Məhkəmə qərarları › İş №2(103)-4869/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4869/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4869/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4869/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4030/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. xx.xx.2022-ci il tarixdə isə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onda yerləşən ümumi sahəsi 194,90 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

3. "xxxx" ASC tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə elektrik enerjisi verilməsindən imtina edilmişdir. Buna görə də İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsinə razılıq verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, onun iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində inşa etdiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsinə razılıq verilməsi öhdəliyi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur.

4. İddiaçı mülkiyyət hüququ ilə Abşeron rayonu, Masazır kəndində mülkiyyət hüququ ilə məxsus 0,06 ha torpaq sahəsinin giriş hissəsində Xırdalan ETSİ tərəfindən kabel dayağı quraşdırılmışdır. Həmin kabel dayağının torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdırılması ilə bağlı İddiaçı Xırdalan ETSİ-nə müraciət etmiş və ona yazılı məktubla bildirilmişdir ki, bu kabel dirəyi tez bir zamanda torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdıracaq. Lakin cavabdeh təşkilat verdiyi vədə əməl etmədiyinə görə İddiaçı xx.xx.2019-cu ildə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə araşdırması ərəfəsində İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, avqust ayının ortalarında Xırdalan ETSİ tərəfindən kabel dirəyinin ona məxsus olan torpaq sahəsinin qarşısından uzaqlaşdırıldığını bildirmiş və məsələ öz həllini tapdığı üçün iddia tələbindən imtina etmişdir. Buna görə də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 524/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir.

5. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/05-06/275 saylı məktubunda qeyd olunmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin 0.4 kV-luq kabel xətti abonentin torpaq sahəsindən keçir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə hər ay üçün 100 manat hesablanmaqla (bir il ərzində 1200 manat) 12 il ərzində istifadə etməsinə görə 14.400 manat, iddiaçının evinə əsassız olaraq elektirik enerjisinin verilməsindən imtina etməsi, hüquqlarının kobud şəkildə pozulması və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə 6.500 manat, iddiaçını və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat olmaqla, ümümilikdə 24.900 manat pulun, 164.70 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsindən cavabdeh 2008-ci ildən onun razılığı olmadan istifadə etmişdir. Belə ki, cavabdeh uzun illər onun razılığı olmadan qeyd edilən torpaq sahəsində elektrik dirəyi basdırmış, eyni zamanda ərazisindən elektrik naqilləri keçirmişdir. Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdikdən sonra cavabdeh 2020-ci ilin avqust ayında həmin dirəyi oradan çıxarmışdır. Qeyd edilən elektrik dirəyi ona məxsus olan torpaq sahəsindən çıxarılsa da, elektirik naqilləri onun torpaq sahəsindən keçməkdə davam etmişdir. Bundan sonra cavabdehə müraciət etdikdən sonra həmin elektrik xətləri 2022-ci ilin iyun ayında qeyd edilən ərazidən çıxarılmışdır. Cavabdeh qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq ona məxsus olan torpaq sahəsindən razılığı olmadan və onunla heç bir müqavilə bağalamadan istifadə etmişdir. Bununla əlaqədar olaraq cavabdehə iki dəfə müxtəlif vaxtlarda müraciət edərək müvafiq qaydada haqq ödənilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Müraciətlərinə isə aiddiyyəti üzrə cavab verilməmiş və məsələnin həllindən yayınılmışdır. Bu səbəbdən də hesab edir ki, cavabdehin ona məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə hər ay üçün 100 manat hesablanmaqla (bir il ərzində 1200 manat) 12 il ərzində istifadə etməsinə görə 14.400 manat pul ödəməlidir. Bundan əlavə cavabdeh onun hüquqlarını kobud şəkildə pozaraq qeyd edilən ərazidə yerləşən ona məxsus olan fərdi yaşayış evinə elektirik enerjisinin verilməsindən əsassız olaraq imtina etmiş, buna görə də məhkəməyə müraciət olunmuş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2022 saylı xx.xx.2022-ci tarixli qərarı ilə ona məxsus olan evə elektirik enerjisinin verilməsi təmin edilmişdir. Qeyd edilən vaxt ərzində elektirik enerjisindən məhrum olmuş, özümə məxsus olan fərdi yaşayış evində təmir işləri apara bilməmiş nəticədə evinə köçə bilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən hüquqlarının kobud şəkildə pozulmasına və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə cavabdeh ona 6.500 manat pul ödəməlidir. Həmçinin cavabdeh qeyd edilən elektrik xətlərini texniki normalara (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası” tələblərinə) uyğun çəkmədiyindən, qeyd edilən vaxt ərzində onun və ailə üzvlərinin həyatını yüksək təhlükə ilə üzbəüz qoymuşdur. Bu səbəbdən də cavabdeh onu və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat pul ödəməlidir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(006)- 4030/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan torpaq sahəsindən istifadə edilməsinə görə 1200 manat pul "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 5-ci bəndi, 56-cı maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəməiddia tələbinin torpaqdan qanunsuz istifadəyə dair hissədə tələb etmə müddətini əsassız olaraq səhv tətbiq etmişdir. Belə ki, cavabdeh elektirik dirəyini 2020-ci ililin avqust ayının ortalarında çıxarmışdır ki, 2008-ci ildən 2020-ci il tarixədək həmin dirək orda olmuşdur. Yəni münasibətlər davam edən xarakterli olmuşdur. 2 illik müddətin mahiyyəti odur ki, cavabdeh dirəyi ordan çixardıqdan iki il sonra o, iddia tələbi ilə məhkəməyə müraciət edə bilməzdi, lakin iki il tamam olmamamış yəni 2022-ci ilin avqustun əvvəlində iddia ərizəsini poçta təqdim etmiş və həmin iddia ərizəsi avqustun 9-da məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə əsassız olaraq son iki ili nəzərə almışdır. Bu səbəbdənde görünüdüyü kimi, cavabdeh istifadə etdiyi bütün müddət ərzində ona pul ödəməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mənəvi zərər olan hissəsinində təmin etməmişdir ki, hesab edir ki, bu hissədə də qətnamə əsassızdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı mənəvi sarsıntı keçirdiyini sübut edə bilməmişdir. Cavabdehin taqsirıi hərəkətlər (elektirik enerjisinin verilməsindən imtina etməsi) səbəbi ilə o, uzun müddət həmin ünvanda inşa eldiyi fərdi yaşayış evinə köçə bilməmişdir. Bunun özu mənəvi sarsıntı deyildə bəs nədir? Bundan əlavə cavabdehin onu və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbaüz qoyması da işin halları ilə sübut olunmasına baxmayaraq məhkəmə həmin hissadə də iddianı temin etməmişdir.

12. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin olunduğu hissəsinin ləğv edilməsini və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının adına xx.xx.2010-cu ilde qeydiyyata alınmış, elektrik dirəyinin basdırılması və xətlərin çəkilməsi isə ondan əvvəl, 2008-ci ildə "xxxx" ASC-nin dövründə baş vermiş, torpaq sahəsi onun mülkiyyətinə keçdikdən sonra həmin dirək və xətlər iddiaçının müraciəti əsasında 2019-cu ilin avqust ayında sahədən kənarlaşdırılmışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda da məhkəməyə bu barədə bildirilmiş və hazırda iddiaçının həyətyanı sahəsindən kabel xətti və açıq naqillərin keçmədiyi diqqətə çatdırılmışdır. Məhkəmə isə bunları görməzdən gələrək torpaq sahəsindən istifadəyə görə əsassız olaraq son 2 il üçün pul tutmuş, baxmayaraq ki, 2019-cu illin avqustundan məsələ öz həllini tapmış, iddiaçı isə müvafiq tələblə məhkəməyə xx.xx.2022-ci ildə müraciet etməklə, 2 illik tələbetmə müddətini 2021-ci ilin avqust ayından ötürmüşdür. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin istinad edilən normalan xüsusi mülkiyyətdə olan torpaq sahəsinun hansı qaydada istifadəyə verilməsi ilə bağlı münasibətləri tənzimləməklə, tərəflər arasında belə istifadə ila bağlı hər hansı münasibət olmadığından, hazırkı mübahisənin predmetinə heç bir aidiyyəti yoxdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 mart 2023-cü il tarixli 2(103)-2104/2023 saylı qərardadı ilə (hakimlər Vahid Sadıqov, Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətləri qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(006)-4030/2022 saylı qətnaməsi ləğv edilmiş və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

ç) Kassasiya instansiya məhkəməsində icraat

16. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(102)-2054/2023 saylı qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev, Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2104/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadı qismən - iddiaçıya məxsus olan torpaq sahəsindən 12 il ərzində qanunsuz istifadə etməsinə görə 14.400 manat, iddiaçını və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat pulun tutulması tələbi üzrə icraata xitam verilməsinə aid hissədə ləğv edilmiş, həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qərardad qalan hissədə (iddiaçının evinə əsassız olaraq elektrik enerjisinin verilməsindən imtina etməsi, hüquqlarının kobud şəkildə pozulması və pozulmuş hüquqlarının bərpası zamanı keçirdiyi mənəvi sarsıntılara görə 6.500 manat pul tələbi üzrə icraata xitam verilməsi) dəyişdirilmədən saxlanılmışdır.

d) Proses iştirakçılarının izahatı

18. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirərək, şikayətinin təmin olunması barədə qərart qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

23. Maddə 50. 5-ci bənd. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər.

24. Maddə 56. 9-cu bənd. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

32. Kassasiya instansiya məhkəməsinin qərarı ilə birinci apellyasiya instansiya məhkəməsinin qərardadı qismən - iddiaçıya məxsus olan torpaq sahəsindən 12 il ərzində qanunsuz istifadə etməsinə görə 14.400 manat, iddiaçını və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat pulun tutulması tələbi üzrə icraata xitam verilməsinə aid hissədə ləğv edildiyindən, digər hissədə (icraata xitam verilməsi barədə) qüvvədə saxlanıldığından, birinci instansiya məhkəməsinin qanuniliyi və əsassılığı yalnız ləğv edilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır.

36. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və onda yerləşən ümumi sahəsi 194,90 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır.

37. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, iddiaçının evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin zəruri səbəbdən 0.4 kV-luq ÖİN kabel xətti abonentin həyətindən keçir ki, bu da həmin evə xətt çəkib sayğac quraşdırılması üçün heç bir maneçilik törətmir. İddiaçı məxsus fərdi yaşayış evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin 0.4 kV-luq kabel xətti abonentin torpaq sahəsindən keçir.

38. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-524/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı mülkiyyət hüququ ilə Abşeron rayonu, Masazır kəndində mülkiyyət hüququ ilə məxsus 0,06 ha torpaq sahəsinin giriş hissəs ndə Xırdalan ETSİ tərəfindən kabel dayağı quraşdırılmışdır. Həmin kabel dayağının torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdırılması ilə bağlı İddiaçı Xırdalan ETSİ müraciət etmiş və ona yazılı məktubla bildirilmişdir ki, həmin kabel dirəyi tez bir zamanda torpaq sahəsinin giriş hissəsindən uzaqlaşdıracaq. Lakin cavabdeh təşkilat verdiyi vədə əməl etmədiyinə görə İddiaçı xx.xx.2019-cu ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbi ilə müraciət eımişdir. Lakin məhkəmə araşdırılması ərəfəsində İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, avqust ayının ortalarında Xırdalan ETSİ tərəfindən kabel dirəyinin ona məxsus olan torpaq sahəsinin qarşısından uzaqlaşdırılmasıni bildirmiş və məsələ öz həllini tapdığı üçün iddia tələbindən imtina etmişdir.

39. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01/05-06/275 saylı məktubundan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin 0.4 kV-luq kabel xətti abonentin torpaq sahəsindən keçir.

40. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 6-02/06/A-384/4969 saylı məktubundan görünür ki, elektrik veriliş xətti cavabdehin əməkdaşları tərəfindən kənarlaşdırılmışdır. Halhazırda həyətyanı sahəsindən kabel xətti və açıq naqillər keçmir.

41. Kollegiya qeyd edir ki, torpaq qanunvericiliyinin yuxarıda qeyd edilən tələbindən göründüyü kimi xüsusi mülkiyyətdə olan torpaq sahəsindən digər şəxsin istifadəsi yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən onunla müqavilə bağlamadan istifadə etməklə, yəni həm qanuni, həmçinin müqavilə əsası olmadan, iddiaçının hesabına əsassız varlanmışdır ki, bu halda cavabdeh əldə etdiyini iddiaçıya geri qaytarmalıdır.

42. Belə ki, əsasız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır.

43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ddiaçı tələb etdiyi pul məbləğini 12 il müddətinə hesablamaqla tələb etsə də, hazırki mübahisə xarakterinə görə əsassız varlanma olduğundan cavabdehdən tutulmalı pul məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin tələblərinə əsasən son iki il üçün hesablanmalıdır.

44. Eyni zamanda iddiaçı torpaq sahəsindən istifadəyə görə hər ay üçün 100 manat tələb etsə də, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq torpaq sahəsindən istifadəyə görə tərəflərin xeyrinə ədalətli həddə hər ay üçün 50 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmasını ağlabatan məbləğ hesab edir.

45. İddiaçının Mülki Məcəlləsinin 1108-ci maddəsinə istinad etməklə onu və ailə üzvlərini yüksək təhlükə mənbəyi ilə üzbəüz qoyduğu üçün 4000 manat pulun tutulması tələbi üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi normada yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya sözügedən zərərin vurulması müəyyən olunmur, eyni zamanda bu hal iddiaçı tərəfindən sübuta yetirilmir.

46. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

47. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə nəzərədə tutulmuş 2 illik müddət tələb etmə müddəti olduğundan birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı pul məbləğinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinin tələblərinə əsasən son iki il üçün hesablanması barədə düzgün nəticəyə gəlmişdir.

48. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4030/2022 saylı iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi (baxılan hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar