Məhkəmə qərarları › İş №2(103)-4870/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4870/2020

11.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4870/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X1 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X24 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh X4 Mərkəzi MMC-yə qarşı (üçüncü şəxs qismində Salyan rayon icra və probasiya şöbəsi cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Salyan rayon İcra və Probasiya şöbəsini cəlb etməklə cavabdeh X4 Mərkəzi MMC-yə qarşı məhkəməyə müraciət edərək, X4 Mərkəzi MMC tərəfindən keçirilmiş xx.xx.2019-cu il tarixli Y-204 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi, X4 Mərkəzi MMC tərəfindən ipoteka ilə yüklü edilmiş – cavabdehə məxsus Salyan şəhəri, Nizami küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən 9 saylı ünvanda fərdi yaşayış evinə dair açıq hərracın yenidən keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Salyan rayon İcra və Probasiya şöbəsinə müraciət etdikdən sonra hərrac protokolu və müqavilə əldə edilmiş və dərhal mübahisələndirilmişdir. Qətnamənin icrası mərhələsində Salyan rayon İcra şöbəsinin sifarişi əsasında “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 40.000 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmamışdır. Hərracın nəticələrinə dair xx.xx.2019-cu il tarixli, Y-204 nömrəli protokola əsasən ev 25500 manata Banka satılmış, Bank borcluya olan tələb həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. O, xx.xx.2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-204 nömrəli protokolun etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, əmlakla bağlı İki hərrac keçirilmiş, onun bu hərracların heç birindən məlumatı olmamışdır. Evin və torpaq sahəsinin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda, keçirilən hərraclar barədə hərracın təşkilatçısı tərəfindən yalnız ona birinci hərrac barədə bildiriş göndərilmiş, amma ona şəxsən təqdim edilməmişdir. Evin ipoteka qoyulması və hərracda satılmağa çıxarılması barədə Salyan rayon İcra və probasiya şöbəsi tərəfindən icra hərəkətləri aparılarkən tam anlayışı olub. Tam məlumatlı olmadığından hərracda iştirak etmək hüququndan məhrum olmuş, hərrac keçirilərkən onun öz evini almaq hüququ məhdudlaşdırılmış və xüsusi mülkiyyəti əlindən alınaraq iddiaçı xxxx ASC-yə satılmışdır. Əgər o, hərracda iştirak etmiş olsaydı evinin dəyərini ödəməklə azyaşlı övladlarını küçədə yaşamağa qoymazdı. Hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır və həmin evdən başqa yaşayış evi yoxdur. Ev ona qaytarılmazsa, yaşamağa heç bir yerləri yoxdur və küçələrə atılmış olacaqlar. Hərrac təşkilatı hərracın keçirilməsinə ən azı 30 gün qalmış bu barədə məlumat verməlidirlər. xx.xx.2019-cu il tarixdə 566 saylı bildiriş göndərməklə, qalan bildirişləri isə göndərməməklə cavabdeh qanunvericiliyin tələbini pozmuşdur. Bildirişdə hərracın keçirilmə qaydası göstərilməmiş, hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmamışdır. Onun yaşadığı ünvana son hərrac barədə bildiriş göndərilməmişdir. Göründüyü kimi, hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş və onun mülkiyyət hüququ və onu müdafiə etmək hüququ pozulmuşdur. Ona görə də, həmin hərrac protokolu etibarsız hesab edilməli və onun mülkiyyət və digər konstitusion hüquqları qorunmaqla, hərracın yenidən keçirilməsi təmin edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 534/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə iclasında cavabdeh “X4 Mərkəzi” MMC-nin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onlar tərəfindən hərracın təşkili və keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirlərin gərüldüyünü, bu səbəbdən də şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər X16, X12, X9 və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X7 və X5 müştərək qaydada xx xxxx 2013-cü il tarixli 122.LN.2102.130315.00005 saylı kredit müqaviləsi üzrə 11954.03 ABŞ dolları əsas borcu, 3648.61 ABŞ dolları məbləğində faiz borcu, 545 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 16148,58 ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, “xxxx” ASC-nin xeyrinə verilməsi; İpotekaya qoyulmuş Salyan şəhəri, Nizami küçəsində xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən 9 saylı ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyənləşdirilməsi; tutmanın ünvan 1 saylı ünvandakı 0.03 ha torpaq sahəsi üzərində yerləşən yerləşən fərdi yaşayış evinə yönəldilməsi; Həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi; satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi; satışdan artıq qalan pul vəsaitinin cavabdeh İddiaçı verilməsi; ipotekaya qoyulmuş evə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan İddiaçı və X2 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməklə, boşaldılması; həmin şəxslərin evə istifadə hüququnun itirilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Sənan Qasımlının icraata başlamaq haqqında qərarından görünür ki, iş üzrə icraata başlanılmış, borclu İddiaçı, X12 və X9 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədi lə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan borclunun əmlakının üzərinə həbs qoyulması və siyahıya alınması haqqında protokoldan görünür ki, borclu İddiaçı mülkiyyətində olan ünvan 4 fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və əmlak siyahıya alınmışdır. İş materiallarında olan hərracın keçirilməsi barədə Sifarişdən görünür ki, Salyan rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(057)-72/2018 saylı icra sənədinə əsasən, cavabdehlər İddiaçı, X7 və X5 müştərək qaydada xx xxxx 2013-cü il tarixli 122.LN.2102.130315.00005 saylı kredit müqaviləsi üzrə 11954.03 ABŞ dolları əsas borcu, 3648.61 ABŞ dolları məbləğində faiz borcu, 545 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 16148.58 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, “xxxx” ASC-yə verilməsi və ipotekaya qoyulmuş ünvan 2 saylı ünvanda xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyənləşdirilməsi, tutmanın Salyan şəhəri Nizami küçəsində xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən 9 saylı ünvanında yerləşən fərdi yaşayış evinə yönədilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, satışdan artıq qalan pul vəsaitinin cavabdeh Taöəyev Ramil Talıb oğluna verilməsi və ipotekaya qoyulmuş tutma yönəldildikdə və o satıldıqda ipotek qoyan İddiaçı və X2 itirilməsi qərara alınmışdır və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər İddiaçı, X12 və X10 aid edilməsi, cavabdehlərdən 30 manat məbləğində pul tutularaq, iddiaçı “xxxx” ASC-yə verilməsi qərara alınmışdır. Borclu cavabden İddiaçı mülkiyyətində olan ünvan 2 saylı ünvanda xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Səbail rayon İcra və Probasiya şöbəsinin xx xxx 2019-cu il tarixli məktubundan görünür ki, Salyan Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(057)-72/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu cavabdeh İddiaçı mülkiyyətində olan Salyan şəhəri Nizami küçəsində xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsi üzərində yerləşən 9 saylı ünvanda yerləşən fərdi yaşayış evinin hərrac qaydasında satışının təmin edilməsi barədə xx.xx.2019-cu il tarixli Sifariş və ona əlavə edilmiş digər sənədlər “X4 Mərkəzi” MMC-nin direktoru İsgəndər Bayramova göndərilmişdir. İş materiallarında olan “X4 Mərkəzi” MMC-nin “xxxx” ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişdən görünür ki, kredit borcu olan şəxs İddiaçı əmlakı keçirilən hərraclar zamanı satılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanması təklif olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin “X4 Mərkəzi” MMC-yə ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli, 487 saylı məktuba cavab olaraq, icra sənədinin icrası ilə əlaqədar Salyan rayon İcra şöbəsinin sifarişi əsasında hərrraca çıxarılmış İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən əmlakın hərracdan alınması ilə bağlı təklif qəbul edilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il, xx xxx 2019-cu il tarixli bildirişlərdən görünür ki, xx xxxx 2019-cu il, saat 11:00-da və xx xxxx 2019-cu il, saat 11:00-da keçiriləcək hərracla baqlı tərəflərə bildirişlər göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrindən görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən göndərilmiş bildirişlər həmin məktubların xəbərnamələri imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan “Market” qəzetinin 17.05.19-23.06.19; 14.06.19-20.06.19; 28.06.19-04.07.19; tarixli surətlərindən görünür ki, həmin qəzetlərdə hərracın keçirilməsi ilə bağlı elanlar yerləşdirilmişdir. İş materiallarında olan «X4 Mərkəzi» hərracın nəticələri haqqında Y-204 nömrəli, xx xxxx 2019-cu il tarixli yekun protokoldan görünür ki, ilkin satış qiyməti 40000 manat olan İddiaçı məxsus ünvan 3 ilə birlikdə ipoteka saxlayan «xxxx» ASC 25500 manata almışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Salyan şəhəri, Nizami küçəsi, 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evi «xxxx» ASC-nin adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2). Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarında olan xx xxxx 2019-cu il, xx xxx 2019-cu il tarixli bildirişlərdən görünür ki, xx xxxx 2019-cu il, saat 11:00-da və xx xxxx 2019-cu il, saat 11:00-da keçiriləcək hərracla bağlı tərəflərə bildirişlər göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrindən görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən göndərilmiş bildirişlər ünvan sahibləri tərəfindən həmin məktubların xəbərnamələri imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər X11, X6 və X13 göndərilmiş və müvafiq olaraq xx xxxxxx 2018-ci il, xx xxxxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixlərdə ünvan sahibləri tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “Market” qəzetinin surətlərindən görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərracdan satılması barədə elanlar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, yuxarıda göstərildiyi kimi, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər iddiaçının qeydiyyatda olduğu və yaşadığı, mübahisə predmetini təşkil edən ünvan 4 ünvana “xxxx” MMC vasitəsi ilə göndərilmiş və imza edilməklə ünvana təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, poçt xəbərnaməsində olan imzanın iddiaçıya və ya onun ailə üzvlərinə məxsus olmamasına dair dəlili əsassızdır. Belə ki, poçt əməkdaşının bildirişi ünvan sahibinə təqdim etmədən poçt xəbərnaməsində imzanın saxtalaşdırması və yalan qeydlərin edilməsi məntiqsiz və qeyri-mümkündür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, keçirilmiş hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada kütləvi informasiya vasitələrində elanlar dərc olunmuş və iddiaçı əmlakın hərraca çıxarılmasını bildiyi üçün həmin elanları izləmək imkanında olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının ləngiməsinə, təkrar hərracların keçirilməsinə yönələn cəhd kimi qiymətləndirir və əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 534/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar