdir. İddiaçı1 mənzilini 57.000 manata satıb pulu Cavabdeh2 verməsi, Emil Əmrahovun özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyub pul götürüb Ceyhuna verməsi halları sübut edilməmişdir. Cavabdeh2 göndərilmiş pulların bütün məbləğinin iddiaçılar Emil Əmrahov və İddiaçı1 məxsus olması sübut edilməmişdir. İddiaçı Emil Əmrahov tərəfindən Cavabdeh2 məxsus sexin işlədilməməsi, sexdəki avtomaşının, avadanlıqların, malların və sexin satılmaması, Emilin Moskvaya kafenin fəaliyyəti ilə bağlı yox, istirahətə getməsi halları sübut edilməmişdir. Cavabdeh2 iddiaçı Emil Əmrahovla şərikli biznes fəaliyyəti ilə bağlı sonuncuya zərər vurması, qazanc əldə etməsi, əsassız varlanması kimi hallar sübut olunmamışdır. Məhkəmə Cavabdeh2 iddiaçıların 2018-ci ilin yayında Ceyhunun şərikli biznes qurmaq barədə onlarla danışıq aparıb razılığa gəldıkləri, sonuncuların Ceyhuna biznes qurmaq üçün 73.200 manat pul borc verdikləri, Ceyhunun öhdəliyi icra etməyib, onları aldadıb pulu ələ keçirməklə onlara maddi zərər vurduğu, onların pulları hesabına Ceyhunun əsassız varlandığı, Emilin isə Ceyhuna maddi və mənəvi zərər vurmadığı kimi səhv nəticəyə gəlmişdir. İddiaçı Emil Əmrahov tərəfindən Cavabdeh2 Moskva şəhərində olduğu müddətdə sonuncuya məxsus sexin işlədilməsi, sexdəki avtomaşının, avadanlıqların, malların və sexin satılması ilə bağlı bəzi şahidlərin olduğu yer müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinə gəlib iş üzrə ifadə vermələri üzürlü səbəbdən mümkün olmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3697/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Rafael Eyvazov).

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(102)-5127/2022 nömrəli qərarı ilə Cavabdeh2 kassasiya şikayətinin təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(103)-758/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsinin “ilkin iddianın təmin edilməsi hissəsində” ləğv edilməsi, ilkin iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət edilmişdir (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski).

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2451/2023 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh və nümayəndəsi, eləcə də digər cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

21. İddiaçıların nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

34. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

35. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia qismən təmin edilərək Cavabdeh2 73.200 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulub iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi qət edilsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni həmin hissədə ləğv edib iddianı rədd etmiş, kassasiya məhkəməsi də öz növbəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qeyd olunan hissədə ləğv edib həmin hissədə işi yeni apellyasiya baxışına qaytarmışdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız ilk iddianın təmin edilən hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın qismən təmin olunması hissəsində gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə həmin hissədə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

43. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə uyğun olaraq yalnız tərəflər arasındakı münasibətlərə aydınlıq gətirməklə kifayətlənmiş, həmin münasibətlərdən doğan işin digər hallarına, yəni bu fəaliyyətin iflas olmasında tərəflərin ayrı-ayrılıqda və ya birgə məsuliyyətinə və təqsirinə qiymət verməmiş, həmin hallarla bağlı məsələ açıq qalmışdır. Halbuki, tərəflər arasındakı münasibətlər müəyyən ediləndən sonra həmin münasibətlər üzrə işin qeyd edilən halları müəyyən edilmədən ilk iddia üzrə hər hansı düzgün nəticəyə gəlmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi tərəfindən satılmış avadanlıqlardan əldə edilən vəsaitin məbləği, həmin məbləğin tərəflər arasında bölünməli olub-olmaması, bölgünün hansı nisbətdə olmasına da aydınlıq gətirilməmişdir.

45. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

46. İşin hallarından müəyyən edilir ki, İddiaçı2 Cavabdeh2 arasında birgə fəaliyyətlə bağlı münasibətlər olmuşdur. E.Əmrahov şərikli görəcəyi işdən gəlir əldə etmək məqsədilə cavabdehə dəfələrlə pul göndərmiş, razılaşdıqları biznes fəaliyyəti isə alınmamış, iflasa uğramışdır.

47. Ali Məhkəmə işi yeni apellyasiya baxışına qaytararkən bu fəaliyyətin iflas olmasında tərəflərin ayrı-ayrılıqda və ya birgə məsuliyyətinə və təqsirinə qiymət verilmədiyinə istinad etmişdir.

48. Kollegiya nəzərə alır ki, İddiaçı2 ilə Cavabdeh2 arasında birgə fəaliyyətlə bağlı münasibətlərin mövcudluğu mübahisəsiz hal kimi müəyyən edilməlidir. Belə ki, işə baxan məhkəmələr həmin halı, yəni tərəflər arasında birgə iş (biznes) fəaliyyətinin mövcudluğunu müəyyən etmiş və Ali Məhkəmə bununla razılaşmışdır.

49. Mülki Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1).

50. Hazırkı məhkəmə baxışında hüquqi qiymət verilməli olan hal bu fəaliyyətin iflas olmasında tərəflərin ayrı-ayrılıqda və ya birgə məsuliyyəti və təqsirinin müəyyən edilməsidir.

51. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə tərəflər arasındakı münasibətin birgə fəaliyyət olması artıq müəyyən edildiyindən tərəflər arasındakı münasibətlərə öhdəliklərin icra edilməməsi və bununla bağlı məsuliyyəti nəzərdə tutan Mülki Məcəllənin normaları konteksində qiymət verilməlidir.

52. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2). Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur (maddə 443.7). Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (maddə 447.1). Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir (maddə 447.7). Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər (maddə 458.1). Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir (maddə 458.2).

53. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarını hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə tətbiq edərək ilk növbədə tərəflərin şərikli biznesə qoyduqları vəsaitlə bağlı məsələyə aydınlıq gətirilməsini zəruri hesab edir. Tərəflərin izahatlarından göründüyü kimi, onlar birgə fəaliyyət sahəsinə (şərikli biznesə) qoyduqları məbləğlə bağlı fərqli fikirlər səsləndirmişlər. İddiaçılar iddia ərizəsində cavabdehdən 73 000 manat pul tələb etsələr də, izahat verərkən söylədikləri məbləğlərin cəmi toplandıqda belə həmin məbləğ alınmır. İddiaçı2 birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, Cavabdeh2 2018-ci ildə ondan və onun qaynanası İddiaçı1 73000 manat borc pul istəmiş, o, pulu İddiaçı1 alaraq Ceyhuna borc vermiş, özü isə 40000 manat pulu Ceyhuna vermiş, 3000 manat Səbuhi və Teymurdan borc almış, qalanını isə 7000 manat əlbəəl vermişdir. O, eyni zamanda İddiaçı1 evini satıb Ceyhuna verməsindən məlumatsız olduğunu bildirmişdir.

54. Göründüyü kimi, iddiaçı cavabdehlə birgə iş fəaliyyəti ilə məşğul olmasını ümumiyyətlə qəbul etmir və həm özünə, həm də digər şəxslərə, o cümlədən İddiaçı1 məxsus pulları cavabdehə borc verdiyini bildirir. Lakin tərəflər arasında borc deyil, birgə iş fəaliyyətindən doğan münasibətlər olduğu artıq müəyyən edildiyindən Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 borc verdiyini iddia etdiyi həmin pulları cavabdehlə birgə iş fəaliyyətinə, şərikli biznesə yönəltmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birgə iş fəaliyyəti yalnız İddiaçı2 və Cavabdeh2 arasında olmuşdur. İddiaçı1 da onlarla birgə iş fəaliyyətdə olması təsdiq olunmur.

55. Beləliklə, məhkəmə iclasında İddiaçı2 izahatı ilə onun Cavabdeh2 verdiyi pulların ümumi məbləğinin 73000 manat olması ilə bağlı göstərdikləri öz təsdiqini tapmır. Belə ki, onun sadaladığı rəqəmlərin cəmini təşkil edən məbləğ (57 000) iddia ərizəsində tələb etdiyi 73 000 manata uyğun gəlmir. İş materiallarına əlavə olunmuş pul köçürmələrinə dair sənədlərə gəldikdə isə həmin sənədlərə əsasən cəmi 18540, 50 ABŞ dolları köçürülmüşdür ki, bu da məzənnə üzrə manatla 31518,85 manat edir.

56. Apellyasiya baxışı zamanı Cavabdeh2 verdiyi izahatdan isə görünür ki, o, birgə iş fəaliyyəti ilə məşğul olmaq, restoran (kafe) açmaq məqsədilə ilk dəfə iddiaçı ilə birlikdə Moskva şəhərinə gedərkən özü ilə özünə məxsus 17000 ABŞ dolları aparmışdır. Həmin məbləğin 7000 dolları iddiaçının, 10000 dolları isə onun üzərində olmuşdur. Bakıdan onun vəsaiti ilə 4000 manat dyərində mətbəx avadanlıqları aldırmış, ilk açdıqları kafenin təmirinə 8000 manat xərcləmiş, həmin kafe özünü doğrultmadığından ikinci kafe açmış və ikinci kafenin təmirinə 17000-18000 manat pul xərcləmiş, Bakı şəhərindəki sexinin avadanlıqları, ona məxsus minik avtomobili satılmış və bütün bu pullar birgə işə xərclənmişdir. Ümumiyyətlə, o, cəmi 80 000 manat pul vərcləmişdir. Lakin müştəri olmadığından onlar kafeni işlədə bilməmiş və iflasa uğramışlar. O, kafedə olan avadanlıqları 7000 manata satmışdır.

57. Digər Cavabdeh1 apellyasiya baxışı zamanı izahatında göstərdi ki, onun iddiaçılarla heç bir iş birliyi olmamış, iş birliyi onun qardaşı Cavabdeh2la İddiaçı2 arasında olmuş, onlar Moskva şəhərində şərikli biznes – kafe işlətmişlər. Onda olan məlumata görə qardaşı Cavabdeh2 həmin biznesə 80 000 manat xərcləmişdir. Bu məbləğin 20 000 manatını qardaşına o vermişdir.

58. Məhkəmə kollegiyası şərikli biznesə qoyulan vəsaitlə bağlı tərəflərin izahatlarında fərqli məbləğlər göstərildiyini, tərəflər arasında bununla bağlı hər hansı yazılı sənəd, əqd bağlanmadığını, iddiaçının ümumiyyətlə şərikli biznes fəaliyyətini qəbul etmədiyini, birgə iş fəaliyyətinin hansı şərtlərlə həyata keçirilməsinə dair sübutların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, hazırkı işdə birgə iş fəaliyyətinə (şərikli biznesə) tərəflərin bərabər vəsait qoyduqları qəbul edilməlidir.

59. Məhkəmə kollegiyası həmçinin işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, birgə (şərikli) biznes nəticəsində açılmış kafenin fəaliyyət göstərməməsi iqtisadi çətinliklə bağlı olmuş, obyekt rentabelli işləməmiş, obyektin fəaliyyətindən fayda götürülməmiş və bunda tərəflərdən hər hansı birinin xüsusi təqsiri olmamışdır. Belə olan halda faydanın bölünməsindən də söhbət gedə bilməz.

60. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı cavabdehin etirafına əsasən həmçinin müəyyən etdi ki, kafenin fəaliyyət göstərməsi üçün alınmış mətbəx avadanlıqları cavabdeh tərəfindən 7000 manata satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, gəlirin bölünməsi ilə bağlı bərabərlik prinsipi əsas götürülməklə avadanlıqların satışından əldə olunmuş həmin vəsait, yəni 7000 manat tərəflər arasında bölünməli, 3500 manat pul vəsaiti Cavabdeh2 tutulub İddiaçı2 ödənilməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilkin iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmalıdır. İddiaçı1 ilə cavabdeh arasında hər hansı birgə iş fəaliyyətinin mövcudluğu təsdiq olunmadığından onun iddiası əsassız sayılmalı və rədd edilməlidir.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən – ilkin iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla İddiaçı2 iddiası qismən təmin olunsun. Cavabdeh2 3500 manat pul vəsaiti tutulub İddiaçı2 ödənilsin. İddiaçı1 iddiası həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçılar tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar