Məhkəmə qərarları › İş №2(103)-4869/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4869/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4869/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1304/2024 nömrəli 04 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 29 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-623/2022 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi və 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 27 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-177/2023 saylı hökmü ilə məhkum edilmiş şəxs İddiaçı müdfiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(102)- 1874/2023 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)- 177/2023 saylı hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. 28.02.2024-cü il tarixdə verilmiş vətəndaşın iş yeri haqqında arayışa görə İddiaçı avtomobil sürücüsü olaraq çalışmışdır. Əmək müqaviləsi xx.xx.2024-cü ildə bağlanmış, müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. İşçinin aylıq əməkhaqqı 522,79 manat təşkil edir.

5. “SOCAR” 4 saylı Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 14-2- 18-4/2-113/2024 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı 4 saylı Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəliyyat Departamenti 1 saylı AXTS-nin 3 saylı dəstəsində avtomobil sürücüsü olaraq çalışmışdır və 2021-ci il may, iyun, iyul, avqust ayları ərzində hesablanmış əmək haqqı cəmi 3415,07 manat, 2023-cü il sentyabr, oktyabr, noyabr, dekabr ayları ərzində hesablanmış əmək haqqı cəmi 3876,82 manat təşkil edir. 2021-ci il sentyabr-dekabr ayları ərzinə almalı olduğu əmək haqqı və digər gəlirlərin cəmi məbləği 2122,25 manat, 2022-ci ilin yanvar-dekabr ayları ərzinə almalı olduğu əmək haqqı və digər gəlirlərin cəmi məbləği 9880,28 manat, 2023-cü ilin yanvar-avqust ayları ərzində almalı olduğu və digər gəlirlərin cəmi məbləği 6242,34 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq orqanı və məhkəmə tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər 1 il 6 ay müddətində həbsdə saxlanıldığından və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 177/2023 saylı hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarıldığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 20.000 manat, mənəvi ziyana görə 40.000 manat olmaqla cəmi 60.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda istinad olunan faktiki hallarına əsasən belə əsaslandırılmışdır ki, 27 sentyabr 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı polis mayoru X5 tərəfindən şübhəli şəxs qismində tutulmuş, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən xx.xx.2021-ci ildə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Xətai rayon Məhkəməsinin hakimi Cavid Hüseyn tərəfindən xx.xx.2021-ci il tarixli qərarla İddiaçı barəsində 04 (dörd) ay, yəni xx.xx.2022-ci il tarixdək həbs qətimkan tədbiri seçilmişdir. Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif etmişdir. Həmin cinayət işi üzrə ittiham aktı Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən təsdiq edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 623/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 623/2022 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-177/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(102)-1874/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bildirilir ki, 26 sentyabr 2021-ci il tarixdə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən ona qeyri-qanuni və qeyri-hüquqi formada saxlanıldıqdan sonra işgəncələr verilmiş və qeyri-insani formada rəftar edilmişdir. Aparılmış məhkəmə istintaqının materiallarından da məlum olduğu kimi tutuluğu zaman aldığı xəsarətdən ən ağır cinayəti belə öz üzərinə götürməyə məcbur edilmişdir. X1 və Bakı İstintaq Təcridxanasında saxlanıldığı zaman vurulan xəsarətlərdən, törədilmiş işgəncə, ləyaqəti alçaldan və qeyri-insanı rəftar və cəzalardan bu gün də davamlı olaraq müalicə almaq məcburiyyətində qalıb. Artıq ürəyində və böyrəklərində 28 yaşının olmasına baxmayaraq kəskin ağırlar yaranıb. Halbuki barəsində həbs qətimkan tədbiri seçilməzdən qabaq heç vaxt xəstəlikdən şikayət etməyib. Hesab edilir ki, onun çəkdiyi fiziki ağırları məhkəmə ayrıca qiymət verməli və sağlamlığının bərpası üçün müvafiq kompensasiya ilə təmin etməlidir. 18 ay müddətində qeyri-qanuni olaraq həbs edilib. Həbs edilməzdən qabaq SOCAR-da işləyib, orda vəzifəsinin daha da irəli getməsi imkanı olduğu halda bunları həyata keçirə bilməyib və karyeradan və yüksək gəlirdən məhrum olub.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 iyun 2024-cü il tarixli 2(006)-1304/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) İddiaçı vurulmuş mənəvi zərərə görə 18.000 manat məbləğində pul vəsaiti və maddi ziyana görə 13876,03 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

9. Məhkəmə göstərmişdir ki, iddiaçıya, barəsində əsassız olaraq qətimkan tədbirlərinin seçilməsi nəticəsində maddi və mənəvi ziyan dəymişdir. Belə ki, yuxarıda sadalanmış işin materialları ilə müəyyən edildiyi kimi, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməklə, sonuncu xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər həbsdə saxlanılmışdır.

10. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində maddi itkiyə məruz qalması ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və işdə olan sübutlara əsasən cavabdehdən iddiaçının işləmədiyi müddət üçün 13876,03 manat məbləğində maddi ziyan tutulmalıdır.

11. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 18000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 18000 manat müəyyən edərkən, iddiaçının 18 ay ərzində əsassız olaraq azadlıqdan məhrum edildiyini və bütün diqqətəlayiq məqamları nəzərə alır.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1100, 1101.1,1101.2, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanuna, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

13. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

14. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, SOCAR-da işləyən istənilən işçinin əmək haqqı iş stajına, işlədiyi tarif dərəcəsəinə uyğun olaraq əmək haqqı alır. 18 ay işləməməsi onun əmək fəaliyyətində stajın azalmasına, dərəcənin qalxmamasına səbəb olub. Məhz qanunda da nəzərdə tutulur ki, «hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.» Bu da onu göstərir ki, iddia tələbində 20.000 manat maddi zərərin göstərilməsi tamamilə qanuni və əsaslıdır. Məhkəmə tərəfindən qismən təmin edilən digər tələb isə mənəvi ziyan üçün 40000 manat deyil, 18000 manat məbləğində müəyyən edilməsidir. Məhkəmələr tərəfindən qanunsuz həbs edilməyə görə mənəvi ziyana hər ay üçün təcrübədə 1000 manat müəyyən edilsədə, burada şəxsin ailəsi, onun işlədiyi müəsisə, təşkilat , qohumları, tanışları arasında çəkdiyi mənəvi iztirab nəzərə alınmamışdır.

15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Kollegiya tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

21. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

22. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

23. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

27. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

28. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

29. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

30. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

31. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində həbs qətimkan tədbiri seçilməklə, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər, yəni 1 il 6 ay müddətində həbsdə saxlanılmışdır. O, bu müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu müddət azadlıqdan əsassız olaraq məhrum edilməsi işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində və bu müddət ərzində qanunsuz həbsdə olmasına görə mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi də mübahisə doğurmur.

42. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.

43. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

44. Kollegiya hesab edir ki, maddi zərərə aid hissədə də məhkəmə düzgün nəticəyə gəlmişdir, belə ki, iddiaçı qanunsuz həbsdə olduğu müddətdə işləməməsi nəticəsində 2021-ci il ilin sentyabr-dekabr aylarında 2122,25 manat, 2022-ci ildə 9880,28 manat və 2023-cü ilin yanvar-mart aylarında 1873,5 manat, cəmi 13876,03 manat maddi itkiyə məruz qalmışdır.

45. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

46. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1304/2024 nömrəli iş üzrə 04 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar